“Manatın devalvasiyası qaçılmazdır”

gtEkspertlər neftin kəskin ucuzlaşmasının Azərbaycanda ciddi problemlər yaradacağını bildirirlər.

Dünya birjalarında “Brent” markalı neftin bir barelinin qiyməti 46,11 dollaradək ucuzlaşaraq cari il yanvarın 14-dən bu vaxtadək ən aşağı səviyyəyə çatıb. “Layt” markalı neftin bir barelinin qiyməti 41,32 dollar, “AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə London birjasında 0,38 dollar ucuzlaşaraq 48,09 dollar təşkil edib.
Analitiklər “Brent” neftinin bir barelinin qiymətinin 46,2 dollardan aşağı enəcəyi təqdirdə 45 dollar səviyyələrinin də gündəmə gələ biləcəyini deyiblər. “Layt” markalı neftin bir barelinin qiyməti isə dünən 40,81 dollar olub. “Layt” 2009-cu ilin martından bu vaxtadək ən aşağı səviyyəyə enməsinə baxmayaraq 41 dollar civarında alıcı tapır.
2015-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiymətinin 90 dollar müəyyənləşdirildiyini nəzərə alsaq, yarıbayarı ucuzlaşma digər neft ixracatçısı olan ölkələr kimi Azərbaycandan da yan keçmir. Region ölkələrinin demək olar ki, hamısında milli valyutanın dollar qarşısında ucuzlaşması müşahidə edilir. Son olaraq Qazaxıstanda 35-37 faizlik devalvasiya həyata keçirilib. Bəs neftin kəskin ucuzlaşmasının Azərbaycanın 2015-ci il büdcəsinin icrasına əsas təsirləri nədən ibarət olacaq?
Milli Məclisin  İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov hesab edir ki, büdcədə sosial layihələrlə bağlı problem yaşanmayacaq. “Neftin qiyməti 2015-ci ilin büdcəsində 90 dollardan götürülsə də, hazırda 45-50 dollar civarındadır və enməkdə davam edir. Büdcə təsdiqlənən zaman da bu məqam müəyyən mübahisələr doğurmuşdu. Amma hökumət təklif edirdi ki, bu, normal qiymətdir. Amma həyat başqa şey göstərdi. Büdcədə sosial layihələrlə bağlı heç bir problem yoxdur və hamısı yerinə yetiriləcək. Ola bilər ki, investisiya layihələrində müəyyən problemlər yaransın. Müəyyən ehtiyatlar var, o cümlədən, keçən ilin dövlət büdcəsindən təxminən 1.7 milyard manat ehtiyat qalaraq köçürülmüşdü. Ola bilər ki, həmin vəsait bu ilin büdcəsində istifadə edilsin. Yəni elə bir ciddi problem yaşanan deyil” – deyə V.Əhmədov bildirib.
Deputat qeyd edir ki, növbəti ilin büdcəsi üçün neftin qiymətinin müəyyənləşdirilməsi əsas götürülməlidir. “Oxudum ki, 50 dollar götürmək istəyirlər, amma fikrimcə, daha aşağı nəzərdə tutulmalıdır. Çünki bütün proqnozlar onu göstərir ki, neftin qiyməti enməkdə davam edəcək. Bu həm siyasi, həm də iqtisadi məsələ olduğu üçün çox ciddi araşdırılmalıdır. Heç olmasa optimal aşağı qiymət götürülməlidir. Neftin qiymətində artım baş verərsə, dövlət büdcəsinə həmişə baxmaq olar”.
Vahid Əhmədov qeyd edir ki, gedən proseslər Azərbaycanda da növbəti devalvasiyanı qaçılmaz edir. MDB məkanında olan bütün ölkələr devalivasiyaya gediblər.  Son olaraq Qazaxıstanın milli pulu ucuzlaşdı. Ondan əvvəl Qırğızıstanda devalvasiya ilə əlaqədar vəziyyət gərgin olaraq qalır. Türkmənistanda hələlik kəskin devalvasiya olmasa da, onlar da yavaş-yavaş yumşaq devalvasiyaya gedirlər. Ümumiyyətlə, MDB məkanında valyuta ilə əlaqədar ciddi problemlər yaşanır. Əksəriyyəti də bizim kimi neft-qaz ixrac edən dövlətlər olduğu üçün, büdcə neftin qiymətindən çox asılıdır və ucuzlaşma təsirini göstərir. Ona görə də manatın yenə ucuzlaşması labüddür. Amma mən hər zaman yumşaq devalvasiyanın tərəfdarı olmuşam. İndi də hesab edirəm ki, gələcəkdə ciddi problem yaşanmaması üçün Azərbaycanın Mərkəzi Bankı yumşaq devalvasiyaya getməlidir ki, yenə “şok-terapiya” yaşanmasın”.
