Media ictimaiyyəti ayağa qalxdı!!!

MŞın reketçiliyi nüfuzlu mətbuat nümayəndələrini hövsələdən çıxardı…

 Mətbuat Şurası İdarə Heyətinin 19 avqust tarixində keçirilən iclasında «Xural» qəzetinin ictimai nüfuzunu aşağı salmağa yönələn və heç bir etik normaya və media əxlaqına sığmayan qərar verdi. Qəzetimizin gündəliyə keçməsi ərəfəsində MŞ-nın belə bir qərar verməsi ən azı peşə etikasına sığmır. Birilərinin sifarişini icra edən və mətbuata əsasən aidiyyatı olmayanların toplaşdığı Mətbuat Şurası sözün bütün mənalarında reketçiliklə məşğuldur. Bu reket qurum hamını öz arşını ilə ölçmək və öz adını başqalarına qoymaqla azad sözə qənim kəsildiyini növbəti dəfə sübuta yetirdi.

Kimdir Mətbuat Şurası? Qeyri-hökumət təşkilatı olan bu reket qurum hansı səlahiyyətlə nüfuzlu qəzetlərə xəbərdarlıq edir, onları özlərinin məşğul olduqları adla çağırır? Özlərini medianın arbitri rolunda görən və mətbuatdan xəbəri olmayan bu binəvalar nələr etdiklərinin fərqindədirlərmi? Media nümayəndəsi ədalətin yanında olmalı, cəmiyyətdəki çatışmazlıqları önə çəkməlidir. Hakimiyyətin yürütdüyü siyasətə ləbbeyk deyən, iqtidar mənsublarından pul alıb uğursuz, heç bir ictimai nüfuzu və çəkisi olmayan qəzetciklər buraxan, maliyyə qaynaqları çirkin bu «jurnalistlərin» qurumu hansı haqla başqalarına çamur atır?

Bu suallara və MŞ-nın etikadankənar «qərarına» nüfuzlu mətbuat nümayəndələrinin münasibətini öyrəndik. Azərbaycanda sözü, əqidəsi və müstəqilliyi ilə seçilən media təmsilçiləri birmənalı olaraq bu qərarın əleyhinə olduqlarını bəyan etməklə Mətbuat Şurasının səlahiyyətlərini aşdığını və “Dövlət Mətbuat Şurası”na çevrildiyini, hakimiyyətin əlində azad sözə qarşı təzyiq vasitəsinə döndüyünü bir daha təsdiqlədilər.

 MŞ-nın belə bir səlahiyyəti yoxdur!

 «Turan» İnformasiya Agentliyinin baş redaktoru Mehman Əliyev:

 – Mətbuat Şurası mətbuatın problemlərini həll etməyi bir kənara qoyub, artıq tirajlı qəzetləri «qara siyahı»ya salmaqla məşğul olur. Bizim araşdırmalara görə, «Xural» qəzeti real tiraja malik qəzetdir. Əgər MŞ-nın bu qəzetə qarşı bir iradı varsa, bu iradın əsasında qəzetə təzyiq etmək üçün tövsiyə xarakterli müraciətlər edə bilərdi. Bunun əvəzinə onu hansısa «qara siyahıya» salmasını düzgün hesab etmirəm.

İkinci bir tərəfdən də, «Xural» qəzeti Mətbuat Şurasının üzvü deyil, o mənada MŞ «Xural» qəzetinə hansısa tövsiyə, hansısa xəbərdarlıq xarakterli müraciətlər də edə bilməz. MŞ nəinki hər hansı tirajı olan bir qəzeti «qara siyahı»ya sala bilər, o ümumiyyətlə, belə metodlarla qəzetin fəaliyyətinə təzyiq göstərmək hüququna malik deyil. Bu gün onlar iddia edirlər ki, hansısa jurnalistlərin qurultayında bununla bağlı müvafiq qərarlar qəbul ediblər, amma mən Mətbuat Şurasının təsisçilərindən, yaradıcılarından biriyəm, mən də MŞ-nın İdarə Heyətində təmsil olunmuşam, lakin belə bir qərar heç bir zaman olmayıb. Bilmirəm, bəlkə sonralar yanlış olaraq onlar belə bir qərarı qəbul ediblər, ancaq MŞ belə bir qərar verə bilməz. Azərbaycn respublikasının mətbuatla bağlı bir sıra qanunları var, jurnalistin peşə kodeksindən tutmuş KİV haqqında qanun, Konstitusiyamızın müvafiq maddələri də bura daxildir və ölkədə fəaliyyət göstərən bütün mətbu orqanlar da bu qanunlara tabedir. Yəni mətbuatla bağlı bunlar əsas sənədlərdir. Mətbuat Şurası təşkilatdaxili qəbul etdikləri hər hansı bir sənədi əsas gətirərək, ölkənin tirajlı qəzetlərindən biri ilə inzibati dillə danışa bilməz. Azərbaycanda fəaliyyət göstərən qurumlar ilk növbədə yuxarıda adlarını çəkdiyimiz sənədlərə imza ataraq fəaliyyət göstərirlər. Mətbuat Şurası açıq bir qurumdur, kim istəyirsə, oranın üzvü ola bilər, kim istəmirsə, olmaz. Söhbət ondan gedir ki, Mətbuat Şurası ancaq onun üzvü olan qurumların işinə baxa bilər, o, üzvü olmayan mətbu qurumların işinə baxmaq səlahiyyətində deyil, çünki ona belə bir səlahiyyət verilməyib. Əgər onlar Mətbuat haqqında qanuna istinad edəcəklərsə, orada da ziddiyyətlər var, MŞ icra orqanı deyil, səhvən, bilərəkdən onları ora salıblar. MŞ həmin qanunda ümumiyyətlə olmamalı idi. Onların yerləri də həmin qanunda düzgün müəyyənləşdirilməyib. Çünki orada media ilə bağlı, medianın işinə baxan, onun haqqında qərar çıxaran təşkilatlar arasında icra orqanlarının adları göstərilib və onların arasına da MŞ salınıb. Halbuki MŞ icra orqanı deyil, ictimai birlikdir və ictimai birlik kimi ancaq qınaq funksiyasında iştirak edə bilər, o da əsas deyil, yalnız son məqamda buna yer ola bilər. MŞ-nın vəzifəsi problemi araşdırmaq, tərəfləri bir araya gətirmək, qəzetlərə onların daha peşəkar, daha etik normalara riayət etməklə fəaliyyət göstərmələrinə dəstək verməkdir. Yoxsa prokuror funksiyasını ələ almaqla, prokurorun vəzifələrini həyata keçirməklə MŞ-nın fəaliyyətinə heç bir zaman şərəf gətirə bilməzlər. Hesab edirəm ki. MŞ bu səlahiyyətləri mənimsəməməlidir. Bu dildə yalnız Azərbaycanın hüquq-mühafizə orqanları danışa bilərlər.

