Mehman Hüseynovun Avropa Məhkəməsinə 3-cü şikayəti

14 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanan bloqqer Mehman Hüseynovun həbs olunmazdan əvvəl ölkədən çıxışına 3 ildən artıq yasaq qoyulmasından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərilib.

Bu haqda  jurnalistin vəkili Zübeydə Sadıqova məlumat verib.

Vəkilin bildirdiyinə görə, sözügedən işdə yerli məhkəmələr M.Hüseynovun şikayətini qanuni araşdırmayıblar.

“Həbsindən bir neçə il əvvəl heç bir qanuni əsas olmadan M.Hüseynovun ölkədən çıxışına “stop” qoyulub. “Stop”un qaldırılması üçün ölkə daxilində bütün hüquqi vasitələrdən istifadə etmişdik. Ancaq yerli məhkəmələr bu qanunsuz qadağanın ləğv olunması ilə bağlı qərar vermədi”, – vəkil bildirib.

Müdafiə tərəfinin qənaətincə, bloqqerin ölkədən çıxışına qadağa qoyulması onun tənqidçi məzmunlu peşə fəaliyyəti ilə bağlı olub.

Vəkillərinin Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdikləri şikayətdə vurğulanır ki, yerli qurumlar, məhkəmələr M.Hüseynova münasibətdə Avropa Konvensiyasının 4 saylı protokolunun 3-ci maddəsini (Hərəkət etmək azadlığı hüququ) pozublar.

Bundan başqa, şikayətdə bildirilir ki, ölkə daxilində Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 10-cu (ifadə azadlığı) və 18-ci maddəsinin (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) də pozuntusuna yol verilib.

Avropa İnsan Hüquqları Məhkəməsindən qeyd olunan hüquqların pozuntusunun tanınması, buna görə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarılması istənilir.

Bu, Mehman Hüseynovun Avropa Məhkəməsinə sayca üçüncü şikayətidir.

Bundan əvvəl bloqqerin həbsindən öncə inzibati qaydada cərimə edilməsi və işgəncə ilə üzləşməsi iddiası ilə bağlı şikayətlər artıq Avropa İnsan Haqları Məhkəməsində icraata qəbul edilib.

M.Hüseynovun sözügedən işlərlə bağlı şikayətlərini yerli və Böyük Britaniyadan olan vəkilləri hazırlayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button