Meriyadan 3 may mitinqi ilə bağlı qərar

Әli Kərimli: “Heç nəyə nail ola bilməyəcəklər, mitinqlərimiz davam edəcək”

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mayın 3-nə təyin etdiyi mitinqlə bağlı müraciətə mənfi cavab verib. Bu barədə azadliq.info-ya Milli Şuranın Mitinq Komitəsinin rəhbəri Fuad Qəhrəmanlı məlumat verib.
BŞİH-in cavabında bildirilir ki, mayın 3-də başqa kütləvi tədbir nəzərdə tutulur. Bu səbəbdən Milli Şuraya mitinqini mayın 2-də keçirmək təklif olunur.
F.Qəhrəmanlı deyib ki, yaranmış vəziyyət Milli Şura və AXCP rəhbərliyində müzakirə olunacaq və müvafiq qərar veriləcək.

Milli Şura Bakı meriyasını məhkəməyə verəcək
Milli Şura mayın Bakı Şəhər İcra Hakimiyyətinin mitinqə razılıq verməməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) “Sərbəst toplaşmaq haqqında” qanunu pozaraq, Milli Şuranın mayın 3-nə Bakının Yasamal rayonunda “Məhsul” stadionuna təyin etdiyi mitinqə razılıq verməyib. BŞİH həmin gün həmin yerdə guya başqa tədbirin nəzərdə tutulduğunu bildirərək, Milli Şuraya mitinqi mayın 2-də keçirməyi təklif edib. Mitinqə iki gün qalmış onun vaxtını bir gün sonraya dəyişməyi təklif etmək təşkilatçıları praktik olaraq, aksiyanı təşkil etmək imkanından məhrum etməkdir və faktiki mitinqə razılıq verilmədiyini pərdələyə bilməz.
Hakimiyyət Milli Şuranın mitinqlərindən əvvəllər də narahat olub və onların baş tutmaması üçün əlindən gələni edib. Hər dəfə mitinqlərdən öncə virtual aləmdə və real həyatda törədilən təxribatlar, mitinq günü yaradılan maneələr və mitinqlərdən sonra əsasən AXCP fəallarına qarşı aparılan həbs və təqib-təzyiqlər əslində vətəndaşların sərbəst toplaşmaq hüququna edilən təcavüzdən başqa bir şey deyil. Bundan başqa mitinqlər üçün Bakıda yalnız qapalı bir məkanın ayrılması və nə paytaxtın başqa yerlərində, nə də bölgələrdə müxalifətin mitinqlərinə razılıq verilməməsi faktiki, ölkədə sərbəst toplaşmaq azadlığının sərt məhdudlaşdırılması deməkdir.
BŞİH-in 3 may mitinqi ilə bağlı Milli Şuraya verdiyi cavab isə hökumətin bu sahədə geriyə doğru daha bir addım atdığını və mitinqləri faktiki olaraq, tamamilə qadağan etmək istədiyini göstərir.
Milli Şura hesab edir ki, bu qərar hakimiyyətin ölkədə getdikcə artan sosial-iqtisadi narazılıqdan, bu narazılığın meydanda kütləvi ifadəsindən qorxusunun nəticəsidir. Azərbaycan hakimiyyəti yarıtmaz və səriştəsiz siyasəti nəticəsində ölkəni böhranlı vəziyyətə gətirib, vəziyyəti müsbətə doğru dəyişmək üçün heç bir addım atmır və ya ata bimir, xaqlın günbəgün artan narazılığı ilə üz-üzədir. Təəssüf ki, bu şəraitdən çıxış yolunu hakimiyət yenə də qadağalarda görür. Buna görə də Milli Şuranın hər dəfə bir az da böyüyən mitinqlərinin qarşısını almağa qərar verib.
Milli Şura bəyan edir ki, BŞİH-in bu cavabından məhkəməyə şikayət edəcək. Milli Şura vətəndaşlarımızın sərbəst toplaşmaq azadlığından istifadə haqqını qorumaq üçün hüquqi və siyasi mübarizəni dayandırmayacaq, eləcə də növbəti mitinqlərə hazırlaşmaqda davam edəcək.
Milli Şura BŞİH-in 3 may mitinqi ilə bağlı cavabından məhkəməyə şikayət etməklə yanaşı, növbəti mitinqin vaxtını müəyyənləşdirmək üçün müzakirə aparacaq.
Hökumət mitinqlərdən narahat deyildisə…
BŞİH-in cavabına Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Әli Kərimli də facebook səhifəsində münasibət bildirib. O bu qərarı hakimiyyətin özünü təkzib etməsi kimi qiymətləndirib və Milli Şuranın mitinq təşəbbüslərinin davam edəcəyini bildirib:
“Rejim növbəti dəfə özü özünü təkzib etdi. Milli Şura mitinqləri ardıcıl davam etdirmək qərarında olduğunu görəndə xalqı ruhdan salmaq, mitinqlərdən soyutmaq üçün agentura vasitəsilə belə bir təbliğata başlamışdılar ki, “hə, nə olsun mitinq edirsiz,  mitinqlər heç bir nəticə vermir, hökuməti də heç narahat etmir”. Hətta bəzi “ağıl dəryaları” daha da uzağa gedib, bu mitinqlərin toplaşmaq azadlığının ölkəmizdə təmin olunduğunu göstərməklə hökumətin xeyrinə olduğunu iddia edirdi.
Bəs nə oldu? Hökumət bu mitinqlərdən narahat deyildisə, Avropa Yay Oyunlarına 1 ay qalmış niyə Milli Şuranın 3 may mitinqinə imkan vermədi? Niyə dünyanın bütün diqqətinin Azərbaycanda olduğu bir məqamda açıq-aşkar bütün dünya qarşısında bəyan etdi ki, həqiqətən də bu ölkədə sərbəst toplaşmaq azadlığı yoxdur, Konstitusiya isə sadəcə kağız parçasıdır.
Çünki anlayırlar ki, narazı xalq hansısa məqamda Milli Şuranın mitinqlərinə daha kütləvi şəkildə qoşulacaq. Bilirlər ki, yaxınlarda növbəti devalvasiyaya, sonra da daha ciddi bahalaşmaya start verəcəklər. Və belə bir şəraitdə müxalifətin ardıcıl mitinqləri xalqa imkan yaradacaq ki, etirazlarını küçə və meydanlarda daha böyük izdihamla ifadə etsinlər.
Amma bu yolla da heç nəyə nail ola bilməyəcəklər. 3 may dünyanın sonu deyil ki. Qətiyyən ruhdan düşməyin, bizim mitinqlərimiz davam edəcək, bütün bəhanələrini kəsəcəyik. Amma siz unutmayın ki, bizim toplaşmağımız, dinc etirazlarımız, haqqımızı tələb etməyimiz hökuməti ciddi narahat edir. Növbəti mitinqin vaxtını tezliklə müəyyən edəcəyik”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button