Mətbuat yayımı problemləri müzakirə olundu

Redaktorlar Birliyi yeni təkliflər paketi hazırlayır

 Dünən Redaktorlar Birliyinin təşkilatçılığı ilə “Qəzet yayımında problemlər” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə qəzetlərin baş redaktorları ilə yanaşı, yayım direktorları, satış firmalarının nümayəndələri də iştirak edib.

 Ölkədə “qəzet aclığı” var

 Tədbiri acıq elan edən “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev qəzetlərin yayım işində ciddi problemlərin olduğunu önə çəkdi: “Məsələ ilə bağlı biz 2009-cü ildə geniş araşdırma aparmışıq. Araşdırmaların nəticəsində təkliflər paketi hazırlanaraq KİV-ə dəstək fonduna təqdim edilib. Lakin təkliflərimiz müzakirələrə belə çıxarılmadı”. Daha sonra söz “Gündəlik Azərbaycan” qəzetinin şef redaktoru Şahvələd Çobanoğluya verildi. Ş.Cobanoğlu 2009-cu ildə mətbuat yayımı ilə bağlı aparılan araşdırmalarda yaxından iştirak etdiyini bildirdi: “Özüm də şəxsi təhqiqatlar aparmışdım. Çalışırdım ki, Azərbaycanda real vəziyyəti bir az da beynəlxalq təcrübə ilə uyğunlaşdırım. Uzun müddət beynəlxalq yayım şirkətləri ilə yazışmalar apardım. Yayım şirkətlərinin əsas təmsilçilərindən olan “İssuri Press”

təşkilatı ilə müəyyən rəqəmləri uyğunlaşdırdım. Bizim statika ilə müqayisə etdim. Nəhayət, Mehman müəllimin təklifi ilə geniş araşdırma apardıq”. Ş.Çobanoğlu yayım problemini “qəzet aclığı ” adlandırdığını bildirdi: “Vəziyyət  kirtik həddədir. Azərbaycanın bölgələrində, kəndlərində pulun olsa belə köşk tapıb qəzet almaq mümkün deyil. Redaktorlar Birliyinin Naxçıvan səfərində biz bunun şahidi olduq. Bəlli oldu ki, insanlar qəzet oxumaq istəyir, amma ala bilmirlər. Ora cəmi 4-5 ədəd “Yeni Müsavat”, bir o qədər də “Azadlıq” qəzeti gedir. Digər müstəqil qəzetlər isə demək olar ki, Naxçıvana göndərilmir. Biz yayım məsələsini cəmiyyətə təqdim edərkən bildirməliyik ki, bu, bizim əsas gəlir mənbəyimizdir. Çünki Azərbaycanda müstəqil qəzetlər reklam gəlirlərindən uzaqlaşdırılıb. Daha dəqiq desək, reklam məsələsində siyasi kanyuktura var. Bu səbəbdən qəzetlərin əsas gəliri yayımdan asılıdır. Azərbaycanda isə qrip, hipatit C kimi xəstəliklər qəzetlərdən daha sərbəst şəkildə yayılır”.  

 Statistika Komitəsi ölkədə qəzet satışından xəbərsizdir

 Ş.Cobanoğlu qəzet yayımı sahəsində informasiya azlığının olduğunu önə çəkdi: “Bizə ilk problemi onda yaradıblar ki, yayım sahəsində heç bir informasiya verilmir. Tiraj, bölgələrə gedən qəzetlərin miqdarı, Oxucuların yaş tərkibi və s. barədə məlumatlar verilmir. Bəzi hallarda yayım şirkətləri informasiyaları kommersiya sirri adı altında qapalı saxlayırlar. Biz layihə çərçivəsində Statistika Komitəsinə rəsmi sorğu göndərdik ki, çap mediası barədə müəyyən rəqəmləri versinlər. Bizə poct daşınmalarla və xaricdən ölkəmizə gətirilən qəzetlərlə bağlı bəzi rəqəmləri verdilər. Məlum oldu ki, yayım şirkətləri təzyiqlərə məruz qalsalar da, özlərinin işində vahid informasiya formaları yoxdur. Elə bir informasiya bloku yaratmaq lazımdır ki, redaksiyaların yayım direktorları həmin informasiyalar nəticəsində marketinq işlərini qura bilsinlər. Digər problem tiraj auditi ilə bağlıdır. Bizim üçün yeni məsələ olsa da, 1963-cü ildən Beynəlxalq Tiraj Auditi Assosiasiyası yaradılıb. Bu, nə üçündür? Bizdə bəzən məsələ qaldırırıq ki, nəyə görə az qəzet satan mətbu orqanlar çox reklam alır, çoxtirajlı qəzetlərə isə reklam verilmir. Bu kimi uyğunsuzluqları aradan qaldırmaq üçün tiraj auditi və sertifikatlaşdırma ənənəsi var. Rusiya buna çoxdan keçib. Artıq qəzetlər firmalardan reklam almaq istəyərkən öz sertifikatlarını təqdim edir. Biz informasiya qıtlığını aradan qaldırmaq üçün yayım şirkətlərindən tələb etməliyik ki, vahid formada redaksiyaları yayımla bağlı informasiya ilə təmin etsinlər”.  

