Millət vəkili Məlahət İbrahimqızı:“Bu möhtəşəm yubiley işğalçı ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”

Sentyabrın 15-də Azərbaycan müstəqillik tarxinin ən önəmli hadisələrindən birini  – 1918-ci ildə Bakının bolşevik-erməni daşnaklarının işğalından azad olunmasının 100 illiyini qeyd edəcək. Paytaxtda təntənəli yubiley mərasiminə hazırlıq görülür. Telekanallarda yayılan materiallardan görünür ki, tarxin şanlı səhifəsi müxtəlif tədbirlərlə anılacaq. Artıq məlumdur ki, həmin tarixdə Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan da Bakıya səfərə gələcək və yubiley tədbirlərinə qatılacaq.

Hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili Məlahət İbrahimqızı Strateq.az saytına geniş müsahibəsində 15 sentyabrın həm tarixi, həm də bu gün üçün aktual olan əhəmiyyətindən danışıb.

Müsahibəni oxucularımıza təqdim edirik:

– Məlahət xanım, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində qeyd olunan ən mühüm tarxi hadislərədən biri də Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun 1918-ci ilin 15 sentyabrında Bakını bolşevik-erməni dəstələrindən azad etməsidir. Bir neçə gün sonra 100 ili tamam olacaq bu möhtəşəm tarxi hadisəni necə dəyərləndirirsiniz?

– Sentyabrın 15-də Azərbaycan dövlətinin dəstəyi ilə Bakının bolşevik-erməni daşnaklarının işğalından azad olunmasının 100 illiyi təntənəli şəkildə qeyd olunacaq. Bir müddətdir, bu barədə mətbuat səhifələrində geniş məlumatlar əksini tapır. Azərbaycan ictimaiyyəti artıq neçə illərdir bu şərəfli tarixi qeyd edir. Çünki 15 sentyabr Azərbaycanın XX əsr tarxinin ən şanlı, qürürverci səhifələrindən biridir. Bu əsrdə xalqımız iki dəfə müstəqilliyə nail olub. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi həm ölkəmizdə, həm də xaricdə dostların, diasporumuzun, diplomatik korpusların, eləcə də qardaş Türkiyənin dəstəyi ilə birgə qeyd edirik. Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın tarixində, taleyində nə qədər möhtəşəm əhəmiyyətə malik olduğunu bilirik. 15 sentyabr 1918-ci ildə Bakının azad olunması da onun qədər mühüm əhəmiyyətə malikdir. O zaman Bakının işğaldan azad olunması, bütövlükdə Azərbaycanın işğaldan azad olunması demək idi. Biz 15 sentyabrı Azərbaycanın parçalanmasının, dünya xəritəsindən silinməsinin qarşısının alındığı bir tarix kimi qiymətləndiririk. Erməni daşnakları, onları dəstəkləyən bolşeviklər və bir sıra imperalist qüvvələr 1918-ci ilin əvvələrindən başlayaraq Azərbaycan xalqına divan tutmağa, kütləvi qətliamlar həyata keçirməyə başlamışdılar. Bilirsiniz ki, həmin ərəfədə Osmanlı imperiyası qürub çağını yaşayırdı. Dünyanın bütün imperalist qüvvələri ona qarşı hücuma keçmişdilər.  Belə bir ağır məqam olmasına baxmayaraq, Azərbaycan xalqının dadına, harayına qardaş Türkiyə çatdı.

 – Osmanlı Türkiyəsi hədəfdə olduğu kimi Azərbaycan da imperiyaların hədəfində idi…

