Mikayıl Cabbarov əsas nazir oldu

Rövşən Ağayev: “Baş nazirlik institutunun ləğv olunması ən doğru addım olardı”

“Prezident İlham Əliyevin 23 oktyabr sərəncamlarını struktur islahatları adlandırmaq olar. Amma önəmli olan qərarların nə qədər effektiv olacağı və seçimlərin nə dərəcədə doğruluğunu müzakirəsidir”.

Bunu Meydan TV-ə iqtisadçı Rövşən Ağayev deyib.

Oktyabrın 23-də İlham Əliyevin sərəncamı ilə Vergilər naziri Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edilib. Bundan başqa İlham Əliyev fərman verərək Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyini İqtisadiyyat Nazirliyinin strukturuna daxil edib.

Rövşən Ağayev

Rövşən Ağayev

Mənbə: Meydan TV

 

“Hələ bundan sonra da ləğv olunmalı strukturlar var”

Rövşən Ağayevin fikrincə, İqtisadiyyat Nazirliyi çox nəhəng struktura malikdir, həddindən artıq geniş tənzimləmə sahələri var.

“Təsəvvür edin ki, sahibkarlıq fəaliyyətindən başlamış regionlara qədər səlahiyyəti var. Eyni zamanda, bir neçə fondu olan nəhəng strukturdur. Halbuki, İqtisadiyyat Nazirliyinin əsas işi makroiqtisadi proseslərin proqnozlaşdırılması, tənzimlənməsidir”.

Ekspert deyib ki, regional inkişafın İqtisadiyyat Nazirliyində saxlanılmasını doğru saymır. Onun fikrincə, regional inkişafla bağlı ayrıca dövlət agentliyinə ehtiyac var.

“Xüsusilə Azərbaycanın regional inkişafında çox kəskin disbalans, Bakı ilə əyalətlər arasında çox kəskin inkişaf fərqi var. Belə situasiyada İqtisadiyyat Nazirliyi bu qədər geniş səlahiyyət sahələri ilə bərabər regional inkişafın tənzimlənməsində öz töhfəsini yetərincə verə bilmir, fokusdan yayınır. Ona görə də dövlət qurumlarının fokusu çox dəqiq olmalıdır”.

Rövşən Ağayev hələ bundan sonra da çoxsaylı ləğv olunmalı strukturların olduğunu bildirib:

“Melorasiya və su təsərrüfatı adlı qurum var. Bunun hər hansı rolunu görmürəm. Bu funksiyanın Kənd Təsərrüfatı Nazirliyində birləşdirilməsini daha doğru addım sayıram. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir çox ölkələrdə ayrıca nazirlik deyil. Bu qurum Kənd Təsərrüfatı Nazirliyi ilə bir yerdədir. Yəni daha məntiqi birləşmələrə, daha məntiqi ayırmalara getmək lazımdır”.

“Konstitusiya islahatlarına gedilməli idi”

Bu mənada iqtisadçı, vergi xidmətinin İqtisadiyyat Nazirliyinin tərkibində görmədiyini bildirib.

“Daha doğru yanaşma bu idi ki, Dövlət Vergi Xidməti ilə Gömrük Xidməti birləşdirilsin. Hətta bir çox xidmətlər Gəlirlər Departamenti kimi Maliyyə Nazirliyinin tərkibində olur. Ona görə son dəyişikliklərin kifayət qədər effekt verəcəyinə inanmıram. Söhbət kiminsə təyinatından getmir. Mikayıl Cabbarovun Vergilər naziri kimi 2 illik fəaliyyəti o qədər də pis olmadı. Vergi islahatları ilə bağlı xeyli təşəbbüslər göstərdi. Ən azı Fazil Məmmədovun dövrüylə müqayisədə proqressiv işlər görüldü. Ola bilər İqtisadiyyat Nazirliyində də bu işlər davam etdirilsin. Mümkündür, amma söhbət struktur islahatlarının formatının və modelinin düzgün seçilməsindən gedir. Bu mənada seçilmiş modeli effektiv yanaşma saymıram”.

