“Maskalı şəxs qapını açdı, dedi əvvəl Firudini, sonra oğlunu və qızını güllələyəcəklər…”

Bu gün (dünən – red.) iyulun 31-də Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə səs-küylü qətl işi üzrə proses başlayıb. Müttəhimlər kürsüsündə oturan şəxs ötən ilin sentyabrında Tovuzda tanınmış hüquqşünas və rayon məhkəməsinin keçmiş sədri olmuş Firudin Ələkbərlini güllələyərək qətlə yetirən yerli oliqarx-“Göl Əli” kimi tanınan 61 yaşlı Əli Şamıyevdir. Hazırlıq iclasından sonra məhkəmə dinləmələri avqustun 12-nə təyin edilib.

Virtualaz.org xatırladır ki, hadisə ötən il sentyabrın 13-də səhər saatlarında hüquqşünasın ofisində baş verib. Belə ki, uzun illər Rusiyada, daha sonra rayonda sahibkarlıqla məşğul olan, el arasında “Göl Əli” kimi tanınan Əli Şamıyev F.Ələkbərlinin iş yerinə gələrək ona odlu silahdan bir neçə dəfə atəş açıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələr ilə cinayət işi başlanılıb.

İlkin araşdırma zamanı məlum olub ki, münaqişə hüquqşünasın iş adamının obyektlərinin tikintisi zamanı yol verdiyi qanun pozuntuları barədə dövlət qurumlarına şikayət etdiyinə görə başlayıb. F.Ələkbərli “Göl Əli”yə məxsus rayonunun Yanıqlı kəndi ərazisindəki “Su səsi” istirahət kompleksinin və iki çimərlik hovuzunun qanunsuz inşa edilməsi, həmin kompleksin istifadəsi zamanı zərərli tullantı sularının axıdılaraq rayon mərkəzinin və digər yaşayış məntəqələrinin içməli su təhcizatını təmin edən Zəyəm çayının çirkləndirilməsi ilə bağlı ayrı-ayrı dövlət orqanlarına, aidiyyatı üzrə qurumlara çoxsaylı şikayətlər ünvanlayıb.

Həmçinin, istirahət kompleksindəki vəziyyətlə bağlı Ə.Şamıyev barəsində Tovuz rayon Məhkəməsinə də müraciət edib. Məhkəmə Ə.Şamıyevin xeyrinə qərar çıxarıb.

İttihama görə, F.Ələkbərli müxtəlif qurumlara ünvanlandığı şikayətləri dayandırmaq üçün iş adamından 10 min manat istəyib. Tələb olunan məbləği verməyəcəyi təqdirdə istirahət kompleksini hansı yolla olursa olsun sökdürəcəyi ilə hədələyib, nəticədə hədələrdən bezən Ə.Şamiyev onu öldürmək qərarına gəlib. Bu məqsədlə özüylə odlu silah götürərək hüquqşünasın rayon mərkəzində yerləşən ofisinə yollanıb. F.Ələkbərlinin otağına keçərək “sənə demədimmi məndən əl çək, məndən yazma” deyərək yaxın məsafədən ona dörd dəfə atəş açıb.

Lakin mərhumun qardaşı Nurəddin Ələkbərov virtualaz.org-a açıqlamasında istintaqın birtərəfli aparıldığını, münaqişənin kökündə dayanan əsas məsələlərin diqqətdən kənarda qaldığını deyib: “Guya qətl hadisəsi 10 min manata görə baş verib. Ancaq qardaşımın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərdiyi məktubundan da açıq-aydın görünür ki, məqsəd həmin gölün çıxışında təmizləyici filtrlər qoyulmasının tələb edilməsindən ibarət olub. Qardaşımın onu şantaj etməsindən, pul tələb etməsindən söhbət gedə bilməz. Əgər dedikləri doğrudursa bəs onda niyə polisə şikayət etmirdi?”

Zərərçəkmiş deyir ki, qardaşı 1995-ci ildən etibarən Tovuz rayonunda müstəqil hüquqşünas kimi fəaliyyət göstərib. Müxtəlif instansiyalara aid işlər üzrə nümayəndə qismində iştirak edib, vətəndaşlara hüquqi yardım göstərib. Həmçinin, Tovuz rayonunda baş verən haqsızlıqlar və qanunsuzluqlarla bağlı öz mövqeyini bildirib, nöqsanların aradan qaldırılması məqsədilə şikayət ərizələri yazıb.

N.Ələkbərovun sözlərinə görə, mərhum qardaşı ilə “Göl Əli” arasındakı ziddiyyətlər 2019-cu ilin aprelindən qaynaqlanıb. Tərəflər arasındakı münaqişə də F.Ələkbərlinin iş adamının obyektlərinin tikintisi zamanı yol verdiyi qanun pozuntuları barədə dövlət qurumlarına şikayət etdiyi üçün başlayıb. “Göl Əli” rayonun Yanıqlı kəndi ərazisində, Zəyəm çayının vadisində otel, restoran və çimərlik hovuzu tikdirib. Həmin obyektlərdə yaranan tullantı suları birbaşa Zəyəm çayına axıdılıb.

