Maliyyə savadlılığının insanların maliyyə davranışlarına təsiri

Azərbaycan Milli Elmlər Akademiyası,

İqtisadiyyat İnstitutu, k.e.i Hacıyev Murad Zaman oğlu m.hacibeyli@gmail.com

 

Maliyyə gücü zəif olan dövlətin siyasi gücü zəif, yüksək olan dövlətin isə siyasi gücü yüksək olur

 

Xülasə

 

Tədqiqatin məqsədi : Tədqiqatın məqsədi maliyyə mariflənməsinin vacibliyini göstərməkdir.

Tədqiqatin metodologiyasi : Tədqiqatda subyektiv ümumi yanaşma metodundan istifadə edilib. Problemin həlli yolları göstərilib.

Tədqiqatin nəticələri : Müəllif belə hesab edir ki, beynəlxalq təcrübədən istifadə edilməlidir. Maliyyə maarifləndirməsi bütün dünyada aktual araşdırma mövzusudur. İstehlak anlayışı tarixin heç bir dövründə olmadığı qədər geniş şəkildə müzakirə olunmaqdadır. Sahib olunan maddi imkanların səmərəsiz və mənasız yerə sərf edilməsi, doğru bir şəkildə xərclənməməsi fərdlərə, cəmiyyətə və dövlətə çox böyük zərər verir. Maliyyə maarifliliyi səviyyəsinin yüksək olduğu ölkələrin təcrübəsindən istifadə edilməsi, ölkəmiz üçün son dərəcədə önəmlidir. Dünyada tətbiq edilən beynəlxalq təcrübənin öyrənilməsi, metod, metodologiyaların tətbiqi və treninqlərin keçirilməsi ölkəmizdə maarifli insanların çoxalmasına səbəb olacaq. Maarifləndirmənin insanların maliyyə resurslarından səmərəli şəkildə istifadə bacarıqlarının artırılmasında əhəmiyyəti  rolu olacaqdır. Hər ailə gəliri ilə xərcini götür-qoy etməlidir, bunları hesablamalıdır. Zəruri istehlak mallarının alınmasına öncəlik verməlidir. Yaşanan problemlərin əsas səbəblərindən biri də maliyyə savadsızlığı, maliyyə maarifləndirməsinin kifayət dərəcədə olmamasıdır. İnsanlar yaşanan fəlakətləri görüb səbəblərini dərk etməli və bu fəlakətlərin təkrarlanmaması üçün maariflənməlidir.

Açar sözlər: Səmərəlilik, qənaət, israf, motivasiya, model, gəlir, xərc, sərvət,  borc, sosial dövlət,  fərdi maliyyə və ictimai maliyyə, minimalizasiya, istehlak mədəniyyəti.

 

Giriş

 

Maliyyə – nəzəri olaraq finans sözü ilə eyni məna daşımasına baxmayaraq, məqsəd və tətbiqi cəhətdən mənasına görə fərqli şəkildə istifadə edilməkdədir. Onu bəzən cəmiyyət ilə əlaqədar işlərin icra edilməsi üçün lazım olan pulları (gəlir və xərc) nizama salan qaydaların bütünü olaraq da izah edirlər. Mənşəyi ərəbcə olan “maliyyə” sözünün kökü dilimizdə mal (“mülk”, “pul”) sözündən yaranmışdır. İngiliscədə “public finance, revenue office, internal revenue office, revenue board, revenue, exchequer”, almanca “finanz, finanzamt” şəklində ifadə edilir. Tarixən ”budget” məfhumu ingilis mənşəli söz olub, çanta və ya torba mənasında işlənmişdir. 18-ci əsrdən etibarən maliyyə kateqoriyası kimi leksikona daxil olmuş, məna etibarilə “xəzinə” sözünə yaxın olmuşdur. Maliyyə – biznes maliyyəsi, fərdi maliyyə və ictimai maliyyəni əhatə edir.

