Mehman Hüseynov: “Ya haqsızlığa son qoyulacaq, ya da ac və susuz qalaraq öləcəm”

Mehman Hüseynovun səhhəti çox kritik vəziyyətdədir. Hüseynov dekabrın 26-dan quru aclıq edir. Yemək yemir və su içmir. Üç gün ac və sussuz qaldığına görə səhhəti çox zəifləmişdi və çox pis idi. O, ayaq üstə dayana bilmirdi. Hər iki tərəfdən – sağdan və soldan qolundan tutub bizimlə görüşə gətirdilər. O qədər halsız idi ki, vəkillərlə görüş otağına daxil olan kimi yerə yıxıldı”. Bu barədə dekabrın 28-də 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan blogger Mehman Hüseynovla görüşündən sonra vəkil Şəhla Hümbətova “Turan”a müsahibəsində bildirib.

Vəkil deyib ki, müdafiəçiləri bloggerdən heç olmazsa su içməsini xahiş edib.

“O, bizim xahişimizi qəbul etmədi. Bəyanatı da belədir ki, ona qarşı haqsızlıq baş verir, böhtan atılır, olmayan hadisəyə görə cinayət işi açılıb. Dünən ona Cinayət Məcəlləsinin 317.2 maddəsi ilə ittiham elan olundu. Mehman ifadəsində bildirdi ki, heç bir hadisə baş verməyib, Əli Abdalovu vurmayıb. Ona heç yaxınlaşmayıb da, Əli Abdalov özü yerə yıxılaraq “məni vurdu” deyə qışqırıb”.

Vəkilin sözlərinə görə, Mehman Hüseynov ona qarşı baş verən haqsızlığa son qoyulanadək ac və susuz qalacağını bildirib.

Blogger vəkilləri vasitəsi bəyanatının yayılmasını da istəyib.

“O bildirir ki, hüquqları pozulur. Ona şər, böhtan atılır. Onu azadlığa buraxmamaq üçün təxribat törədiblər və bu məqsədlə yeni cinayət işi açılıb. Ona qarşı elan edilən ittiham 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Ona görə Mehman ombudsmana, ölkə prezidentinə, birinci vitse-prezidentə, baş prokurora ərizələr də yazıb. Sadəcə olaraq məlumat kimi bildirib ki, ona qarşı haqsızlıqlar baş verir. O yazır ki, o vaxta qədər ac və susuz qalacaq ki, ya buna son qoyulacaq, ya da öləcək,” vəkil “Turan”a müsahibəsində bildirib.

Penitensiar Xidmət hələ bloggerin aclıq etməsi və səhhəti ilə bağlı məlumat yaymayıb.

“Aclıq edən şəxs digət məhbuslardan təcrid olunur, həkim nəzarətinə verilir. Eyni zamanda qidanın qəbulundan imtina etmiş şəxs gərək qərarını əsaslandırsın. Əgər Mehmanla bağlı belə hal varsa qanuni tədbirlər görüləcək”, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov dekabrın 28-də “Amerikanın Səsi”nə bildirib.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.

Ancaq hakimiyyət rəsmiləri Azərbaycanda jurnalist və bloggerlərin peşə fəaliyyəti ilə bağlı həbs edilmədiyini bildirir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button