Tovuz şəhəri və ətraf bir neçə kəndin içməli su mənbəyi Zəyəm çayı olduğundan F.Ələkbərli bir rayon sakini kimi buna etirazını bildirib. Ona görə də bir sıra qurumlara şikayət ərizələri yazaraq qanunsuzluqların qarşısının alınmasını tələb edib. Lakin çoxsaylı şikayətlərə baxmayaraq “Göl Əli” sözügedən ərazidə daha bir çimərlik hovuzu da tikdirib. F.Ələkbərli isə öz növbəsində müxtəlif instansiyalara şikayət ərizələri yazmağa, teleqramlar vurmağa davam edib.

N.Ələkbərov qardaşının məhz bu səbəbdən “Göl Əli” tərəfindən qətlə yetirildiyini deyib: “Firudin həmin hovuzlara təmizləyici filtrlərin qoyulmasını, əks təqdirdə içməli su hövzəsində qanunsuz tikilmiş obyektin sökülməsini tələb edirdi. Bakıya gələndə mənimlə görüşən zaman Zəyəm çayının kənarında Yanıqlı kəndi ərazisində obyektlər tikildiyini, həmin obyektlərin tullantı suları ilə içməli suyun çirkləndirildiyini demişdi”.

“Səhər saatlarında ailəvi dostumuz olan İslam mənə zəng vurub dedi ki, Firudinə zəng elə. Zəng vurdum, telefona köməkçisi cavab verdi və həyəcanlı halda dedi ki, Firudin müəllimi ofisdə güllələdilər. Dərhal Bakıdan rayona yola düşdüm. Yolda olarkən Firudinin xəstəxanada öldüyünü xəbər verdilər”- mərhumun qardaşı deyib.

Diqqət çəkən məqamlardan biri də mərhumun həyat yoldaşının hadisədən bir neçə gün öncə təhdid edilməsidir. Hüquqşünasın həyat yoldaşı Ulduzə Ələkbərli deyir ki, F.Ələkbərlini Tovuz rayon sakinləri ilə yanaşı həm də qonşu rayon sakinləri də tanıyıb, hüquqi yardımla bağlı ona müraciətlər edilib. Hətta yaşadıqları evə də hüquqi yardım üçün gələnlər çox olub: “Son vaxtlar hansısa obyektin kanalizasiya suyunun çaya axıdılması ilə əlaqədar kimlərləsə mübahisəsi olmuşdu. İşi ilə bağlı adətən evdə heç nə danışmazdı. Telefonda danışanda kiməsə deyirdi ki, Tovuz əhalisi çirkli su içir, buna səbəb Qovlar tərəfdə olan istirahət obyektinin kanalizasiyasının çaya axıdılmasıdır”.

U.Ələkbərli deyir ki, həyat yoldaşının qətlindən təxminən yarım ay əvvəl axşam saatlarında həyət darvazasının döyüldüyünü, avtomobil səsi gəldiyini eşidib. Əvvəl gələnin oğlu ilə həyat yoldaşı olduğunu düşünüb: “Qapını açanda bir nəfər maskalı şəxs əlini üzümə sarı gətirib əvvəl Firudini, sonra qızımı və oğlumu aradan götürəcəklərini dedi. Əlimdəki süpürgənin arxası ilə onun sifətinə vurdum, tez qapını bağladım. Axşam bu barədə qorxumdan Firudinə heç nə demədim. Amma səhər məcbur olub danışdım. Dedi, kim olduqlarını yaxşı bilirəm. Buna görə cavab verəcəklər”.

U.Ələkbərli deyir ki, ailəsinə qarşı edilən hədə-qorxular bununla bitməyib. Hadisədən bir gün əvvəl ev telefonuna da zəng vurublar və “ərinə de, özünü yığışdırsın, yoxsa pis olacaq” deyiblər. U.Ələkbərli ailəsinin təhdid olunması ilə bağlı göstərdiyi xüsusatların istintaq tərəfindən araşdırılmadığını bildirib.

Qeyd edək ki, F.Ələkbərli 1993-95-ci illərdə Tovuz rayon məhkəmənin sədri olub. Sonradan vəzifəsindən kənarlaşdırılıb. Qətlə yetirilən günədək Tovuz rayonunda hüquqşünas kimi fəaliyyət göstərib.

“Göl Əli”nin isə Tovuzda bir çox iri obyektləri, o cümlədən Zəyəm çayının üzərində otel-istirahət mərkəzi var. Həmin istirahət mərkəzinin həyətində süni göl yaradılıb ki, Əli Şamıyevə ləqəbi də həmin gölə görə veriblər.

Eyni zamanda “Göl Əli” Tovuz rayonunun keçmiş icra başçısı Tofiq Zeynalovla və “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş rəhbəri Arif Əsgərovla qudadır. Belə ki, “Göl Əli”nin qızları T.Zeynalovun oğlu Qoşqar Zeynalovla və A.Əsgərovun oğlu Rahib Əsgərovla evləniblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button