1929-cu ilin Böyük İqtisadi Böhranından sonra və Keynesçi iqtisadiyyat (1936) modeli yaranana qədər iqtisadi siyasətdə sabitlik, böyümə, bölgü, dövlətin gəliri, xərcləmə və borclanma və s. bu kimi sahələrin dövlət tənzimlənməsi fikri aktual deyildi. Böhrandan sonra maliyyə elminin əhəmiyyəti və təsir dərəcəsi gedərək artmışdır. Xüsusilə, rifah dövləti anlayışı meydana çıxmışdır. Əvvəllər dövlətdən gözlənilməyən vəzifələr və bir çox iqtisadi fəaliyyətlər bundan sonra onun əsas vəzifəsi hesab edilməyə başlanmışdır. Maliyyə də bir elm olaraq dövlətin yaşaması üçün iqtisadi göstəricilər olan – gəlirləri, xərcləri, büdcəni, borclanmanı və s. öyrənməyə başlamışdır. Maliyyə gücü zəif olan dövlətin siyasi gücü zəif, yüksək olan dövlətin isə siyasi gücü yüksək olur. Dövlət  siyasi, iqtisadi, ictimai və hərbi vəzifələrini yerinə yetirərkən vətəndaşlarına istifadə etdiyi ödənişlərini büdcəsi (pul) ilə ödəyir. Yəni pul dövlət mexanizminin davamlı işləməsi üçün son dərəcə təsirli bir vasitədir. Pulun haqq (əməyə dəyər) ölçüsü olması xüsusiyyətinə inanan hər bir şəxs gələcəkdəki ehtiyacları və ya yatırımları üçün qənaət edərlər. Yəni dövlətə olan inam pulun haqq ölçüsü ola bilmə xüsusiyyəti ilə başlayar. Başqa bir ifadə ilə desək, möhkəm və qiymətli pul bir tərəfdən haqqların qorunmasında, digər tərəfdən dövlət ilə vətəndaşlar arasındakı etibarın təmin edilməsində əhəmiyyətli rola malikdir. İnsanlar (dövlətlər) arasında meydana gələn anlaşılmazlıqların – qarşıdurmaların təməlində pul və ya pulun təmsil etdiyi mallar dayanır. Həmçinin hər cür daxili siyasi-iqtisadi sabitlik də etibarlı bir pulun varlığından asılıdır. Pulun məhz bu xüsusiyyətinə görə, bəzən onu dövlətin namusu (vicdanı) da adlandırırlar. Dövlət pulunu namusu kimi qiymətli tutmalı, onun dəyərini qorumada həssaslıq göstərməlidir. Pulun etibarlılığı dövlətin etibarlılığına bərabərdir.

Dövlətin vergi və dövlət xərcləri kimi vasitələrdən istifadə edərək, iqtisadiyyatın tam məşğulluğa çatmasını və ədalətli gəlir bölgüsü təmin etmək üçün tətbiq etdiyi siyasətə maliyyə siyasəti deyilir. Dövlətin maliyyə siyasəti – xərcləri artırdıqda insanların gəlirinə artırıcı təsir etdiyi kimi, yığdığı vergilərlə də gəlirlərin azalması kimi bir təsirə malikdir. Dövlət məşğulluq, gəlir, qiymət səviyyəsi kimi makro iqtisadi göstəricilərə təsir edə bilmək üçün dövlət xərcləri (cari xərclər, investisiya xərcləri və transfer xərclərini) və dövlət gəlirləri (vergi gəlirləri, vergi olmayan gəlirlər, fondlar) kimi mexanizmlərdən istifadə etməsi maliyyə siyasəti adlanır. Hökumətlərin, məşğulluq, böyümə və inflyasiya kimi müəyyən məqsədlərini reallaşdırmaq məqsədi ilə gəlir toplanması (vergitutma) və xərcləmə üsullarına fiskal siyasət deyilir.

 

Maliyyə maarifləndirməsinin məqsəd və əhəmiyyəti

 

Maliyyə savadlılığı fərdlərin büdcə, qənaət, borc alma və investisiya kimi təməl maliyyə anlayışları mövzusunda real iqtisadi şərtləri də nəzərə alaraq qəraralma qabiliyyətidir. İnsanların şəxsi maliyyə vəziyyətini necə idarə edəcəyi qabiliyyətini göstərən bir səviyyədir. Başqa cür ifadə etsək, gündəlik həyatda insanlar qarşılaşdığı maliyyə vəziyyətlərinə qarşı öz problemlərini necə həll edə bilmə və planlı bir şəkildə qərarlar almanı göstərən kafilik, ya da qabiliyyət olaraq açıqlaya bilərik. Ümumiləşdirsək, düzgün maliyyə qərarlarının verilməsi və fərdlərin maddi rifahının yaxşılaşdırılması üçün zəruri olan məlumatlılıq səviyyəsi, bilik, bacarıq, baxış və davranışlar toplusudur.

“Maliyyə savadlılığı” anlayışını araşdırmaçılar və təşkilatlar nisbətən fərqli şəkildə ifadə edə bilərlər. Məsələn, İƏİT – İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı  (ing. Organization for Economic Co-operation and Development, OECD – demokratiya və bazar münasibətli iqtisadiyyat prinsipini qəbul edən inkişaf etmiş ölkələri birləşdirən beynəlxalq təşkilat) maliyyə savadlılığını bu şəkildə ifadə edir: “Maliyyə istehlakçılarının öz rifah hallarını yaxşılaşdıra bilmək üçün maliyyə məhsulları və konsepsiyalarını başa düşmək, maliyyə risklərini və imkanlarını qiymətləndirmək, məlumatlı seçimlər etmək və digər səmərəli addımlar atmaq üzrə bacarıqlar toplusudur”.

Bu anlayış hər nə qədər fərqli şəkildə tanımlansa da, hər kəsin fikri əsasən bir nöqtədə kəsişir. Bu nöqtə – hər kəsin maliyyə mövzusunda qərar alma bacarığı və onun həyata keçirə bilmə səviyyəsinə sahib olması nöqtəsidir .

