Mehman Hüseynovu qorumaq demək…

Rüfət Əhmədzadə

 

Mehman Hüseynov bir blogger və jurnalist kimi öz fəaliyyəti ilə Azərbaycan insanının, yəni səsləri batırılmış çoxluğun problemlərini, eləcə də istəklərini dilə gətirməklə öz jurnalist prinsiplərinə daim sadiq olan bir şəxs kimi tanınır.

Bu gün heç şübhəsizdir ki, Mehmana qarşı olan kobud hüquq pozuntuları, həmçinin onun problemlərini işıqlandırdığı çoxluğun hüquqlarının pozulması kimi də qiymətləndirilə bilər.

Bugünlərdə Dünya Azərbaycanlılarının Həmrəliyi kimi qeyd edilən gündən çox yox bir neçə gün keçməsinə rəğmən, cəmiyyət olaraq bizim Mehmanın hüquqlarını müdafiə etməyi bacarmamağımız lazimi səviyyədə bizlərin ən böyük uğursuzluğudur.

Cəmiyyətin özünü intellektual sayan kəsimi, siyasətçiləri bu mənada onların üzərinə düşən missiyanı yerinə yetirməlidirlər.

İstənilən Azərbaycan insanının hüquqlarını qorumaq siyasi partiya liderlərindən tutmuş sıravi üzvlərə qədər hər kəsin mənəvi borcudur və bunu bizlərə mənəvi kompasımız istiqamətləndirir. Siyasət təkcə bəyanat və ya brifinqlər demək deyil. Siyasət universal dəyərlərin daşıyıcısı olan ideya və prinsiplərinə güclü bağlanan siyasətçilərdən real iş görməyi tələb edir.

Əgər bizlər Mehman kimi rejimin apardığı və xalqın maraqlarına cavab verməyən avtoritar idarəçilik sisteminə qarşı həqiqətlərin və ədalətin carçısı olan insanların hüquqlarını bir cəmiyyət olaraq qoruya bilmiriksə, bu, bizim bir cəmiyyət kimi formlaşmadığımıza işarədir. Əliyev rejimi Mehmanın timsalında bütün azərbaycanlılara ismarıc yollamaq istəyir ki, bunların hakimiyyətinin apardığı siyasətlə razılaşmayan və xalqın mövqeyini müdafiə edən hər bir kəsə qarşı bu cür qanunsuz hərəkətlər edə bilər – hec bir nəticə doğurmadan.

Bizlər isə Mehmanın müdafiəsi üçün real işlər görərək dayanmadan rejimə güclü əks ismarıc yollamaq məcburiyyətindəyik ki, artıq Azərbaycan xalqı öz hüquqlarının qorunması üçün kifayət qədər yetkindir və istənilən hüquq pozuntuları Əliyev rejimi tərəfindən nəticəsiz qalmayacaq.

Universal dəyərlər olan insan haqları toxunulmaz haqlardır və buna digər bir deyimlə dövlətin əllərinin müdaxilə etməməli olduğu hüquqlar da deyilir. Yəni dövlət insan haqlarını pozmaqla deyil, onu qorumaqla öz legitimliyini vətəndaşlarına isbatlamağa borcludur. Təəssüflər olsun ki, Azərbaycanda insan hüquqlarının vətəndaşların konstitusion hüquq və azadlıqlarının pozulması bir ənənə halına gəlmişdir. Artıq bunlara son qoymaq üçün bizlərin təşkiltlanaraq real işlər görməyimizin zamanıdır. Məşhur Amerikan generalı McArthurun deyimi ilə “Qələbə üçün əvəzlənmə yoxdur.”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button