“Mehriban Əliyeva İspaniyaya getsin…”-TƏKLİF

Köşə kimi status…
Əli Əliyev: “Prezident və ya Birinci vitse-prezident vasitəçilik üçün İspaniyaya getsə…”
 
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev özünün Facebook səhifəsində Azərbaycanın siyasi rəhbərliyinin (Prezident və ya Birinci vitse-prezident) sepratizmdən əziyyət çəkən İspaniyaya səfər etmələri üçün ən münasib vaxt olduğunu yazıb. Xural.com Əli Əliyevin statusunu olduğu kimi təqdim edir:

“Bir qədər əvvəl hakimiyyətə Qarabağ mövzusunda bir təklif vermişdim. Onu da qeyd edim ki, torpaq və düşmənə qarşı üstünlük məsələsi mənim müxalifətçiliyimin hədəf tezislərinə daxil deyil. Təklif, İspaniya və AB-nin Kataloniya problemindən Qarabağ müşkülümüzün aktuallaşdırılması üçün düzgün istifadə edilməsindən ibarət idi.

Təklifimin sonunda müəllifliyimi dilə gətirməyəcəyimi demişdim, sözümə sahibəm. Sağ olsunlar, Brüsseldə bir tədbir düzənlədilər. Mövzunun tam da olmasa, Avropa gündəliyinə gəlməsi üçün enerji və vəsait məsrəf edildi. Bunu yalnız alqışlamaq lazımdır.
Fikrimcə, dayanmaq olmaz. Baş tutmuş Brüssel tədbiri, görülməsi mümkün olan işlərin bir hissəsidir. Keçən təklifimdə Azərbaycanın dövlət rəsmilərinin birinin ən yüksək səviyyədə İspaniya siyasi rəhbərliyinə Madridlə Barselona arasında vasitəçiliyə təşəbbüs etməsi idi. Tədbirin Brüsseldə keçirilməsi də uğurlu olub. Niyə, söyləyəcəyəm. Separatçıların rəhbəri Puçdemon Brüsseli tərk edə bilməz.
İndi isə əsas məsələ. Təklif edirəm ki, Azərbaycan dövlətinin müvafiq qurumu (XİN) Azərbaycan siyasi rəhbərliyinin İspaniya krallığına rəsmi, yaxud işgüzar səfərini hazırlasın.
Ya Prezident, lap yaxşı olar ki, Birinci vitse-Prezident İspaniyaya səfər edib, Baş nazir Mariano Rahoya digər protokol tədbirləri görməklə yanaşı, vasitəçilik təklifi versin. Vasitəçilik məkanı Brüssel də ola bilər. Bizə lazımdır ki, separatizmdən əziyyət çəkən dövlət kimi təcrübə mübadiləsi imkanımızın varlığını ispanların boynuna qoyaq.
Belə təklifin yalnız rəsmi səviyyədə səsləndirilməsi artıq hadisə olacaq. Əgər bu vasitəçiliyə nail ola bilsək, dünya Qarabağ probleminin analogiyada nədən ibarət olduğunu görə biləcək.
Nəyə görə Birinci vitse-Prezident daha uğurlu variantdır:
– Mariano Rahoyun ölkəsindəki statusu ikincidir. Bizim də konstitusion ikincimiz vəziyyəti bərabərləşdirər;
– Bizim ikinci şəxsimiz qadındır. Bu gender məsələsi olsa da, yumşaqlıq, sülhpərvərlik, Analıq missiyası kimi təqdim edilə bilər;
– Mehriban Əliyevanın müharibə sahəsində heç bir kəskin bəyanatı, sərt mövqeyi olmayıb. Danışıqlar və vasitəçilik üçün Qarabağ probleminin həlli yolunda mühüm keyfiyyət, siyasi-bioqrafik statusdur:
– Bu səfər həm də ilk rəsmi səfər statusunda Azərbaycan cəmiyyəti üçün lazımdır ki, Qarabağ məsələsi həm iqtidar, həm də müxalifət üçün birinci dərəcəli məsələ olduğu nümayiş etdirilsin.

Fikrimcə, Qarabağ məsələsi bizim ixtilaf mövzumuz olmamalıdır. Hakimiyyət bunu başa düşmürsə, biz müxalifət olaraq, mövqeyimizi cəmiyyətə göstərməliyik. Əvvəldə olduğu kimi, bu dəfə də müəlliflik hüququmdan imtina edirəm, təki haylara güc gəlməyimiz üçün faydalı olsun.
Müsbət qərar versələr, desinlər ki, heç kəs deməyib, özümüz bilirdik. “Azərbaycanda məgər müxalifət var ki, onlar siyasi təklif versinlər? Olan müxalifət də ünsürdür”- deyərlər.
Həm də ona görə təklif verirəm ki, sonradan “Müxalifət heç bir təklif vermir” deməsin hörmətli Siyavuş Novruzov. Ən vacibi isə bu təkliflər düşmənə güc gəlməyimiz üçün verilir tərəfimdən. Rəqabətimiz yerindədir.
Xarici təhlükə hamımızadır.
Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button