Neftin qiymətinin yaratdığı iqtisadi gərginlikdən çıxış yolu kimi Dövlət Neft Fondunun ehtiyatlarından istifadə olunub-olunmaması ilə bağlı sualımıza cavab olaraq V.Əhmədov bildirdi ki, yaxın illərdə Azərbaycanda ciddi problemlər yaranacağını gözləmir. “Ola bilər, bir sıra investisiya layihələri həyata keçirilməsin, tikinti sahəsində müəyyən ləngimələr olsun. Amma sosial layihələrin hamısını həyata keçirmək mümkündür. Çünki Azərbaycanın ehtiyatı var, istənilən vaxt dövlət başçısının sərəncamı ilə o ehtiyatdan istifadə etmək mümkündür”.
Vahid Əhmədov çıxış yolu kimi qeyri-neft sektorunu inkişaf etdirməyi göstərir. O, əlavə etdi ki, son bir neçə ildə qeyri-neft sektorunda 10-11 faiz artım olsa da, bu sahələrin vergi tutumları azdır və büdcəyə ödəmələr çox olmur. “Ona görə də elə sahələri inkişaf etdirmək, elə iri müəssisələrin tikintisinə başlamaq lazımdır ki, Azərbaycan yaxın 3-4 ildə ciddi uğurlar əldə etsin”.
Baş verən iqtisadi problemlərin bank sektorunda yaratdığı çətinliklərlə bağlı deputat bildirir ki, bu sahənin ciddi islahatlara ehtiyacı var. “Bu islahatların artıq müəyyən hissəsi başlanılıb. İlk olaraq nizamnamə kapitalının artması ilə başlandı və 10 milyondan 50 milyon manata qaldırıldı. Müəyyən banklar da bunu yığa bilmədilər. Sonradan komisyon haqları azaldılaraq 1 faizə endirildi. Banklar kredit faizlərini qaldıranda Mərkəzi Bank tövsiyə verdi ki, faizlər 25-29 faiz arasında olsun. İndi də Mərkəzi Bank istehlakçı ilə bank arasında uyğunluq problemini həll etmək üçün yüksək faizləri təsdiq elədi. Tövsiyə etdi ki, elə olsun ki, müştəri ödəyə bilsin. Yəni müəyyən islahatlar gedir. Amma hesab edirəm, elə banklar var ki, bu gün onların maliyyə vəziyyəti çox pisdir. Əhali də bunu hiss edir. Həmin banklar birləşərək iri banklar yaradılmalıdır. Həmçinin, bank sistemini dirçəltmək üçün bu sahəyə müəyyən vəsait ayrılmalıdır. Vəsaiti də nəzarətdə saxlamaq lazımdır ki, qeyri-neft sektorunun inkişafına yönəlsin. Bu da bank sistemini müəyyən qədər dirçəldə bilər.”
İqtisadçı ekspertlər isə neftin ucuzlaşmasının Azərbaycana təsirləri barədə fərqli proqnozlar verdilər.
Azər Mehtiyev: “Hökumətin iki çıxış yolu var…”
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev “Bizim Yol”a bildirdi ki, neftin qiymətinin Azərbaycana hər tərəfli təsirləri var: “Neft ölkəyə daxil olan gəlirlər, həm də milli valyutanın möhkəmlənməsi baxımından çox əhəmiyyət daşıyır. Azərbaycan hökumətinin zaman-zaman verdiyi məlumat ziddiyyətli olur. Məsələn, ilin əvvəlində neftin qiymətinin aşağı düşməsinin ölkə iqtisadiyyatına təsir etməyəcəyini bildirir, şirkətləri vəsaitlərini manatda saxlamağa çağırırdılar, devalvasiyanın olmayacağını deyirdilər. Amma fevral ayında manat 34 faiz ucuzlaşdı”.
İqtisadçı əlavə etdi ki, digər bir tərəfdən ölkədə gözlənilən siyasi proseslər var: “Qarşıda parlament seçkiləri gəlir və hökumət belə bir dönəmdə manatda və qiymətlərdə dəyişikliyin olmasında maraqlı görünmür. Seçkilərə qədər bütün inzibati resurslardan istifadə edərək, manatın məzənnəsinin qabağını almağa çalışacaq. Amma faktiki olaraq “qara qızıl”ın dünya bazarında qiyməti düşür. Bu enişin hansı həddə qədər olacağı da məlum deyil. Doğrudur, proqnozlarda neftin qiymətinin 40 dollardan aşağı düşmə ehtimalı yoxdur. Buna baxmayaraq neftin barelinin hər 10 dollar düşməsi ölkəyə daxil olan gəlirləri kəskin şəkildə azaldır. Baş verənlər mütləq şəkildə manatın məzənnəsinə təsir göstərir”.
A.Mehtiyevin sözlərinə görə, hökumətin iki çıxış yolu var: “Ya tədrici devalvasiyaya getməlidir, ya da inzibati yollarla seçkilərə qədər manatın məzənnəsini saxlayıb, daha sonra yüksək devalvasiya aparmalıdır. Bunun hansına üstünlük veriləcəyi siyasi qərardan asılıdır. Neftin qiymətinin aşağı düşməsi nəticəsində manata olan təzyiqləri uzun müddət saxlaya bilməz. Hökumət rezervlərin “əriməsi” yolu ilə bunu bir müddət saxlaya bilər, amma bunun ilin sonuna kimi davam edəcəyi gözlənilən deyil”.
