Mehman Hüseynovun həbsi çıxış yolu deyil

    Ah, dövrlər! Ah, əxlaqlar! Siseron

Məşhur “Sancaq” saytının sahibi və aparıcısı Mehman Hüseynov martın 3-də Nəsimi Rayon polis idarəsinin rəisi Musa Musayevin şikayəti əsasında 147-ci maddə (ağır cinayət törətmək barədə böhtan) ilə iki il müddətinə azadlıqdan məhrum edilib. Qanunvericiliyin pozulması ilə keçirilən məhkəmə Hüseynovun yanvarın 9-da günün günorta çağı onu oğurlayan polisin şöbədə ona işgəncə verməsi barədə bəyanatını böhtan hesab edib.

Bu, polisdə işgəncələrin təkzib olunması barədə ərizə üzrə ilk belə qərar idi. Bundan əvvəl, uzun illər boyunca vətəndaşların işgəncələr, xüsusən məhkəmə proseslərində işgəncələr haqqında çoxsaylı bəyanatları olub, amma buna görə heç kim məsuliyyətə cəlb olunmayıb.

Beləliklə, Hüseynovun işgəncə haqqında böhtan atmaq ittihamı ilə həbsi martın 3-nə qədər olan dövr üçün istisna oldu, bundan sonra bu, artıq təcrübəyə çevriləcək.

Bu istisnanı nəzərə alaraq, cəmiyyətdə daha çox Mehman Hüseynovun həbsindən əvvəlki günlərdə atdığı addımların yuxarılarda meydan oxuma kimi qarşılandığı, ona cavabın klassik mənada qəti olduğu barədə təsəvvür formalaşıb.

Həbs qərarı üçün kasanı daşıran son damla, əsasən, yoldan keçən kişi cinsinin nümayəndələri arasında, şirkətləri varsa, öz həyat yoldaşlarını orada müavin təyin etmələrinin mümkünlüyü barədə keçirilən video-sorğu olub. Bu, bir növ birinci ledi Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsinə antrepriz idi. Prinsipcə, bu, təmkinli, təhqirdən uzaq və inkişaf etmiş cəmiyyət üçün zərərsiz jurnalist üsulu idi. Amma birinci şəxslərin şərəf və ləyaqətlərinin müdafiəsinin hədsiz, amma tamamilə aydın olan kəskin dərk edilməsini nəzərə alsaq, məsələn, “Xural” qəzetinin redaktoru Əvəz Zeynallının işində olduğu kimi, prezidentin ətrafındakı əxlaq keşikçilərinin bu mövzunu şişirtdiklərini və sanki, Hüseynovun zərərsizləşdirilməsi üzrə nəticə əldə etdiklərini ehtimal etmək olar. Bunu arzu edən, villaları blogerin görüş sahəsinə düşənlər isə həddindən artıq çox idi. Həm də məlumdur ki, yüksək dairələrdə bəzi şəxslər Hüseynovun “Sancaq”ından hakimiyyətdaxili mübarizədə istifadə etməyə çalışsalar da, bu, nəticəsiz olub.

Bloger həbsinin xüsusi səylər sayəsində mümkün olduğunu bir fakt da göstərir ki, fevralın 10-da polisin ərizəsi üzrə başlayan məhkəmə təxirə salınıb və iddiaçı iştirak etmədiyinə görə fevralın 27-də ümumiyyətlə baş tutmayıb. Bundan başqa, bu həbs, demək olar ki, bloq sahəsinə fevralın ilk günlərində başlayan və birinci vitse-prezidentin təyin edildiyi gündən bir gün əvvəl və sonrakı on gündə xüsusilə güclənən təzyiqin kulminasiya nöqtəsi oldu. Bundan belə bir nəticəyə gəlmək olar ki, təyinatın kəskin tənqidinin minimuma endirilməsi planının müəllifləri çoxdan sınanmış hakimiyyət əleyhdarlarının profilaktik olaraq təcrid olunması

metodunu işə salıblar. Prinsipcə, bu yanaşma işləyib, sosial şəbəkədə daxili özünüsenzuranı gücləndirib, hələ mətbuatı demirik. Amma qeyd etmək lazımdır ki, yalnız müəyyən dərəcədə.