 

Bədxərclik – fərdi və ictimai zərərləri

 

Azərbaycan dilinin izahlı lüğətində[1] bədxərclik (ing. extravagance) anlayışı aşağıdakı şəkildə izah edilir. “Pulun səmərəsiz və mənasız yerə sərf edilməsi, xərcini bilməməsi və israfçılıq.” Sahib olunan maddi və mənəvi imkanların gərəksiz şəkildə xərclənməsinə bədxərclik deyilir. Bir adamın pulunu, zamanını, malını yerli-yersiz xərcləməsi, boşa keçirməsi bədxərclikdir. İsrafçılıq da bədxərcliklə eyni mənanı daşıyır. Sahib olduğumuz maddi və mənəvi dəyərləri bədxərcliklə xərclədiyimizdə onun geriyə qaytarılması çox zaman qeyri-mümkün olur.[2] Bədxərclik, fərdlərə və cəmiyyətə çox böyük zərər verir. Ailəmizin və millətimizin yoxsul düşməsinə səbəb olur. İsraf edən adamlar əlindəki maddi imkanları davamlı olaraq xərcləməyə həvəsli olur. Bol xərcləməyə alışdığı üçün, gəliri çatmadığında qanunsuz yollardan qazanmağa çalışır. Bəzən də yoxluq içərisinə düşməsi səbəbiylə ailəsinə, ətrafına və ölkəsinə yük olurlar. Cəmiyyətdə bunun nümunələrini tez-tez görmək mümkündür. Bədxərc adamlar nəticədə həmişə ziyana uğrayırlar. Çarəsizlik və ümidsizlik içində qalarlar. Dünyada marka malların və digər məhsulların hər keçən gün artması və bu məhsulların kütləvi informasiya vasitələri – televiziya və internet vasitəsilə insanlara əvvəllər olduğundan daha sürətli və asan çatması dünya səviyyəsində böyük bir istehlak mədəniyyətinin ortaya çıxmasına səbəb olur. Bütün dünyaya təxminən eynivaxtlı təqdim edilən məhsulları satın aldıqda insanlar özlərini dünyayla inteqrasiya olunmuş sayırlar. İnsanları yalnız məşhur marka məhsullara sahib olduqlarında özlərini xoşbəxt sanırlar və bu xoşbəxtlik çox qısa sürdüyü kimi, bütün dünyada görünüş və davranış baxımından bir-birilərinə bənzəyən insanlar ortaya çıxardır. Daha sonra insanlar illər keçdikcə bu mədəniyyətdən asılı hala gəlirlər və “onda var, məndə niyə yoxdur?” məntiqiylə inkişaf edən psixoloji problemlərə qapılırlar. Porsche ilə mağazaya gedib çörək almaqla, velosipedlə və yaxud ayaqla gedib almaq arasındakı fərqi görüb onu izah edə bilmədiyimiz müddətcə yüksək mədəniyyətə sahib olmadığınız toplum olaraq uzun zamanımızı alacaq.

Ətrafımızdakı insanların gündəlik davranışlarına diqqət yetirsək görərik ki, əksəriyyəti əlinə bir miqdar pul keçdikdən sonra, o pulu hara xərclədiyini bilmirlər. Əlində olan pul varlı görsənmək üçün gərəksiz yerə xərclənərək bitirirlər. Çox vaxt zəruri istehlak mallarına deyil, sırf başqalarından fərqlənsin deyə alınacaqlara sərf olunur. Yəni alınacaq nəsnənin əsasən qiyməti və markası rol oynamağa başlayır. Təbii ki, aylıq xalis gəliri bu reallığa cavab verməyən insanlarda bu cür halların olması təəssüfvericidir. Kredit bağımlılığı insanlarda gəlir və xərc planlaması sistemini alt-üst edir və nəticədə illərlə ödənilən kreditlərin altından qalxa bilmirlər. Sosial vəziyyətləri daha da ağırlaşır, zəruru əşyalarını satmaq və hətta irəliləyən zamanlarda daşınmaz əmlaklarını belə satışa çıxartmaq məcburiyyətində qalırlar. Beləliklə, bir-birindən zəncirvari asılı olan sosial problemlərin məngənəsində boğulurlar. İntihar halları, evlilərin boşanması və s. kimi neqativ halların çoxalmasına gətirib çıxardır. Məhz “ətrafdakıların düşüncələri” prinsipi və bu səbəbdən yaranan lazımsız xərclər bu halların çoxalmasına gətirib çıxardır. Təbii ki başqa səbəblər də vardır.

Yalnız insanlar deyil, dövlətlər və millətlər də bədxərc ola bilərlər. Bədxərclik tükənməz hesab edilən sərvətləri belə tükədir. Təbii sərvətləri, meşələri, su və neft qaynaqlarını, elektrik enerjisini də bitirə bilir. Bu qaynaqların bitməsi, millətlərin başqa millətlərə möhtac olmalarına yol aça bilir. Bəzən siyasi, bəzən də iqtisadi müstəqillik təhlükə altına düşür.