İlham Şaban: “Hökumət bütün xərcləmələri kəsirlərlə icra etməli olacaq”
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban öncə neftin ucuzlaşma səbəblərindən danışdı: “Qiymətlərin aşağı düşməsinin əsas səbəbi ABŞ-da neft ehtiyatlarının artması və proqnozların üstələməsidir. Bununla Amerikaya indiyədək idxal olunan neft digər bazarlara yönəlməli olub. ABŞ “qara qızıl”ın idxalını kəskin azaltmaq siyasətini yürütməyə başlayıb. Artıq dünya birjalarında təklif tələbi üstələyir. Ona görə də treyderlər əllərində olan neft partiyalarını tələsik satırlar ki, növbəti partiyalarda böyük ziyana məruz qalmasın. Bu səbəbdən “qara qızıl”ın qiyməti günbəgün aşağı düşür.
Digər səbəb isə avro-dollar qarşılığında avronun qiymətinin artması, dolların ucuzlaşmasıdır. Bununla Amerika ixracatçıları Avropa bazarına daha ucuz mal çıxarmalarını asanlaşdırır”.
İ.Şabanın fikrincə, neftin qiyməti hansı həddə qədər düşəcəyini proqnozlaşdırmaq çətindir: ” Artıq iki gündür, neft hasilatçısı olan Qazaxıstan və Rusiya böyük təlatümlər yaşayır. İlin əvvəlindən Qazaxıstan milli valyutası rəsmən 31 faiz ucuzlaşsa da, valyutadəyişmə məntəqələrindəki kursu nəzərə alsaq, devalvasiya 40 faizə çatıb. Rus rublu isə yanvar ayının rekorduna çatıb. 1 dollar 68 rubl olub. Rusiya rəsmiləri bildirib ki, neft 35 dollara qədər ucuzlaşa bilər. Qazaxıstan prezidenti isə qeyd edib ki, 30 dollara qədər hazırlaşmalıyıq. Ona görə də həmin ölkələr sərbəst üzən məzənnə siyasətinə keçiblər. Bununla onlar rezervlərinin xərclənməsini və cari il üçün büdcələrin doldurulmasını sığortalamağa çalışırlar”.
Ucuzlaşmanın Azərbaycandakı neft şirkətlərinə təsirlərinə gəlincə, ekspert bunları söylədi: “Azərbaycan neftinin hasilatının üçdə ikisi bir hüquqi şəxsə məxsusdur- “Bp-Azərbaycan” şirkəti. Onun da satdığı neftin maya dəyəri  6 dollardır. Nəqliyyat daşıma və sair xərclərlə birlikdə 15 dollar təşkil edir.
Azərbaycan Dövlət Neft Şirkətinin isə hasil etdiyi neftin maya dəyəri 20 dollara qədərdir. Bu baxımdan şirkətlər üçün heç bir təhlükə yoxdur. Özü də ARDNŞ hasil etdiyi 8 milyon ton neftin 90 faizini emala yönəldir, ixracata deyil. Belə olan halda SOCAR üçün əlverişli vəziyyət yaranıb. Çünki neftin ucuz olan vaxtlarında onun emalından gələn gəlir ixracdan gələn gəlirdən çox olur”.
Ekspertə görə, neftin ucuzlaşmasının ümumilikdə ölkə iqtisadiyyatına mənfi təsirləri kifayət qədər çoxdur: “Əvvəlki proqnozlarıma görə cari il üçün Dövlət Neft Fonduna gələn gəlir 8 milyard dollar olmalı idi, yəni ötən ilə nisbətən 50 faiz aşağı. Bunu neftin orta qiymətinin 59 dollar üzərində hesablamışdım. Lakin proqnozlar göstərdi ki, qiymətlərlə yanaşı, ölkədə dördüncü rübdə hasilat da aşağı düşməyə doğru gedəcək. İlin ikinci yarısında neftin orta qiyməti ən yaxşı halda 51-52 dollar təşkil edə bilər, ondan yuxarı olması gözlənilmir. Belə olan halda, bu, cari il üçün verilən pessimist proqnozlar çərçivəsinə düşür. Optimist proqnoz 57 dollar ətrafında idi. Əgər pessimist proqnozlarla götürsək, Neft Fondunun gəlirləri 7 milyard dollardan da aşağı düşəcək.
Gələn ilin xərcləmələrində hökumət ciddi ixtisarlar aparmalı olacaq. Bütün xərcləmələri kəsirlər icra etməli olacaq. Artıq dünəndən dolların Azərbaycan bazarında yenidən artmasını görürük. Deməli, Mərkəzi Bank yenidən interversiyalar aparmağa başlayıb. Manata qarşı təzyiqlər artdığı üçün dördüncü rübdə yenidən devalvasiyası ola bilər. İqtisadiyyatımız neftdən asılıdır. İxracatdan gələn gəlirin 90 faizini neft amili təşkil edir. Qeyri-neft sektorunda onunla rəqabət aparacaq sahə hələ ki yoxdur”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button