Mətbuata “yuxu dərmanı”

jurnalist 04071326.07.2013
Yaxud jurnalist əvəzini ödəyə bilməyəcəyi hədiyyə almalıdırmı?

Milli Mətbuatın 138-ci ildönümü yaddaşlarda daha çox “jurnalistlərə hədiyyə ili” kimi qaldı. İyulun 22-də jurnalistlərə təkcə mənzillərin açarları paylanmadı, həm də müxtəlif qurum və təşkilatlar da hədiyyələr verdi.

Öncə “Azercell” şirkəti redaktorları Antalyaya istirahətə apardı. Daha sonra müxtəlif şadlıq evlərində, qurumlarda tədbirlər keçirilib, jurnalist və redaktorlar bahalı hədiyyələrlə mükafatlandırılıb. Keçirilən tədbirlərdə əsasən Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) rəhbəri Vüqar Səfərli, Mətbuat Şurasının İdarə Heyətində təmsil olunan Vüqar Rəhimzadə, Aydın Quliyev, Elçin Mirzəbəyli və başqaları iştirak ediblər.

Nazirliklər jurnalistləri mükafatlandırdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bayramı jurnalistlərlə süfrə arxasında qeyd edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə əməkdaşlıq etdiyi jurnalistləri gül və ətirlə mükafatlandırıb.

İcra Hakimiyyəti jurnalistlərə pul payladı

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının Şəhidlər Xiyabanındakı qərargahında keçirilən mərasimdə KİVDF-nin, MŞ-nin, eləcə də ölkədə fəaliyyət göstərən 50-dən çox televiziya, radio, qəzet və elektron portalın nümayəndəsi iştirak edib. Tədbirdə Əflatun Amaşov, Vüqar Səfərli, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və “Xalq” qəzetinin baş redaktoru Həsən Həsənov çıxış edərək, diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Tədbirin sonunda Səbail rayon icra hakimiyyəti tərəfindən jurnalistlərə qol saatı və 50 manat hədiyyə edilib.
Binəqədi Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə də Əflatun Amaşov, Vüqar Səfərli, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və Vüqar Rəhimzadə iştirak ediblər. Bu dəfə də mətbuat adından çıxış edən şəxslər mətbuata dövlət qayğısından danışıblar və tədbirin sonunda bir müddət əvvəl mətbuat nümayəndələri üçün elan olunmuş “Binəqədi rayonu mətbuatın gözü ilə” yazı müsabiqəsinin qalibləri təltif edilib, digər iştirakçılara isə divar saatı hədiyyə edilib.

Nərimanov rayon İcra Hakimiyyəti jurnalistlərə “planşet” hədiyyə etdi

“Altun Saray” restoranında keçirilən bayram tədbirini giriş sözü ilə açan Nərimanov RİH başçısı Abidin Fərzəliyev deyib: “İldən-ilə dövlətin mətbuata ayırdığı yardımların miqdarı artır. Azərbaycan söz və mətbuat azadlığının qorunduğu ölkələr sırasındadır. Media cəmiyyətin görən gözüdür. Yalnız onlar bizim görmədiyimiz problemlərə güzgü tuturlar”.
Bayram tədbiri zamanı bir neçə jurnalist Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi mükafata – qiyməti 500 manat civarında olan “planşet”ə layiq görülüb.

Ağdam rayon İcra Hakimiyyəti də mükafat verdi

Jurnalistlər üçün tikilmiş binadan mənzil almış Rey Kərimoğluya isə Ağdam rayon icra hakimiyyətinin başçısı hədiyyə verib. Bu barədə R.Kərimoğlu özü Lent.az-a məlumat verib. Jurnalistin sözlərinə görə, rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov yeni mənzil alması münasibəti ilə onu təbrik edib və min manat dəyərində ev avadanlığı hədiyyə edib.

AFFA jurnalistlərə televizor hədiyyə etdi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası da idman jurnalistlərini qiymətli hədiyyələrlə mükafatlandırıb. Tədbirdə yalnız müstəqil yazarlar, futbolpress.az saytı və “Komanda” qəzetinin əməkdaşları iştirak etməyiblər. Qalan bütün idman mediasının əməkdaşlarına “Aktive 19-112 BU” markalı televizor hədiyyə edilib. “Beko” mağazalar şəbəkəsində həmin televizorların qiyməti 211 manatdır.

Xərclər kimin hesabınadır?