– Azərbaycanın malik olduğu təbii resurslar, xüsusən karbohidrogen ehtiyatları imperalist qüvvələrin marağında idi. Xüsusən, dənizdə böyük neft yataqlarının olması və onun hasilatına başlanması da imperalistlərin diqqətini çəkirdi. Çar Rusiyasının dağıldığı bu dönəmdə bölgədə ciddi toqquşmalar, qırğınlar törədilirdi ki, onun da əsas iştirakçılarından biri məkirli qonşumuz ermənilər, onların “ziyalıları” idi. Ermənilər tarix boyu imperalist qüvvələrin əlində alət olublar. Osmanlı Türkiyəsinə qarşı bir neçə yerdən cəbhə açılmışdı. Ermənilər də həvəslə hər fürsətdə Osmanlıya arxadan xəncər vururdular. Bu zaman imperiya rəhbərliyndə yüksək post tutan ermənilərin də dəstəyindən yararlanırdılar. Bilirsiz ki, bir çox ermənilər Osmanlı Türkiyəsində ən yüksək dövlət vəzifələrində çalışırdılar. Onlarında aşkar-gizli yardımları ilə erməni hərbi dəstələri Türkiyənin cənub-şərq bölgələrində – Anadoluda, Qarsda, Ərzurumda, Ərdahanda, İqdırda çox ağır cinayətlər törədiblər. Həmçinin Naxçıvan istiqamətində də daşnaklar məkirli planlarını həyata keçirməyə çalışırdılar. O zaman Osmanlı generalı Kazım Qarabəkir Paşa Naxçıvan-Qars istiqamətinə gəlmişdi. Bilirsiniz ki, yerli əhaliyə divan tutan mənfur Andronikin başçılıq etdiyi quldur dəstələrinin məhv edilməsində Kazım Qarabəkirin çox böyük rolu olub.

– Amma qondarma “erməni soyqırımı” ilə beynəlxalq aləmi bezdiriblər…

– Bəli, özlərinin törətdikləri vandalizmə baxmayaraq, bu cinayətlərin guya Osmanlı tərəfindən ermənilərə qarşı soyqırım törədilməsi kimi qələmə verməyi bacarıblar. Erməni siyasətçiləri, öndə gedənləri belə məkirli oyunlar oynamağı həmişə çox məharətlə oynamaqla, hətta onu biznesə çevitriblər. Onların 1915-ci ildə törətdikləri qətliamlar, soyqırımlar bizim yaddaşımızdan silinməyib və silinməyəcək də.

– Türkiyədə aparılan genosid eyni qaydada Azərbaycan ərazilərində həyata keçirilirdi. Amma proseslər sona qədər heç də onların planlaşdırdığı kimi getmədi.

– Osmanlının çöküşü, Çar Rusiyasının dağıldığı dövrdə erməni daşnakları o zaman bolşevik maskasında olan, əslində isə daşnak Şamuyanın rəhbərliyi ilə Bakıda, Gəncədə, Qərbi Azərbaycanda, Gürcüstanın türklər yaşayan bölgələrində Şamaxıda, Qubada, Kürdəmirdə, Salyanda, İsmayıllada böyük qırğınlar törətməyə nail oldular. Elə bir ağır dövr idi ki, Bakı Azərbaycandan qoparılmaq ərəfəsində idi. Bakı-Gəncə arasındakı bütün ərazilər erməni daşnakları və onları müdafiə edən qüvvələr tərəfindən zəbt olunmuşdu. Bakının demək olar ki, ətraf rayonlarından əlaqəsi kəsilmişdi. Osmanlı özü dünya gücləri ilə qeyri-bərabər müharibə aparmasına baxmayaraq, Azərbaycan ziyalılarının müraciətinə müsbət cavab verdi. Hərbi naziri Ənvər Paşa Qafqaz İslam Ordusunun yaradılması barədə əmr verdi. Könüllü formalaşdırılan bu orduya minlərlər türk əsgəri qoşuldu. Nuru Paşanın rəhbərliyi ilə Azərbaycana gələn bu ordu xalqımızı, eləcə də Qafqazda yaşayan müsəlmanları bolşevik-erməni daşnaklarının qətliamlarından, daha doğrusu məhvindən qorudu. Bilirsiniz ki, çox çətin bir mücadilə oldu. Qafqaz İslam Ordusundan çoxlu şəhidlər olmasına baxmayaraq, onlar Azərbaycanın bölgələrini və Bakını işğaldan azad etdi. Daşnakların bütün ordusu darmadağın edildi. Hökumət tezliklə Gəncədən Bakıya köçdü və fəaliyyətə başladı.