İstehlak anlayışının tarixin heç bir dövründə olmadığı qədər geniş müzakirə olunduğu indiki vaxtda qlobal israf [3] və bədxərclik eyni nisbətdə artmış vəziyyətdədir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına görə, dünyada istehlak üçün istehsal olunan hər 3 qidadan biri yeyilmədən zibilə atılır. Dünya səviyyəsində israf edilən qidanın miqdarı isə ildə 1.3 milyard tondur. Halbuki dünyada hər il 18 milyon insan aclıq və yaxşı olmayan qidalanma səbəbiylə həyatını itirir, təxminən bir milyard insan isə qeyri-kafi qidalanır. İldə təxminən 2 milyon uşaq aclıq, qeyri-kafi qidalanma və bunlara bağlı səbəblər üzündən həyatını itirir. İnkişaf etmiş ölkələrin zibilə atdıqları yeməklər dünyada aclıqdan ölən insanların 15 qatını qidalandıracaq səviyyədə olduğu məlumdur [4].

Qənaət edə bildiyimiz hər şey başqalarının ehtiyaclarını qarşılamaq üçün istifadə edilə bilər. Bu isə cəmiyyətə sosial-iqtisadi bir qazanc olaraq geri dönər. Fərdin rifahından cəmiyyətin rifahına gedən ümumi faydanın cəminə qənaət deyirlər.

“Maliyyə savadlılığı” anlayışını araşdırdığımızda yalnız ölkəmizdə deyil, dünyada da yeni bir anlayış olduğunu görürük.

 

Dünyada maliyyə savadlılığı anlayışı

 

Maliyyə savadlılığı təbliğatının ən çox aparıldığı ABŞ, Avstraliya, Kanada və İngiltərə kimi ölkələrdə bu anlayışlar fərqli bir şəkildə təyin olunmuşdur. Dörd böyük ölkənin hər birinin ingilisdilli olmasına baxmayaraq, bu anlayış ABŞ və Avstraliyada Financial literacy (maliyyə savadlılığı), Kanada və İngiltərədə Financial capability (maliyyə qabiliyyəti) olaraq təyin olunmaqdadır.

Dünyanın bir çox ölkələrində mütəmadi olaraq maliyyə  savadlılğı seminarları təşkil edilərək insanların hər an qarşılaşa biləcəkləri maliyyə böhranları mövzusunda doğru qərarların almasına köməklik etmiş olurlar. Bu böhranlar ölkə səviyyəsində də, şəxsi və ailə səviyyəsində də ola bilər.

Ölkəmizdə ali təhsilli insanların çox olmasına və universitetlərin əksəriyyətində iqtisad fakültələri olmasına baxmayaraq, xüsusilə gənclər arasında “maliyyə savadlılığı” mövzusu tam qavranılmamış bir termin olaraq qalmaqdadır. Gənclər maliyyə mövzusunda bilgiləri yetəri səviyyədə deyildir. Onların əksəriyyətinin gələcəyə dair iqtisadi planları yoxdur və ailələrində də belə bir baza mövcud deyil. Artıq ölkəmizdə də son illərdə Mərkəzi Bank və inkişaf fondları səviyyəsində özlərinin təşkilati missiyalarına uyğun olaraq maliyyə savadlılığı üzrə layihələrin icrasına start verilmişdir. Başlıca məqsədi maliyyə və iqtisadi savadlılığın ictimai dəyər kimi tanıdılmasından ibarətdir. Maliyyə savadlılığı mövzusunda treninqlər, konfranslar, dəyirmi masalar və s. aidiyyatı tədbirlər həyata keçirilir.

 

Maliyyə savadlılığının əhəmiyyəti

 

“Maliyyə savadlılığı” anlayışı pul və büdcənin idarə edilməsi anlayışından daha geniş fikri ifadə edir. Çünki fərdlərin hər birinin özünə aid istehlak və qənaət vərdişləri birlikdə cəmiyyətin ümumi maliyyə xarakterini formalaşdırır. Məsələn, maaşımız banka yatırsa, bank kartı və ya kredit kartı istifadə ediriksə, yığım və investisiya ediriksə, deməli, biz də maliyyə sisteminin içindəyik. Deməli, biz günümüzün sosial-iqtisadi şərtləri daxilində maliyyə savadlılığına, idarəetmə bacarıqlarına sahibiksə, maliyyə problemlərini əvvəldən görüb həll edə biliriksə, bu bizim normal bir həyat yaşaya bilməyimizi gerçəkləşdirir. Maliyyə sistemin içində iştirak edən hər bir fərd, maliyyə xidmətlərindən ən doğru şəkildə istifadə edə bilməlidir. Bu gün kredit kartı istifadə etdiyi halda minimum əmək haqqının nə demək olduğunu bilməyən çoxlu sayda insan var. Beləliklə, cib xərcliyi, büdcə planlaşdırılması, əmanətlər, bank məhsulları, sahibkarlıq və sair mövzular öz aktuallığını qorumaqdadır.

