Mətbuat Şurasının işi təkcə «qara siyahı»dır?!

Emin Hüseynov ayağını ayağının üstünə aşırmağına görə, Mətbuat Şurasının səlahiyyət sahiblərinin xoşuna gəlməyib…

Xədicə İsmayılova:

– Əvəz bəy, Sizin qəzetinizin ünvanına müəyyən iddialar səsləndi.

Əvəz Zeynallı.

– Mən bilmirəm, Rəşad bəy Mətbuat Şurasının İdarə Heyətinin bu qərarı almasında nə cür səs verib, amma bunlar hər şeyi planlaşdıraraq mətbuata çıxarıblar. «Yekdil rəy əsasında» bu qərar qəbul olunub. Biz də bilirik ki, orada heç olmasa vicdani hisslərini tamamilə itirməyən 2-3 adam adam var – Aqil Abbas, Rəşad Məcid və s. Yəni biz heç olmasa bu adamların ən kritik məqamlarda öz fikirlərini deyə biləcəklərinə inanırıq. Amma bu şuranın mətbuata açıqlanmasında yazılıb ki, MŞ İH-nin yekdil rəyi əsasında belə bir qərar qəbul olunub. Xədicə xanım, Rəşad Məcidin bayaq hallandırdığı dörd şikayət məktubunun heç biri rəsmi olaraq «Xural» qəzetinin redaksiyasına göndərilməyib. İkincisi, bunlar mətbuata açıqlama veriblər ki, qəzetlə bağlı 6 şikayət məktubu MŞ-ya daxil olub. İki şikayət məktubu bizə göndərilib və onlar da tamamiilə mənasız, əhəmiyyətsiz şeylərdir. Çünki mənim şəxsən özüm tərəfimdən hazırlanmış reportajlarla bağlı idi. Həm də biz məqalənin sonunda qeyd etmişik ki, biz qarşı tərəində mövqeyini öyrənməyə çalışmışıq, alınmayıb, amma buna baxmayaraq, qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq. Məndə olan məlumata görə, həmin adamlar MŞ-nın bu qovğasında ora gedib, öz şikayətlərini geri götürüblər. Ən azı, mənə zəng vurub xəbərdarlıq etdilər ki, gördük ki, MŞ-da sizə qarşı qurulmuş bir plan var, ona görə də onun iştirakçısına çevrilməmək üçün şikayətlərimizi geri götürdük.

X.İ.: Rəşad bəy, oldumu elə bir şey?

Ə.Z.: O dörd şikayətçinin adını Rəşad müəllim hallandırır, amma həmin iki şikayətçinin adını belə çəkmir. Olsun. Lap deyək ki, onların da şikayətləri olub.

X.İ.: Amma siz o şikayətlərin heç birini almamısınız?

Ə.Z.: İkisini almışıq, dördünü yox. «Azərbaycan» nəşriyyatı nə şikayət edib, ondan xəbərimiz yoxdur, biz «Azərbaycan» nəşriyyatından faktlar əsasında o qədər yazılar yazmışıq Ki. Ölkənin siması olan, prezidentin idarəçiliyində olan bu nəşriyyatda dəhşət baş verir.

 

Rəşad Məcid: «Azərbaycan» nəşriyyatı «Xural» qəzetində facebook sosial şəbəkəsində gedən söhbətləri dərc etdikdən sonra MŞ-ya müraciət etmişdi.

Ə.Z.: Nə var idi orada?

R.M.: Orada bir nəfərin dilindən, hə… təhqir var idi.

Ə.Z.: İnsanlar nəşriyyatda baş verənlərə öz etirazlarını bildiriblər və mən də qəzetdə bu etirazları dərc etmişəm. Etməməliyəm?

