Mətbuat Şurası YAP-a hesabat verdi

 

“Azadlıq” qəzetindən təkzib verilməsi tələb olunur

 Mətbuat Şurası Yeni Azərbaycan Partiyasına hesabat verib. “Lent.az” ın məlumatına görə, Mətbuat Şurası İdarə Heyətinin 19 sentyabr tarixli iclasında Yeni Azərbaycan Partiyasının “Azadlıq” qəzeti ilə bağlı müraciəti əsasında çıxardığı 218 saylı qərarın surəti Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinə təqdim edilib. Xatırladaq ki, YAP-ın sədr müavini Əli Əhmədovun Mətbuat Şurasına ünvanladığı 10 avqust tarixli məktubda “Azadlıq” qəzetinin 9 avqust 2011–ci il tarixli sayında dərc olunmuş “Ermənilərin YAP-dan fərqi” sərlövhəli köşə yazısında hakim partiyanın təhqir edildiyi bildirilmiş və qurumda məqalənin müzakirə edilməsi, müvafiq qərarın çıxarılması xahiş edilmişdi. Mətbuat Şurasından YAP katibliyə təqdim edilən hesabat xarakterli cavab məktubunda qeyd edilib ki, Mətbuat Şurası bütün bunları nəzərə alaraq qərara alır, “Azadlıq” qəzeti adıçəkilən məqalə ilə bağlı ya təkzib verməli, yaxud da qarşı tərəfin mövqeyi əks olunan məktub dərc etməlidir. MŞ-yə daxil olan şikayətə cavab verməsi təbiidir. Lakin MŞ-nın tarixində hər hansı bir şikayətçiyə verilən cavabın KİV-də dərc etdirilməsi praktikasına rast gəlinməyib. Bu faktın özü, cavab məktubunun hesabat xarakterli olması barədə deyilən fikrin isbatı üçün kifayət edir. Maraqlı məqamlardan biri də cavab məktubunda qərarın təhrif edilməsidir. Belə ki, MŞ-nın İdarə Heyətinin 19 sentyabr tarixli iclasında bir sıra qəzetlərin “qara siyahı”ya salınması və “Azadlıq” qəzetinin sözü gedən məqalə ilə bağlı təkzib verilməsinin tövsiyə olunduğu barədə qərar qəbul edilmişdi. Qərar KİV-lərdə dərc edilmiş və geniş ictimai müzakirələrə səbəb olmuşdu. Lakin sonradan MŞ qərara düzəliş edərək “Azadlıq” qəzetindən təkzib verməsini, yaxud da qarşı tərəfin mövqeyini əks etdirən məktubun dərc etdirilməsi tələb olunur. MŞ bununla da məhkəmə funksiyasını qanunsuz olaraq mənimsəmiş olub. Dünən məsələ ilə bağlı “Ermənilərin YAP-dan fərqi” başlıqlı köşənin müəllifi Anar Mahmudoğlunun münasibətini öyrəndik. O, MŞ-nın absurd qərar verdiyini bildirdi: “Açıqlamada bildirilir ki, məqalədə peşə kodeksinə aid maddələr pozulub. Sözügedən yazı isə mənim köşə yazımdır və subyektif düşüncəmin ifadəsidir. Subyektiv yanaşmanı ifadə edən köşə yazısında qarşı tərəfin mövqeyini öyrənməməkdə jurnalisti ittiham etmək absurddur. Mətbuat Şurasının bu şikayəti icraata qəbul etməsi belə absurddur. Digər tərəfdən, KİV-də yayılan xəbərdə Mətbuat Şurasının qərar verdiyi göstərilir. Mətbuat Şurası necə qərar verə bilər? Necə deyə bilər ki, qəzet təkzib verməlidir? Qərar vermək məhkəmənin səlahiyyətindədir. Mətbuat Şurası isə bir qeyri-hökümət təşkilatıdır. Daha sonra, Mətbuat Şurası şikayətin təmin edilməsi ilə bağlı “qərarını” şikayətçiyə göndərəndə bunu elan edir? Belə bir presedent yoxdur axı? Niyə Əli Əhmədova “qərarın” surətinin verilməsini xəbər kimi mətbuata ötürür? Bunun yalnız bir adı var: söz və düşüncə azadlığına qarşı basqı! Mətbuat Şurası hakimiyyətin əlində alətə çevrilib, azsaylı tənqidçi medianı susdurmaq üçün hərəkətə keçib. Həm də “Azadlıq” kimi böyük ənənəsi olan nüfuzlu bir qəzetə qarşı bu addımı atmaq, “qərar” verdiyini demək absurdun absurdudur. Bir o qalıb ki, Əflatun bəy təcridxana açsın və jurnalistləri həbs eləsin!”

Əfqan Muxtarlı

“Xural” qəzeti,

il 9, sayı: 045 (453), 28 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button