Media “Xural”ın müdafiəsinə qalxdı!

Mehman Əliyev: “Mətbuat Şurasında media sahəsində peşəkar  yoxdur ”

 Rauf Arifoğlu: “Mən sizin yanınızdayam” 

Dünən Redaktorlar Birliyinin növbəti toplantısı keçirilib. Toplantı başlamazdan əvvəl qurumun katibi vəzifəsini icra edən  İdrak Abbasov daxil olan müraciətlər və  gündəlikdə duran məsələlər barədə məlumat verdi. Gündəliyə “Xural” qəzetinin bölgə müxbiri Aydın Canıyevin haqqında 2 ay müddətinə seçilmiş həbs-qətimkan tədbiri barədə və “Xural” qəzetinə basqılarla bağlı müraciət, “Gündəm Xəbər” qəzeti barədə qaldırılan qondarma ittiham, “Ayna”, “Zerkalo” və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutun əməkdaşı İdrak Abbasov və ailəsinə olan təzyiqlərin müzakirəsi daxil edildi. Toplantıya sədrlik edən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev “Xural” qəzetinə edilən basqılar barədə məlumat vermək üçün baş redaktoru Əvəz Zeynallıya söz verdi.

“Bizdən şikayətlər bir ünvanın sifarişi ilə yazılıb”