R.M.: A… Sən qəzetə onu yerləşdirəndə məsuliyyət daşıyırsan…

Ə.Z.: Biz dörd ildir yazırıq ki, «Azərbaycan» nəşriyyatı tualet qoxur, bu biabırçılığı yığışdırın. Biz dörd ildir bütün qüvvəmizlə çalışırıq ki, o qoxunu oradan yığışdıraq. Əgər siz istəyirsinizsə, qoxlayın, biz qoxulamırıq, qardaş. Bu bir. İkincisi qalan şikayətçilər – Sabirabadın icra başçısının müavini, Bərdənin, Tərtərin icra hakimiyyətinin rəhbərlərinə – Rəşad müəllim də bayaq çox gözəl qeyd etdi ki, bir anın içində ağaları tərəfindən tapşırıq verilib və MŞ-ya hazır vəziyyətdə 6 şikayət daxil olub. Bu o vaxt baş verdi ki, biz gündəlik çıxacağımız haqqında qərar verdik və bunun reklamlarına başladıq – ««Xural» qəzeti sentyabrın 20-dən gündəliyə başlayır» deyə. Bütün qovğalardan ondan sonra başladı.

X.İ.: Biz sizin tərəfinizdən sualları MŞ-ya yönləndiririk, amma Sizə də suallar ünvanlanıb…

Ə.Z.: Rəşad müəllim deyir ki, həmin yazılarda şərəf və ləyaqəti təhqir edən məqamlar var. Birincisi, biz burada niyə belə bir mövqedən danışırıq? Çünki biz Mətbuat Şurasının üzvü deyilik. Bunlar istənilən anda, istənilən oyunu oynayırlar və heç bir zaman da azad mətbuatın yanında olmadılar. Gələk şərəf və ləyaqətin hansı məqamlarda təhqir olunub-olunmadığı məsələsinə. Bir daha təkrar edirəm, o şikayətlərlə bağlı bizə heç bir müraciət olmayıb. Lənkəran məsələsinə gəlincə, yəqin ki, söhbət Aydın Canıyevin yazılarından gedir. Bunu biz bilirik, hadisə baş verəndə  «Azadlıq» radiosunda biz danışanda o məsələyə aydınlıq gətirmişəm. Ola bilər ağır yazılar gedir, ola bilər orada hansısa məqamı kimlərsə özlərinə təhqir kimi hesab eləsin, amma bunun əvəzində həm Aydın Canıyevi həbs ediblər, həm də biz həmin yazılardan sonra sentyabrın 6-dan sonrakı sayımızda sentyabrın 13-də Aydın Canıyevin yazdığı yazılara görə, həmin yazılarda öz şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edən hər kəsdən üzr istəmişik, təkzib vermişik. KİV haqqında qanun nəyi tələb edir? Tələb edir ki, yazılan yazılar yanlışdırsa, ona ilk növbədə cavab haqqı verilməlidir, ya da bunun əvəzinə üzr istənilməlidir, ya da yazı təkzib olunmalıdır. Biz həmin adamlara müraciət etmişik, həm şəxsi kanallarımız, həm də «Azadlıq» radiosu vasitəsilə çıxışımda şəxsən müraciət etdim, qarşı tərəf cavab vermədi. Xədicə xanm da dəfələrlə məndən soruşdu ki, qarşı tərəf müraciət edibmi? İndi Mətbuat Şurası özündən həmin qarşı tərəfi qızışdıracaq məqamlar çıxarıb – qanlıq söhbətlər-filan. Çox qanlıq söhbətlər var və biz onu açıb deyəcəyik. Ortada fakt var. Amma Aydın Canıyevin yazılarının təkzibini «Xural» qəzeti verib. Aydın Canıyevin əvəzindən üzr də istəmişik. Mətbuat Şurası bütün bunları niyə görməzlikdən gəlib, bax onu desinlər.

