Metyu Brayzadan dəhşətli açıqlamalar!

Amerika şirkətlərinə burada işləmək çətindir!

 «İndi xanlıqlar yoxdur, amma Azərbaycan iqtisadiyyatı hakimiyyət qruplarının əlində cəmləşib»

 Dünən Avropa otelində Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə Amerikanın Azərbaycandakı səfiri Metyu Brayzanın görüşü olub.

Klub üzvləri qarşısında çıxış edən səfir Brayza Amerika biznesinin Azərbaycana münasibəti, Azərbaycanda Amerika investisiyalarının perspektivləri və problemlərdən danışıb.

İqtisadi inkişafdan danışan səfir deyib ki, Azərbaycanda yoxsulluq səviyyəsi ilə bağlı statistika həqiqəti o qədər də əks etdirməyə bilər. Bununla belə yoxsulluq səviyyəsinin 18 faiz və ya ondan bir qədər də aşağı enməsi belə yaxşı göstəricidir.

Səfir korrupsiya və iqtisadiyyatda monopoliyadan danışarkən bir neçə il əvvəl Azərbaycanın iqtisadi inkişaf naziri ilə aralarında olan bir zarafata istinad edib. «Azərbaycanın keçmiş iqtisadi inkişaf nazirlərindən biri bir neçə il əvvəl mənə zarafatla demişdi ki, dünyada korrupsiya səviyyəsinə görə ölkə beşinci yerdədir. Yəni o mənə anladırdı ki, ölkəsi birinci yerdə deyil. Baxmayaraq ki, neçə illər keçib, amma amerikalılar Azərbaycanda biznesə  münasibətdə yenə həmin zarafata inanmaqda qalır».

Səfirin fikrincə, iqtisadiyyat sahəsində səlahiyyətlər çox məhdudlaşdırılıb: «İqtisadiyyat hakimiyyət qrupların əlində cəmləşib. Doğrudur, vaxtilə xanlıqlar var idi, indi xanlıqlar yoxdur. Azərbaycan müstəqil dövlətdir. Amma iqtisadiyyatda qruplar yenə də qalır. Amerika şirkətlərinə burada işləmək çətindir. Onlar kiminlə işləməyin vacibliyini anlaya bilmir və bu səbəbdən də Amerika şirkətləri genişlənə bilmir”.

Səfir Azərbaycanın investisiya üçün cəlbedici və biznes üçün strateji baxımdan mühüm ölkə olduğunu deyib: “Azərbaycan dünyada yeganə dövlətdir ki, 9 iqlim zonası var, İranla Rusiyanın arasında yerləşir, əhalinin əksəriyyəti şiədir və dünyəvidir. Ölkədə “holland sindromu” yoxdur, Avropa və Türkiyə investisiya layihələrinə üstünlük verir. Cənubdan və şimaldan təzyiq və təsirlərə baxmayaraq, Amerika ilə strateji əlaqələrə malikdir”.

M.Brayza artıq Amerika şirkətlərinin qeyri-neft sektoruna da maraq göstərdiyini deyib. Onun sözlərinə görə, Amerika şirkətlərinin Azərbaycanda informasiya- kommunikasiya texnologiyaları sahələrində də fəaliyyəti var. Belə ki, Azərbaycan Amerikadan peyk alıb,  “Microsoft” şirkəti ölkə haqqında məlumat bazası hazırlayır, “Boinq” təyyarələri alınır. “Hazırda Amerikada və dünyada nüfuzlu sayılan “Halivey” şirkəti  Azərbaycanda müxtəlif sahələrdə fəaliyyətə maraq göstərir. Bu şirkət qeyri-neft sektorunun çox müxtəlif sahələrində bazarı araşdırır.

Səfir Azərbaycan hökumətinin iqtisadiyyatın qeyri-neft sektoruna, xüsusilə kommunikasiyaların inkişafı sahəsinə böyük maliyyə vəsaitləri ayırdığını diqqətə çatdırıb: “Ölkədə aqrobiznesin inkişafı sahəsində potensial böyükdür. Əhalinin 40 faizi kənd təsərrüfatında məşğuldur. Amma ümumi daxili məhsulun formalaşdırılmasında kənd təsərrüfatının payı cəmi 6 faiz təşkil edir. Avropa və Amerika investorlarını Azərbaycanda aqrobiznesin inkişafına, monopoliyadan kənar emal müəssisələrinin yaradılmasına yardım etməyə çağırıram».

“Xural” qəzeti,

il 9, sayı: 046 (454), 29 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button