Marketlərdə bu tarixdən polietilen torbalar pullu olacaq
Bakıda marketlərdə alıcılara verilən polietilen torbalar yaxın günlərdən etibarən ödənişli ola bilər.
Bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iri market şəbəkələrinə məktub göndərilib. Məktubda qeyd olunur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müraciəti əsasında qalınlığı 15-20 mikron olan yüngülçəkili polietilen torbaların nəzarət-kassa aparatlarında ayrıca məhsul növü kimi təqdim edilməsi üçün təcili tədbir görülsün və bunun nəticələri ilə bağlı Dövlət Xidmətinə 5 iş günü ərzində məlumat verilsin.
Məsələ ilə əlaqədar bir neçə market şəbəkəsi ilə əlaqə saxladıq. Şirkətlər onlara belə məktub göndərildiyini və hazırda pərakəndə satış sektorunun bununla bağlı hazırlıqlara başladığını bildirdilər. Məlum oldu ki, şirkətlərə fevralın 15-dək vaxt verilib və tapşırılıb ki, bununla bağlı hazırlıq görülsün. Polietilen torbaların satış qiymətlərinə gəlincə, bununla bağlı vahid məbləğ müəyyən olunmayıb. Bunu hər şirkət özü təyin edəcək.
Sözügedən məlumata aydınlıq gətirmək üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli Qərarı ilə “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na dəyişiklik edilib. Dəyişikliyə əsasən, ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı istehlakçılar tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara ayrıca məhsul növü kimi təqdim edilməlidir: “Bu növ məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə istehlakçıya əvvəlcədən məlumat verilməlidir. “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 46-cı maddəsinə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır. İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinə əsasən qeyd olunan məhsulların ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçılara satılması və ya verilməsinə görə, inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir”.
Dövlət Xidmətindən həmçinin bildirilib ki, Vergi Məcəlləsinə əsasən, nəzarət-kassa aparatının çeklərində vergi ödəyicisinin adı, VÖEN, çekin vurulmasının tarixi və saatı, malın və ya xidmətin adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti, yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği), ödənişin forması, üsulu və digər məlumatlar göstərilməlidir. Qeyd olunan tələblərin pozulmasına görə Vergi Məcəlləsinə uyğun olaraq maliyyə sanksiyası nəzərdə tutulur.