X.İ.: Bizim prodüsserimiz bildirdi ki, Bəxtiyar Sadıqov telefonu qaldırmır. Biz cəhdlərimizi veriliş ərəfəsində davam etdirəcəyik. Bəxtiyar Sadıqovun lent.az portalındakı açıqlamasına baxırıq, o, Şuranın qərarının doğru olduğunu vurğulayıb: “”Xural” qəzeti çoxdan Mətbuat Şurasının «qara siyahısı»na salınmalı idi, bu qərarımız bir qədər gecikib. Çünki «Xural» sözün həqiqi mənasında «reketçiliklə» məşğuldur. Şəxsi maraq və təmənnasına uyğun olaraq, habelə ona verilmiş sifarişlər əsasında utanıb çəkinmədən istənilən insan haqqında şər və böhtan xarakterli qərəzli yazılar dərc edir. Artıq neçə illərdir ki, «Xural» və onun baş redaktoru vətəndaşların şərəf və ləyaqətini alçaltmaqla qələmlərini nəfslərinin qurbanına çeviriblər. Xatırladım ki, onlar tərəfindən təhqirə, əsassız tənqidə, hücumlara məruz qalmış insanlar tərəfindən indiyədək dəfələrlə «Xural»a qarşı məhkəmə iddiası qaldırılıb, qəzetlə bağlı qərarlar çıxarılıb. Təəssüf ki, məhkəmə qərarlarının icrasında loyallıq göstərilib, azad sözü qərəzli fəaliyyətlərinin qurbanına çevirənlər bir çox hallarda cəzalandırılmamış qalıb. Ona görə də «Xural»ın kollektivi, ən əsası onun baş redaktoru tutduqları naqis yolla daha da irəli gedib, tamahlarının əsirinə çevriliblər”. Bu Bəxtiyar Sadıqovun verdiyi müsahibənin çox kiçik hissəsində dediyi sözlərdir. Müsahibə elə bu tonda və daha yüksələn tonda davam edir. Emin bəy, Sizin dəfələrlə qeyd etmisiniz ki, Mətbuat Şurasının özü jurnalistləri «reket» adlandırmaqla, onların şəxsiyyətini təhqir edir. Ümumiyyətlə, prinsipcə, Mətbuat Şurası nəyə görə belə şikayətlərə baxmamalıdır?

Emin Hüseynov.:

– İş orasındadır ki, daxili tənzimləmə instrumentləri normal mətbuatda həmişə mövcud olmalıdır və bu, çox normal bir haldır, sanki bir yolddaşlıq məhkəməsində birinə etik normaları pozması ilə bağlı fikir bildirirlər. Birincisi, burada çoxlu məqamlar var ki, hər halda «qara siyahı»ya salmazdan qabaq da həmin mətbu orqana bir neçə dəfə xəbərdarlıq olunmalıdır. «Xural» qəzetilə bağlı belə bir xəbərdarlıq edilməyib. Mətbuat Şurası öz daxili orqanları vasitəsilə hər hansı problemə hüquqi qiymət verməyə çalışır. Bunun özü çox maraqlı prosedurdur. Mənim özüm də bir neçə dəfə Mətbuat Şurasına müraciət etmişdim. Bu yaxınlarda da öz dərimdə hiss etdim ki, şura bu qərarları hansı «ədalət»ə görə həll edir. Konkret nə idi? YAP-ın rəsmi mətbu orqanı olan «Yeni Azərbaycan» qəzeti təxminən iki ay bundan əvvəl mənim haqqımda ağlasığmaz şeylər yazmışdı. Mənim və həyat yoldaşım haqqında nələrsə yazıblar, heç bir sübut olmadan məni hansısa cinayətdə ittiham ediblər. Üstəlik də mənim mövqemi belə soruşmayıblar. Belə baxanda həmin yazını oxuyan və məni tanıyan adamlarda bu gülməkdən başqa bir hiss doğurmurdu. İndi Rəşad Məcid iddia edir ki. «Xural» «qanlıq məsələ»yə toxunub. Orada da bu sualı mən vermişdim ki, siz niyə mənim həyat yoldaşımla bağlı yazı yazmısınız? Mənim həyat yoldaşım nə məniim təşkilatımın üzvüdür, nə İdarə Heyətindədir, adi bir işçidir və heç bir hüquqi səlahiyyəti yoxdur. Yazıblar ki, guya mən qatı cinayətkaram və mənim bütün cinayətlərimin arxasında duran və ona rəhbərlik edən adam da mənim həyat yoldaşımdır. Həmin o baş redaktorlar, həmin komissiyanın üzvləri, elə Rəşad Məcidin özü də orada idi və mən ona irad da tutdum ki, siz bura mənim şikayətimə baxmaq üçün toplaşmısınız, amma sanki «Yeni Azərbaycan» qəzetinə vəkillik edirsiniz. Orada mənim mövqeyimin öyrənilməsilə bağlı heç bir İH üzvünün ağlına bir şey gəlmədi. Mən Rəşad Məcidə dedim ki, hələ mən şikayət etməmişəm, sadəcə bildirmişəm ki, Mətbuat Şurası kimi sizə müraciət etməyimizin səbəbi bu qəzeti də professionallığa dəvət edəsiniz. Çünki iqtidar hər zaman vurğulayır ki, jurnalistərin əsas problemi odur ki, peşəkarlıq yoxdur. Qarşı tərəfi də ittiham edirlər və mən sizə, cənab İlham Əliyevə də o məqalənin surətini göndərmişəm ki, cənab prezident, cənab Ramiz Mehdiyev, cənab MŞ üzvləri bir bu məqaləyə də nəzər yetirin və gələcəkdə müxalifət və müstəqil qəzetlər haqqında belə bəyanatlar səsləndirəndə bu cür «qeyri-peşəkarlığ»ı özünüzdə də görün. Sonradan başqalarını ittiham edib, haqlarında MŞ-da məhkəmə qurmayın. Mənim işim jurnalistlərin hüquqlarını müdafiə etməkdir və mən heç bir zaman da hansısa yazını yazıb, bir kimsənin şəxsiyyətini təhqir etməmişəm. Amma mənim haqqımda bu cür yazı yazılıb, siz də qərar verin, bu düz yazılıb, yoxsa yox?

