Manıs köpəndə…

İlham Tumas

ilham_tumas@mail.ru

Müğənni-artistciyəzlərə yerləri göstərilməlidir…

İnanın ki, adlarını çəkməyə qorxuram. Həyatımdan və canımdan yox, abrımdan. Adamın yediyini–içdiyini burnundan gətirirlər. Gecələr səhərə kimi ifritə simaları, şit və bayağı mahnılarının sədası, “oyunları” adamın gözünün qabağından, qulağından getmir. Bu ölkədə hər kəsdən yazmaq və danışmaq mümkündür. İri-iri məmurları, dövlətin yüksək mənsəbli şəxslərini tənqid eləmək olar, ancaq bunlar haqqında söz demək, söz yazmaq olmaz…

Yenə də deyirəm, adlarını çəkmədən belə söhbətin kimdən getdiyini anlamaq elə çətin deyil. Azərbaycana bir müğənni–artist kabusu hakim kəsilib. Atağız-atağız, xalqın mötədil sənətkarları qalıb bir tərəfdə, orasını-burasını açanlar, səsləri bir yerlərindən çıxanlar özlərini nəinki sənət aləminin, hətta Azərbaycan cəmiyyətinin və siyasətinin anaları, babaları hesab eləyirlər. Yaxın günlərdə biri haqqında bir ləhzə tənqidi fikir demişdim. İnanın, az qalmışdı anadan olduğuma peşman olum bunun qəzəbinin sədasından. Bu dünyada 40 illik taxt sahibi, bu gün isə 40 il hökmdarı olduğu xalqın ondan necə üz döndərdiyini görən Qəddafi inanmıram bu qədər qəzəblənə bilsin. Həmin müğənni-artistciyəz bax belə qəzəblənmişdi. Ağzına da bir söz düşüb: “Mən xalq artistiyəm!”

Deməli, xalq artisti titulu bunların düşüncəsinə görə toxunulmazlıq statusundan başqa bir şey deyilmiş. Bu manıs-mütrüf tayfası hesab edir ki, xalq artisti adını alıblarsa, tanrılaşdırılıb, başlar üstünə qaldırılmalıdırlar. Məmləkətdə antikorrupsiya tədbirləri gücləndirilir, nöqsanlı məmurlar işdən götürülür, cəmiyyətin bütün sahələrindəki işlərə yenidən baxılır, ancaq özləri balaca, sənətləri cılız, iddiaları və hikkələri başlarından böyük olan həmin gerizəkalılar düzəlmirlər ki, düzəlmirlər. Özlərinə bənzər təfəkkürü və zövqü olan iribuynuzlulara sığınan “ulduzlar” dövləti, dövlətin məmurlarını və qanunlarını belə təhqir etməkdən çəkinmirlər. Bunları adam eləyib adamlar içinə çıxaran, altlarına maşın, əyinlərinə paltar, başlarının üstünə tavan verən xalqı, dövləti bu qədər ələ salmaq olmaz!

Həqiqətən, idarə olunmayacaq qədər köpüblər. Yerləri bildirilməlidir, yerləri göstərilməlidir ki, əslində kim olduqlarını, kimin hesabına və nəyə görə adam olub adam içində tanındıqlarını unutmasınlar. Bunun üçünsə heç nə lazım deyil. Sadəcə, başına döndüyüm qanunun bircə qapazı lazımdır, vəssalam…

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 6-12 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button