Makron Ermənistanın Roma Statutuna qoşulmasını “cəsarət nümunəsi” adlandırdı

Yayımlandı: 21 Fevral 2024 22:18

O, Bakı və Yerevanı sülhə çağırdı

Fransa Ermənistan və Azərbaycan arasında ədalətli və sabit sülhün bərqərar olmasına yönəlmiş səyləri dəstəkləməyə davam edəcəyini bildirib.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron fevralın 21-də Ermənistanın Baş naziri Nikol Paşinyanla media qarşısında birgə bəyanatı zamanı danışıb.

Makron əminliklə ifadə edib ki, sülhə və sabitliyə yalnız beynəlxalq hüquqa, suverenliyə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmət edildiyi təqdirdə nail olmaq olar:

“Görüşümüz Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə yönəlmiş müzakirələrə toxunmağa imkan verəcək. Sünikdə baş verən son hadisələr eskalasiya təhlükəsinin real olaraq qaldığını sübut edir”.

Fransa ədalətli və davamlı sülh yolunda səyləri dəstəkləməyə davam edəcək. Əminik ki, buna yalnız beynəlxalq hüquqa, suverenliyə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmət etməklə nail olmaq olar”, – deyə Makron əlavə edib.

Fransa Prezidenti həmçinin qeyd edib ki, 2022-ci ildə Praqada keçirilən görüşdə Ermənistanın Baş naziri Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha təsdiqləyib.

O deyib ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyü və xəritələrlə bağlı qeyri-müəyyənliyi aradan qaldırmalıdır:

Bu, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə işlərin aparılması üçün lazımdır ki, qoşunların sərhəddən ikitərəfli geri çəkilməyə əsas olsun”.

O, Azərbaycanı Qarabağı tərk edən və geri qayıtmaq istəyən ermənilərin maneəsiz dönüşünü təmin etməyə çağırıb.

Makron Paşinyana xitabən: “Siz Fransanın Ermənistanın müstəqilliyinə, ərazi bütövlüyünə, demokratik proseslərə dəstəyinə və sülh istəyinə arxalana bilərsiniz”, – deyə müraciət edib.

O, Yerevanın Beynəlxalq Cinayət Məhkəməsinə üzv olmasını və Roma Statutunu ratifikasiya etməsini alqışlayıb:

Mən sizin şəxsi cəsarətinizi və bu istiqamətdə irəliləyiş əzminizi də alqışlamaq istəyirəm. Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə üzv olması belə inadkarlığın parlaq nümunəsidir”.

Fransa Ermənistana necə dəstək verir?

2023-cü il oktyabrın 23-də Ermənistanın və Fransanın müdafiə nazirləri Suren Papikyan və Sebastyan Lekornu müdafiə sektorunda qarşılıqlı əlaqələri əhatə edən ikitərəfli əməkdaşlığa dair sənədlər imzalayıblar.

Sənədin imzalanmasından əvvəl Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirmişdi ki, Paris üç GM 200 radarının satışı və gələcəkdə “Mistral” zenit-raket komplekslərinin tədarükü ilə bağlı sazişə əsasən, Ermənistana hava hücumundan müdafiə imkanlarını təkmilləşdirməyə kömək edəcək.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button