Mehman Əliyev Mətbuat Şurasından getdi!

Təsisçilər yolunu azmış qurumu tərk edirMətbuat Şurası dağılır!..

Mətbuat Şurasının təsisçilərindən olan «Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev MŞ-ı tərk edib. Məlumatı «XuralTAC» verən mənbənin sözlərinə görə, istefa bir müddət əvvəl baş versə də, Şuranın rəsmi yazışmalarında M.Əliyevin adı hələ də keçir. Hətta bu qurumun  legitimləşdirilməsi məqsədilə bu il iyulun 22-də dövlət başçısının Mətbuat Şurasının binasında görüşünə Mehman Əliyevi israrla dəvət ediblər. Lakin «Turan»ın baş direktoru MŞ-dan istefa verdiyini və bu qurumun tədbirində iştirak etməyəcəyini birmənalı olaraq bildirib.

Bundan başqa, MŞ-ın ilk təsisçilərindən olan Azər Həsrətin də Şuranın rəhbərliyi ilə kifayət qədər narazalıqlarının mövcud olduğu barədə bilgi verən mənbənin sözlərinə görə, Mətbuat Şurası dağılmaq ərəfəsindədir: «Yaxın günlərdə Azərbaycana qayıdacaq «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin də MŞ-dan istefa verəcəyi və Redaktorlar Birliyinin güclənməsi istiqamətində çalışmalar aparacağı gözlənilir».

Əlavə edək ki, bu yaxınlarda Mətbuat Şurasında Jurnalistlərin Beynəlxalq Həmrəylik günü münasibətilə keçirilən tədbirdə iştirak edən «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu çıxışında bir zamanlar qurub yaratdıqları bu qurumun faktiki olaraq profilinə uyğun fəaliyyət göstərmədiyini və belə davam edərsə, MŞ-dan imtina edəcəyini dilə gətirmişdi.

Məlumatı dəqiqləşdirmək üçün «Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevlə əlaqə saxladıq. M.Əliyev faktı təsdiqlədi və daha ciddi addımlar barədə müzakirələr apardığını söylədi.

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid isə atacağı addımlar barədə xəbər tutacağımızı bildirdi: «Mətbuat Şurası böyük yanlışlıqlara imza atır və faktiki olaraq hakimiyyətin əlində mətbuata qarşı təzyiq vasitəsinə çevrilib. Əlbəttə ki, müstəqil mətbuat bunun cavabını verəcək və cavabımız özünü çox gözlətməyəcək».

A.Həsrət isə bu qurumun ilk başdan yaradılışı zamanı qarşısına qoyduğu məqsədlərindən, profilindən imtina etdiyini və buna görə də problemlərin yarandığını XuralTAC-a təsdiqlədi.

 XuralTAC

 “Xural” qəzeti,

il 9, sayı: 038 (446), 21 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button