 

Azərbaycanda bir milyon adama 90 köşk düşür

 

Ş.Cobanoğlu çap məhsullarının xüsusi sosial statusu olan bir əmtəə olduğunu bildirdi: “Qəzetlərin satılması yalnız ticarətçinin deyil, həm də cəmiyyətin marağındadır. Bu satış digər tərəfdən söz azadlığını təmin edən funksionalığa malikdir. Biz söz azadlığını həm də satış nöqteyi-nəzərindən təmin etmək üçün hökumətə tələblər irəli sürməliyik”. Ş.Cobanoğlu beynəlxalq təcrübəni də araşdırdıqlarını bildirdi: “Bir ölkədə nə qədər köşk olmalıdır? Dünya ölkələrində köşklərin sayı nə ilə müəyyən edilir? Bəlli oldu ki, normal ölkələrdə çalışırlar bir köşkə düşən adam sayına görə satış nöqtələrinin sayını müəyyən etsinlər. Dünya ölkələri çalışır ki, köşklər o qədər sıx olsun ki, qəzetlər doğrudan da satışını təşkil edə bilsinlər. Burada bir incə məsələ var. Bu da ondan ibarətdir ki, qəzet satışında bir çox əmtəələrin satışında olduğu kimi, bir prinsip rol oynayır. Bu da qəzet nüsxələrinin görünən yerlərdə olmasıdır. Əl yayımında niyə qəzet çox satılır? Çünki onlar alıcıya çox yaxın gedirlər. Deməli, köşklər sıxlaşdıqca alıcılıq artır. Hər bir qəzet sahibi bilməlidir ki, qəzetlərin tirajı ən azı 3 dəfə köşklərin az olması səbəbinə aşağıdır. Biz araşdırma apardıq. Azərbaycanda 637 ədəd köşk, 100 süpermarketdə qəzet satış nöqtələrinin olduğunu və səyyar satışla 60 nəfərin məşğul olduğunu müəyyən etdik. Dünyada normativ belədir ki, 2000 nəfərə bir köşk düşməlidir. Siz təsəvvür edin ki, Rusiya kimi dağınıq bir ölkədə 3000 min nəfərə bir köşk düşür. Bu məsələ Rusiya Dövlət Dumasında 3 dəfə müzakirəyə çıxarılıb ki, vəziyyət çox ağırdır.  ABŞ-da 1500 nəfərə, Böyük Britaniyada 1300 nəfərə, Çexiyada 1400 nəfərə, Macarıstanda 1000 nəfərə, Almaniyada isə 1000 nəfərdən az adama bir köşk düşür. Azərbaycanda bir milyon adama 90 köşk düşür. Bizdə köşklərin sayını azaltmaqla qəzet satışından məhrum ediblər”. Ş.Çobanoğlu qəzet satışında qeyri-ənənəvi formalardan istifadə edildiyini bildirdi: “Dünyada supermarketlərdə qəzet satışı böyük vüsət alıb. Bu da qəzet satış məntəqələrinin sayının artmasına səbəb olur. Bu, çox ideal variantdır. Azərbaycanı bu sahədə başqa ölkələrlə müqayisə etmək olmur. Bizdə çox təzadlı vəziyyət yaranıb. Müşahidə apardıq. Müstəqil və müxalifət qəzetlərinin supermarketlərdə satışına imkan verilmir. Bu da mətbuata qarşı aparılan basqının başqa bir formasıdır. Biz ayrı-ayrı ölkələrdə köşklərdən kənarda qəzetlərin satışının artım cədvəllərini əldə etmişik. Son 10 ildə ABŞ-da supermarketlərdə qəzetlərin satışı 6 faizdən 82 faizə çatıb. Filandiyada 60-dan yuxarı, İngiltərədə 40 faizə, Almaniyada 38 faizə qədər yüksəlib. Rusiyada isə 0 faizdən 5 faizə qədər artıb. Moskva şəhərində isə 0-dan 16 faizə qədər marketlərdə qəzet satışı artıb. Biz tələb etməliyik ki, marketlərdə müstəqil və müxalifət qəzetlərinin satışına qoyulan qadağalar aradan qaldırılsın. Bu, bazarda ayrı seçkilikdir”. Ş.Çobanoğlu abunə sahəsində də problemlərin olduğunu bildirdi: “2009-cu ilin sentyabr ayı üçün Azərbaycanda abunə statistikasını əldə etmişdik. Burada təzad nədən ibarətdir? Köşklərdə yüksək səviyyədə satılan, xalq tərəfindən sevilən qəzetlərin abunəsi yoxdur. Amma köşklərdə satışı olmayan qəzetlərin abunəsi həddən artıq çoxdur. Bu bizim bildiyimiz siyasi konyukturadır. Dövlət idarələrində işləyən şəxsləri bu qəzetlərə sovet dövründə olduğu kimi zorla abunə yazdırırlar. Mən bizim abunə sektorunda yaranan sindroma “Azərbaycan müəllimi” adı qoymuşam. Bu qəzet bölgələrdə heç satılmır. Bakıda çox az miqdarda satılır. Amma 15 mindən artıq abunəsi var”.

