Mətbuat yazdı, Kəlbəcərin icra başçısı təzə limuzin alası olmadı

İşğal altında olan Kəlbəcər rayonunun icra hakimiyyətinin başçısı yeni “Mercedes S350” avtomobilinin alınması üçün elan etdiyi tenderi təxirə salmalı olub.

Virtualaz.org xatırladır ki, iyunun 30-da elan edilən həmin tenderə görə sosial şəbəkələrdə və KİV-lərdə geniş rezonans yaranmışdı. İşğal altında olan rayonun icra hakimiyyəti başçısının özünə yeni limuzin almaq niyyəti o cümlədən haqqin.az və virtualaz.org saytlarında geniş tənqid olunmuşdu. Çünki bu, nəinki israfçılıq idi, eyni zamanda qeyri-etik görünürdü.

Belə ki, “Mercedes S350” avtomoilinin qiyməti komplektasiyadan asılı olaraq 145-199 min dollar arasında dəyişir. Avropa ölkələrində bu avtomobillər ancaq baş nazirlərin xidməti avtomobili kimi istifadə olunur, digər məmurlar isə qənaətcil sinifdən olan xidməti avtomobillərdə gəzirlər. Ərazisi işğal altında olan, sakinləri məcburi köçkün qismində ölkənin müxtəlif rayonlarına səpələnən rayonun başçısının isə lüks limuzində gəzməsi haqlı olaraq ictimai qınağa səbəb olmalıydı.

İndi isə Kəlbəcər rayon İcra Hakimiyyətinin maliyyə sektorunun müdiri Kazım Zamanov deyir ki, əslində onlar yeni yox, işlənmiş avtomobil almaq istəyirdilər. “Bizə maşın almaq üçün dövlət büdcəsindən 55 min manat vəsait ayrılıb. Sadəcə biz işlənmiş maşın nəzərdə tutmuşduq. Düzdür, tender elanında bu göstərilməyib, amma niyyətimiz o idi ki, bu qiymətə işlənmiş maşın alaq. Bizim o qiymətə maşın almağa imkanımız var? Olsa da, o qiymətə almarıq. Sadəcə, başçı istəyirdi ki, 50-55 minə maşın təklifi olarsa, alınsın. Bu da hökmən tenderdən keçirilməli idi”,-K.Zamanov «Yeni Sabah”-a deyib.

Onun sözlərinə görə, tender elanı böyük səs-küy yaradıb. Ona görə də bu gün iyulun 1-də İcra Hakimiyyətində məsləhətləşmə aparılıb, qərara alınıb ki, maşının alınması təxirə salınsın. “Ehtiyac yoxdur…”,-Zamanov belə deyib.

Sektor müdiri etiraf edib ki, əslində icra başçısı üçün yeni “Mercedes S350” avtomobilinin alınması planı başçının birinci müavininin “ehtiyacına görə” yaranmışdı.

“Açığını deyim ki, 3 ildən çoxdur başçının birinci müavininin avtomobili yoxdur. Başçı yeni maşını alıb öz maşınını müavinə vermək istəyirdi”,-o deyib.

Qaydalara görə rayon icra hakimiyyətlərinin rəhbər şəxslərinin ehtiyacları üçün uzağı 5 xidməti avtomobil nəzərdə tutulur. Hazırda isə Kəlbəcər İcra Hakimiyyətinin 3 xidməti avtomobili varmış.

Kəlbəcər rayonun icra hakimiyyətinin başçısı Aqil Məmmədovdur. O, 1960-cı ildə Kəlbəcərin Ağdaban kəndində anadan olub. 1987-ci ildə Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib, 2009-2012-ci illərdə isə onun Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil aldığı göstərilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button