Mətbuat Şurası «reket qurum» elan olunmalıdır!

Mətbuat Şurası mətbuatımızın qara yarasıdır

Elnur Astanbəyli

«Azadlıq» qəzetinin köşə yazarı:

 – Mən əvvəldən də Mətbuat Şurasını Azərbaycan mətbuatı üçün «qara yara» hesab etmişəm. Bu gün də haqlı olduğumu bir daha görürəm. Mətbuat Şurası Azərbaycanın müstəqil mətbuatı üçün artıq bəlaya çevrilib. Bu bəlanı da təəssüflər olsun ki, Azərbaycan mətbuatının özü yaratdı və böyütdü. Mətbuat Şurasının «Xural»la bağlı çıxardığı qərar bir tərəfdən qeyri-qanunidir, digər tərəfdən də əxlaqi cəhətdən doğru deyil. Nəyə görə? Mətbuat Şurasının qara siyahısını müəyyənləşdirən adamların özləri Azərbaycan mətbuatının üzünü qara edən adamlardır. Onların sayəsində bu gün Azərbaycan mətbuatının ləyaqəti, şərəfi yerlərdə sürünür. Bu adamlar Azərbaycan mətbuatına satqınlıq və xəyanəti gətirmiş adamlardır. Bu adamlar Azərbaycan mətbuatına yaltaqlıq, məddahlıq gətirən, onun ruporuna çevrilən adamlardır. Ən nəhayət, Mətbuat Şurasının başında duran adamlardır. Necə olur ki, Mətbuat Şurasının «reket jurnalistikası»nı müəyyənləşdirən kadrlarının buraxdıqları qəzetlərin 98 faizi «vozvratla» geri qayıdır, amma onların hər cür əllərində geniş imkanları var, istər texniki, istərsə də kollektiv baxımından… Onlar özləri bütün bu imkanları nə cür əldə ediblər?  Yaxşı, qəzetinin 98-100 faizi geri qayıdan bu adamlar bu cür geniş imkanları nəyin hesabına əldə edirlər? Dəbdəbəli ofislərə, bahalı xarici maşınlara necə sahib olublar?  Deməli, əvvəlcə o adamların özlərinin maliyyə qaynaqları müəyyənləşdirilməlidir. Onlar çirkli mənbələrdən mayalanan adamlardır, onlar hansı mənəvi haqla, hansı əxlaqla başqalarının haqqında hansısa hökmü çıxara bilərlər, hansısa qərarı vermək səlahiyyətini özlərində saxlaya bilərlər?

Ona görə də həm hüquqi cəhətdən, həm əxlaqi cəhətdən Mətbuat Şurası tərəfindən atılan bu cür addımları gülünc və əsassız hesab edirəm. Onların bu hərəkəti həm qanunsuz, həm də əxlaqsız bir şeydir. Pis odur ki, Azərbaycanın müstəqil mətbuatının şərəf və ləyaqətini, simasını qoruyan adamlar onların qurbanına çevrilirlər. Ona görə də müstəqil mətbuat adamları – əsl mətbuat adamları bir yerə yığılıb Mətbuat Şurasının özünü məhkəməyə verməlidirlər və bu qurumun özünü «reket» elan etməlildirlər. Baxın, Mətbuat Şurasına müstəqil qəzetin haqqında tənqid yazdığı dövlət orqanlarından ərizələr daxil olur və MŞ heç bir araşdırma aparmadan, ərizə verən tərəfi müdafiə edir və mətbuatı cəzalandırır. Kim təminat verə bilər ki. MŞ-nın bu cür qərarlar çıxarmasında onun özünün şəxsi maraqları yoxdur?

«Xural» qəzetinin bu siyahıya salınması məsələsinə gəlincə isə, bu bir tərəfdən də yaxşıdır. Ona görə ki, artıq ölkənin ən nüfuzlu müstəqil qəzetini «qara siyahıya» salmaqla Mətbuat Şurası özünün üzünə çəkdiyi maskanı yırtmış oldu. Vüqar Rəhimzadə hansı kriteriyalarına, hansı keyfiyyətinə, Azərbaycan mətbuatındakı hansı xidmətlərinə, hansı yazılarına və cəmiyyətdəki hansı nüfuzuna görə bu gün Azərbaycan mətbuatının barometri rolunda çıxış edir və kimə nə cür və necə yazmağı göstərir? Yəni Mətbuat Şurasının bu cür mətbuata zərbə vuran addımlarına son qoyulmalıdır. MŞ əvvəlcə digər mətbu orqanlardan tələb etdiyi kriteriyaları öz üzvlərində axtarmalıdır, sonra başqalarına dərs deməyə qalxmalıdır. Azərbaycan mətbuatının ayaqda qalan, dirəniş göstərən, cəsarətli adamları bir araya gəlməlidir və MŞ-ya qarşı bir mərkəzdən mübarizə aparmalıdırlar.

«Xural» hadisəsi ilə MŞ-nın artıq qeyri-ciddi, kimlərinsə əlində bir alət olduğu artıq hər kəsə aydın oldu. Mən inanıram ki, Azərbaycan cəmiyyəti, beynəlxalq qurumlar artıq MŞ üzündəki cırılmış maskanın altında nələrin dayandığının şahidi oldular.

“Xural” qəzeti,

il 9, sayı: 038 (446), 21 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button