Media-icmal 13.03.18

Ölkə regionlarının inkişafı, statistik göstəricilərə fərqli baxış, problemli kreditlərin həlli yolları bugünki (13 mart 2018-ci il) medianın aparıcı mövzularındandır…

Regionların önə çıxmasının səbəbləri

“Azərbaycan” qəzeti “Regionlar irəli çıxır” sərlövhəli məqalədə ölkə regionlarının inkişafını dəyərləndirir.

Müəllif deyir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramları bölgələrin, qeyri-neft sektorunun inkişafına təkan verib: “Proqramların icrası ilə bölgələrin sosial-iqtisadi siması dəyişmiş, böyük infrastruktur layihələri həyata keçirilmiş, sənaye, emal, turizm və kənd təsərrüfatı müəssisələri fəaliyyətə başlamış, yeni iş yerləri açılmış, insanların kənddən şəhərə iş dalınca axınına son qoyulmuşdur”.

Yazı müəllifi vurğulayır ki, bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan qərarlar konkret sahələr üzrə icra edilir ki, bu da səmərəliliyi artırır, amma bütün hallarda iqtisadi inkişafın başlıca təminatı kapital qoyuluşudur.

Müəllif deyir ki, bu səbəbə görə, bölgələrə kapital qoyuluşu dövlətin diqqətindədir və investisiya xərclərində regionların sosial-iqtisadi inkişafına qoyulan vəsaitlər ilbəil artır: “Bu, həm infrastruktur, həm sosial, həm də iqtisadi layihələrin həyata keçirilməsində özünü aydın göstərir. Təkcə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarının icrası üçün bölgələrə milyard manatlarla dövlət vəsaiti xərclənir. Bununla yanaşı, regionların maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə qurumlarından da vəsait cəlb edilir”.
Yazı müəllifi regionlarda sahibkarlığın inkişafını, onlara verilən güzəştli kreditlərin,subsidiyaların dinamikasındakı artımını inkişaf göstəricisi kimi dəyərləndirir.

Müəllif deyir ki, proqramların icrası regionlarda yol infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılmasına imkan verib, min kilometrlərlə magistrallar çəkilib.

Yazı müəllifi son 14 ildə ölkədə 30 elektrik stansiyası tikildiyini və onların generasiya gücünün 2500 meqavata bərabər olduğunu, beləliklə Azərbaycanın enerji idxalçısından enerji ixracatçısı olan ölkəyə çevrildiyini bildirir.

Müəllif vurğulayır ki, bölgələrin inkişaf etməsi faktlarından biri də qazlaşdırmanın 93% həddində olmasıdır, eyni zamanda fasiləsiz içməli su təminatı paytaxtda 81%, bölgələrdə isə 43% təşkil edir.

Məqalədə deyilir ki, regionlarda sosial layihələr də icra edilir, dövlət proqramlarının qəbulundan sonra 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib və ya təmir edilib, 43 olimpiya idman kompleksi inşa olunub.

Bölgələrdə sahibkarlığın inkişafı üçün indiyədək sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kredit verilib, yeni iş yerləri yaradılır, son 14 il ərzində 1,9 milyon iş yeri yaradılıb, bunun da 1,4 milyonu daimidir, 2017-ci ildə isə ölkə üzrə 177 min daimi iş yeri açılıb ki, əksəriyyəti regionlardadır.

Tənəzzülün inkişafı

“Azadlıq.info”da isə “Statistika Komitəsi iqtisadi inkişaf xəbərlərini təkzib etdi” sərlövhəli məqalə oxumaq olar.

Müəllif 2017-ci ildə ölkədə enerji istehlakına dair açıqlanan statistik rəqəmlərlə rəsmi müşavirələrdə səslənən rəqəmlərin fərqli olduğunu bildirir:

“Məlumatların təhlili göstərir ki, 2017-ci ildə ölkədə 0,1% iqtisadi inkişaf olması haqqında rəsmi dairələrin söylədikləri nağılmış, bu nağılın real həyatla bağlantısı yox imiş. Dövlət Statistika Komitəsinin (DSK) enerji istehlak səviyyəsinə dair bu ilin fevral ayında yaydığı məlumatlardan məlum olur ki, 2017-ci il ərzində ölkə daxilində 20,9 milyard kVt.saat elektrik enerjisi, 10,1 milyard kub metr təbii qaz, 3,8 milyon ton neft məhsulları istehlak olunub”.

Daha sonra müəllif 2016-cı ildə ölkədə 21,6 milyard kVt.saat elektrik enerjisi, 10,4 milyard kub metr təbii qaz, 4,2 milyon ton neft məhsulları istehlak olunmasına dair rəsmi statistik rəqəmləri nəzərə çatdırır və müqayisə əsasında bildirir: “Bu iki ilin göstəricilərini müqayisəyə gətirsək, məlum olar ki, 2017-ci ildə elektrik enerjisinin istehlakı 700 milyon kVt.saat və ya 3,2%, təbii qaz istehlakı 300 milyon kub metr və ya 3,3%, neftayırma məhsullarının istehlakı isə 400 min ton və ya 8,9% azalıb. Başqa sözlə, 2017-ci ildə ölkə iqtisadiyyatının enerjisi kəsilib, “havası”, “suyu”, “yeməyi” ixtisar edilib”.

