Mehman Hüseynov: “Fahişəxanalar bəs onun nüfuzuna xələl gətirmir?”-VİDEO

Facebook” sosial şəbəkəsindəki “Sancaq” səhifəsinin idarəedicisi Mehman Hüseynov noyabrın 3-də yenidən məhkəmə qarşısına çıxarılıb…

“Musa Musayev Nəsimi rayon Polis İdarəsinin rəisidir, deməli, bu rayona nəzarət edən birinci, ikinci adamdır. Məni ittiham edir ki, guya böhtan atmışam, onun işgüzar nüfuzuna zərbə vurmuşam. Nəsimi rayonu ərazisində rəsmi qaydada 15 fahişəxana fəaliyyət göstərir. Bunun qayğısına niyə qalmır? Bu, Musa Musayevin işgüzar nüfuzuna xələl gətirmir?”, – həbsdə olan bloqqer Mehman Hüseynov belə deyir.

Azadlig.org xəbərində bildirilir ki, bir müddət öncə Bakı Apellyasiya Məhkəməsi onun iki il həbsi haqda hökmü qüvvədə saxlasa da, sonradan Ali Məhkəmə həmin qərarı ləğv elədi. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb. Bu dəfə bloqqerin işinə Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Məhkəmədə M.Hüseynovun vəkilləri Fuad Ağayev, Fəxrəddin Mehdiyev və Şəhla Hümbətova onun məhkəmə zalındakı səskeçirməz şüşə kabinədən çıxarılıb müdafiəçilərinin yanında əyləşməsi, apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, sübutların araşdırılması və s.) baxılması, onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatətlər qaldırıblar.

Fəxrəddin Mehdiyev bildirib ki, vəkillər müdafiənin qurulması, müəyyən məsələlərlə bağlı Mehmanla məsləhətləşmək üçün onunla ünsiyyətdə olmalıdır. Lakin Mehman məhkəmə zalında bağlı bir kabinədə saxlanılır.

Şəhla Hümbətova yada salıb ki, Mehman haqda hökmün qüvvədə saxlanması qərarı ləğv olunub. Bu isə o deməkdir ki, onun haqqındakı hökm qüvvədə deyil. Başqa sözlə, M.Hüseynov hələ də təqsirsiz sayılır: “Bu gün Mehmanın heç bir təqsiri olmadığı halda, həbsdə saxlanmasının 9 ayı tamam olur”.

Fuad Ağayev də hüquqlarını müdafiə etdiyi şəxsin səskeçirməz şüşə kabinədə saxlanmasını pis rəftar kimi qiymətləndirib. Vəkil deyir ki, bloqqer ona verilmiş cəzanın üçdə birindən də çoxunu çəkib, onun vaxtından əvvəl azadlığa buraxılmaq hüququ yaranıb.

M.Hüseynovun həbsinin səbəbkarı olan polis rəisi Musa Musayevin nümayəndəsi Əlirza Həbilov apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılması və bloqqerin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatətlərə etiraz edib. Onun vəkillərinin yanında əyləşməsi məsələsinə isə fikir bildirməyib, məhkəmənin mülahizəsinə buraxıb.

Fuad Ağayev xüsusi ittihamçının nümayəndəsinə Ali Məhkəmənin qərarını xatırladıb:

“Qərarın altıncı səhifəsində yazılıb ki, Mehman Hüseynovla bağlı baş verən pozuntular onun işinə qismən də olsa, məhkəmə istintaqı aparılmaqla baxılmasını şərtləndirir”.

Qısa müşavirədən sonra hakimlər məhkəmə istintaqı ilə bağlı vəsatəti təmin edib, digərlərini isə yox.

Ardınca polis rəisinin vəkili danışıb. Ə.Həbilov deyib ki, M.Hüseynov müsahibəsində Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən oğurlandığını, idarədə işgəncələrə məruz qaldığını söyləməklə böhtan atıb, Musa Musayevin işgüzar nüfuzuna zərbə vurub: “Musa Musayev Nəsimi rayon Polis İdarəsinə rəhbərlik edir. Bu idarənin fəaliyyətində qanunsuzluqlar haqda məlumatlar onun işgüzar nüfuzuna xələl gətirir”.

Bloqqerin vəkili F.Ağayev bununla razılaşmayıb: “Polis rəisinin nə işgüzar nüfuzu? Biznesmendir ki?!”

F.Ağayev yanvarın 9-da şəhərin mərkəzində M.Hüseynovun mülki geyimli şəxslərin hücumuna məruz qalması, başına torba keçirilməsi, bir saat maşında başıaşağı vəziyyətdə gəzdirildikdən sonra Nəsimi Rayon Polis İdarəsinə aparılması, orada təhqirlərə, işgəncələrə məruz qalması haqda danışıb: “Əgər Mehmanın bu haqda dedikləri yalandırsa, “Təhlükəsiz şəhər” kameralarının, Mehmana hücum olan yerdəki bank, sığorta şirkəti, kafe və başqa obyektlərin kameralarının görüntülərini təqdim eləsinlər. Polis İdarəsinin qarşısındakı kamera görüntülərini ortaya qoysunlar, sübut eləsinlər ki, yalandır, Mehmanın başında torba olmayıb, əlləri qandallı olmayıb. Bizim o görüntülərə əlimiz çatmır. Ona görə də görüntülərin alınması haqda məhkəmədə vəsatət qaldırdıq. Amma təəssüf ki, məhkəmə vəsatətimizi təmin etmədi. “Təhlükəsiz şəhər” kameraları nə üçündür? Təkcə sürücülərin saatda 60 yox, 80 km sürətlə getdiyini müəyyənləşdirib cərimələmək üçün? Daxili İşlər orqanları öz sərəncamlarında olan görüntüləri ortaya qoymursa, deməli, bu, həqiqətin gizlədilməsinə xidmət edir”.

F.Ağayev deyir ki, M.Hüseynov heç bir sübut olmadan, Musa Musayev və onun arxasında dayananların bir ərizəsi ilə məhkum edilib.

F.Ağayev xüsusi ittiham qaydasında şikayət verərək, M.Hüseynovun həbsinə nail olan Musa Musayevin özünün məhkəmədə dindirilməsini istəyib: “Müdafiə tərəfi olaraq, biz xüsusi ittihamçını dindirə bilməmişik. O, məhkəməyə çağırılmalıdır”.

Ardınca M.Hüseynov özü ifadə verib. Deyib ki, M.Musayevi tanımır, heç vaxt onu görməyib, müsahibəsində də adını çəkməyib: “Bu adam iddia edir ki, mən onun işgüzar nüfuzuna zərbə vurmuşam. Adının qayğısına qalırsa, çox gözəl. O polis rəisi olaraq, Nəsimi rayonuna nəzarət edən birinci, ikinci adamdır. Bəs necə olur, Nəsimi rayonu ərazisində rəsmi qaydada 15 fahişəxana fəaliyyət göstərir, amma bu, onun nüfuzuna zərbə vurmur?”

Bu yerdə hakim M.Hüseynovun işin mahiyyəti üzrə danışmadığını əsas gətirib, ona protokol qaydasında xəbərdarlıq edib. Məhkəməni də yarımçıq saxlayıb.

Bloqqerin məhkəməsi noyabrın 10-da davam edəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button