Madonna üçün yad olan Tünzalə onu bəyənmir!

Hər müsahibəsi səsküyə çevrilən gənc opera müğənnisi Ülvi Qılınc «Xural»a yerli şoubiznesin çirkin pərdəarxasından və müğənnilərin savadsızlığından danışdı

 Redaksiyamıza gələn müğənni müsahibədən əvvəl özünü opera səhnəsində olduğu kimi hiss edərək, səsini tənzimləyib, ritmə saldı…

 –   Telefonla danışarkən məşqdə olduğunu dedin. İndi hansı məşqdən gəlirsən?

–   «Koroğlu» operasının məşqindən.

–    Tamaşa nə vaxt olacaq?

–   İnşallah, sentyabrın 28-də…

–   Tərəf müqabillərin kimdir?

–    İlahə Əfəndiyeva Nigarı oynayır, Şahlar Quliyev xan obrazını canlandıracaq, Fərid Əliyev Keçəl Həmzəni oynayır, Fidan Hacıyeva və digər həmkarlarımız da var.

–    Yaradıcı heyətdən razısanmı?

–   Çox gözəl yaradıcı heyətimiz var. Baş dirijor Cavanşir Cəfərovdur, Hafiz Quliyev tamaşanın rejissorudur, son məşqlər gedir, Allah qoysa, tamaşaçılarımıza yeni  heyətdə gözəl bir tamaşa təqdim etməyə müvəffəq olacağıq. Opera və Balet Teatrının bu sezonda açılışını «Koroğlu» ilə edəcəyik.

–    Belə başa düşdüm ki, şou-biznes üçün oxuduğun mahnılara ara verdin…

–  Yox, o öz yerində, bu öz yerində, «sazan ayrı, fazan ayrı»… (gülür)

–   Bu gün azərbaycan şoubiznesində bir intellekt problemi var, onun kökü səncə, nədədir?

–  Savadsızlıqda… Onlar görüb-götürə bilməyənlərdir. Hamısı öz keçmişlərini unudublar. Amma bir şey ağıllarına gəlmir ki, onlar özlərini unutmuş kimi göstərməyə çalışsalar da başqalarının yadından çıxmayıb. Guya, siz özünüz məndən az bilirsiniz? Onların necə olmaqlarını uzun illərdir ki, mətbuat da görür. Azərbaycanın olmayan şou-biznesində günün günorta çağı çıraqla axtarsan da intellekti olan müğənni çox az taparsan.

–  Səncə, bu sənətə sahib olanlar ümumiyyətlə savadlı olmalıdırlar? Yəni əgər bu adamın işi oxumaqdırsa, başqa sahələri də mütləq bilməlidir?

–   Bəli, bilməlidir. Rusların yaxşı bir sözü var: müğənni «irudirovannıy, naçitannıy» olmalıdır. Amma bizdə bir az da hiyləgərdirlər. Onu da deyim ki, indi hiyləgər adamlar çoxdur. Hiyləgərcəsinə maska geyinib bir il, üç il, lap tutaq ki, beş il tamaşaçını aldatdın. Özünü «professor» kimi sırıdın, əvvəl-axır rüsvay olacaqsan. Çox təəsüf ki, tamaşaçılar bu gün hiylə ilə savadı səhv salırlar.

–   Mən kifayət qədər müxtəlif peşə sahibi olan adamlar tanıyıram ki, onlardan «şou-binesdə intellekti olan kimdir» soruşanda, dərhal, Tünzalə Ağayeva ilə Faiq Ağayevin adını çəkirlər.

–   Bu fikirlə razılaşıram. Həqiqətən də Faiq Ağayev intellektli müğənnilərimizdəndir. Onunla dəfələrlə bir yerdə olmuşuq və hər zaman onu əlində hansısa kitabı oxuyan görmüşəm. Faiq Ağayev işini bilən müğənnidir, daima fəaliyyətdədir. Söhbətlərinə qulaq asanda görürsən ki, bildiyi şeydən danışır, danışmaq xatirinə danışmır. Onun bu keyfiyyətini alqışlayıram.