X.İ.: – Rəşad bəy, belə bir qərar çxardınızmı?

R.M.:- Emin bəy əvvəla burada elə danışır Ki… Düzünü deyim ki, Emin bəy həqiqətən də Mətbuat Şurasına gəlmişdi və özünü də çox saymazyana, yekəxana aparırdı…

X.İ.: – Necə yəni yekəxana? Hansı hərəkətlərini siz yekəxanalıq kimi başa düşmüsünüz?

R.M.: – Bunun məktubu əsasında Mətbuat Şurası bir yerə toplanıb, iclas keçirir, o da gəlir ayağını-ayağının üstünə aşırıb oturur, elə bil «siz heç kimsiniz» deyir, belə əmr tonu ilə danışır. Mən hələ ona çox heyrət elədim Ki, Mətbuat Şurasının üzvləri gərək onun şikayətinə baxmaqdan imtina edəydilər.

(Studiyada gülüş)…

X.İ.: – Rəşad bəy, siz sizə müraciət edən hər hansı bir jurnalistin şikayətinə onun davranış qaydalarına əsasən qərar çıxarırsınız?

R.M.: – Həmin yazıda Eminlə bağlı qanun pozuntusu o ola bilərdi ki, qarşı tərəfin fikri öyrənilməyib. Mən də orada təklif etdim ki, «Yeni Azərbaycan» müsahibə götürsün, sən də orada fikirlərini de. Qarşı tərəfin fikrinin öyrənilməməsi bu gün Azərbaycan mətbuatının 90 faizinin pozuntusudur.

E.H.: – Onda həmin 90 faizi də, «Yeni Azərbaycan» qəzetini də həmin «qara siyahı»ya salın da, niyə salmırsınız?

R.M.: – Qarşı tərəfin fikrinin öyrənilməməsi «qara siyahı» üçün o qədər də ağır hadisə deyil.

E.H.: – Deməli, siz mənim haqqımda yazılanlara da təhqir kimi baxmırsınız. Onda yaxşı, sabah da mən sizin və həyat yoladışınız haqqında o cür faktlara əsaslanmayan, sizi cinayətkar çıxaran məqalələr yazacam, o zaman siz də onu normal qəbul edərsiniz.

R.M.: – Orada nə yazıb ki? Yazıb ki, həyat yoldaşı?..

E.H.: – Mən orada yazılan yazılar kimi sizin həyat yoldaşınız və Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin həyat yoldaşları haqqında yazsam, demək bu normal qarşılaşacaq. Eləmi?!

 Sonu gələn sayımızda

 Hazırladı:

XuralTAC

 

“Xural” qəzeti,

il 9, sayı: 040 (448), 23 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button