 

İstehlakçıların öyrənilməsi

 

İstehlakçıların davranışı haqqında düzgün təsəvvürləri  formalaşdırmağa imkan verən bir neçə əsas prinsiplər mövcuddur:

İstehlakçı müstəqildir, istehlakçının motivləşdirilməsi və davranışına tədqiqatların köməyi ilə nail olunur, istehlakçıların davranışı təsirlərə məruz qala bilir, istehlakçı davranışı sosial qanunauyğundur.

İstehlakçının müstəqilliyi onda özünü biruzə vermiş olur ki, onun davranışı müəyyən məqsədə yönəldilsin. Əmtəələr və xidmətlər ehtiyaclarına uyğun olması dərəcəsindən asılı olaraq ya qəbul olunur, yaxud da inkar edilirlər. Daima istehlakçı davranışına uyğunlaşma günün əsas tələblərdən biridir. Motivləşdirmənin tədqiq edilməsi və istehlakçıların davranışı bu proseslərin modelləşdirlməsinin köməyi ilə həyata keçirilir. Burada qeyd etmək yerinə düşər ki, müxtəlif istehlakçıların davranışı bazarda tələbatlar və tədarük məqsədlərinə, tələbin və alışın xarakterinə, bazarda fəaliyyətlərə, davranışın motivləşdirilməsinə və s. görə çox fərqlənirlər. İstehlakçı davranışına təsir edən müxtəlif amillər var. Belə amillərə məqsədyönlü təsirlər istehlakçıların maliyyə fəaliyyətində dəyişikliklərə gətirir. Söhbət ilk növbədə xarici mühit amillərindən gedir. Onlara mədəni səviyyə, sosial-iqtisadi vəziyyət, qəbul olunan stereotiplər, adət və ənənələr daxildir. İstehlakçıları fərqləndirən amillər də əhəmiyyətlidir. Bunlara gəlirlər, motivləşdirmə, bilik səviyyəsi, həvəs və meyl, şəxsi heyət tərzi, demoqrafik xarakteristikalar və s. aiddir. İstehlakçının bazarda maliyyə davranışı formalaşarkən psixoloji proses mühüm yer tutur. Bu, istehlakçının cavab reaksiyası ilə xarakterizə olunur. Məsələn, yeni informasiyanın qəbul edilməsi (insanlar görmək və eşitmək istədiklərini görür və eşidir), yeni biliklərin alınması, öz davranışını dəyişmə qabiliyyəti və s. Maarifli insan xidmət və məhsullara qarşı rasional davranır, onlardan daha səmərəli istifadəyə, daha düzgün seçimlər etməyə, həmçinin yığıma meylli olur. Həm qanaət edir, həm də yatırım üçün fürsət gözləyir. Maliyyə savadlılığı özünə güvən və əminlik hissini artırır. Maliyyə bilikləri çox olan insanların gəlir və xərclərinə nəzarəti yüksək olur. Belə insanların sayı artdıqca maliyyə sektorunun real iqtisadi artımı və yoxsulluğun azalması  ehtimalı da artmış olur.

Sərvətli olmaq istəməyən adam demək olar ki yoxdur, amma maliyyə savadlılığına sahib olan neçə adamın olduğunu müzakirə etmək olar. Çünki sərvətin miqdarını açıqlayan, onun vahidi olan şey sözlər deyil, rəqəmlərdir. Rəqəmlərin isə bizə söylədikləri əhəmiyyətlidir. Maliyyə savadlılığının birinci şərti sərvəti satın almaqdır, öhdəçilik deyildir. Sərvət, cibinizə pul qoyan şeydir, borc isə cibinizdən pul alan [5]. Maliyyə savadlılığında 4 əhəmiyyətli anlayış vardır: gəlir, xərcləmə, sərvət və borc.

– gəlirlərə nümunə olaraq maaşlarımızı,

– xərcləmələrə nümunə olaraq etdiyimiz alış-verişi, vergiləri,

– borclara nümunə olaraq kredit kartlarını, istehlakçı kreditlərini,

– sərvətə nümunə olaraq da əmlakları, zehni mülklərimizi, faizləri və səhmləri göstərə bilərik.

Maliyyə savadlılığı insanlara ailə büdcəsinin formalaşdırılması, yığım mədəniyyətinin artırılması və vacib investisiya qərarlarının verilməsi üçün zəruri bilikləri aşılaya bilər [6].