–   Tünzalə xanımın verdiyi müsahibələrdən də yenilikçi, gözəl fikirlərə sahib müğənni olduğu görünür

–   Qəzet oxuyub, qeyri-müəyyən, uzun-uzadı, yorucu fikirlər söyləmək başqadır,  insanın özünün intellektual olması başqa. Mən də özümü «professor» səviyyəsində göstərə bilərəm, amma buna lüzum görmürəm.  

–   Səncə Tünzalə özünü «professor» kimi göstərməyə çalışır? Bu onun nəyinə lazımdır?

–  Yəqin gələcəkdə deputat olmaq planı var.

–   Belə çıxır ki, Tünzalə 2015-ci ildə deputat olmaq üçün işlərini hesablayır?

–  (Rişxəndlə gülür) Deputat olmaq istəyir… Bu bir zarafatdır. Təsəvvür edin, o bu arzuya düşsə, nə olar…

–    Mənə qaranlıq qaldı ki, niyə məhz Tünzalə Ağayevanın intellektual qadın olması ilə razılaşmırsan? Konkret səbəbin varmı? Məncə, o çox mütaliəli, hazırcavab müğənnidir.

–    Vallah, intellekti olan insanlar görmüşəm ki, onlar danışanda yanlarında olan adamlardan heç biri danışmağa cəhd göstərməyib. Yenə deyirəm, qəzet oxuyub, nəsə danışmaq olar, amma bununla intellektual olmaq olmaz. Sənə hörmət, etika xatirinə qulaq asarlar, amma növbəti dəfə heç ağzını açmağa qoymazlar. Kim bir dəfə etdiyi səhvi təkrarlamaq istəyər.

–    Xanım müğənnilərdən ortabab intellektə sahib olan başqa bir müğənni varmı?

–    Xumar Qədimova maraqlı adamdır, müsahibələrində də bunu müşahidə etmişəm. Xumar ayrı aləmdir… Niyə təəccüblənirsən ki!? (Əsəbləşir…) Xumarın danışığı insanı mülayimləşdirir, dincəldir. Özü də danışanda çox səmimidir, daha başqaları kimi saxta münasibət göstərmir.

–    Amma çoxları Xumar Qədimovanın heç də göründüyü kimi olmadığını deyirlər.

–   Düzdür, bəziləri onun süni olduğunu deyirlər, amma mən belə düşünmürəm. Bu, onun özünəməxsusluğudur. Süni insanlar başqa cür olurlar.

–    Məsələn?

–  Sözün düzü, bu haqda heç nə deyə bilmərəm. Kimin süni, kimin təbii olduğuna diqqət etməmişəm.

–    İradə İbrahimova ilə bağlı nə deyə bilərsən?

–   Mən onunla, onun yaradıcılığı ilə yaxından tanış deyiləm, o baxımdan heç nə deyə bilmərəm.

–    Yəni deyirsən ki, onu ümumiyyətlə dinləməmisən?

–  Dinləmişəm. Sadəcə, radio vasitəsilə bir–iki mahnısına qulaq asmışam, kanalı, dalğanı dəyişməmişəm – bu qədər (gülür).

–    Nədənsə, haqqında danışmaq istəmədiyin həmkarlarının adını eşidəndə replika ataraq gülürsən… Bu ironiyalı gülüşü cavabın kimi qəbul etmək olar?

–    Suallın cavabını özünüz sualın içində verdiniz.

–    Səni şou-biznes haqqında çox ümidsiz gördüm. Şou-biznesin olmadığını iddia etmək üçün əsasın varmı?

–    Mən indiyə qədər dediyim bütün sözlərimin altına imzamı atmışam. Bu sözləri ilk dəfə demirəm. Toyxanada yeyib-içən insanların qarşısında oxumaq nə vaxtdan şou-biznes olub? Xarici kanallara baxanda görürsünüz ki, həqiqətən, ulduz adına layiq olanların necə möhtəşəm konsertləri olur. Əvvəlcədən neçə aylıq konsert proqramları hazırlanır, afişalar, anonslar… Bizdə o səviyyədə nə var ki, ona şou-biznes deyək. Bizdəki toy biznesidir. Gəldin, yarım saat, bir saat oxudun, pulunu aldın, getdin. Bu nə vaxtdan şou-biznes olub? Bizdəki standartlar o qədər anormaldır ki, dünyanın heç bir yerində bizdəki kimi heç nə yoxdur.