 Ə.Zeynallı ilk növbədə A.Canıyev barədə tədbir iştirakçılarına bilgi verdi: “Aydın Canıyev Lənkəran barədə çox ciddi məlumatlar verirdi. Canıyevin yazıları, əsasən, Lənkəranda baş verən hadisələr, dini qurumlarda, məscidlərdə olan neqativ hallar, Şeyxülislamın bölgədəki nümayəndəsinin əməlləri barədə idi. Aydın Canıyev həbsindən 2 gün əvvəl Bakıya gəldi. Mənə bildirdi ki, Şeyxülislam Allahşükür Paşazadənin mühafizə rəhbərinin dəvəti ilə Bakıya gəlib. Aydın Canıyevdə uzun müddət Şeyxin adamı olub. Bunu hamı bilir. Görüşdə Aydın Canıyevlə danışıblar və razılığa gəliblər ki, yazılara ara verilsin. Aydın mənə danışıq barədə məlumat verdi. Bildirdi ki, yazıları davam etdirəcək. Mən də öz növbəmdə ona dedim ki, yazılarında ifrat tənqidə yol verirsən, etik normalara əməl etmək lazımdır. Aydın mənə dedi ki, Şeyxin bölgə üzrə nümayəndəsi Qəni Axundov ona xəbər göndərərək bildirib ki, əlimdə səkkiz-on qadın var, mən səni onların əli ilə tutduracam. Aydın Canıyevə bildirdim ki, rayona qayıtma, bu məsələni gündəmə gətirək. Mənə bildirdi ki, Şeyxlə razılaşmışıq, daha mənə heç nə edə bilməzlər. Söhbət əsnasında
Aydın dedi ki, onlar məni içkili vəziyyətdə tutmaq istəyirlər, amma bu müddət ərzində içməyəcəm. Bu söhbətdən 12 saat sonra Aydın Canıyev həbs edildi. Mən demirəm ki, Aydın içməyib, həmin hadisəni törətməyib. Hər kəsin fərd olaraq törətdiyi hadisə özünə şamil olunmalıdır. Bir günahı varsa, cəzalansın. Amma bütün hallarda  mətbuata açıqlama veriləndə ki, Aydın Canıyev içib, gedib məscidin pəncərəsini qırıb, hansısa qadını təhqir edib, bu artıq ciddi məsələdir. Maraqlı hal burasındadır ki, Aydının
bütün hərəkətlərinin videoya çəkildiyini bildirirlər. Haradan bilirdilər ki, Aydın ayna qıracaq, kameraları nəyə görə hazır saxlamışdılar? Deməli, burada şər var, müəyyən tuzaq var. Bütün hallarda da Aydın Canıyev “Xural” qəzetinin bölgə müxbiri kimi təqdim edilir. Hamı Aydın Canıyevi tanıyır. Hamı da bilir ki, Aydın problemli adamdır. Hər zaman müxtəlif qəzetlərə sərt yazıları ilə problem yaradıb. Aydın Canıyev sadəcə etdiklərinə görə həbs edilsəydi, mən onu müdafiə etməzdim. Hesab edirəm ki, Aydın Canıyevin həbsi “Xural” qəzetinə qarşı başlanan kompaniyanın start hissəsidir. Çünki bizim ətrafımızda bir neçə hadisə baş verdi. Deputat Gülər Əhmədova da gəldi səsimizi yazmağa. Bunlar artıq deputatları belə əllərinə diktofon verib baş redaktorların yanına göndərirlər. Ondan sonra Aydın Canıyevin məsələsi. Tutaq ki, Aydın içib, kiminləsə dalaşıb. Bunun “Xural” qəzetinə nə aidiyyatı var?  Bütün telekanallar hakimiyyətin nəzarətindədir. Amma “ATV”, “Xəzər” və “ANS” bu məsələdə xüsusi canfəşanlıq edir. Mən də Şeyxin adamlarına dedim ki, bu öz aranızda olan məsələdir. Hamısı söz verdi ki, Aydın Canıyev on iki sutka həbsindən sonra azad ediləcək. Hətta iki gün əvvəl də zəng etdim. Dedilər Aydın Canıyev azad ediləcək, çünki Şeyx onu bağışlayıb. Həmin söhbətdə də dedilər ki, Şeyxin bir kəlməsinə Aydın azad ediləcək. Dünən Aydının qardaşı zəng edərək bildirdi ki, ona 2 aylıq həbs qətimkan tədbiri seçilib və SSScinayət işi açılıb. Molla Qəni ondan əl çəkməyib. Aydın hətta hansısa pəncərəni sındırıbsa belə onu belə ağır cəzalandırmaq olmazdı. Aydın Canıyevi mətbuat olaraq müdafiə etməliyik. Media Hüquqları İnstitutuna müraciət etməliyik. O müdafiə olunmalıdır. Onun həbsi söz və yazı məsələsidir”. Daha sonra Ə.Zeynallı Mətbuat Şurası tərəfindən “Xural” qəzetinə qarşı qəbul olunan qərara münasibətini bildirdi: “İki həftə əvvəl Mətbuat Şurasının iclasında Rauf Arifoğlu çıxış edərək, tövsiyə etmişdi ki, Şura fəaliyyətini düz istiqamətə aparmalıdır. Lakin Mətbuat Şurası ənənəvi fəaliyyətini davam etdirdi. Bir həftə əvvəl anlaşılmaz şəkildə qəzetimizdən iki şikayət barədə Mətbuat Şurasından bizə məlumat verilmişdi. İndi Əflatun Amaşov deyir ki, altı şikayət daxil olub. Dörd şikayətdən xəbərim yoxdur. Sonra mətbuatda oxudum ki, Ağdam rayonunun prokuroru, Sabirabaddan icra başçısının müavini, “Azərbaycan” nəşriyyatı bizdən şikayət edib. Biz nəşriyyat barədə ciddi araşdırmalar yazmışıq. “Azərbaycan” nəşriyyatının 21 hektarından 19 hektarı Əli Həsənovun əlinə keçib. Dünən də axşam gedib “Azərbaycan” nəşriyyatında araşdırmaları davam etdirmişəm. Bu dərəcədə qanunsuzluqlar edirlər. Mən bilmirəm “Azərbaycan” nəşriyyatı hansı yazıya görə məndən şikayət edib. Deyilənə görə, Tərtərin icra hakimiyyəti də bizdən şikayət edib. Ölkənin ən müxtəlif regionlarından bir anın içində qəzetimizdən şikayətlər verildi. Bizdən şikayətlər bir ünvanın sifarışı ilə yazılıb”.

