Manat, qoxsa dirhəm?

Hüseyn Xəzər
Hüquqşünas

Milli valyutamız hansı olmalıdır?!

Pasportda “milliyyət” yeri niyə qoxdur?

Bir müddətdir ki, Parlamentdə və müxtəlif qurumlarda soyadların sonluqları ilə bağlı qızğın müzakirələr gedir. Hətta bu barədə AMEA-nın tövsiyə xarakterli bir qərarı da oldu ki, bu qərar ətrafında televiziya ekranlarında və ayrı-ayrı ziyalılar tərəfindən müzakirə açılır, fikirlər bildirilir. Nədənsə son zamanlar bu məsələ ciddi şəkildə gündəmə çıxıb və hamının diqqətini özünə cəlb edib.

Bir Azərbaycan vətəndaşı və azərbaycanlı olaraq başa düşə bilmirəm ki, bu, hansı zərurətdən irəli gəlir? Nə vurhavurdur belə? Nə haya düşmüşük yenə? Biz kimə və nəyi sübut etmək istəyirik? Bəyəm hər işimizi duruya çıxartmışıq, elə bircə bu məsələ öz vacib və tələsik həllini istəyir? Yox, əgər buna həqiqətən də ehtiyac varsa, qoy olsun. Ancaq belə tələsik yox. Buna çox həssaslıqla və məsuliyyətlə yanaşmaq lazımdır. Çünki soyad sonluğunun dəyişdirilməsi və ya hansısa bir çərçivəyə salınması heç də sadə bir məsələ deyil. Bu məsələ tarixi və ümummili əhəmiyyəti olan vacib məsələdir. Əgər söhbət soyaddan gedirsə, onda ilk əvvəl bu sözün mənasına diqqət etmək lazımdır.

Soyad – yəni hər kəsə fərdi şəkildə məxsus olub, onu digər insanlardan fərqləndirən və öz soyu, kökü ilə bağlı olan ad. Fikrimcə, əgər bir xalqın soyad sonluqlarının müəyyənləşdirilməsi gündəmdədirsə, onda bu məsələnin həllində bir qrup insan deyil, bütün xalq iştirak etməlidir. Yəni bu məsələnin müzakirəsi bir neçə ziyalının və ya hansısa bir qurumun verdiyi tövsiyə və qərar əsasında qanuniləşdirilməməlidir. Referendum keçirilməsə də, heç olmasa məsələnin müzakirəsinə mümkün qədər çox sayda insan qatılmalıdır. Bu mühüm işdə əhali kifayət qədər iştirak etmək hüququna və geniş inkana malik olmalıdır. Bu proses necə olmalıdır?
Mənim vətəndaş olaraq bu barədə şəxsi fikrim və təklifim aşağıdakılardan ibarətdir. Onu sizə yığcam şəkildə təqdim edirəm;

1. İlk əvvəl bu vacib məsələnin həlli ilə konkret məşğul olmaq üçün Dövlət tərəfindən əhalinin müxtəlif təbəqələrindən ibarət olan ən azı 30-50 nəfərlik işçi qrup yaradılmalıdır.
2. Əhalinin fikir və təkliflərini öyrənib qeydə almaq məqsədilə qaynar xətlər, internet saytları açılmalı və digər məlumat şəbəkələri yaradılmalıdır.
3. Bu ümummili məsələdə insanların könüllü şəkildə iştirakı barədə KİV-də vaxtaşırı maarifləndirmə, izahat işləri aparılmalı, elanlar verilməli, dəvətlər edilməlidir (Bunların nəticəsində insanların iştirakını fəallaşdırmaq olar).
4. Təşkil olunmuş bu şəbəkələrdə ölkənin paytaxtından tutmuş ən ucqar yaşayış məntəqələrinədək və onun hüdudlarından kənarda yaşayan insanların fikirləri yazılı şəkildə qeydə alınmalı və öyrənilməlidir(Burada şəxsiyyətini təsdiq edən sənəd əsasında iştirakçının adı, soyadı, ünvanı göstərilməlidir).
5. Bu proses ən azı bir il və yaxud əhalinin ən azı 30% -i bu müzakirədə iştirak edənədək davam etdirilməlidir.
6. Sonda bu şəbəkələrdə toplanmış təklif və fkirlər cəmləşdirilməli, siyahılaşdırılmalı, faiz çıxarılmalı və məsul şəxslər tərəfindən imzalarla təsdiq olunmalıdır.
7. Yuxarıda qeyd etdiyim həmin işçi qrup arasından səsvermə yolu ilə 7-9 nəfərdən ibarət komissiya yaradılmalı və həmin sənədləri bir daha nəzərdən keçirərək baxılması üçün AMEA-ya, orada nəzərdən keçirildikdən sonra isə Parlamentə göndərilməlidir. Parlamentdə millət vəkillərinin müzakirəsindən sonra qanun artıq tam əsaslandırılmış şəkildə baxılması və qərar qəbul edilməsi üçün ölkə Prezidentinə təqdim edilməlidir.
Əgər bu ümummili məsələnin həllində tarixi səhvə yol vermədən bir məsuliyyətli addım atılması üçün proqram lazım idisə, bu da proqram. Bunu eşitmək, nəzərə almaq və yaxud heç əhəmiyyət verməmək mənim işim deyil. Əlbəttə, qərar vermək aidiyyəti qurumların səlahiyyətlərinə aiddir. Ancaq bundan sonra bir vətəndaş olaraq heç olmasa vicdanım qarşısında pak olaram.