 

Fransada gənclərin abunə pullarını dövlət ödəyir

 

Ş.Çobanoğlu abunə sahəsində yeni texnologiyalardan istifadə edilməsinin vacib olduğunu bildirdi: “Büdcədən KİV-ə dəstək fonduna pullar ayrılır. Hamımız bilirik ki, həmin pullar nəyə xərclənir. Hə üçün Azərbaycanda güzəştli abunə kampaniyası aparılmasın? Mətbuata yardımı pul paylamaq kimi başa düşən dövlətə aydınlaşdırmaq üçün Fransanın tərcübəsini xatırlamışdım. Sonuncu dəfə Fransa parlamenti 200 milyon avro birinci proqrama, pulsuz abunəyə pul ayırmışdı. Bu, nə deməkdir? Bu pul heç bir qəzetə verilmir. Müəyyən insan qrupu müəyyənləşir. Fransada gənclərə imkan verilir ki, istədiyi qəzetə abunə yazılsın. Pulunu isə dövlət ödəyir. Bu, qəzetlər üçün real köməkdir. Bu, ədalətli rəqabətə hesablanan proqramlardır”. Ş.Çobanoğlu 2009-cu ildə KİV-ə yardımla bağlı tərtib etdiyi proqramın əsas tezisləri barədə də məlumat verdi: “1. Çap məhsullarının xüsusi əhəmiyyətli sosial əmtəə kimi dövlət statusu müəyyən edilsin. 2. Səyyar mətbuat yayımını basqılardan qoruyan tədbirlər həyata keçirilsin və qanuni status müəyyən edilsin. 3. Yayımçının neytrallığına nail olmaq və KİV məhsulları bazarında inzibatı və siyasi konyukturaya son qoymaq üçün tədbirlər həyata keçirilsin. O cümlədən idarələrin dövlət büdcəsindən rəsmi qəzetlərdən başqa qəzetlərə abunə yazılması qadağan edilsin. Yeni yayım şirkətlərinin yaranması və güclənməsini asanlaşdıran tədbirlər planı hazırlansın. Poçtdaşımada mətbuat yayımı idarəsi yaradılsın. İdarə bütün firmaların mallarını pulsuz daşınmasını həyata keçirsin. Abunələrin pulsuz ünvanına çatdırılması təmin edilsin. Onu da deyim ki, bir çox ölkələrdə abunələr pulsuz olaraq sahiblərinə çatdırılır ”.

