Mətbuat Şurasının fövqəladə iclasından xüsusi reportaj

Bu gün Azərbaycan Mətbuat Şurasının fövqəladə iclası keçirilib. İclasda ölkə mətbuatının taleyüklü məsələləri müzakirə olunub. Qapalı keçən iclasda iştirak edən xüsusi mənbəmiz baş verənlərlərdən bizi hali edib. Biz də məsələlərin önəmini nəzərə alaraq, sizi tanış etmək istədik…

…Əflatun Amaşov gözucu salona nəzər salaraq, əsas heyətin yerində olduğuna əmin olduqdan sonra “Allah, Məhəmməd, ya Əli(yev)” deyib ayağa qalxdı. Bir neçə saniyə sükutdan sonra sözə başladı:

– Bu gün toplaşmağımızın səbəbi çox mühümdür. Hörmətli akademik, Mehdi(yev) Sahib-əz-Zaman tapşırıb ki, son günlər hökumıt əleyhinə çıxan mətbu orqanlar var. Onlarla bağlı ölçü götürməliyik. Xüsusən də BBC. Deyiblər ki, guya olimpiadada qızıl medal qazanmaq üçün kəmali-ədəbli, dinli imanlı nazirimiz Heydərov 10 milyon dollar pul verib. Əlbəttə, Kəmaləddin müəllim Azərbaycansevər və ağıllı şəxsiyyətdir. O, şeh sularını “Jalə”yə, çürümüş meyvələri isə “Vita 1000”-ə çevirməyi bacarır. Ona görə də hörmətli nazir haqqında şər-böhtan yazdıqlarına görə təklif edirəm ki, onları “qara siyahı”ya salıb “reket” elan edək…

“Azərbaycan istintaqı” qəzetinin baş redaktoru:

– Mən şəxsən bu Kəmaləddin müəllimi başa düşə bilmirəm, “Xural” daim onun əleyhinə yazır, amma o gün qəzetin redaksiyası yananda FHN-in iki yanğınsöndürmə maşını gedib, əşşi, getməyin, qoy yansınlar, canınız qurtarsın da…

Əflatun Amaşov:

– Burada “Xural”ı yox, BBC-ni müzakirə edirik..

Rəşad Məcid:

– Əflatun müəllim, BBC-nin bizim quruma nə aidiyyəti var ki?..

Əflatun Amaşov əsəbi-əsəbi:

– Rəşad müəllim, birincisi, iclas zamanı əlindəki telefonla facebook-a daxil olmağı yığışdır, biz burada qapalı iclas keçiririk, sən isə hər iclas baş verənləri canlı olaraq statusuna yazırsan. İkincisi, nə olsun ki, aidiyyəti yoxdur, guya “Xural” qəzetinin və “qara siyahı”ya saldıqlarımızın hansının bizə aidiyyəti var idi ki?

 Rəşad Məcid:

– Valalh, status yazmıram, bir tələbəm mesaj yazıb, ona cavab yazıram.

 “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas:

– Mənim bitr təklifim var…

 MŞ-nın üzvü, “Şeytan şapalağı” qəzetinin baş redaktoru:

– Bu BBC hökumət qəzetidir, yoxsa iqtidar?

 Əflatun Amaşov ona tərs-tərs baxıb sözünə davam etdi:

– Ümumiyyətlə, bu xarici radiostansiyalara qarşı daha sərt olmaq lazımdır. Biz onları AM üzünə həsrət qoymalıyıq…

 Hamı başını qaldırıb təəccüblə Amaşova baxdı.

– Nə gözlərinizi bərəldirsiniz? FM dalğasına həsrət qoymuşuq, indi ancaq AM qısa dalğasında yayımlana bilirlər, hesab edirəm ki, onları bu dalğaya da həsrət qoymalıyıq.

 “Qulaqburması” qəzetinin baş redaktoru:

– Mən bir şeyi başa düşmədim. O medallar elə böyük olmur axı, hansı “prob”ladır ki, 2 medal 10 milyon dollar edib?