“Aydın Canıyev milli təhlükəsizlik nazirinə etdiyi müraciətə görə həbs edilib” Daha sonra Ə. Zeynalının məruzəsi üzrə müzakirələr başladı.

M.Əliyev:

–  Aydın Canıyevin həbsi ilə bağlı dövlət qurumlarına müraciət edilibmi?

Ə.Zeynallı:

– Aydın Canıyev Milli Təhlükəsizlik nazirinə etdiyi müraciətə görə həbs edilib. Belə olan halda kimə müraciət edim? Mən prezidentə müraciət etmişəm ki, Azərbaycan mətbuatı iribuynuzlu feodalların cənginə keçib, belə getsə, mətbuat olmayacaq.

M.Əliyev:

– Aydının vəkili kimdir?

 Ə.Zeynallı:

 – Hələlik yoxdur. Lakin Media Hüquqları İnstitutuna müraciət etmək fikrindəyik.

 M.Əliyev:

 – Təhqiqat prossesində iştirak etmək lazımdır. Orada nə baş verdiyini aydınlaşdırmalıyıq. Onun yazıları araşdırılmalıdır.

Ə.Zeynallı:

– Bu gün “Xural” qəzetində Lənkəran rayonundan olan vətəndaşın müraciətini dərc etmişik. Lənkərandan gələn məktubda qeyd edilir ki, Aydın Canıyevin yazdıqlarının hamısı həqiqətdir. Faktlar var ortalıqda. Attestasiyadan keçən mollalar heç bir yerdə təhsil almayıb. Təhsil alanların hamısı İranda, Qumda oxuyub. Şeyxin nümayəndəsi orada Nəsrullahlıq edir. Orada Naxçıvandan daha təhlükəli vəziyyət yaranıb. Deyərdim ki, Redaktorlar Birliyi Lənkərana səfər etsin. Küçələrdə, hamının gözü qabağında uşaqlar, gənclər narkotik vururlar qollarına. Bu həddə çatıb Lənkəran. Aydın Canıyev həmin narkobaronların hamısının adlarını yazmışdı. Orda hətta məşhur bir qadının adı çəkilir. Aydının yazdıqlarının hamısı faktlara söykənir. Hamının bildiyi gerçəyi yazan kimi, məhkəməyə və şərə tuş oluruq. Gedək Lənkərana. Məscidlərə baş cəkək, mollalarla görüşək, vətəndaşlarla danışaq. Lənkəranda həmin axunddan hamı qorxur. Aydın Canıyev mollanın fitvası ilə həbs edilib.

Rauf Arifoglu:

 – Həqiqətənmi Aydın Canıyev məscidə içkili vəziyyətdə girib?

Ə.Zeynallı:

 –      Videoya mən baxa bilməmişəm. Amma çəkilişdə Aydını qana boyanmış vəziyyətdə göstərirlər. Əslində, Aydın Canıyev yox, onu qana boyayanlar həbs edilməliydi. Yunis Oğuz yazıb ki, Aydını ağaca sarıyıb döyüblər.

M.Əliyev:

– Məsələ  diqqətdə saxlanmalı, Aydın Canıyev vəkillə təmin edilməlidir. Təhqiqatın aparılması üçün də bir araya gəlinməlidir. Məsələ ilə bağlı hüquq müdafiəçilərinə müraciət edilməlidir. Elçin Behbudova müraciət edilməlidir ki, məsələni nəzarətə götürsün. Mətbuat Şurası “Xural” qəzeti barədə edilən şikayətlərin baxılması məsələsində konkret mövqeyini bildirməlidir, qəbul etdiyi qərarlar barədə rəy verməlidir. MŞ-nın şikayətlərlə bağlı rəyləri yoxdur. Elə belə oturub elan edirlər ki, filan qəzet reketdir. “Azadlıq” qəzeti Əflatun Amaşovdan rəy istədi. Amaşov cavab verdi ki, mən burda olmamışam, qərarı ləğv edəcəm. Mətbuat Şurasında media sahəsində peşəkar adam yoxdur. Ola da bilməz. Bu səbəbdən rəylər yazılmır. Bizdə isə əksinə, peşəkarlar var. Bütün məsələlər üzrə təmkinlə, peşə kodeksinə uyğun rəylər hazırlanmalıdır.

