Mətbuat Şurası Elşad Abdullayevdən 4 min dollar rüşvət alıb

Asif Mərzili Əflatun Amaşov

Asif Mərzili: «Əflatun Amaşov reketliklə məşğul olur»

 Mətbuat Şurasının «qara siyahı»sına (Mətbuat Şurası rəhbərliyinin ən əzizlərinin layiq olduğu siyahı – Red.) düşən «Təzadlar» qəzeti Əflatun Amaşovla məhkəmə çəkişməsini davam etdirir.

Bu barədə XuralTAC-a «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili məlumat verdi. Baş redaktorun bildirdi ki, Elşad Abdullayev «Mahir Abdullayev niyə axtarılmır?» yazısına görə, Mətbuat Şurasına 2008-ci ildə müraciət etmişdi: «Əflatun Amaşov hər gün bir neçə dəfə mənə zəng edirdi ki, Elşad Abdullayev mənim 4-5 qohumumu ABU-ya pulsuz-parasız qəbul eləyib, ondan yazma. Mən əlimdə olan bütün sənədləri ortaya qoysam da Amaşov «Təzadlar»ı «reket nəşr» elan edəcəyi ilə hədələdi və bizi faktiki olaraq şantaj etdi».

Məcburən barışığa getdiyini söyləyən A.Mərzili işin əsl mahiyyətini sonradan öyrəndiyini bildirdi: «Öyrəndim ki, Ə.Amaşov Elşad Abdullayevdən 4 min dollar aldığı üçün bizi barışığa gətirib. Onun belə reketlik etdiyini əvvəldən bilsəydim, əlbəttə ki, barışmazdım».

Barışıqdan 10 gün ötəndən sonra E.Abdullayevin «Təzadlar»ı məhkəməyə verdiyini söyləyən baş redaktor inanılmaz faktla məhkəmədə qarşılaşdığını dedi: «Məhkəməyə Əflatun Amaşovun imzası ilə rəy verilmişdi. Həmin rəydə «Təzadlar» qəzeti haqda çox mənfi fikirlər yazılmışdı».

«Təzadlar» qəzetinin «reket nəşrlər» siyahısına daxil edilməsi ilə bağlı məhkəmə davası açdıqlarını söyləyən A.Mərzili bildirdi ki, o, ümumiyyətlə, MŞ-nın sanksiya xarakterli həmin Təlimatının ləğv olunmasını tələb edir: «Bir qeyri-hökumət təşkilatı sanksiya xarakterli qərar verə bilməz. Hətta Ə.Amaşov «reket» hesab etdiyi qəzetin nəşriyyatdan çıxarılması, mətbəələrin həmin qəzeti dərc etməməsi, KİVDF-nin yardımlarından məhrum olması kimi absurd iddialarda idi, bu qanunsuzluğun qarşısını alsaq da, Təlimatın ləğvinə nail ola bilməmişik».

Hazırda Ali Məhkəmənin Plenumundan qərarın alındığını bildirən baş redaktor Konstitusiya Məhkəməsinə iddia hazırladıqlarını söylədi: «Mətbuat Şurasının həmin Təlimatı Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib və keçə də bilməz. Bir qeyri-hökumət təşkilatına belə səlahiyyətlərin verilməsi mümkün deyil. Bir neçə günə iddiamız Kostitusiya Məhkəməsinə veriləcək. Əgər Konstitusiya Məhkəməsi də iddiamızı təmin etməsə, mütləq Avropa Məhkəməsinə müraciət edəcəyik».

Xatırladaq ki, «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili ilə geniş müsahibə qəzetimizin növbəti sayından dərc olunacaq.

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button