– Bakının işğaldan azad olunması bu il ilk dəfə belə yüksək səviyyədə qeyd olunacaq, bu təqdirəlayiqdir. Amma təəssüf ki, hələ də Nuru Paşanın xatirəsi əbədləşdirilməyib.

– 15 sentyabr – o möhtəşəm hadisə, Bakının işğaldan azad olunması baş verməsəydi, bəlkə də xalqımız heç zaman müstəqilliyinə qovuşa bilməyəcəkdi. Bu, təkcə erməni məsələsi deyildi, o zaman dünyada neft istehsalının yarıya qədərini verən Bakı imperalist güclərin marağında idi, onu ələ keçirməyə çalışırdılar. İmperialis güclər hətta  artıq öz planlarında Bakını ələ keçirmişdilər, bolşevik Rusiyasında təmsil olan  bir sıra ermənipərəst qüvvələr daşnaklarla separat danışıqlar aparmaqla Azərbaycanı özünə birləşdirməyə hazırlaşırdı.

Biz Qafqaz İslam Ordusunun, Nuru Paşanın Azərbaycan xalqı qarşısında xidmətlərini heç zaman unutmamalıyıq. Necə ki, 100 il ərzində xalqımzın qəlbində Nuru Paşa və türk əsgəri üçün əbədi abidə ucaldılmışdır. Düşünürəm ki, tezliklə belə bir abidə hətta o zaman, o çətin dövrdə Milli Ordumuzun qurulmasında müstəsna xidməti keçən generallarımız üçün də Bakıda, ölkəmizin bir çox yerlərində ucaldılacaqdır. Azərbaycanın, Bakının azadlığı uğurunda şəhid olan qəhrəman əsgərlərin xatirəsi əbədləşdirilməlidir.

– 70 illik sovet rejimi zamanı bu şərəfli tarix bzim yaddaşlarımızdan silinməyə çalışılıb. Amma xalq bunu unutmadı, ilk fürsətdə azadlığını tələb edib ona nail oldu. Burada bir məqam var ki, həm əsrin əvvəlində, həm də sonlarında erməni düşmənçiliyi müstəqilliyimizə qarşı yönəlib, çoxlu qanlar tökülüb, soyqırımalar həyata keçirib. 23 aylıq müstəqlliyimizin millətin hafizəsində əbədi həkk olunması həm də buradan doğulur…

– Sovet təhsili, xüsusən ideologiyası dünyanın ən qədim tarixindən tutmuş, bu dövrə qədər bütün hadisələri bizə öyrətsə də,  AXC-nin iki illik yaşam dövrünün üstündən sükutla keçirdi. 30-cu illərdə millətimizin nə qədər böyük ziyalıları məhz buna görə sovet rejiminin qurbanı oldu, güllələndi, Sibirə sürgün edildi, həbs düşərgələrinə göndərildi. Çünki onlar həmin şanlı tarixin daşıyıcıları, o mücadilədə yer alanlardan idilər. Biz bu şərəfli tarxi heç zaman unutmamalıyıq. O hadisələrdən 100 il ötməsinə baxmayaraq, xalqımızn yaddaşından silinməyib, silinə də bilməz. Tarixdə baş verənlər həm də dərs çıxarmaq üçündür. Ermənilər əsrin əvvələrində xalqımıza qarşı çox ağır cinayətlər törədiblər. Erməni liderləri hər fürsətdə xəyanətkar yol tutublar, zərbə vurmağa çalışıblar. Bir xalqa qarşı görün neçə dəfə divan tutublar -1918-ci ilin mart qırğınlarını, 1948-ci, 50-ci, 88-ci illər deportasiyaları, ondan sonra Qarabağda baş verən vəhşilikləri yada salın… Bizim yüz illər yaşı olan tarixi abidlərimizi, məscidlərimizi dağıdıblar, qədim türk toponimlərini dəyişdiriblər. Sovet rejimi illərində bunları Moskvada oturan bolşevik qılafında olan daşnakların köməyi ilə həyata keçiriblər. Biz bu acı tarixdən dərs çıxararaq, gələcəkdə də heç zaman onlara fürsət verməməliyik.

