Mehriban Əliyeva gəncəli şəhid qardaşının müraciətinə müsbət cavab verdi – Xərcləri H.Əliyev Fondu öz öhdəsinə götürdü!

Xural.com-a Gəncədən məlumat daxil olub. Məlumatda deyilir ki, 2018-ci ilin iyul hadisələrində Gəncə şəhərində şəhid olan polis polkovnik-leytenantı Səməd Abbasovun ailəsinin problemləri ortadan qaldırılıb.

Dünən 2018-ci ildə Gəncə şəhərində baş vermiş iyul hadisələri zamanı şəhid olmuş polis polkovnik-leytenantı Səməd Abbasovun ailəsinin ciddi problemlə qarşılaşdığı xəbərini vermişdik. Xural.com-un əldə etdiyi məlumatlara görə, Səməd Abbasovun himayəsində olmuş qardaşı, uzun müddətdir epilepsiyadan və ağır şəkər xəstəliyindən əziyyət çəkən Məzahir Abbasovun səhhəti yenidən ağırlaşmış və o, xəstəxanaya qaldırılmışdı.

Qardaşı şəhid olduqdan sonra çəkdiyi iztirablar səbəbindən gözləri tutulan Məzahir Abbasov qeyri-müəyyən şəraitdə yıxılaraq ağır xəsarətlər alıb, ona omba sümüyünün sınığı diaqnozu qoyulub. Ailənin digər üzvləri maddi imkanları daxilində onu müalicə etdirsələr də, sağlıq durumu hər ötən gün daha da ağırlaşmış, hələ qardaşının sağlığında şəkər xəstəliyi səbəbindən ayaq barmaqları amputasiya olunmuş M.Abbasovun müalicəsi üçün əlavə vəsait tələb olunurdu ki, bu da ailənin imkanları xaricində idi. Bu səbəbdən də, ailənin aidiyyəti qurumların köməyinə ehtiyacı vardı.

Şəhid polkovnikin ailəsi ciddi problemlə üzləşib
Məzahir Abbasov

Ailəsindən Xural.com-a bildiriblər ki, Məzahir Abbasovun vəziyyəti haqqında KİV-də gedən informasiyalardan sonra şəhid polkovnikin ailəsi ilə Heydər Əliyev Fondundan əlaqə saxlanılmış, bütün xərclər və digər məsrəflər Heydər Əliyev Fondu tərəfindən üstlənilmiş və ödənilmişdir. Xatırladaq ki, Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyeva şəhid ailələrinin problemlərini daima diqqətdə saxlayır. Bu diqqət indi M.Abbasovun ailəsindən də yan keçmədi və ailə fərdləri bunun üçün öz təşəkkür və minnətdarlıqlarını bildirirlər.

Bizə verilən son məlumata görə, Məzahir Abbasov əməliyyatdan çıxıb. Durumu hələ də stabilləşməyib. Oxucularımıza əlavə məlumat verəcəyik.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button