 “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas:

– Mənim bir təklifim var…

 Vüqar Səfərli:

– Əflatun müəllim, onda bəlkə “Vaşinqton Post” qəzetini də qara siyahıya salaq? Onlar da şər-böhtan yazıb reketçilik edirlər. O vaxt yazmışdılar ki, guya prezident 75 milyon dollara Dubayda villa alıb. Guya o Hüseynin qara gədəsinin villası yoxdur?

 Birdən Rəşad Məcidi gülmək tutdu. Amaşov:

– Rəşad, niyə gülürsən?

– Əflatun müəllim, maraqlı status yazıblar…

– Dedim axı, yığışdır facebook-u… Yaxşı, de görək, nə yazıblar?

– Bir dostum yazıb: “AQİL o adama deyirlər ki, boş-boş yazıları yazıb, adını “Dolu” qoya”. Ha-ha-ha…

 Aqil Abbas:

– Rəşad müəllim, tələbələrinlə mesajlaşıb qurtarıb mənə keçmisən? Elə eləmə ki…

 “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas:

– Mənim bir təklifim var…

 Əflatun Amaşov: 

– Yaxşı, bəsdirin, burada ciddi məsələlər müzakirə edirik. Vüsalə xanım, siz nə deyirsiniz?

 Vüsalə Mahirqızı:

– Mən Çindən yeni qayıtmışam, bəlkə Çin təcrübəsindən istifadə edək?..

 Əflatun Amaşov:

– Bizə “kitayski” heç nə lazım deyil, heç təcrübə də… hi-hi-hi… Zarafat edirəm, buyurun, davam edin…

 Vüsalə Mahirqızı:

– Nə isə, daha danışası olmadım…

 “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas:

– Mənim bir təklifim var…

 “Səviyyə” qəzetinin baş redaktorunun ahəstə səsi eşidilməyə başladı:

– “Mətbuat Şurasının Şikayətlər Komissiyasında, Reket jurnalistikasına qarşı mübarizə (guya) komissiyasında və Mətbuat Şurasında «Xural» qəzetinə qarşı bu bədnam və şərəfsiz qərarın alınmasında iştirak edən bütün üzvlər şərəfsiz, alçaq və tərbiyəsizdirlər!”

 Birdən hiss etdi ki, hamı ona baxır. Tez sakit durdu.

Bəxtiyar Sadıqov:

– Sənə 100 dəfə demişəm ki, iclas zamanı qəzet oxuma, “Xural” qəzetini heç oxuma, oxuyursansa da ürəyində oxu!!!

 Vüqar Səfərli:

– Mənim də təklifim var, bir bayram tapın, müsabiqə elan edək, mən gör neçə aydır ki, uşağa pul vermirəm, heç olmasa 1-ci yerə çıxar, uşağın bir az cibxərcliyi olar…

 Bu təklif hamının ürəyindən olduğu üçün yekdilliklə əl çaldılar.

 Bəxtiyar Sadıqov:

 – Əflatun müəllim, yaxşı yadıma düşdü, o gün uşaqlar səhiyyə haqqında yazı hazırlayırlarmış, hansısa poliklinikada müdir onlara deyib ki, gedin sürüşün burdan, mən Əflatun Amaşovun dostuyam… Dedim dəqiqləşdirim, düz deyibsə, qurbandır sizə, yoxsa mən bilirəm neyləyəcəm…

 Əflatun Amaşov:

– Nə isə, sizdən nəyisə müzakirə edən çıxmaz. Gedin qəzetlərinizdə yazın ki, MŞ-nın YEKDİL qərarı ilə BBC “qara siyahı”ya salınıb və reket elan olunub.

 “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas:

– Mənim bir təklifim var…

 Hamı bir ağızdan:

– Əşşi, de görək nə istəyirsən?

 “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas:

– Bayaqdan imkan verirsiniz ki? Təklif edirəm ki, gedək, Ulu Öndərin qəbrini ziyarət edək və baş əyək…

“Xural” qəzeti,

il 9, sayı: 045 (453), 28 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button