Mehriban Əliyeva «Az-Granata»nın təməlini şəxsən özü qoyub

«Gilan Holdinq»in «Vita-1000» dərdi

Kəmaləddin Heydərov şirə bazarından çıxarıldı?!

Bir müddət öncə dükan və mağazaların piştaxtalarında peyda olan və ciddi reklamla məşhurlaşan «Vita-1000» şirələri ilə bağlı ilginc məlumat almışıq. Bildirilir ki, Ağsuda istehsalına başlanılan bu şirələr birbaşa Paşayevlərin nəzarəti altındadır. Şirə biznes monopoliyasının «Gilan Holdinq»ə verildiyini və bu sahə ilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun şirkətinin məşğul olduğunu nəzərə aldıqda, istər-istəməz «əl dəyişimi» haqda rəy yaranır. Azərbaycan reallığında «əl dəyişiminin» «vurulmanın» başlanğıcı kimi dəyərləndirilməsi isə ciddi hadisələrin baş verdiyi fikrini formalaşdırır.

Mənbənin məlumatına görə, bu prosesdə «əl dəyişimindən» deyil, konkret monopoliyanın əldən alınmasından söhbət gedə bilər. Çünki «Vita-1000» Bakı Jalə Suları zavodunun bazasında yaradılmayıb və hazırda hər iki istehsal məhsulu  paralel olaraq bazara çıxarılır.

Xəbərin səhihliyini müəyyənləşdirmək üçün «Vita-1000» şirələri ilə maraqlandıq. Öyrəndik ki, bu şirəni istehsal edən «Az-Granata» MMC zavodunun təməli 2009-cu il oktyabrın 29-da qoyulub. Məhz həmin gün Ağsuya səfər edən prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva «Az-Granata» zavodunun təməlqoyma mərasimində iştirak ediblər. Mehriban xanım Əliyevanın «Az-Granata»nın təməlqoymasında təsadüfən iştirak etmədiyini ehtimal etmək üçünsə kifayət qədər əsas var. Birincisi, Heydər Əliyev Fondunun rəhbəri çox nadir hallarda təməlqoyma mərasimlərində iştirak edir və bunlar təsadüfən baş vermir. İkincisi, şirə biznesinin ölkənin ən iri oliqarxlarından olan Kəmaləddin Heydərovun nəzarətində olduğunu nəzərə alıb, «Az-Granata»nın mümkün təzyiqlərdən qorumaq üçün bu addım atılır.

«Jalə» Avropa bazarlarından niyə yığışdırıldı?

Məlumata görə, getdikcə ölkə iqtisadiyyatında əsas rıçaqları ələ keçirən Paşayevlərin şirə biznesinə girməsinə Heydərov komandasının yanlış biznes kursu şans yaradıb. Belə ki, ölkə prezidenti gen-bol imkan tanıdığı bu cür şirkətlərin dünya bazarına çıxmasında və Azərbaycanın yalnız neft ixrac edən ölkə imicinin dəyişməsində maraqlıdır. Görünür, Azərbaycanın ixrac etdiyi məhsulların 93 faizdən artığının neft və neft məhsullarını əhatə etməsi ölkədə azad rəqabətin olmaması və qeyri-neft sektorunun yerində sayması barədə beynəlxalq rəyi gücləndirir ki, bu rəyi də ölkə başçısı dəyişmək və reformator kimi tanınmaqda maraqlıdır. Belə məqamda «Jalə» şirələrinin keyfiyyət standartlarına cavab verməməsi və Avropa bazarlarından çıxarılması isə Paşayevlərə bu sahəyə nəzarəti ələ almaq imkanı qazandırıb.

Xatırladaq ki, «Jalə»nin istehsalından və ixracına başlanmasından az sonra bu şirənin aşağı keyfiyyətə görə, Avropa bazarlarından yığışdırılması barədə məlumat kütləvi informasiya vasitələrinə yol açmışdı. Qeyd olunmuşdu ki, «Jalə» şirələri Avropanın bir sıra ölkələrindən, konkret olaraq İsveçrənin 5 məşhur sepurmarketindən məhz aşağı keyfiyyətdə olması səbəbindən yığışdırılıb. Məlumatın «Gilan Holdinq» şirkətlər qrupuna daxil olan “Gilan” Qəbələ Konserv zavodu tərəfindən təkzib edilməməsi və «Vita-1000»in qısa müddətdə və sürətlə dövriyyəyə girməsi istər-istəməz xəbərin səhihlik ehtimalını gücləndirir.

«Jalə»nin reklamı da zəifləyib

 Daha bir fakt: «Vita-1000» şirələrinin reklamıyla paralel olaraq «Jalə»nin təbliğatının səngiməsi də birincinin arxasında güclü əlin dayandığını təsdiqləyən faktdır. Həmçinin etiraf etmək lazımdır ki, «Vita-1000» aşağı-yuxarı 10 gün əvvəl satışa çıxarılsa da, artıq alıcı rəğbətini qazanıb: həm keyfiyyət baxımından rəqibindən qat-qat üstünlüyü, həm də «Az-Granata»nın qiymət siyasəti (topdansatışda «Jalə» 88 qəpik, «Vita-1000» isə 86 qəpik, pərakəndə satış qiymətləri isə eynidir və sahibkarlar da təbii olaraq, daha çox qazanmaq üçün ikinciyə üstünlük verirlər) «Vita-1000»ə «Jalə»ni qısa müddətdə bazardan sıxışdırmaq imkanı tanıyıb. Nəzərə alsaq ki, «Jalə»nin bazara girməsi üçün xaricdən gətirilən şirələrə xüsusi idxal rüsumu tətbiq olunmaqla onların sərbəst rəqabətə davamlılığına suni maneələr yaradılırdı və şadlıq evlərinə məhz «Jalə» şirələrindən istifadə tapşırığı verilirdi, onda «Vita-1000»ə yaradılan bu şəraitin daha yuxarı instansiyadan idarə olunması göz qabağındadır.

 Ziya Məmmədov Kəmaləddin Heydərovun kadrı ilə işləyir?!

 Daha ilginc məlumat isə budur ki, Paşayevlər şirə biznesinə nəzarət missiyasını Nəqliyyat naziri Ziya Məmmədova həvalə ediblər. Z.Məmmədov isə vaxtilə «Jalə» Şirə zavodunda çalışmış şəxsi «Vita-1000» şirələrinin istehsalına cəlb edib. Bu gediş «Vita-1000»in keyfiyyətinə müsbət mənada təsir etsə də, qarşı tərəfin hiddəti ilə müşayiət olunub. K.Heydərov şirə biznesinin əlindən alınması haqda hər hansı etiraz bildirməyə cəsarət etməsə də, Z.Məmmədovun məhz onun kadrını əlindən almasını hörmətsizlik kimi dəyərləndirib. Jalə Suları zavodunun son vaxtlar müxtəlif ad dəyişimi ilə bazarı qaytarmağa yönələn çalışmalarında məqsəd də qarşı tərəfdən rəqabəti udmaqla əvəz çıxmağa hesablanmış addımlardır. Ancaq hələlik bu çalışmaların uğursuzluğa məruz qaldığını istehlakçı olaraq hamımız müşahidə etmək imkanındayıq.

Tərəflərin münasibətini verməyə hazırıq.

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 038 (446), 21 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button