Mehriban Vəzir Sabit Bağırova məktub yazdı

Hörmətli Sabit bəy,
məlum olduğu kimi son günlərin hadisələri – göndərilən 2 müraciət Koalisiyada daha yeni bir situasiya üzə çıxardı. Bunu qiymətləndirmədən keçinmək olmaz.
Əslində, bu müraciətlər elə də zidd xarakter daşımırdı. Sadəcə, tərəflərin biri stakanın dolu tərəfindən, digəri isə boş tərəfindən bəhs edirdi. Səmimiyyət olsaydı uzlaşdırma mümkün idi.
Müraciətdən sonra 90 nəfərə, eləcə də ayrılıqda fərdlərə qarşı başlanan təhqir, böhtan, gözdənsalma kampaniyası günlərdir sosial şəbəkələrin gündəmini zəbt edib.
İctimaiyyətə elə təqdim edilib ki, Azərbaycana, Əliyev rejiminə böyük sanksiya tətbiq ediləcəkdi, 90 nəfər bir araya gəlib bunun qarşısını aldı və İqtidarı müdafiə edən bəyanat yaydı. Bu yalanı əvvəlcə uydurdular, sonra tərəfdarlarını körüklədilər.
Koalisiya Şurasının fb qoçuları olmazın tərbiyəsizlik nümayiş etdirdilər. Vəziyyəti təhrif edib 94 nəfəri hər cür ifadələrlə təhqir etdilər.
Bu, bir daha isbat etdi ki, Koalisiyanın Şurası siyasi çevrələrin əlindədir və onlar öz məlum təcrübələri ilə, məlum əmrləri ilə, aşırı gücləri ilə rəqiblərinə qarşı kütləvi lincetmə tətbiq etməyə belə qadirdirlər.
Bu, eyni ilə son ÜY-da həyata keçirilən seçki üsuli idi, aşırı gücdən, siyasi çevrələrin və hərəkatların imkanlarından istifadə idi.
Bizim o vaxtkı etirazımız məhz bu günün fəsadlarını, zorakılığını, qeyri-bərabər imkanlarını görməkdən doğurdu.
Rejimi polis gücünə, zorakılıqla idarə etməkdə qinayan (mən də qınayıram!), fəalların cibinə narkotik atıb tutdurmaqda ittiham edən (mən də belə düşünürən!) bu insanlar eyni hərəkətləri, eyni zorakılığı, eyni bohtanı onlarla həmfikir olmayan Koalisiyadakı həmkarlarına yağdırdılar. Günlərlə fb şəbəkəsində terror əsdirdilər, insanların evlərinə soxuldular, ailələrini təhqir etdilər, bu təhqirləri, böhtanları onların ailə üzvlərinə, qohumlarına, dostlarına oxutdurdular.
Bir daha təkrar edirəm; Şuranın məlum 50+1 qrupu Koalisiyanın 90 nəfər üzvünə mənəvi terror etdi. Halbuki biz, sadəcə, fərqli fikirlər daşıyırdıq. Biz vətəndaş cəmiyyətinin taleyini düşünürdük. Əlbəttə, yanaşmamız ideal olmaya bilər.
Bu fərqli baxışlarımıza görə qəzetlərdə iftira və böhtanlar yazdırdılar. QHT Şurasının 1 həftə öncə verdiyi qərarı bu müraciətlə bağladılar.
Koalisiyanın 90 nəfər üzvünü, ömrü hər cür əzab-əziyyətdə keçən fədakar insanı, Allahsızca, satılmaqda ittiham etdilər.
Təkrar edirəm bu rejimin etdiyi bütün eybəcərlikləri, qəddarlıqları, insafsızlıqları, haqsızlıqları öz tərəfdarları ( yəni `polisləri`) vasitəsi ilə 3-4 günün içində Koalisiyanın 90 nəfər üzvünə tətbiq etdilər.
Mənzərənin geniş təsvirinə ehtiyac yoxdur. Hər kəs hər şeyi gördü.
Hörmətli Sabit bəy,
Koalisiyanın islahat sənədləri hazırlayan aparıcı üzvü və məsuliyyət sahibi olaraq sizdən xahiş edirəm; vəziyyətin dözülməzliyini bir daha diqqətə alın.
Yaxud bəyan edin ki, islahat olmayacaq, biz də işimzi bilək və Koalisiyanı tərk edək.
Gördüyünüz kimi region QHT-ləri artıq Koalisiyadakı bu polis rejiminə dözə bilməyib qurumu tərk etməkdədirlər. Eynilə, Azərbaycanda yaşamaqdan imtina edən, başını götürüb qaçan vətəndaşlarımız kimi biz də Koalisiyadakı bu zorakılıqdan başımızı götürüb qaçaq.
Bu rəzalət davam edə bilməz.
Söz sizindir.

Hörmətlərimlə, Mehriban Vəzir

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button