Bu cür ciddi məsələlərin həllində heş vaxt tələskənliyə və yanlışlığa yol vermək olmaz. Qoy qərarın həlli bundan sonra daha bir il, iki il uzansın. Eybi yox. Amma biz bu anda buraxa biləcəyimiz cüzi bir səhv və ya diqqətsizlik bu xalqa gələcəkdə çox baha başa gələ bilər. Onda da artıq gec olacaq, hamı bir-birni qınayacaq. Necə ki, indi bu məsələyə – soyad sonluqlarına görə gah rus imperiyasını, gah sonrakı sovet qurluuşunu, gah da heç bilmirik daha kimləri, kimləri qınayırıq.

Bununla bağlı bir oxşar məsələni diqqətinizə çatdırmaq istəyirəm.

Hamıya məlumdur ki, 1991-ci ildə Sovet İmperiyasının caynağından qopub müstəqilliyimizi əldə etdikdən sonra artıq Azərbaycanın bundan sonrakı bütün daxili, xarici siyasəti – bütün məsələlərin həlli, yəni ölkənin və xalqın müqəddəratı öz əlimizə keçdi. Bu, o demək idi ki, qəbul olunan bütün qərarlar Dövlətin, xalqın bugünkü və gələcək mənafeyinə xidmət etməli idi. Elə bu səbəbdən də indiyədək zorla, xoşla və yaxud heç xəbərimiz olmadan qəbul edilən qərarlardan fərqli olaraq bütün qərarlar qənaətbəxş olmalı idi. Və əgər biz özümüzü Azərbaycan Demokratik Cümhuriyyətinin varisi, eləcə də yaşı min illərlə ölçülən qədim Azərbaycan torpaqlarının, ərazisinin və nəhayət, dövlətinin yiyəsi olduğumuzu bəyan etdiksə, onda ölkəmizin bütün mənəvi-tarixi dəyərlərini bərpa etməli və onlara birmənalı olaraq sahib çıxmalı idik. Amma biz neylədik?

Bir fakta nəzər salın:

1991-92-ci ildə milli pul vahidi haqqında Milli Məclisdə qərar qəbul ediləndə elə bir diqqətsizliyə yol verildi ki, bu diqqətsizlik nəticəsində biz Dövlətimizin zəngin tarixindən mühüm bir amili qoparıb atdıq. Azərbaycanın tarixində yeri olan, yüzillər boyu dövriyyədə olmuş, Skandinaviya ölkələrinə, Avropanın bir sıra ölkələrinə, orta Asiya ölkəkərinə qədər tədavül vasitəsi kimi gedib çıxmış və o ölkələrin Tarix muzeylərində bu gün də saxlanılan pul vahidimiz DİRHƏM-dən könüllü imtina edib, əvəzində bizə çox-çox sonralar sırınan və yad olan MANATI qəbul etdik. Bu tarixi səhvdən isə min illər boyu pusquda durub məqam düşdükcə yaxşı nəyimiz varsa mənimsəyən ermənilər məharətlə istifadə edib bəhrələndilər. Həmin DİRHƏMİ öz milli pul vahidləri kimi qəbul edib müvafiq dünya qurumlarına, banklarına və ictimaiyyətinə bəyan etdilər (Hələ bunun da “altını” çəkəcəyik). Onlar heç vaxt bizim əlimizdən nəyisə zorla almayıblar, heç ala da bilməyiblər. Sadəcə olaraq nəyə ki biz yiyə durmamışıq, onlar məqam yetişdikcə ona çox rahat şəkildə yiyə durublar, özününküləşdiriblər. Çünki bilirlər ki, biz zorla əlimizdən alınan şeyə ciddi müqavimət göstərir, dəyərindən və mahiyyətindən qat-qat artıq vaxt, güc və maliyyə sərf edirik. Buna bir-iki misal da çəkmək olar.
Məsələn, onlar bir “Sarı gəlin”lə və yaxud başqa bir bəstəkar mahnısı ilə uzun illərdir ki, bizi dəng ediblər. Arada bir o musiqilərimizi və yaxud bir hissəsini hansısa mötəbər beynəlxalq tədbirdə səsləndirməklə həm bizim, həm də dünya ictimaiyyətinin diqqətini bu yönə cəlb edir, bizi qıcıqlandırırlar. Biz isə uzun müddət dəridən-qabıqdan çıxaraq kimlərəsə o musiqinin bizə məxsus olmasını və i. sübut edirik. Elə yenicə səngiməyə başlayırıq ki, onlar yenə belə bir addım atıb susurlar. Biz isə təzədən başlayırıq… Hələ ki bu sadə, lakin erməni üçün lazımi effekt verən ucuz və asan senari uzun illərdir ki, işləyir. Əslində, bu, heç onlara mahnı və ya musiqi parçası olaraq bir o qədər də gərəkli deyil. Sadəcə, bu xırda işlərin fonunda onlar daha böyük işlər görür, daha böyük dəyərlər qoparırlar bizdən.

Mən heç də bu fikirlə nə “Sarı gəlin”in, nə də başqa musiqimizin dəyərini və qiymətini azaltmaq niyyətində deyiləm. Ancaq biz xalqımıza məxsus xırdalı-böyüklü bütün dəyərləri layiqincə qiymətləndirib qoruyub nəsilbənəsil ötürməliyik.

Və yaxud başqa bir məsələ…

“Qırmızı pasport”lardan yaxa qurtarmaq üçün təxminən 10-15 il bundan əvvəl yenə birdən-birə əl-ayağa düşüb onu “Milli şəxsiyyət vəsiqəsi” ilə əvəzləmək qərarına gəldik. Bu işdə necə tələsdiksə, Azərbaycan vətəndaşının “Milli şəxsiyyət vəsiqəsi”ndə milliyyətini qeyd etmək “yaddan çıxdı”. “Qırmızı pasport”u verənə şükür elədik ki, heç olmasa milliyyətimizi qeyd etməyi unutmamışdı ( Baxmayaraq ki, ona ötən əsrin 60-cı illərində bir cəhd olunmuşdu. Guya Sovet vətəndaşının pasportunda milliyyətin qeyq olunmasına ehtiyac yox idi)…

Nəhayət, uzun illər ötəndən sonra – indi bu nəhənglikdə səhv kiminsə diqqətini çəkdi və əhalinin şəxsiyyət vəsiqələrini yenidən dəyişıb orada vətəndaşın milliyyətinin qeyd olunmasını vacib saydılar. Buna da şükür! Heç olmasa ziyanın yarısından qayıdarıq. Təsəvvür edirsiniz, millətin milliyyəti tamamilə itmək, silinmək təhlükəsi altına necə düşmüşdü.
Bax, bu da bir tələskənliyin acı nəticəsi. Saydıqlarım bəs deyilmi?

Mətləbdən uzaqlaşmaq istəməsəm də, fikrimin izahı üçün məcburən bir az yaxın keçmişə nəzər yetirib, bir-iki məsələni yadınıza saldım.

Heç olmasa xalqın mənafeyinə, milli-mənəvi dəyərlərinə aid olan bu cür ağır məsuliyyətli, taleyüklü qərarların verilməsində yüz ölçüb, bir biçmək lazımdır. Tələskənliyə qəti yol vermək olmaz.

“Xural” qəzeti
il: 9, sayı: 014(422), 10-16 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button