Media azadlıqlarının pozulması fikri fiksiyadır…

 11.05.2011

Əli Həsənov: Azərbaycan kimi bir ölkədə media azadlıqlarının pozulması fikri fiksiyadır.

“Təəccüblənirəm ki, bəzi beynəlxalq təşkilatlar öz müstəqilliyini itirərək ayrı-ayrı mərkəzlərin sifarişlərini yerinə yetirməyə başlayırlar”. Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib: “Azərbaycan kimi medianın təsis olunması, media fəaliyyətinin davam etdirilməsi üçün heç bir yasaqlayıcı mexanizmin olmadığı bir ölkədə media azadlıqlarının pozulması fikri sadəcə, fiksiyadır”. Eynulla Fətullayevin həbsi məsələsinə toxunan PA rəsmisi qeyd edib ki, Fətullayevin həbsinin jurnalist fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. “Hazırda Azərbaycanda jurnalist fəaliyyətinə görə həbsdə olan jurnalist yoxdu. Belələri keçmiş zamanlarda olub və bunların əksəriyyəti əfv edilib. Azərbaycanda bu gün azad düşüncə, azad fikir, azad yazı praktikası mövcuddur. Bu gün istənilən jurnalist istənilən məmuru tənqid edə bilər, istənilən dövlət qurumunun fəaliyyətini araşdıra bilər. Belə olan halda Azərbaycanda jurnalistikanın və yaxud mətbuatın azad olmadığı barədə səslənən fikirlər subyektivdir və reallığı əks etdirmir”, – Həsənov əlavə edib. Həsənov deyib ki, beynəlxalq təşkilatların mətbuat azadlığı ilə bağlı hesabatlarının çoxu qərəzlidir, Azərbaycan dövlətinə və onun siyasətinə təzyiq etmək və təsir göstərmək məqsədi daşıyır. “Mən Azərbaycanda söz və mətbuat azadlığının səviyyəsini 171-ci yerlə qiymətləndirən istənilən təşkilatı Azərbaycana dəvət edirəm. Gəlsin, sizin qarşınızda müzakirə aparaq. Əgər Azərbaycan mətbuatından istənilən qəzeti götürüb orda Azərbaycan hakimiyyəti ilə bağlı tənqidə rast gəlirsənsə, istənilən dövlət məmurunun fəaliyyətini tənqid etmək, araşdırmaq imkanına maliksənsə, belə ölkədə söz, mətbuat azadlığının pozulmasından danışmaq yüz faiz subyektivlikdir. “Freedom House” və digər təşkilatların fəaliyyətini bütövlükdə şübhə altına almırıq. Onlar hansısa fonddan maliyyələşərək fəaliyyət göstərirlər, hansısa məqsədlərə xidmət edirlər, amma onların məqsədləri heç də sözün həqiqi mənasında, dünyada söz azadlığını təsnif etmək, yaxşı-pis xarakteristikasını aşıb, onun əsasında nümunə yaratmaq deyil. Onlar bu və ya digər məqsədləri və sifarişləri həyata keçirirlər, onları maliyyələşdirən qurumlar qarşısında məsuliyyət daşıyırlar”, – PA rəsmisi bildirib. “Freedom House” təşkilatı mayın əvvəlində açıqladığı hesabatda mətbuatı azad olmayan 196 ölkə arasında Azərbaycanı 171-ci yerdə göstərmişdi. Həsənovun fikrincə, Şimali Afrika ölkələrində baş verən hadisələrlə bağlı transmilli adlandırılan televiziyaların məlumatları bir mərkəzdən formalaşdırılan və yayılan informasiyalardır. “Liviya, Tunis, Misirdə baş verən hadisələrlə bağlı müxalif fikirdə olan, fərqli düşünən yoxdurmu? Kifayət qədər var. Niyə onların biri səhifələrə çıxmır? Biz onda burdan bəyan edək ki, həmin televiziyalarda azad söz, azad fikir yoxdur? Belə qurumlar Azərbaycanda, özgə gözündə tük axtarmaqdansa, Avropadakı TV-ləri görsünlər. Bütün dünya ölkələrində “ütülü” informasiya siyasəti var. Hər bir dövlətin özünün informasiya siyasəti var. Bunun da əsas məqsədi öz dövlətinin, millətinin maraqlarının təmin olunmasıdır”, – Həsənov əlavə edib. Onun sözlərinə görə, Azərbaycanda söz, mətbuat azadlığı da, məmur fəaliyyəti də – istənilən sənət, o cümlədən azad söz, azad jurnalistika ictimai əhəmiyyət daşımırsa, dövlətə xidmət etmirsə, heç kəsə lazım deyil. “Əgər jurnalistika Azərbaycanın inkişafına xidmət etmirsə, heç kəsə lazım deyil. Biz jurnalistləri jurnalist olmaqla yanaşı, həm də vətəndaş olmağa çağırırıq” – deyə Həsənov fikrini tamamlayıb.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button