– Bəs bu gün tarixdən necə dərs çıxarırıq?

– Möhtərəm prezidentimiz İlham Əliyevin də hər dəfə mötəbər tədbirlərdə vurğuladığlı kimi, bugünki Ermənistan dövləti öz mövcudiyyətinə görə Azərbaycana borcludur. Onların paytaxtı olan İrəvan Azərbaycanın tarixi ərazisidir. Prezidentimiz hətta ən mötəbər kürsülərdə hər dəfə xüsusi olaraq bunu vurğulayır. Bununla həm beynəlxalq aləmə, həm də bizlərə mesaj verir ki, tarxi unutmamalıyıq. Unutqanlıqla biz həmişə uğursuzluğa düçar ola bilərik.

SSR-i dağıldıqdan sonra Azərbaycan müstəqilliyinə qovuşdu. Mübağiləsiz demək olar, xalqımız Sovet İttifaqının dağılmasında müstəsna rol oynadı. 1990-cı il 20 yanar hadisəsini –xalqımızın dirəniş, qəhrəmanlıq gününü xüsusiilə qeyd etmək istəyirəm. Bilirsiniz ki, 1991-93-cü illər çox çətin oldu. Necə ki, 1918-ci illərdə ermənilər imperalistlərin havadarlığı ilə dövlətimizə, xaqlımıza qarşı mənfur niyətlərini həyata keçirməyə çalışmışdılar. Eyni ssenari ilə SSR-nin sonuncu rəhbərinin və Politbüroda oturan ermənilərin dəstəyi ilə torpaqlarımız işğal olundu. Silahlı quldurlar 366-cı alayın köməkliyi ilə Qarabağ bölgəsində, xüsusi ilə Xocalıda qətliamlar törətdi. Bunlar, əsrin əvvələrindəki planlarla eyni bir ssenari idi. Sadəcə olaraq 1993-cü ildə Azərbaycan xalqının ümumilli lideri, çağdaş dövlətimizin qurucusu Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra onların planları iflasa uğradı. 1993-cü ildən bu günə qədər Azərbaycanın necə böyük inkişaf yolu keçməsi dünyanın gözü qarşısında baş verib. “Bir millət, iki dövlət” deyən liderimizin layiqli davamçısı prezident İlham Əliyev bu siyasəti uğurla aparır. Heydər Əliyev tarxi təcrübədən məharətlə yararlanırdı. Ulu öndər Türkiyənin Azərbaycanın taleyində nə qədər böyük rol oynadığını bilirdi, ona görə də “bir millət, iki dövlət” deyirdi. 90-cı illərin əvvəlində xalqımızın üçün verilən bu mesaj bizim yol xəritəmizi, birliyimizi, gücümüzü göstərirdi.

– Türkiyə – Azərbaycan münasibətlərində həmişə müsbət inkişaf dinamikasını izləmişik. Bu sahədə perspektivi necə görürsünüz?

