Millətin kübar qadınını həbsə atan şeytanın köpəkləri!

Teylor Fətişoğlu
Bakı İstintaq Təcridxanasından

İlıq, isti baxışlarından axan göz yaşları yanaqlarından süzülüb sonsuzluğa qovuşur elə bil. 13 dekabr dünyanın nəhs günündə onu bir ömür unuda biləcəyi sonsuzluğa daşıyacaq dəmir qapılı, çərçivəli dustaq maşınında, axşamın bayquş qaranlığında yolçu edəcəyi, yatsa yuxusuna da girməyən türmə hekayələri belə başladı bu şahanə qadının.
Ağır Cinayətlər Məhkəməsinin iclas zalında hakimin qəfil atılan naqafil gülləyə oxşar 6 illik hökmü Respublika Narkoloji Dispanserinin baş həkimi olmuş Könül xanımı və sürücüsü – səhər körpəsini öpüb, «axşam qayıdacağam» desə də, kirayə qaldığı isti yuvasına yox, başqa məkana köç edilən Faiqi məhz dünyanın həmin boz dekabr günündə bizlərin, məhkəməyə, hakim qarşısına çıxarılan talesiz insanların iştirakı ilə yaxaladı.
Avropa Bakısında evindən çıxıb məhkəməyə, növbəti çağırışa gəlmiş, istintaq müddətində haqqında həbs qətimkan tədbiri seçilməmiş keçmiş baş həkimi, respublika əhəmiyyətli böyük bir xəstəxananın nadir ixtisas sahibi olan ziyalı, kübar xanım-xatın qadının qəfil hökmlə 6 il həbs cəzasına məhkum edilməsi, indi həbsxana kamerasında qarmaqarışıq fikirlərə söykənərək, keçənləri incələyən Könül xanıma təzə-təzə təsir etməyə başlayır. Yəqin indi fərqinə varır ki, qələmi zirvələrdən qırıldığından, qara, əfi ilana bənzəyən hökm onun, ailəsinin, yaxınlarının taleyinə dolandı. Düşündükcə, düşünürdü… «Yaxşı, o belə təhlükəli cani idisə niyə istintaq müddətində həbs etmirdilər, qəfilətən məhkəmə zalından həbsxanaya göndərirdilər?». Deməli nə Könül xanım, nə də sürücüsü, hələ də nə baş verdiyini anlamayan «voronok»da yol yoldaşı olduğum, güc-bəla ilə özünə gətirib təsəlli versək də fikri körpəsinin yanında olan Faiq həbs ediləcəklərini son ana qədər kəsdirə bilmədiklərindən, sıxsan qanı daman qara hökm onları belə qəfil ölüm kimi yaxalamışdı. Ağır Cinayətlərə dair Məhkəmənin zirzəmisində ilk məhbəs hazırlığından keçən Könül xanımı da bizlərin, son ayların «sevimli» sərnişinlərini daşıyan «voronok»a qaldırıb, cavan əsgərlə arakəsmədə əyləşdirib Kürdəxanı türməsinə axşamın bayquş qaranlığında bizimlə birlikdə göndərdilər. Həyatında birinci dəfə gördüyü mühitin şokundan yavaş-yavaş çıxan, vüqarlı, xanım-xatın Könül xanım, türmənin həyətində «voronok»un pillələrini aram addımlarla enərkən bəlkə də yaxın zamanlarda görüşməyəcəyi, ömrünün artıq dəmir qapıların o tayında qalmış, bəxtəvər, şad günlərinin indi isə başının üstünü qəfil qara duman kimi almış bir ömür boyu unuda bilməyəcəyi acısının şahidinə – Faiqə kövrək səslə vidalaşırmış kimi, «Dözümlü ol, Faiq» deyərək, sanki qədərinə baş əyib, ulduz kimi sonsuzluğa axıb qovuşdu. Və adım kimi əminəm ki, həmin nəhs 13 dekabr günündə Könül xanımla Kürdəxanı yolçuluğunda olanların əksəriyyəti bu mənzərədən yaz buludu kimi dolub boşaldılar. Artıq güllələnmiş Azərbaycanın Atatürkü Əvəz Zeynallının şər maddəsi kimi məşhurlaşmış 311 adlı cəlladı növbəti qurbanının da gözəl-göyçək türk qızının, Könül xanımın da ömrünə, gününə bir ömür sağalmayacaq, öldürücü məhbəs yarası vurdu. Təkcə onunmu? Haydı, Türkün ər oğulları ilə bərabər, qadınlarını da həbsə sürün, nəmli koğuşlara doldurun, bu iş də bitsin, şeytanın nökərləri!
Sonda. Dözümlü ol, Könül xanım. Zindanda da qapqara gecələrdən sonra nursuz olsa da sabahlar açılır. Son əvvəldən başlayır. Ömrün xoşbəxt sonu isə hələ qarşıdadır. Türmə divarlarının o tayında, masmavi, ağappaq, pəmbə buludların qucaqlaşdığı bir cüt göyərçinin bəxtəvərcəsinə süzdüyü əngin səmaların çətir çəkdiyi Azadlıqdadır! Qadına (ziyaısına, kübarına) məhbəs yaraşdıranların Tanrı qarşısında haqq-hesab verəcəkləri gün uzaqda deyil. O gün mütləq gələcək. Bu inamı, ümidi içinizdə yaşadın Könül xanım! Onda daha güclü, qüvvətli, sarsılmaz olacaqsınız!

20/12/2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button