“Mətbuat Şurası tərəfindən aparılan prosesin əleyhinəyəm”

R.Arifoğlu:

 –      Mən Mehman Əliyevin fikirləri ilə razıyam. Hesab edirəm kobud ifadələrdən imtina edilməlidir. Bizim də başımıza gəlib. Bir də onda ayılmışıq ki, yeddi-səkkiz məhkəməyə verilmişik, qəzetin bütün səhifələri məhkəmələrdədir. Ona görə acı təcrübədən
çıxış edərək deyirəm ki, təhqir etməyin. Kəskin, prinsipial cavab verin, amma təhqir edib məhkəməyə düşməyin. Eyni zamanda, nəzərə alınmalıdır ki, bizim maraqlarımız, baxışlarımız bunlardan kəskin şəkildə fərqlənir. Mən bu gün gəlib oturmuşam Əvəz bəyin yanında. Qara siyahıya salınandan sonra. Mən burdayam. Redaktorlar Birliyindəyəm, Mətbuat Şurası tərəfindən aparılan prosesin əleyhinəyəm. Mövqeyimi mətbuatda da bildirmişəm. Onları haqsız hesab edirəm. Zaman baxımından da səhv addımdır. Eyni zamanda, Əvəz bəydən xahiş edirəm, kimin harada olmasını, kiminlə görüşməsini qəzetində hər dəfə yazmasına ehtiyac yoxdur. Bu gün yazmısınız ki, Mehman abidədir, Qənimət gəlib həll edəcək məsələləri, bir qalır Rauf Arifoğlu. O da bizim yanımıza gəlmir, gedib Əbülfəz Qarayevlə görüşməyə. Axı mən nə edəcəyimi sizdən soruşmamalıyam. Mən sizin yanınızdayam. Əvəz bəy, sizin durumunuzu başa düşürəm, sizin yaşadıqlarınızı biz də yaşamışıq. Müdafiə olunursuz, hamı sizin üstünüzə gəlir. Elə edin ki, biz də manevr edə bilək. Amaş yazanda, olmur axı…

 Ə.Zeynallı:

– Rus sonluqlarını atırıq. Amaşlı da yazmaq olardı.

R.Arifoğlu:

– Mən başa düşürəm. Tənqid yazanda qabagına bir “sayın” sözünü də qoyun. Mən prisipləri və həmin prinsiplərə görə də sizi müdafiə edirəm. Eyni zamanda, tələb edirəm ki, etiketləri qoruyaq.  Əvəz bəy, bunları sizdən yaxşı bilən yoxdur, çünki Türkiyə məktəbini kecmisiniz. Bir də bizə də bir məkan tanıyın. Mən hələ Mətbuat Şurasından çıxmaq barədə qərar qəbul etməmişəm. İkincisi, Redaktorlar Birliyinin də elə bir qərarı olmayıb ki, mən Mətbuat Şurasından çıxım. Mənim ora getməyimin də, orda çıxış etməyimin də səbəbləri var. Mən dəvət edildim. Qəbul etməsəydim, deyəçəkdilər ki, Mətbuat Şurasında məsələ qaldırırsan ki,  bizi dəvət etmirsiz,  dəvət olunan tədbirlərə isə qatılmırsız.