Mətbuatla bağlı məsələyə yalnız iki cür baxıla bilər: bir mətbu qurumla bağlı əgər hər hansı bir şikayət varsa, ona baxılmalıdır, mətbu qurumun əlində olan faktlar araşdırılmalıdır, tərəflərin hansının haqlı və hansının haqsız olması ilə bağlı material toplanmalıdır və onun da əsasında qarşı tərəflərə problemin çözülməsi üçün tövsiyələr verilməlidir. Yoxsa MŞ ona müraciət edən hər hansı qurumun ərizəsini əsas gətirərək, qəzetin əlində olan faktlara, dəlil və sübutlara məhəl qoymadan hər hansı qərar çıxarmaq hüququna malik deyil. MŞ-nı yaradan zaman onun təsisçilərinin qarşılarına qoyduğu əsas məqsəd ondan ibarət idi ki, hər hansı mətbu orqanla bağlı yaranmış problemin məhkəməyə çıxmamış həll olunmasına çalışmaq. Yəni əsas məqsəd qəzetə, jurnalistə qarşı başlaya bilən hər hansı məhkəmə prosesinin qarşısını almaq idi. bunun üçün də istənilən alternativ yollar tapılmalı idi – istər qəzetdə təkzib verilməsi, istərsə üzr istənilməsi və s.

O da əgər bu halda mətbu orqanın həqiqətən də bir qəbahətli işi varsa. Yox əgər qəzet əlində kifayət qədər fakt və dəlillərlə bu məqaləni ictimailəşdiribsə, o zaman qarşı tərəfin ərizə təqdim etməsinə baxmayaraq, ona da tövsiyə edilə bilərdi ki, onlar da yaratdıqları hər hansı problemi vaxtında aradan qaldırsınlar. Yəni məsuliyyət tək mətbu orqanın deyil, qarşı tərəfin də üzərinə düşməlidir – şikayət edən tərəf şikayət etdiyi təqdirdə haqlı olacağını sanmamalıdır. Əsas məsələ də ondan ibarət idi ki, bütün bu məsələləri məhkəmədən əvvəl araşdırmaq və problemi əvvəlcdən aradan götürmək.

Ancaq mən yenə də əvvəlki məsələyə qayıdıram ki, MŞ məhkəmə və ya prokurorluq roluna girməməlidir. Bu MŞ-nın işi deyil. Mən hesab edirəm ki. MŞ-nın bu cür hərəkətləri Azərbaycan jurnalistikası üçün şərəf gətirməyəcək. «Xural» qəzetinin gündəliyə keçməsi ərəfəsində MŞ-nın bu cür inzibati qərar qəbul etməsi, qəzetin «qara siyahı»ya salınması ola bilsin təsadüfdür. Ancaq o da istisna deyil ki, bu siyasətin özü hakimiyyətin müvafiq dairələri tərəfindən ölkədə daha bir müstəqil qəzetin gündəliyə keçməsinin qarşısını almaq üçün lazımdır. Hər cür ola bilər. Lakin biz prinsip etibarilə bu məsələyə yanaşmalıyıq ki, MŞ belə bir funksiyanı yerinə yetirməməlidir, özü də o qəzetlərə qarşı ki, onların tirajları var, Oxucuları var və o, həqiqətən də satılır. MŞ tirajı olmayan qəzetlərin məsələsi ilə məşğul olsun. O qəzetlərin məndə siyahısı var, onlara da bu siyahı təqdim olunub. MŞ  araşdırma aparsın ki, həmin qəzetləri kim buraxır, onlar kimə və nəyə xidmət edirlər? O qəzetlərin kifayət qədər böyük hissəsi bu gün MŞ-da təmsil olunurlar. Bunu yoxlamaq və onların haqqında müvafiq qərarlar çıxarmaq lazımdır. Budur MŞ-nın işi. Onlar konvertdə gələn pulların hesabına qəzet dərc edirlər və vergilərdən də təbii olaraq yayınırlar. Onların fəaliyyətini yoxlamaq lazımdır. Müstəqil qəzetlərin əksəriyyəti isə pis gündədir və nədənsə MŞ bu cür müstəqil mətbuata dəstək olmaq əvəzinə, ona arxadan zərbə vurur. Bir daha təkrar edirəm ki, elə bir siyahı əlimizdə var və Prezidentin yanında KİV-ə Yardım Fonduna da təqdim olunub və zəhmət olmasa, MŞ onların məsələsilə məşğul olsun.