Rövşən Ağayev 23 oktyabr sərəncamlarından sonra İqtisadiyyat Nazirliyini sabiq nazir Fərhad Əliyevin vaxtındakı əsas nazir vəzifəsi ilə müqayisə edib:

“Məncə, indi daha çox həmin fikri işlətmək mümkündür. Çünki ölkənin əsas aparıcı, strateji nöqtələrin hamısı vahid strukturda cəmləndi və mən bu strukturun səmərəli olacağını real görmürəm. Ən doğru yanaşma o idi ki, geniş səlahiyyətlərə malik prezidentlik institutu olduğu halda Baş nazirlik bir institut kimi ləğv olunsun. Baş nazir əsas həlledici struktur olmayıb və bundan sonra olacağını da gözləmirəm. Hökumət islahat adı ilə çoxlu tədbirlər görür, amma problemi kökündən həll etmək istəyirlərsə, Konstitusiya islahatlarına gedilməli idi. Ölkədə vitse-prezidentlik institutu yaranıbsa, Baş nazirin əhəmiyyəti itir”.

O qeyd edib ki, icra hakimiyyətinə ciddi nəzarət və hesabat tələb edən Milli Məclisin səlahiyyətləri məchul olaraq qalır.

“Əks halda icra hakimiyyəti nə qədər güclənirsə, onun effektivliyi aşağı düşəcək. Çünki icra hakimiyyəti özünü parlament qarşısında hesabatlı bilməsə, orta və uzun müddətdə ciddi dəyişiklik olmayacaq”.

Natiq Cəfərli

Natiq Cəfərli

Mənbə: Meydan Tv

 

“Gömrük Komitəsi də bu nazirliyə daxil ediləcəkdisə, büdcəyə maliyyə axınları bir mərkəzdən toplanardı”

Onun həmkarı, ReAL Partiyasının İdarə Heyətinin üzvü Natiq Cəfərli son sərəncamları kadr islahatlarından daha çox idarəetmənin təkmilləşdirilməsi kimi qiymətləndirdi:

“Mən İqtisadiyyat Nazirliyinə super nazirlik deyə bilərəm. Əgər Gömrük Komitəsi də bu nazirliyə daxil ediləcəkdisə, büdcəyə maliyyə axınları bir mərkəzdən toplanardı. Bununla birgə İqtisadiyyat Nazirliyi nəzdində qısa, orta və uzun müddətli siyasətin həyata keçirilməsi bir mərkəzə daxil edilsə, buna artıq struktur islahatları demək olar. Çünki səlahiyyət həm də məsuliyyət doğurur. İndiyə qədər hökumət qurumları iqtisadiyyatda baş verən olayları bir-birinin üzərinə atmaqla məşğul idi. Bu gün bütün iqtisadi bloklar bir mərkəzdə cəmləndi. Bu isə yalnız səlahiyyət yox, həm də məsuliyyət yaradır. Mikayıl Cabbarov 23 oktyabr sərəncamı ilə faktiki əsas nazir oldu. Ona görə də struktur islahatlarının effekt verməsi üçün bütün maliyyə axınlarının, o cümlədən, Gömrük Komitəsinin bir mərkəzə cəmlənməsi daha məntiqli olardı“.

Son sərəncamlar iqtisadiyyatda nələri dəyişəcək sualına Natiq Cəfərli belə cavab verdi:

“İqtisadiyyat Nazirliyi dünyanın əksər ölkələrində iqtisadiyyatın siyasətini müəyyənləşdirir. Kiçik, orta və uzun dövrə ayırıb proqramların sistematik təqdimatını keçirir. Əgər struktur birləşmələrindən sonra dediyim idarəetmə formasına keçəcəksə, effektli olacaq. Hədəf və hədəflərə çatacaq zaman müəyyənləşməlidir. Bundan sonra hansı hədəflərə çatdığını vətəndaşlar görməlidir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button