“Xural” qəzetinin və onun müxbirinin, “Gündəm Xəbər” qəzetinin, Şirin bəyin problemləri var. Mənə elə gəlir ki, mətbuatın problemləri azalmayacaq, artan istiqamətdə davam edəcək. Amma bizim qəzetimizin də problemləri var. Bizim problemlər və bizim çəkişdiyimiz qüvvələr hec də digərlərindən zəif deyil. Əlində kəşfiyyatı, izləmək imkanı, zor aparatı olan, hər cürə addımlara getməyə qadir olduğunu tarixdə sübut edən qüvvələrdir. Müdafiə Nazirliyi ilə çəkilirik. Problemləri gündəliyə salanda bizim məsələmizi də nəzərə alın. Mən də məlumat verim. Bizi məhkəməyə vermək istəyirlər, izləyirlər. Əməkdaşımız Elşad Məmmədlini iki dəfə söhbətə çağırıblar. Ona deyiblər ki, kimlərdən  alırsan məlumatı? Nə deməkdir bu? Elşada deyiblər ki, bizim kəşfiyyat məlumat verib ki, zabitin əlindən məktub almısan. Zəng edib demişəm ki, gəlin, məktuba baxın. Xəttə baxın, görün, kim yazıb? Bütün bunlar onu göstərir ki, hər an başımıza nəsə gələ bilər. Ona görə də xahiş edirəm ki, bizi də nəzərdə saxlayasız. Mətbuat Şurasından tələbim nədir? Mən onlara deyirəm ki, funksiyalarınızı həyata keçirin, mətbuata yaranan problemləri böyütməyin, həll edin. O cümlədən, tələb edirəm ki, mən təsisçilərdən biriyəm, sən bizim problemlərin həli ilə məşgul ol. Mən acıq deyirəm. Dünən də Əflatun Amaşova telefonla zəng edib fikirlərimi bildirdim. “Xural” qəzeti ilə bağlı qərarın yanlış olduğunu demişəm. Mövqeyim bundan ibarətdir. Başqa məsələlərlə baglı fikrimi bir çümlə ilə deyim. Baxmayaraq ki,  göstəriblər Aydın Canıyev içkili vəziyyətdə gedib məscidə girib, onun döyülməsi, o hala salınması cinayətdir. Jurnalist olmasına görə də onu müdafiə etməliyik. Aydın Canıyev məni bəlkə də bir kitab həcmi qədər yazı ilə təhqir edib. Amma prinsiplər var. Əminəm ki, adi bir vətəndaş o hərəkəti etsəydi, uzağı ona bir sillə vurub geri qaytarardılar. Məhs Aydın Canıyev olduğu üçün ona xüsusi diqqət ayrılıb. Aydın Canıyev olduğu üçün ona qarşı qanundan kənar hərəkətlər tətbiq olunub. Heç kimi təhqir etmədən, onun üstünə gedək ki, Aydına kim işgəncə verib, onu kim ağaca bağlayıb? Qanun var, orqanlar var. Aydın cinayət edibsə, onlar onu həbs etməliydi. Bu yolla tələb edək ki, Aydın Canıyevi döyənlər cəzalandırılsın. Aydını kim cəkib? Azərbaycan Konstitusiyasına görə vətəndaşın iradəsinin ziddinə çəkmək qadağandır. Buna görə Aydın Canıyevi vəkillə təmin etməliyik. Bu sahədə biz də sizə kömək edə bilərik. Yaxşı hüquqşünasımız var, Vaqif Hüseyn, o da müdafiə prosesinə qoşula bilər. “Qəzetlərin reket adlandırılması yolverilməzdir”

 “Femida”
qəzetinin baş redaktoru Əyyub Kərimov:

 –  Mən bir sıra məsələlərə aydınlıq gətirim. İlk növbədə hökmən Aydın Canıyevlə vəkil müqavilə bağlamalıdır. Biz istintaqda baş verənləri bilməliyik. Müqavilə olmadan bizi istintaqa buraxmayacaqlar. Vəkil onun özü ilə görüşməlidir. Məlumatlar birbaşa onun özündən alınmalıdır. Ondan sonra vəkili bura dəvət edib onu dinləyərik. Bu məlumatlar əsasında Aydın Canıyevin müdafiəsini təmin edərik. İkinci istiqamət: o, yazılarında hansı məsələləri qaldırıb, onu araşdırmalıyıq. Aydın Canıyevi döyənlər də cəzalanmalıdır. Uzun müddətdir deyirik ki, qəzetin reket elan olunması qanuna ziddir. Reketcilik cinayət  qanunvericiliyində  nəzərdə tutulan bir hərəkətdir. Bu səbəbdən qəzetlərin reket adlandırılması yolverilməzdir.