Məlumat ən böyük zənginliyimizdir, ən böyük riski yaradan isə bilməməkdir [7]. Maliyyə savadlılığı mövzusunda bir mütəxəssis olan və məsləhətçilik edən Robert Kiyosaki gənclərə qazanacaqları şeylər üçün deyil, öyrənəcəkləri şeylər üçün işlərini tövsiyə edir. Gələcəyiniz, sabah edəcəklərinizlə deyil, bu gün etdiklərinizlə meydana gələr. Zəngin və kasıb arasındakı fərq onların vaxtlarını necə istifadə etdikləri ilə əlaqəli olduğunu, istədikləri etibarlı həyatı onlara təmin edəcək tək adamın ancaq özləri olduğunu qeyd edir.

Maliyyə-pul xidmətlərini yanlış anlayan və yanlış istifadə edən vətəndaşların maliyyəni istifadə etmək kültürünün formalaşması üçün təbliğat və təşviqatın çox böyük əhəmiyyəti vardır. Məsələn, yığım üçün kafi gəlirə sahib olduğu halda “pul yığa bilmirəm” deyən fərdlərin sayı kimi. Bütün bunların səbəbi maliyyə savadsızlığıdır. Bəzən israfçılıq şəklində də olur və s. Bu məzmunda nümunələri çox sayda göstərmək mümkündür. İstehlakçıların maliyyə sahəsində məlumatlı olması və onların doğru qərarlar almaları, ancaq maliyyə maarifləndirməsini artırmaqla mümkün ola bilər. Maliyyə savadlılığının artması fərdlərə üstünlük qazandırmaqla yanaşı, paralel olaraq onun ölkə iqtisadiyyatına dəstəkləyici təsirini də unutmamaq lazımdır.

Davamlı inkişaf edən və dəyişən dünya ilə ayaqlaşa bilmək üçün maliyyə proseslərinin izlənilməsi vacibdir. İnsanların öz gələcəklərinin təminatı üçün ən doğru və optimal qərarlar ala bilməsi günümüzün inkaredilməz gerçəkliyidir. Bunu təmin etmək üçün fərdlər birinci növbədə öz maliyyə vəziyyətindəki reallığı görməli, maliyyə tarazlıqlarını təmin etməlidirlər. Bunlar maliyyə savadlılığının həyatları boyu işlərinə yarayacaq çox vacib bir anlayış olduğunu dərk etdikləri təqdirdə mümkün ola bilər. Unutmamaq lazımdır ki, qloballaşan və sərhədlərin aradan qalxdığı və yaxud sadələşdirildiyi dünyada, başqa bir ölkədə meydana gələn böhran bizim kimi ölkələrə qısa müddətdə öz təsirini göstərir. Maliyyə bazarlarında yaranan kəpənək effektinin [8] (butterfly effect – bir sistemin başlanğıcı zamanı kiçik dəyişikliklərin böyük və gözlənilməz nəticələr doğura bilməsinə verilən addır, bir xaosun böyüyərək artmasını ifadə edir) təsirinin öncədən görülməsi və ona qarşı tədbirin alına bilinməsi, ancaq maliyyə maarifləndirməsi ilə mümkündür.

 

Ölkə nümunələri – maarifli cəmiyyət

 

Avropanın ən böyük iqtisadiyyatı, dünyada üçüncü ən böyük ÜDM-ə sahib ölkə olan Almaniya eyni zamanda satınalma gücü xüsusiyyətinə görə də dünyada beşinci ölkədir. Sənayeləşməsindən bəri bu ölkə Avropa iqtisadiyyatının bir lokomotivi olmuş, dünya iqtisadiyyatının isə yenilikçi və qabaqcıl nümunəvi ölkəsi olmuşdur. Səbəb isə Almaniyanın dövlət quruluşu və dövlət nizamını meydana gətirən qanunlarda görmək lazımdır. Bu quruluşun içərisində mükəmməl vergi və büdcə siyasəti xüsusi ilə vurğulanmalıdır. Güclü maliyyə intizamı, əhatəli və ədalətli qanunlar, məsul şəxslərin hesabat vermə disiplini və məsuliyyəti və s. daim işlək bir mexanizm halındadır. Avropa ölkələri içində əhəmiyyətli bir iqtisadi böyümə və inkişafa sahib olan Almaniyanın büdcə sistemi ayrıca əhəmiyyətli bir araşdırma mövzusudur. Alman büdcə sistemi, dəyişən iqtisadi proseslərə paralel olaraq özünü daim yeniləyən və inkişaf etdirən bir sistem olma xüsusiyyəti daşımaqdadır. Bu xüsusiyyətləri ilə alman büdcə sistemi çox ölkəyə nümunə ola biləcək quruluşdadır. “Sosial dövlət” prinsipi hüquq dövlət funksiyasının tamamlayıcısıdır. Bu cür qanunlarla dövlət sosial baxımdan zəif olan təbəqəni qorumağa və sosial ədaləti təmin etməyə borcludur.

