Maliyyə Nazirliyi keçmiş SSRİ Əmanət Bankının əmanətlərinin ödənilməsi parametrlərini açıqlayıb

24.03.2012

Azərbaycanın Maliyyə Nazirliyi Azərbaycan Respublikası vətəndaşlarının 1 yanvar 1992-ci ilə qədər keçmiş SSRİ Azərbaycan Əmanət Bankında olan əmanətlərinin ödənilməsi ilə bağlı təxmini göstəriciləri açıqlayıb.

Bu rəqəmlərə inansaq, həmin vaxt Azərbaycanda hər bir ailə bankda böyük əmanətlər saxlayırdı.

Maliyyə Nazirliyinin məlumatına görə, 2 400 000 nəfərin adına əmanət hesabları var. Nazirliyin hesablamalarına görə, birdəfəlik fərdi ödəmələr üçün təxminən 1 mlrd. manat tələb olunacaq. Bu zaman rəsmi məlumatda ölkə vətəndaşlarının bu müddətə olan əmanətləri haqqında söz açılmır.

Qeyd edək ki, müstəqil ekspertlər əmanətçilərin sayı ilə bağlı müxtəlif rəqəmlər səsləndirirdilər. Məsələn, “İqtisadi Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Qubad İbadoğlu 1,8 mln. əmanətçi olduğunu deyirdi. Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli 2.2 mln. əmanətçi saymışdı. Maraqlıdır ki, İbadoğlu əmanətlərin ödənilməsi üçün 500 mln. manat, Rəcəbli isə 600-800 mln. manat tələb olunacağını hesab edirdi. Amma hər zamanki kimi, hökumət daha “əliaçıq” çıxdı.

Bəzi ekspertlər ölkə prezidentinin birdəfəlik ödəmələr haqqında fərmanının çıxmasından dərhal sonra bu yolla büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı narahatlıqlarını bildirmişdilər.

Ödəmələr keçmiş Azərbaycan SSR Əmanət Bankının davamçısı olan “Kapital Bak” ASC-nin şöbələri tərəfindən həyata keçiriləcək. 2004-cü ildə bu bank vasitəsilə əhalinin imtiyazlı təbəqələrinin (müharibə iştirakçıları, Çernobıl iştirakçıları və s.) nümayəndələrinin hər birinə bir özəlləşdirmə payı verilmişdi. Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbsindən sonra Respublika Prokurorluğu bu yolla 300 mindən çox özəlləşdirmə payının mənimsənildiyini elan etmişdi.

Qeyd edək ki, birdəfəlik fərdi ödəmələrin həyata keçirilməsi prosesinə ictimai nəzarət nəzərdə tutulmayıb. Proses 2012-ci ilin iyununda start götürür və 2013-cü il dekabrın 31-də başa çatacaq. Keçmiş əmanətlərin ödənilməsi yalnız Azərbaycan Respublikası vətəndaşlığı olan şəxslərə şamil olunur.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button