  bu cür qərar verə bilməz!

«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu:

– «Xural» qəzetinin Mətbuat Şurasının «qara siyahı»ya salması məsələsindən bir neçə gün əvvəl Mətbuat Şurasında çıxış edərək, öz mövqeyimi sərgiləmişəm. «Onlara da demişdim ki, ümumiyyətlə, mətbu orqanla bağlı Mətbuat Şurasına hər hansı şikayət daxil ola bilər, bu zaman tərəflərdən hansının ərizə ilə müraciət etməsindən asılı olmayaraq, Şura problemin müsbət tərəfdən həll olunması üçün çalışmalıdır. Hesab edirəm ki. məhz bu baxımdan, Mətbuat Şurası bu məsələyə yenidən baxmalıdır. «Xural» qəzeti Mətbuat Şurasının üzvü deyil və heç bir zaman da olmayıb.  Mətbuat Şurası yaradılarkən onun təsisçiləri bu təşkilatın mətbuatın məhkəmələrə çəkilməməsi naminə dəstək verəcəyini düşünüblər. Bu gün isə Mətbuat Şurasının Nizamnaməsində müvafiq bəndlər var ki, onlar bu bəndləri əsas gətirərək hər hansı bir mətbu orqana qarşı inzibati qaydalar tətbiq etməkdə özlərini haqlı bilirlər. Hətta belə olduğu təqdirdə belə, Mətbuat Şurasının bu cür qərar verməsi düzgün deyil, çünki həqiqətən də Mətbuat Şurası üzvü olmayan bir mətbu orqan haqqında bu cür qərarlar çıxarmamalıdır. O ki qaldı «Xural»ın gündəliyə keçmə ərəfəsində belə bir qərarla üzləşməsi məsələsinə, bu, istənilən halda arzuolunmazdır. Ümumiyyətlə, hakimiyyətin müstəqil mətbuatla bağlı siyasəti məlumdur, o da mümkündür ki, bu ərəfədə «Xural»a təzyiqlər artsın. Amma hər bir halda hesab edirəm ki, «Xural» getdiyi yoldan çəkinməməli və yoluna davam etməlidir. Digər tərəfdən, inanıram ki, Mətbuat Şurası da yenidən şikayətçilərin ərizələrinə baxaraq, araşdırma aparacaq və ədalətli qərar çıxaracaq.

 MŞ taleyini həll edən yanlışlığa imza atdı!

 «Qafqazinfo» İnformasiya Agentliyinin rəhbəri Elbrus Ərud:

 – Bu gün «Xural» qəzetinin rastlaşdığı problemlərlə Azərbaycanın mətbuat məkanında fəaliyyət göstərən hər bir müstəqil mətbu qurum rastlaşır. Mən hesab etmirəm ki, MŞ «Xural» qəzetini «qara siyahıya» salmaqla nəsə əldə edəcək. «Xural» qəzeti cəmiyyətdə ciddi və nüfuzlu qəzet kimi tanınır və bu inzibati yollara əl atmaqla, MŞ «Xural»ın gündəlik nəşr olunmasının qarşısını ala bilməyəcək. Çünki bu gün onların hədəfə götürdükləri qəzet əsl mətbu orqandır və onun fəaliyyətində yanlışlıq axtarmaq MŞ-nın səlahiyyətlərinə daxil deyil. Düzdür, MŞ belə bir qərar verməklə özü də taleyini həll edəcək tarixi bir yanlışlığa imza atdığını düşünmədi, bununla belə düşünməyə dəyərdi. Ona görə də hesab edirəm ki, «Xural» bir gün də olsun öz məqsədlərindən geri çəkilməməli, Azərbaycan Oxucularına vəd etdiyi kimi gündəlik çıxmaqda davam etməlidir. Bu yolda həmkarlarıma uğurlar arzulayıram və hər zaman «Xural»ın müstəqil siyasətində yanında olduğumu bəyan edirəm.

“Xural” qəzeti,

il 9, sayı: 037 (445), 20 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button