Fransanın qida israfı və aclıqla mübarizədə bütün dünyaya nümunə olan bir qanununun qüvvəyə minməsini, son dərəcə gözəl bir işin başlanğıcı hesab etmək olar. Qüvvəyə minən qanuna görə, ölkədəki bütün supermarketlər son istifadə tarixi keçmək üzrə olan əldə qalmış bütün məhsulları bağışlamaq məcburiyyətindədirlər. 2025-ci ilə qədər ölkədəki qida israfını tamamilə həll edəcəyi düşünülən bu qanuna görə, belə qidalar ya kömək təşkilatlarına göndərilməli, ya da heyvanlara verilməlidir.

“Türkiyədə Çörək İsrafı Araşdırması” nəticələrinə görə, bütün tərəflərin ortaq qənaəti bu olmuşdur ki, əsas qida məhsulu olan çörəyin zibilə atılması ən pis davranışlardan biridir. Araşdırma çörək israfının pis niyyətdən çox, “laqeydlik və məlumatsızlıqdan” qaynaqlandığını ortaya qoymuşdur. Çörəyin məqsədi xaricində istifadə edilməsi, yəni insan qidası olaraq istehlak edilməməsi və ya zibilə atılması, israf olaraq təyin olunmaqdadır. Müəyyən edilmişdir ki, Türkiyədə bir ildə israf edilən çörəyin miqdarı qədər Norveç əhalisi bir ildə yetinə bilər. Çörək israfının başlıca səbəbləri olaraq – onun ehtiyacdan çox alınmasını, çörəyin üstü açıq və ya qabsız olaraq təqdim edilməsini, sobalarda ehtiyacdan çox bişirilməsini, çörəyin uyğun olmayan şərtlərdə mühafizə edilməsini, boyat çörəyin qiymətləndirilmə üsulları haqqında məlumat sahibi olunmamasını göstərmişlər.

 

Nəticə və təklif

 

İsrafçılıqdan qaçınmağın vacibliyi məktəb çağlarından öyrədilməlidir. Bundan ötrü övladlarımızın dəftərlərini, qələmlərini və kitablarını necə istifadə etməli olduqlarını onlara anlatmağımız lazımdır. Geyinilməyəcək paltarların alınmaması gərəkliliyi izah edilməlidir. ETİK DAVRANIŞ QANUNLARI müntəzəm olaraq öyrədilməlidir. İnsanın özünə və ailəsinə lazım olduğu qədərini almalı və istifadə etməli olduğu düşüncəsi aşılanmalıdır. Ölkəsinin onun böyük ailəsi olduğu aşılanmalıdır. Dünyada və ölkəmizdə bədxərclik istehlak mədəniyyətiylə birlikdə çoxalan, qarşısı yalnız dövlət proqramları və maarifləndirmələrlə alına bilən bir problem halına gəlmişdir. Artıq bir çox inkişaf etmiş Avropa ölkələrində həm fərdlər, həm də dövlət səviyyəsində xərclərin minimalizasiyası (ən aza endirmək) həyata keçirilir. Bunun üçün geniş şəkildə maarifləndirmə işləri həyata keçirilməkdədir.

İsraf qadağasının çox yaxşı bir sosial-iqtisadi tarazlıq meydana gətirə biləcəyi düşüncəsindəyəm. Həm dövlət maliyyəsinin istifadəsində israf hallarına qarşı ciddi qanuni nəzarətin, həm də dövlətə öz vətəndaşlarına israf etməməsi üçün nəzarət mexanizminin hazırlanması və tətbiqini təklif edirəm [9]. Dövlət malını israf edənlərə xəbərdar etməlidir. Bədxərclik sosial-iqtisadi tarazlığı pozur. Biri israf dərəcədə çox xərcləyən zaman digərinin haqqına əl atmış olur. Hər kəs gücünə, işinə və şərtlərinə görə nemətlərdən yararlanmalıdır, heç bir zaman həddindən artığa qaçmamalıdır. Çünki insan əlindəkilərin dəyərini bilməzsə, əlindəki mövcud imkanlarını, pulunu, malını, mülkünü də itirə bilər. Başqalarına möhtac vəziyyətə düşə bilər. Həm özünü, həm də ailəsini çətin vəziyyətə düşürər. Ayrıca, bədxərclik insanlar arasındakı qısqanclığı artırır. Bu da cəmiyyətin dincliyinin pozulmasına səbəb olur.

Maliyyə savadlılığı artdıqca israfın (bədxərcliyin) azalmasını çox sadə bir qrafiklə təsvirini göstərə bilərik.

