Mehdi Veselini çağirir!

“Bank of Baku” ASC-nin və Xətai rayon məhkəməsinin onu dinləmək fikri yoxdur…


1. “Bank oxx… Baku”, yoxsa sələmxana?

Dünyada analoqu olmayan Azərbaycan banklarında baş alıb gedən qanunsuzluqlar, bankların birbaşa insan əleyhinə yönəlik hərəkətləri heç kimə sirr deyil. Xüsusən, cəmiyyətin aztəminatlı təbəqəsi ilə həyata keçirilən kredit əməliyyatları “sələmçilik institutu”nun sivil formada yaşamasının bariz göstəricisidir. Hansısa dəllalın vasitəçiliyi ilə qarmağa ilişən bədbəxt müştəri ölən günə qədər bankın zülmündən əzab çəkir. Adı müxtəlif maxinasiyalarda hallanan “Bank of Baku” ASC bu sayaq məsələlərin yaradıcılarındandır. Belə olmasaydı, kredit vermək kimi müstəsna hüquqa malik bu bank kredit buraxmazdan əvvəl müraciət edən şəxsin ödəniş imkanlarını yoxlayardı (Sonradan yoxlamağın nə mənası? Biləcəksiniz.). Fəqət “Bank of Baku”nun mərkəzi ofisindən qaynaqlanan direktiv və göstərişlər ancaq və ancaq nəticəyə hesablanır ki, bütün hallarda nəticə müştərinin maddi-mənəvi durumunun məhvinə aparıb çıxarır.

2. “Bank of Baku”nun leqal sələmyığanları kimlərdir?

Bu bankda “problemli kreditlərlə” bağlı xüsusi “şöbə” fəaliyyət göstərir. Deyilənlərə görə, şöbənin bəzi əməkdaşları kriminal dünyaya bağlı şəxslərdir. Onların başlıca vəzifəsi borclunun düşdüyü çətin vəziyyəti daha da ağırlaşdırmaqdan ibarətdir. Çətin duruma düşən müştəri sonda ya ölkədən qaçır, ya da borcuna adekvat olmayan hansısa əmlakını onlara təhvil verib canını qurtarır.

3. Sələmyığanlar Cəlilabadlı Mehdidən nə istəyirlər?

“Bank of Baku”nun toruna düşmüş bədbəxt insanlardan biri də Cəlilabad rayonunun Ocaqlı kəndində yaşayan Mehdiyev Mehdi Zülfüqar oğludur. Məsələnin absurdluğu isə ondadır ki, Mehdi Mehdiyevin bu bankla heç bir əlaqəsi olmayıb. Sadəcə, 2010-cu il mart ayının 3-də Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 26, mənzil 24-də qeydiyyatda olan Hüseynov Namiq Tahir oğluna (Rusiyaya qaçıb) məxsus VAZ 21074 markalı 10 UP 816 dövlət nömrə nişanlı minik avtomobilini, Bakı şəhəri, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, ev 131-də yaşayan Əhmədov Ramil Adil oğlundan (maşın alverçisidir) 5000 manat nəqdi pula satın alıb. Bu faktı Sumqayıt maşın bazarında Mehdiylə olmuş şəxslər, maşını ona satan Əhmədov Ramil Adil oğlu da təsdiq edirlər. Amma kor tutduğunu buraxmadığı kimi, “Bank of Baku”nun da Mehdinin yaxasını buraxmaq fikri yoxdur. Belə ki, “Bank of Baku”nun sələmyığanları banka 800 manat borcu olan Hüseynov Namiq Tahir oğlunu vətənindən didərgin salandan sonra, Xətai rayon məhkəməsindən bankın xeyrinə qətnamə çıxarılmasına müvəffəq olublar. Məhkəmənin 30 iyul 2010-cu il tarixli əmrindən dərhal sonra işə girişən bank sələmçiləri tələbi borclu Namiq Hüseynova deyil, Cəlilabad rayonunun Ocaqlı kəndində yaşayan Mehdiyev Mehdi Zülfüqar oğluna məxsus maşına yönəldiblər. Halbuki həmin maşının Namiq Hüseynovun kredit borcuna heç bir aidiyyatı yoxdur. Çünki 15 dekabr 2009-cu ildə “Bank of Baku” ASC ilə Hüseynov Namiq arasında istehlak krediti müqaviləsi bağlanıb ki, həmin müqavilənin şərtlərinə uyğun olaraq ona 32 faiz hesablanmaqla 12 ay müddətinə 820 manat məbləğində kredit verilib. Onu da nəzərə almaq lazımdır ki, 3 mart 2010-cu il tarixdə Mehdi Mehdiyev maşını alarkən maşının heç bir problemi olmayıb.