Bu müqayisədən irəli gələrək, müəllif deyir ki, 2017-ci ildə benzin, neft, elektirk və qaz çatışmazlığı üzündən bütün növ istehsal sahələri az işləyib və 2016-cı il ilə nisbətdə 2017-ci ildə ölkədə işgüzarlıq səviyyəsi, faktiki iş əmsalı aşağı olub.

Müəllif vurğulayır ki, enerji sərfiyyat göstəriciləri istehsal göstəriciləri ilə düz əlaqəlidir, buna görə də umumi enerji sərfiyyatının azalması (itkilər buraya aid deyil) məhsulların, iş və xidmətlərin istehsal həcminin azalması ilə müşaiyət olunmalıdır.

Müəllif bu səbəbdən irəli gələrək, 2017-ci ildə 0,1% iqtisadi böyümə olması haqqında irəli sürülən rəsmi iddiaları əsassız sayır, aparılan təhlillərə istinadən 2017-ci ildə ölkə iqtisadiyyatının daha da kiçildiyini və ÜDM-in real səviyyəsinin 2016-cı ildəki səviyyənin altına düşdüyünü bildirir.

Dövlətin o qədər pulu var ki?…

“Yeni Müsavat” qəzetində isə diqqəti “Problemli kreditlərlə bağlı mühüm qərar ərəfəsində: dövlət güzşətə gedə bilər” sərlövhəli məqalə cəlb edir.

Müəllif deyir ki, deputat Vahid Əhmədov dövlət başçısının 2018-ci il aprelin 1-nə kimi ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam məbləğdə silinməsi haqda Milli Məclisə təklif verdiyini bildirib və bu, faktiki 382 milyon manat borcun silinməsi deməkdir.

Bundan irəli gələrək, deputat problemli kreditlərin də həll olunmasına dair qərar verilməsini vacib sayıb, hazırki iqtisadi vəziyyətin problemli kreditlərin həll edilməsinə imkan verdiyini bildirib.

Müəllif xatırladır ki, bu il fevralın 1-nə olan məlumata görə, vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 695,9 milyon manatdır və bu problemin necə həll olunacağı mexanizmini ekspert hüquqşünas Əkrəm Həsənovla müzakirə edir.

Ə.Həsənov qarşıdan gələn Novruz bayramı, Cümhuriyyətin 100 illiyi ərəfəsində belə bir addım atıla bilməsini təqdir edir: “O baxımdan problemli kreditlərin bağışlanması yaxşı bir hadisə olardı. Bu, həm əhali, həm sahibkarlar, həm də bank sistemi üçün müsbət rol oynaya bilərdi. Lakin burada əsas məsələ söhbətin hansı məbləğdən getdiyi, amnistiyanın kimlərə şamil ediləcəyi və mexanizmin necə olacağıdır”.

Ə.Həsənova görə, dövlət vətəndaşların banklar qarşısındakı borclarını bağışlayırsa, deməli, həmin vəsaitləri banklara özü verməlidir və bu pul dövlətdən çıxmalıdır.

Ekspertə görə, burada bu məqsədlə büdcədən nə qədər pul ayrılması, dövlətin bu məbləğdə vəsaiti ayırmağa gücü çatması kimi düşündürücü məqamlar var.

Digər tərəfdənsə, ekspert hesab edir ki, dövlət bütün borcları ödəyəsi deyil, həm də hazırda dövlətin bütün borcları bağışlayacaq qədər pulu da yoxdur.

Ə.Həsənov vurğulayır ki, burada problemli kreditlərin bağışlanması və ya güzəştlərin tətbiq edilməsi məhz əhalinin xarici valyutada olan borclarına aid olmalıdır.

Ekspert yaranmış məzənnə fərqinin 3 tərəf arasında bərabər bölüşdürülməsi təklifini dəstəklədiyini deyir: “Əksər borclular dollar kreditini 0.78 məzənnəsi ilə götürüblər, bu gün isə dollar 1.70 manatdır. Deməli fərq 92 qəpikdir, yuvarlaq desək 90 qəpik. Bu 90 qəpiyi 3 bərabər hissəyə bölmək olar. Yaranmış zərərdən hər dollara görə 30 qəpiyini vətəndaş verməli, 30 qəpiyini dövlət banka kompensasiya etməli, qalan 30 qəpiyini isə bank öz üzərinə götürməlidir və bağışlamalıdır”

Amma Ə.Həsənov bildirir ki, dövlət bunu banklardan tələb edə bilməz, tövsiyə verə bilər və prezident belə bir tövsiyə versə, banklar buna qarşı çıxmaz.

Ə.Həsənova görə, burada daha bir məsələ borcun silinməsinin hansı həddə olan kreditlərə şamil olunmasıdır, bu qərar isə dövlət səviyyəsində qəbul edilməlidir.

Ekspert vurğulayır ki, vətəndaş krediti qaytarmağa gücü yetmədiyi halda borcu tam silinə bilər və belə şəxslər çoxdur.

Ə.Həsənov hesab edir ki, vətəndaş güzəştli məzənnə ilə borcu tam bağladıqdan sonra dövlət öz üzərinə düşən hissəni banka ödəməli, bank da öz növbəsində payına düşən hissəni vətəndaşa bağışlamalıdır”.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button