 

İsrafçılıq və maariflik səviyyəsi arasındakı asılılıq qrafiki

Dövlət xərcləmələrindəki israfçılıq ictimai ədalətsizliyə, vergi ədalətsizliyinə, plansızlığa və s. yol açır. Artıq “istehlak mədəniyyəti” olaraq adlandırılan ortaq bir dünya mədəniyyətinin yavaş-yavaş insan cəmiyyətini əhatə etdiyinə şahid oluruq. Müəyyən bir mədəniyyətdən asılı olub o mədəniyyətin əsiri altına düşməyin insanları mənəvi olaraq inkişafdan saxladığı, xaraktersiz və sonra geri qalmış fərd və cəmiyyətlərin ortaya çıxardığını unutmamaq lazımdır. Ancaq istehlak mədəniyyətinin həyat standartlarını artıran və insanlara daha rahat bir həyat təqdim edən xüsusiyyətini də qeyd etməliyik. Belə ki, onun texnoloji inkişafa yol açdığı və nəticədə bütün dünyada sürətli dəyişikliyik yaratdığı da bir gerçəklikdir. Əvvəlcə bunu qəbul etmək lazımdır ki, dünya dəyişdikcə, zehniyyət, düşüncə tərzi də dəyişir. İnsanlar maneələrlə qarşılaşmadan istədiklərini etmək, təzyiqdən uzaq, rahat və azad yaşamaq istəyirlər. Qatı intizam istəmirlər. Bu gün dünyada fərdi haqq və azadlıqlar keçmişə nisbətlə daha çox hakimdir. Dövlətin əsas məqsədlərindən biri əhalinin maliyyə və qida təhlükəsizliyini təmin etmək olmalıdır.

Savadlı insan kapitalının formalaşması dövlətin inkişafı deməkdir. Onun formalaşmasına dəstəyi davamlı olmalıdır. Maarifli cəmiyyət məhdud resurslardan, məhsul və xidmətlərdən rasional istifadə edir. Ölkədə rasional istehlakçı davranışı formalaşır. Ailələr (fərdlər) öz büdcələrini formalaşdırmağı öyrənirlər, gəlir və xərclərinin hesabatını düzgün yöndə aparırlar. Həm yığım, həm də qənaət vərdişləri yaranır.

İsraf və bədxərcliyin yer üzündən tam olaraq silinməsinin bir yolu var ki, o da insanların dünyanın dörd bir yanında yaşanan fəlakətləri görüb səbəbini dərk etməsi və bu fəlakətlərin təkrarlanmaması üçün maariflənməsidir. Ancaq savadlılıq səviyyəsinin yüksəlməsi yolu ilə dünyamız daha yaxşı yaşanıla bilən hala gələcəkdir.

 

Ədəbiyyat siyahısı:

  1. Azərbaycan Dilinin İzahlı Lüğəti rəsmi internet səhifəsi https://azerdict.com/az/izahli-luget/b%C9%99dx%C9%99rclik
  2. Beynəlxalq Maliyyə və İnvestisiya Məktəbi “Zənginliyin sirri pul qazanmağı öyrənməkdir” 24 avqust 2010

http://selcanugur.blogspot.com/2010/08/znginliyin-sirri-pul-qazanmag.html

  1. Alan Qrinspan – Amerika BirleşmişŞtatlarının Mərkez Bankının keçmiş başqanı (1997-2006), ekonomist.Wikipedia.
  2. Robert Kiyosaki – Maliyyədə zəka mövzusunda  mütəxəssis və məsləhətçi. Maliyyə savadlılığının önəminin ən böyük təbliğatçılarından biri. Wikipedia.
  3. The butterfly effect– From Wikipedia, the free encyclopedia.
  4. “Yoxsulluq gəlmədən əvvəl zənginliyinizin qədrini bilin”. İslam.
  5. BMT-nin illik hesabatları.

[1]https://azerdict.com/az/izahli-luget/b%C9%99dx%C9%99rclik

[2]Yoxsulluq gəlmədən əvvəl zənginliyinizin qədrini bilin”. İslam.

[3]İsraf: Hər hansı bir işdə normal olan sərhədi aşmaq, həddindən artıq olmaq deməkdir. Düşüncədə, duyğuda və davranışlarda edilən bədxərclik isə mənəvi israf növüdür.

Qənaətlə dolanan kasıb olmaz.Atalar sözü

[4]BMT-nin illik hesabatlarından.

[5]Beynəlxalq Maliyyə və İnvestisiya Məktəbi “Zənginliyin sirri pul qazanmağı öyrənməkdir” məqaləsindən alıntı.

24 avqust 2010 http://selcanugur.blogspot.com/2010/08/znginliyin-sirri-pul-qazanmag.html

[6]Alan Qrinspan – Amerika Birleşmiş Ştatlarının Mərkez Bankının keçmiş başqanı (1997-2006), ekonomist. Wikipedia.

[7]Robert Kiyosaki – Maliyyədə zəka mövzusunda  mütəxəssis və məsləhətçi. Maliyyə savadlılığının önəminin ən böyük təbliğatçılarından biri.

[8]The butterfly effect – From Wikipedia, the free encyclopedia.

[9]Azərbaycanda dövlət səviyyəsində xeyir-şər evlərində israfçılığın qarşısının alınması üçün bir dəfə ciddi cəhd edilmişdir. Təəssüf ki, bu iş məntiqi sonluğuna çatdırıla bilinməmişdir.

 

Xural.com

 

Qeyd: Məqalə “Elmin İnkişafı Fondu” tərəfindən keçirilən müsabiqəyə təqdim edilir

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button