Mətbuat Şurası Prezident Aparatından idarə olunur

«Məcburi abunə ilə dolanmaq o demək deyil ki, «təsərrüfat hesabı»nasan»

 Mehman Əliyev: «Azərbaycan» qəzeti ümumiyyətlə qəzet deyil

 «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun qəzetlərin bağlanması səlahiyyətinin Mətbuat Şurasına verilməsi təklifi ilə bağlı mətbu çıxışına «Turan» Agentliyinin direktoru Mehman Əliyev kəskin reaksiya verdi. B.Sadıqov bildirmişdi ki, Azərbaycanda qəzetlərin bağlanması üçün məhkəməyə müraciət etmək səlahiyyətində olan qurum yoxdur. Bu səbəbdən də MŞ-ya belə bir səlahiyyət verilməlidir: «Biz qurultayda xahiş edəcəyik ki, Şuraya həddini aşan, jurnalistika prinsiplərinə əməl etməyən qəzetlərin bağlanması ilə bağlı məhkəməyə müraciət etmək hüququ versinlər».

Mehman Əliyev isə B.Sadıqovun səsləndirdiyi bu iddiaya qarşı çıxdı: «Dünya təcrübəsində qəzeti bağlamaq anlayışı yoxdur. Kimisə cərimələmək və ya başqa formada cəzalandırmaq olar. Redaksiyanı bağlatdırmaqsa, ancaq totalitar rejimlərdə ola bilər».

Belə bir təşəbbüsü «cəfəngiyyat» adlandıran M.Əliyev qeyd etmişdi ki, «Əgər peşə etikasından söhbət gedirsə, Bəxtiyar Sadıqov Peşə Əxlaqı Kodeksini qabağına qoysun və baxsın «Azərbaycan» qəzeti həmin kodeksə əməl edirmi? Qoy, əvvəlcə, güzgüdə özünə baxsın. Özü KİV haqqında qanuna riayət edirmi?»

Rəsmi qəzetlərin büdcədən maliyyələşməsinə qarşı olduğunu söyləyən M.Əliyev qarşı tərəfə mesaj da göndərmişdi: ««Azərbaycan» qəzetinin maliyələşməsi dayandırılsın, görək, Bəxtiyar Sadıqov haradan pul qazanacaq? Kim o qəzeti oxuyacaq? Sən öz zəhməti ilə pul qazanan qəzetlərə dərs keçmək istəyirsən?»

Buna cavab olaraq dünən Bəxtiyar Sadıqov açıqlama-bəyanat yayıb. B.Sadıqov açıqlamasında bildirir ki, «Azərbaycan» 18 ildir təsərrüfat hesablıdır: ««Azərbaycan» qəzeti 1993-cü ildən tam təsərrüfat hesablı nəşrdir. Bilmirəm, Mehmanın bu qəribə bəyanatını onun məlumatsızlığına, yoxsa qərəzliliyinə yozum?!»

Mehman Əliyevi uğursuz fəaliyyətdə suçlayan baş redaktor ittihamlar da səsləndirib: «Peşəkar rəqabətdə tam məğlubiyyətə uğrayan, cəmiyyətin obyektiv və qərəzsiz informasiya təminatı ilə məşğul olmaqda aciz qalan Mehman Əliyevin əsəbləri korlanıb, təmkinini itirib. Onun başı ermənipərəst «Soros» fondundan ayrılan pulları adlarını «jurnalist» və ya «hüquq müdafiəçisi» qoyaraq antiazərbaycan fəaliyyəti ilə məşğul olanlar tarasında bölüşdürməyə qarışdığından, ətrafındakı real hadisələri unudub».

Mehman Əliyevlə əlaqə saxlayıb, B.Sadıqovun bu iddialarına münasibətini öyrəndik. M.Əliyev əvvəlcə «təsərrüfat hesablı «Azərbaycan» qəzetinə» aydınlıq gətirdi: «İş ondadır ki, məcburi şəkildə bütün idarələri «Azərbaycan» qəzetinə abunə yazdırırlar. Büdcə təşkilatlarında çalışan insanlardan zorla pul tutulur və abunə yazdırılırsa, bu, o deməkdir ki, «Azərbaycan» qəzeti təsərrüfat hesablıdır? «Azərbaycan» qəzeti, ümumiyyətlə, qəzet deyil, bülletendir. Çünki orada qəzet anlayışlı bir şey yoxdur. «Azərbaycan» qəzetinin analoqu Sovet sistemində olan boşeviklərin «Pravda»sıdır. Rəsmi məlumatlar, palazqulaq tərifli yazılar nə vaxtdan qəzet materialı sayılıb? Dünyada belə qəzetçilik anlayışı yoxdur».

Mehman Əliyev B.Sadıqovun onun fəaliyyəti ilə bağlı dedklərinə də aydınlıq gətirdi: ««Turan» Agentliyi 21 ildir ki, fəaliyyət göstərir, obyektivliyi, düzgünlüyü ilə seçilir və dünyada qəbul olunub. Bütün ciddi beynəlxalq qurumlar birinci növbədə «Turan»ın xəbərlərinə istinad edir. Hətta deyərdim ki, bəzi məsələlərdə bizim xəbərə uyğun hərəkət edirlər. «Turan» müstəqildir və heç bir agentlik müstəqillikdə «Turan»a tay ola bilməz. «Turan» başqaları kimi çirkli pullarla qidalanmır. Cəmiyyətdə hamı bilir ki, kimləri kimlər maliyyələşdirir və pullar haradan gəlir. «SOROS» Fonduna gəldikdə isə, bu fondun Azərbaycanın vətəndaş cəmiyyətinin inkişafına böyük töhfəsi olub. Bunu hamı bilir və qəbul edir. Bundan sonra daha geniş və daha ciddi işlər aparacaq».

Mehman Əliyev qarşı tərəfin aşağılayıcı ittihamlarını da öz səviyyəsinə uyğun cavablandırdı: «Bəxtiyar müəllim nə deyir desin, özü bilər. Amma hamı bilir ki, bizimlə bağlı heç bir iflas yoxdur, davamlı mübarizə var. Biz fəaliyyət göstəririk və istər siyasi, istərsə də iqtisadi baxımdan hansısa nazirdən, hansısa aparatdan asılı deyilik».

B.Sadıqovun qəzetlərin bağlanması səlahiyyətinin MŞ-ya verilməsi «qərarını jurnalistlər öz qurultayında verəcəklər, heç Mehman Əliyevdən məxsusi soruşan da olmayacaq» fikrinə cavabında isə Mehman Əliyev bildirdi ki, Mətbuat Şurası azad qurum deyil, Prezident Administrasiyasından idarə olunur, bütün qərar və tapşırıqlar da oradan verilir: «Ona görə də mətbuatın boğulması ilə bağlı siyasətdə əlbəttə ki, məndən heç kim heç nə soruşmayacaq!»

“Xural” qəzeti,

il 9, sayı: 054 (463), 08 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button