Jurnalistlərə hədiyyə paylayan təşkilatların büdcədən maliyyələşdiyini (AFFA-nı çıxmaq şərtilə) nəzərə alsaq, xərclənən vəsaitin haradan alındığı maraq doğurur. Nərimanov və Binəqədi rayon icra hakimiyyətlərindən bununla bağlı açıqlama verilmir. Səbail Rayon İcra Hakimiyyətinin İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri İsrafil Kərimov isə bildirdi ki, jurnalistlər daxili vəsait hesabına mükafatlandırılıb: “Həmin hədiyyələr İcra Hakimiyyətinin daxili imkanları hesabına alınmışdı. Bundan başqa, mətbuat günü ilə əlaqədar bəzi KİV rəhbərlərinə təbrik açıqcaları da yollamışdıq”.
Tədbirə dəvət olunan jurnalistlərə gəlincə, İsrafil Kərimov deyir ki, il ərzində əməkdaşlıq etdikləri KİV nümayəndələri çağırılıb: “Biz daim mətbuatla işləyirik. İstər televiziyalar olsun, istərsə də saytlar, qəzetlər. Onlar da bizə müraciət edirlər, digər tərəfdən də biz materiallarımızı dərc etdiririk. İstər “AzərTac” xətti ilə olsun, istərsə də birbaşa həmin mətbuat orqanına müraciət etməklə. Bütün mətbuat vasitələrində bizim keçirdiyimiz tədbirlər, görüşlər hamısı işıqlandırılır. Mən də mətbuata cavabdeh biri kimi il ərzində keçirilən tədbirlərimizin hansı qəzetlərdə işıqlandırılması ilə bağlı qeydiyyat aparıram. Ötən mətbuat günü ilə builki mətbuat günü arasındakı il tamam olanda həmin qeydləri qarşıma qoyuram, başlayıram hesablamağa. Məsələn, AZTV bu il bizim tədbirləri çox işıqlandırıb. Bundan əlavə, qəzet və çap mətbuatı da fəal olub. Bunları mən hesablayıb analiz edirəm. Sonra verirəm icra başçısına. O da bunları qeyd edir və Milli Mətbuat Günündə bizimlə əməkdaşlıq edən KİV-ləri dəvət edirik onlar üçün hazırladığımız tədbirə. O cümlədən Mətbuat Şurasasından Ümid Rəhimoğlu, Vüqar Rəhimzadə, Vüqar Səfərli, “Xalq” qəzetinin baş redaktoru və SİA informasiya agentliyinin direktoru Vəli Vəliyev də tədbirimizə qatılmışdılar. Bundan əlavə, tədbirdə 50 jurnalist iştirak etmişdi. Onların hamısına eyni cür mükafat verildi. Heç kimi ayırmadıq. Hamıya bir nəfər kimi saat və pul mükafatı verdik”.
Göründüyü kimi, təkcə bir icra hakimiyyətində 50 jurnalistin hər birinə 100 manata yaxın vəsait xərclənib. Az pul deyil.
AFFA-nın sözçüsü Mikayıl Nərimanoğlu isə deyir ki, sənədləşmədə elə “Mətbuat Günü ilə əlaqədar tədbirlər üçün xərclənən vəsait” kimi qeyd olunur: “Bizdə qayda belədir.10 ildən artıqdır ki, Milli Mətbuat günü ilə əlaqədar mütəmadi tədbirlər keçiririk. Həmin tədbirdə jurnalistləri lazım olan məişət avadanlıqları ilə hədiyyələndiririk. Bu tədbiri də həmişə AFFA-nın rəsmi saytında yerləşdiririk. Mükafatlandırdığımız jurnalistlər idman sahəsindən yazanlardır. Əlbəttə, bununla bağlı rəsmi sənədləşdirilmə aparılıb”.

Daxili büdcə haradan qaynaqlanır?

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev icra hakimiyyətlərini daxili büdcəsinin hardan gəldiyinə aydınlıq gətirdi. O, icra hakimiyyətlərinin imkanlı insanlar hesabına ziyafətlər verdiyini, hədiyyə aldığını söyləyir: “Bu pullar büdcədən də verilə bilər. Büdcədə “sair xərclər” maddəsi var. Hər hansı tədbir keçirmək üçün nəzərdə tutulur. Büdcə təsnifatının imkanları, həmçinin Hesaplama Palatasının ciddi nəzarət etməməsi imkan verir ki, bu xərcləri büdcə hesabına etsinlər. Deyirlər ki, daxili büdcə. Bu ad altında icra hakimiyyətlərində müəyyən yığımlar olur. Məsələn, tikinti sərəncamları verirlər. Əlavə haqq alırlar. Adını da qoyurlar “İnkişaf Fondu üçün vəsait”. 2013-cü il yanvarın 1-də yeni “Tikinti Şəhərsalma Məcəlləsi” qüvvəyə minənə qədər tikinti icazəsinin 60 manata qədər qiyməti var idi. Ancaq icra hakimiyyətləri insanlardan 1200-1500 manat vəsait alırdı. Adını da qoyurdular “İcra hakimiyyətinin İnkişaf Fondu xərcləri”. Sahibkarlar da icra hakimiyyətlərinə müəyyən yarımlar edirlər. Mümkün variantlardan biri də odur ki, icra hakimiyyətlərinin “İnkişaf Fondu” adı ilə formalaşdırdığı qeyri-rəsmi büdcənin özünə də heç pul xərcləməsinlər. Rayonların birində Novruz Bayramı ərəfəsində sahibkarlara məktub göndərirdilər ki, uşaqlara, baxçalara, məktəblərə, şəhid ailələrinə bayram hədiyyələri alınacaq, bununla bağlı icra hakimiyyətinə pul yardımı edin. Belə məsələləri icra hakimiyyətləri ərazidə yaşayan sahibkarların boynuna qoyurlar. Ən geniş yayılmış formadır, icra hakimiyyətinin mandatına, səlahiyyətinə aid olmayan tədbirləri sahibkarların qeyri-rəsmi ödənişləri hesabına edirlər. Yəni onların üstünə bu ödənişi qoyurlar. Reallıqda bu, çox asan məsələdir, çətin deyil”.