4. Mehdi prezidentə müraciət edib…

…Mehdi Mehdiyev Azərbaycan Respublikasının prezidendinə ünvanladığı şikayət ərizəsində yazır: “Adətən cinayəti sadə insanlar törədir. Cəzanı təyin edənsə dövlətin aidiyyatı qurumlarıdır. Vay o gündən ki, cinayəti cəza verən özü törədə və ya cinayəti törədənə yardım göstərə”. Haqlı iraddır. Heç bir araşdırma aparmadan, vəsadət və sübutlara məhəl qoymadan tələsik qərar qəbul edən hakimin hərəkəti cinayət olmasa belə, ən azından ağır hüquq pozuntusudur. Prezidentə ünvanlanmış şikayət ərizəsinin başqa bir yerində oxuyuruq: “…onsuz da ölkə vətəndaşlarının 70-80 faizi nəqd pulla aldıqları maşınları daha asan və əlavə xərcsiz başa gəlsin deyə, notarial qaydada təsdiq edilmiş “Etibarnamə”lərlə istifadə edirlər. Bunu Xətai rayon məhkəməsinin hakimləri Leyla Talıbova və İlqar Qaralov da bilməmiş deyillər. Bilib-bilməməkləri öz yerində, görəsən onların nə maraqları olub ki, Hüseynov Namiq Tahir oğlunun borcunu məhz mənim nəqd pula satın aldığım maşına yönəldiblər? Bildirirəm ki, Namiq adlı adamı tanımamışam. Qardaşım, cəhənnəm əmimoğlu, dayımoğlu da deyil ki, onun banka olan 800 manat borcunu mən ödəyim”. Mehdi Mehdiyevin ərizəsi ilə tanışlıq zamanı o da məlum oldu ki, onun Apellyasiya şikayəti hüququna da əngəllər yaradılır.

5. Mehdinin Prezident təqaüdçüsü olan anası prezidentin qəbuluna hazırlaşır…

…Mehdi Mehdiyev zəhmətkeş və qəhrəman bir ananın oğludur. Anası Mehdiyeva Gülxara Sosialist Əməyi Qəhrəmanı və Prezident təqaüdçüsüdür. Gülxara anayla söhbət zamanı dedi ki, “müxtəlif orqanlara müraciət edərək bildirmişəm ki, o maşını Mehdiyə mən almışam. Özü də qurbanı olduğum prezidentimizin təqaüdü sayəsində. Almışam ki, xalturadan-zaddan edib ailəsini saxlasın. Amma deyəsən, bu dələduzlar prezidentin verdiyi pulun sayəsində aldığım maşını əlimdən almayınca toxtamayacaqlar. Bir yolum qalıb, bu qoca vaxtımda geyinib-keçinib gedim prezidentimin qəbuluna”.

6. Məhkəmə əmrinin icrası Cəlilabad rayon məhkəmə icraçılarını çətin duruma salıb.

…Xətai rayon məhkəməsinin əmri ilə bağlı icra sənədləri hal-hazırda Cəlilabad rayon məhkəmə nəzarətçiləri və icraçıları bölməsindədir. Artıq maşın 3200 manata qiymətləndirilib və satışa çıxarılmaq üzrədir.Yəni bütün proseslər “Bank of Baku” ASC-nin nəzərdə tutduğu plana uyğundur və məntiqi sonluğa yaxınlaşır. Prosesin davamı isə belə olmalıdır: maşını satmağa müştəri tapılmayacaq və 5000 manatlıq maşın bankın sələmyığanlarına qalacaq. Deyilənlərə görə, onlar dəfələrlə bu üsuldan istifadə etməklə müxtəlif markalı maşınları, qızıl-ziynət əşyalarını, hətta dəm-dəstgahlı evləri ələ keçirməyə nail olublar. Bu istiqamətdə araşdırmalar davam etdiyindən, hələlik konkret faktlar və adlar sadalamırıq. Təkcə onu deyə bilərik ki, “Bank of Baku” ASC İdarə Heyətinin sədri F.Əlizadədir. Cənab sədr Mehdiyə unvanladıgı 26 iyul 2011-ci il tarixli məktubunda yazır: “…siz “Bank of Baku” ASC-nin müştərisi olmamısınız və bu səbəbdən cari tarixə bank qarşısında heç bir öhdəliyiniz yoxdur”. Xub, cənab sədr. Bəs onda sizin sələmyığanlar Mehdiyev Mehdi Zülfüqar oğlundan nə istəyirlər?

Yazının “Daban”ı:

…Vaxt ötdükcə Mehdinin və Gülxara ananın ümidləri sönür. Hələ ki onların dərdinə çarə tapan yoxdur. 10 UP 816 dövlət nömrə nişanlı avtomobilin ətrafındakı halqa daraldıqca “Bank of Baku” sələmyığanlarının dişləri daha bərkdən şaqqıldayır. Qurbanı parçalamağın həzzini yaşayır bu Allahsızlar. …Qulağıma qorxunc və vahiməli səslər gəlir:- Veselinnn!.. Kömək eləəə… Veselinnn!..

Deyəsən bədbəxt və köməksiz Mehdinin səsidir.

Hüsamə bin Sərxan

Xural” qəzeti,

İl: 9, sayı: 030 (438),07-13 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button