Amma bu siyasət Mehriban Əliyevanı, indi dövlət əhəmiyyətli ikinci şəxs səviyyəsində olduğu halda, kəskin tənqiddən qoruyacaqmı? Baxmayaraq ki, bu, heç də ən böyük problem deyil. Ən çox xoşagəlməz irad və mesajlar problemli görünür, onların mənfi imic nəticələri ola bilər. Azərbaycanın informasiya məkanı, təəssüf ki, etik standartlar nöqteyi-nəzərdən çoxdan bərbad vəziyyətdədir, əsasən onun üçün yaxşı olan keçmiş televiziya və qəzetlərin qüdrətli olduğu dövrlərdə opponentlərinə qarşı qara piar və kampaniya təşkil edən hazırki rejimin siyasəti sayəsində. Hakimiyyətin rəqibləri də siyasi cəhətdən düzgün deyildilər, amma informasiya resurslarının məhdud olması ilə əlaqədar auditoriyaya təsirləri xeyli az idi.

Bu gün, təsir gücünə görə TV və çap nəşriyyatını ötüb keçən internetin sürətlə inkişaf etdiyi dövrdə tərəflərin nisbəti bərabərləşir və bu siyasət davam edərsə, dəyərlərin, imiclərin tamamilə məhvinə – bu yüzilliyin əvvəllərində də təsəvvür etmədiyimiz kimi, bu gün təsəvvür belə edə bilmədiyimiz nəticələrə aparıb çıxarar. Bunu on il əvvəlki məlumatlar sübut edir. 2007-2009-cu illərdə bir qrup jurnalist təşkilatı, daha sonra çox qısa müddət ərzində Mətbuat Şurası KİV-in peşə-etika normalarına riayət etməsi mövzusunda monitorinq aparıb. Məqsədlər arasında böhtan və təhqirin minimuma endirilməsi də var idi. Beləliklə, həmin vaxt KİV-in peşə-etika məcəlləsinin pozuntularının cəmi 11,7%-i böhtan və təhqirin payına düşüb, qalan pozuntular həqiqəti işıqlandırma və məlumat mənbələrinə hörmət prinsiplərinin payına düşüb. Həmçinin, qeyd etmək lazımdır ki, pozuntuların böyük hissəsi hökumət və hökumətyönlü KİV-in payına düşüb. Bu gün belə bir araşdırma yoxdur, amma adi nəzər saldıqda görünür ki, etikanın ən çirkin şəkildə pozulması geniş vüsət alıb, xüsusən formal da olsa etik prinsiplərə riayət etmək tələbinə məruz qalmayan istifadəçilərin özünü ifadə etdiyi sosial şəbəkələrdə.

Klassik müstəqil jurnalistika məktəbinin nümayəndələri keçmişdə ardıcıl olaraq hakimiyyətə xəbərdarlıq edir və bu məhvedici siyasətdən imtina etməyə çağırırdılar. Amma qondarma milli piar strateqləri bu siyasətin nəticələrini görmək istəmirdilər, əxlaq səviyyələri və dünyagörüşləri buna imkan da vermirdi.

Mehman Hüseynovun həbsi müəyyən mövzuların və şəxslərin tənqiddən qorunması probleminin həlli deyil. Çıxış yolu başqa – müstəsna tənqid hüququndan imtinadır. Azərbaycan informasiya məkanının ən azından hansısa əxlaq çərçivələrinə qayıtması isə həddindən artıq çətin görünür. Bu, hamı üçün mürəkkəb, amma alternativsiz yoldur.

Turan Analitika Xidməti

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button