 

Mətbuatla bağlı problemlərin başında Əli Həsənov dayanır

 

“Xural” qəzetinin baş redaktoru Ə.Zeynallı yayımla bağlı problemlərin başında Prezident Administrasiyasının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənovun durduğunu bildirdi: “Azərbaycan reallığında yayım şirkətləri bir adama – Əli Həsənova baxır. Deyək ki, ölkədə 5 mətbəə, 5 böyük yayım firması var. Bu mətbəələr və yayım firmaları bir məmura bağlıdır. Hansısa bir məmur mətbəələrin rəhbərlərinə zəng edir, filan qəzeti çap etməyin göstərişi verir. Bununla da məhkəməsiz-filansız məsələ həll olunur. Hesab edirəm ki, hər hansı bir məmurun iradəsi ilə qəzet bağlanmamalıdır. İkinci məsələ yayımla bağlıdır. Heç kim qarantiya vermir ki, “Xural” qəzetinin, yaxud başqa bir qəzetin deyək ki, “Qasid” firmasına hər nömrədə verdiyi 1000 ədəd qəzetin hamısı satışa çıxarılır. Tamamilə mümkündür ki, qəzet bağlamalarının əksəriyyəti heç açılmasın. “Azərmətbuatyaım”, cənab Vüqar Səfərli ölkə üzrə qəzet satışını inhisara alıb. “Azərmətbuatyayım” bu gün də Vüqar Səfərlinin nəzarətindədir. Bizim onunla problemimiz var. Hər gün rayonlardan, Gəncədən, Salyandan, Sumqayıtdan – başqa yerlərdən zənglər gəlir ki, “Xural” qəzeti yoxdur. Mənim satışa nəzarət imkanlarım yoxdur. “Azərmətbuatyayım”a zəng edəndə, hansısa balaca bir məmur cavab verir ki, Vüqar müəllimin əleyhinə yaman yazırsınız. Biz o məsələnin üzərində durmalıyıq ki, dövlət ümumiyyətlə, mətbuatın üzərindən əlini çəkməlidir.  Azərbaycan kimi balaca totalitarizmin, xırda diktatorların yaşadığı bir ölkədə dövlət tamamilə mətbuatdan uzaqlaşmalıdır. Çünki bu dövlətin rəsmi qəzetlərindən olan “Azərbaycan” qəzetinin baş redaktoru üstümüzə gəlir ki, KİV haqqında qanun çox humanistdir. Bəxtiyar Sadıqov iddia edir ki, Mətbuat Şurasına qəzetlərin bağlanması səlahiyyəti verilməlidir. Bütün hallarda nə baş verir? KİV-ə dəstək fondu, Mətbuat Şurası dövlətin yaratdığı və inhisarına keçdiyi qurumlardır.

 

“Yeni Müsavat” və “Azadlıq” qəzetlərini müstəqil mətbuat üzərində dəyənək kimi istifadə edirlər…

 

Konkret olaraq “Yeni Müsavat” və “Azadlıq” qəzetlərini müstəqil mətbuat üzərində dəyənək kimi istifadə edirlər. İki gün əvvəl bir informasiya saytı məlumat yayıb. Guya satış firmalarında araşdırma aparıblar. Bu araşdırmaya görə ən çox satışı olan qəzetlər, 1-ci yerdə “Azərbaycan” qəzeti, 2-ci yerdə “Respublika”, 3-c2 sırada “Xalq” qəzetidir. Və əlavə edirlər ki, “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin satışında artım var. Bütün bunlar məqsədli şəkildə yayılan yalan informasiyalardır. Mən Türkiyə təcrübəsini bilən adamam. Tam məsuliyyəti ilə deyirəm, Türkiyədə dövlətin qəzet yayımı mexanizmi yoxdur. Orada böyük qəzetlərin yayım firmaları var. Bu dövlət qəzetlərdən əlini çəksin, biz özümüz yayım işini yoluna qoyarıq”. Daha sonra Ə.Zeynallı Türkiyədə müxbir postu acmaq üçün səfirliyə etdiyi müraciətdən danışdı. Ə.Zeynallı vurğuladı ki, səfirlik ondan Mətbuat Şurasından arayış verməsini tələb edib: “Bəs bunlar bizə deyirdilər ki, Mətbuat Şurasının verdiyi qərarların heç bir hüquqi nəticəsi yoxdur? Bu boyda yalan heç yerdə görünməyib. Bunların yalanlarına ölkələr bulaşıb. Belə çıxır ki, hakimiyyət Ərdoğanı tənqid edən qəzetləri, telekanalları Azərbaycanda akkreditə etməyəcək”.

 

Dövlət qəzetləri ləğv edilsin!