Jurnalistlərə niyə bahalı hədiyyələr verilir?

Az qala bütün peşə sahiblərinin bayramının qeyd edildiyi Azərbaycanda jurnalistlərə bu qədər diqqətin ayrılması şübhə doğurur. “Azadlıq” radiosu mütəşəkkil cinayətləri və korrupsiya hallarını araşdıran layihənin baş redaktoru Drev Sullivanın bununla bağlı fikrini işıqlandırıb: “Jurnalistin hökumətdən mənzil alması jurnalistin etik standartlarını ciddi şəkildə pozur. Belə bahalı hədiyyəni qəbul edən jurnalist ən üstün özəlliklərini – obyektivliyini və tənqidçi müstəqilliyini sual altında qoyur. Bu cür hədiyyəni götürdüyü andan jurnalist öz statusunu itirir və hədiyyə aldığı qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin bir işçisi sayılır. Qərbdə heç bir jurnalist belə bir hədiyyəni qəbul etməz. Hər hansı insana, özəlliklə jurnalistə mənzil hədiyyəsi hakimiyyətin idarəçiliyində ciddi problemlərin olduğunu göstərir. Qərb jurnalisti bu halda onu araşdırardı ki, ev verilərkən hansı məqsəd güdülür?»

“Belə hədiyyələrin alınmasına izn verilmir”

“Jurnalistlər sabah tənqid edə biləcəyi orqandan hədiyyə almamalıdır”. Bunu “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyir. Onun sözlərinə görə, həm beynəlxalq kodekslərdə, həm də böyük kütləvi informasiya vasitələrinin kodekslərində jurnalistlərin yalnız öz çalışdığı KİV-dən və jurnalistika ilə bağlı olan həmkarlar təşkilatlarından qiymətli hədiyyələr almasına icazə verilir: “Digər hallar konflikt maraqların münaqişəsi kimi qiymətləndirilir. Elə hədiyyələrin alınmasına izn verilmir. Bəzi kodekstlərdə kənar şəxslərdən alına biləcək hədiyyələrin məbləği belə müəyyənləşdirilib. Burda təxminən o fikir ifadə olunur ki, hər hansı bir KİV-də çalışan jurnalist həmin KİV-də fəaliyyətini işıqlandıra biləcəyi, tənqid edə biləcəyi orqanlardan, ilk növbədə, dövlət orqanlarından hədiyyə almamalıdır. Bu kodekslərə görə belədir. Hətta bizim Mətbuat Şurasının kodeksində də jurnalistlərin hədiyyə almalarına izn verilmir”.

Jurnalistlərin etik kodeksinə görə…

“Azərbaycan Jurnalistlərinin peşə davranışı qaydaları”nın 4-cü prinsipi “Jurnalistin özünün və çalışdığı orqanının reputasiyasının qorunması” adlanır. 4-cü prinsipin 4.1-ci bəndində deyilir ki, qiymətli hədiyyələr, pulsuz xidmətlər həm jurnalistlərin, həm də onların təmsil etdikləri informasiya orqanlarının adına xələl gətirə bilər: “Odur ki, jurnalist daşıdığı vəzifəyə görə heç kimdən qiymətli hədiyyə almamalı, yaxud özünə pulsuz xidmət göstərilməsinə şərait yaratmamalıdır. Jurnalist redaksiya sənədindən şəxsi maraqlarını gerçəkləşdirmək üçün faydalanmamalıdır”.
Bu qayda Mətbuat Şurasının saytında da öz əksini tapıb. Qurumun bilavasitə işi də məhz jurnalistikadakı etik normaları tənzimləməkdir. Ancaq Mətbuat Şurasının sədri Əflatun Amaşov bütün mükafatlandırma mərasimlərində iştirak edir və çıxışlarında dövlətin jurnalistlərə hər zaman qayğı göstərməsindən danışır, bunu müsbət hal kimi vurğulayır.

Aynur Elgünəş
Gülər Mehdizadə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button