***

Daha sonra “Gündəm Xəbər” qəzetinin təsisçisi Şirin Cəfərli Mətbuat Şurasının təqdimatı ilə Baş Prokurorluqda ona qarşı qaldırılan cinayət içi barədə məlumat verdi:

– Hazırda qəzetimizdə aparılan əsasız vergi yoxlamasından Vergilər Nazirliyinin Audit Departamentinə şikayət vermişik. Sabah bizə rəsmi cavab veriləcək. Cavabdan asılı olaraq məhkəməyə də müraciət edilə bilər. Mətbuat Şurası bizim barəmizdə çıxardığı qərarı, bizdən edilən şikayətin surətini, komissiyanın rəyini bizə vermir. Hazırda vəkil Mətbuat Şurasının məhkəməyə verilməsi üçün sənədləri  hazırlayır. Yaxın günlərdə məhkəməyə müraciət ediləcək. Prokurorluqda cinayət işi isə davam etdirilir.

İdrak Abbasov təqib edilir

 Toplantıda cıxış edən İdrak Abbasov ailəsinin və özünün “Binəqədi Oil” şirkətinin əməkdaşları tərəfindən təzyiqlərə məruz
qaldığını bildirdi: “Bildiyiniz kimi, sentyabrın 9-da şirkətin əməkdaşları ağır texnika ilə evimizi uçurub. Anam. atam və qardaşlarım şirkətin mühafizəçiləri tərəfindən döyülüb. Onlar ağır bədən xəsarəti alıb. Hadisənin səhəri günü maşınla gedərkən “Mersedes” markalı maşın qarşıma keçərək məni təhqir etməyə başladı və maşınımı saxlamağı tələb etdi. 188 saylı marşrutların arasında gizlənərək 102 xidmətinə zəng etdim. Məsələ 29-cu polis bölməsində araşdırılanda məlum oldu ki, maşın tanıdığım adamın adınadır. Ona görə şikayətimi geri götürdüm. İndi məlum olur ki, maşını sürən şəxs mənim barəmdə polisə şikayət verib. Basqınçılar qardaşımla görüşərək evimizə dəyən zərəri ödəmək istədiklərini bildirdilər. Biz valideynlərimizin xəsarət aldığı üçün barışığa getmədik. Ondan sonra bizə hədələr artıb. Dünən gecə saat 22:30 radələrində Sulutəpədə yaşadığım evə yaxın ərazidə qarşımı ağ rəngli “Niva” markalı 90 AX 171 nömrəli avtomobildəki idmançı görkəmli şəxslər kəsdi, məni əxlaqsız sözlərlə təhqir edərək, agıllı olmağı məsləhət gördülər. Eyni zamanda, dostlarım arasında barəmdə pis şayiələr yayırlar. Evimə zənglər edirlər. Xəbərim olmadan mənim telefon nömrəmdən qohumlarıma və həyat yoldaşıma hədələyici mesajlar yazırlar. “Azərcell”dən isə mənə deyirlər ki, ola bilsin, cibində düymələr basılıb, mesaj gedib”.

 Tədbirin sonunda katibliyin yaradılması, A.Canlyevin vəkillə təmin edilməsi, İ.Abbasovun və Ş.Cəfərinin məsələlərinin diqqətdə saxlanması barədə qərar qəbul edildi.

Əfqan Muxtarlı

“Xural” qəzeti,

il 9, sayı: 039 (447), 22 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button