–    Sən də ona görə yerli müğənnilərə qulaq asmırsan?

–   Yox, niyə asmıram?! Zeynəb Xanlarova, Ağaxan Abdullayev, Alim Qasımov qulaq asdığım böyük sənətkarlardır, Allah canlarını sağ eləsin! Dünyasını dəyişənlərdən İslam Rzayev, Şövkət xanım Ələkbərova, Rəşid Behbudov, Rübabə xanım Muradova… Allah onlara da rəhmət eləsin. Hamısı yüksək səviyyəli peşəkar sənətkarlar olublar. Bayaq dünyada konsert verməkdən danışdıq. İslam Rzayev 60-dan çox ölkədə böyük konsert zallarında səhnəyə çıxıb. Eləcə də Rəşid Behbudov, Zeynəb Xanlarova dünyanın harasında konsert verməyiblər ki! Onların hansı biri verdiyi konsertlərdən danışaraq öyünüb? Heç biri. Amma bu günün toyxana oxuyanları Rusiyanın balaca bir qəsəbəsində toya gedib, qayıdan kimi «xarici səfərdən qayıdıram» deyirlər. Hələ utanmaz-utanmaz bunu kanallarda da nümayiş etdirirlər. Az qala 3 ay olacaq ki, Almaniyadan, opera festivalından qayıtmışam, amma bunu ilk dəfə sizə deyirəm. Dünyanın aparıcı səsləri arasında gənc  azərbaycanlı müğənninin qalib olması və festivalın bütün konsertlərinin bağlanışını etməsi haqqında heç media xəbər tutmadı. Sənət adamı öz işiylə məşğul olsa, daha yaxşı olmazmı? O qədər haqsızlıqlar görürsən ki, dillənəndə, deyirlər paxıldır, dillənməyəndə isə əsəbiləşirsən.

–    Doğrudan, Almaniyadakı festival haqqında niyə danışmamısan?

–   Demək ki, məqamı indi imiş… Jurnalistlər axtaranda suallarını cavablandırıram, axtarmayanda isə özüm haqqında necə danışım? Onda toy-biznes kadrlarından fərqlənmərəm ki! İyunun sonundan iyulun əvvəlinə kimi davam edən festivalda əsas mükafatlardan birinə layiq görüldüm. Təkcə mənə festival boyu hər konserti bağlamaq həvalə edildi. Festival ərzində böyük bir orkestrlə 3 qala konsert verdim. Videolar hamısı «Yutub»da var, istəyənlər baxa bilər.  

–   Ülvi, bir neçə gün əvvəl fəxri adlar verildi. Səncə fəxri adlar lazımdırmı?

–   Fəxri ad almaqdansa, özlərinə ev alsaydılar, bundan yaxşıydı. Dünyanın çox böyük sənətkarları var ki, onların fəxri adları yoxdu. Amma bütün dünya onlara qulaq asır, ən böyük konsert salonlarını tamaşaçılarla doldururlar, stadionlarda adam əlindən tərpənmək olmur. Heç birinin də fəxri adı yoxdur. Hamısı öz adları ilə tanınırlar. Madonnanın fəxri adı yoxdur, amma dünyada sevilən müğənnidir. Bizim əməkdar artistimiz Tünzalədir, amma Biləcəridən o tərəfə onu tanıyan yoxdur. Özü də Madonnanın yaradıcılığını təhlükəli sayır. Təsəvvür edin, dünyanın axırıdır ki, varlığı Madonna üçün yad olan Tünzalə onu bəyənmir (qəhqəhə ilə gülür). Başa düşürsünüz, bu nə deməkdir?

 XuralTAC

 “Xural” qəzeti,

il 9, sayı: 038 (446), 21 sentyabr 2011

 

   

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button