 

Media hüququ mütəxəssisi Ələsgər Məmmədli problemlərin kökündə dövlət qəzetlərinin durduğunu bildirdi: “Dövlət müəssisələrinin, komitələrin, nazirliklərin və Milli Məclisin qəzetləri durduqca mətbuatın problemi həll edilməyəcək. Hesab edirəm ki, dövlətin təsisçisi olduğu qəzetlərdən imtina edilməlidir. Yalnız bir dövlət qəzeti olmalıdır. Həmin qəzetdə ancaq rəsmi məlumatlar dərc edilməlidir. Həmin qəzet pulsuz paylanmalıdır. Yalnız bundan sonra mətbuatın problemlərinin həll mümkündür”.

 

Bizə 100 əl yayımı yeri verin!

 

Nadir Əliyev əl yayımının təşkili ilə bağlı təkliflərini səsləndirdi: “Əl yayımında ciddi problemlər yaranıb. Qəzet satanlar təzyiqlərdən bezərək işdən çıxırlar. Artıq əldə qəzet satmağa yer qalmayıb. Biz təklif edirik ki, Bakının 100 yerində əl yayımı və qəzet stendləri təşkil etmək üçün yerlər ayrılsın. Əl yayımı şirkətləri öz aralarında həmin yerləri bölüşdürsün. Polislər qəzetsatanları döyür, qəzetlərini əllərindən alırlar. Səyyar satışı ümumiyətlə, qadağan etmək istəyirlər. Küçənin ortasında pomidor, xiyar, kartof satmağa icazə verilər. Amma qəzet satışını qadağan edirlər”.

 

Yeni köşklər “Qasid”ə verilsin

 

“Yeni Müsavat” qəzetinin direktoru Ələsgər Suleymanov “Qasid” firmasına edilən təzyiqlərdən danışdı: ““Qasid”in köşklərini söküb yerinə daha böyük köşklər qoyublar. Yeni köşkləri Ticarət Departamentinə verməkdənsə, “Qasid”in özünə versinlər. Əvvəla, “Qasidi”in köşkü standartlara cavab vermirsə, desinlər ki, köşkləri yeniləyin. İndi buna firmanın imkanı çatmırsa, yeni köşkləri kredit şəklində “Qasid”ə versinlər. Burada məsələ köşklərin şəhərin görünüşünə uyğunlaşdırmaq deyil. Əsas məqsəd yayım biznesini inhisara almaqdır”. “Yeni Müsavat” qəzetinin yayım direktoru Abbas bəy yeni quraşdırılan köşklərdə daha çox xarici mətbuatın satıldığını bildirdi: “Yeni köşklərdə daha çox Rusiyadan və Türkiyədən gətirilən qəzetlər və mətbuata dəxli olmayan mallar satılır. Təklif edirəm ki, öz aramızda monitorinq qrupu yaradaq və köşklərə nəzarət edək. Yeni köşklərdə Azərbaycan mətbuatının, xüsusən müxalifət qəzetlərinin satışının təmin edilməsinə nail olaq”.

 “Azərmətbuatyayım” bölgələrdə köşkləri ləğv edir

 “Xural” qəzetinin yayım direktoru Nizami Həsənli bölgələrdə köşklərin ləğv edildiyini bildirdi: ““Azərmətbuatyayım”ın Gəncədə 22, Sumqayıtda 16,  Saatlıda 18 köşk ləğv edilib. Sumqayıt, Şamaxı, Salyan və Saatlı rayonlarında “Azərmətbuatyayım” şirkətinin köşklərinin hamısı ləğv edilib. Naxçıvan Muxtar Respublikasında “Azərmətbuatyayım”ın köşkü tamamilə yoxdur. Hakimiyyət bölgələrdə qəzetlərin satışına maraqlı deyil. Əks halda kim cəsarət edib “Azərmətbuatyayım”ın köşklərini sökə bilərdi? Firmalarda işləyən satıcılara əlavə haqq qoyulur. Onların maaşları yarımştatdan da az maaş verirlər. Bundan başqa, hər bir köşkün boynuna bir ədəd “Azərbaycan” qəzetinin pulunu ödəmək qoyulub. Buna görə də satıcılar qəzet satmağa maraqlı deyil. Onlar daha çox siqaret, araq satırlar”.  

 Tədbirin sonunda mətbuat yayımı ilə bağlı yeni layihənin hazırlanması barədə qərar qəbul edildi. Qərara alındı ki, qəzet yayımında yaranan problemlərlə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edilsin.

 Əfqan Muxtarlı

“Xural” qəzeti,

il 9, sayı: 060 (470), 15 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button