– Müstəqilliyimizə qovuşduqdan sonra Türkiyə həmişə bizim, Azərbaycan da Türkiyənin yanında olub. Bilirsiniz ki, bu birliyə, əməkdaşlığın dərinləşməsinə görə Azərbaycana çox böyük təzyiqlər olub. Xüsusilə, enerji layihələrinin Türkiyə üzərindən keçməsinə görə həm ümumilli lider Heydər Əliyevə, həm də möhtərəm prezidentimiz İlham Əliyevə çox ciddi təzyiqlər olub. Amma “Əsrin müqaviləsi” və ondan sonra gerçəkləşdirilən nəhəng projelər Azərbaycanla Türkiyəni biri-birinə dəmir tellərlə bağlayıb. Nə qədər ki, dünya var, Azərbaycan və Türkiyə dövlətləri biri-birinin yanında olacaqlar. Cənab prezident həmişə “gücümüz” birlikdədir”, “bir millətin iki diasporu ola bilməz” deyir. Türkiyənin gücünün Azərbaycanın, Azərbaycanın inkişafının gücünün, uğurlarının qardaş Türkiyənin olduğunu bəyan edir. Bu yaxınlarda TANAP layihəsinin açılışı zamanı cənab prezident dedi ki, bu layihə hər iki dövlətin qətiyyətli, ağıllı siyasəti ilə baş tutdu. Türkiyənin üzləşdiyi müəyyən sıxntılarla bağlı cənab prezident açıq mövqe qoyaraq dəstəyini verib. İstər 2016-ci il FETO olayları, terror hücumları olsun, istərsə də imperalist qüvvələrinin yaratdığı iqtisadi sıxıntılar, biz ən yüksək səviyyədə öz  dəstəyimizi vermişik. Bu gün Azərbaycan Türkiyədə ən böyük investorlardan biridir, qardaş ölkənin iqtisadiyyatına 20 milyard dollara qədər sərmayə yatırmışıq. Bu, iki ölkənin yalnız sözdə deyil, əməldə də dostluğunu, qardaşlığını nümayiş etdirir.

 – Bakının işğaldan azad olunmasının 100 illik yubileyi Azərbaycan və Türkiyə prezidentlərinin işitrakı ilə yüksək səviyyədə qeyd olunacaq, hərbi parad keçiriləcək. Hazırda bölgədə olduqca gərgin proseslərin cərəyan etdiyini nəzərə alsaq, bunu bir mesaj saymaq olarmı?

– Sentyabrın 15-də Azərbaycan xalqının böyük ehtiramla qeyd edəcəyi, Azərbaycan – Türkiyə qardaşlığının simvolu olan Bakının işğaldan azad olunmasının 100 illiyidir. Artıq bu barədə mətbuatda məlumat verilib, çox möhtəşəm tədbirlər keçiriləcək. İki qardaş dövlətin rəhbəri bu möhtəşəm tarixi günü hərbi paradla izləyəcəklər. Bu, Azərbaycanı sevməyən, Xocalıda cinayət, soyqırım törətmiş, Qarabağda etnik təmizləmə aparmış ermənilərə yaxşı bir mesaj olacaq. Bu, həm də işğalçı erməniləri dəstəkləyən qüvvələrə də bir mesajdı. Azərbaycanının torpaqlarının 20 faizi işğal altındadır. 1 milyondan artıq vətəndaşımız qaçqın-köçkün həyatı yaşayır. Bizim istəyimiz, apardığımız siyasət sülh, danışıqlar yolu ilə torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan ordusunun gücü dünyaya məlumdur. Biz regiona, hətta erməni xalqına sülh, əmin-amanlıq, davamlı inkişaf təklif edirik. Erməni rəhbərləri bunu anlasalar, öz xalqlarına hörmətlə yanaşsalar, xidmət etsələr, bu işğala son qoymalıdırlar. Azərbaycan, Türkiyə xalqları bögədə sülhün, davamlı inkişafın tərəfindədir. Bunun üçün Azərbaycan prezidenti bütün imkanlardan istifadə edir. Azərbaycanın liderliyi ilə bölgədə həyata keçirilən layihələr təkcə xalqımız üçün deyil, həm də qonuşu, dost Gürcüstan, qardaş Türkiyə və Mərkəzi, Şərqi Avropa üçündür. Bakı – Qars dəmiryolu və eləcə də tikintisi gedən enerji layihələri də bu qəbildəndir. Beləliklə, tolerantlıq, multukultural ənənələrlə zəngin olan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilib.

Bakının işğaldan azad olunmasının 100 illiyi ərəfəsində keçiriləcək möhtəşəm tədbirlər də xalqımızda torpaqlarımızın tezliklə azad olunacağına inamı daha da artıracaq. İnşallah,  biz zəfər bayramını Şuşada, Xankəndində, işğalda olan başqa bölgələrimizdə qeyd edəcəyik. Buna əminik. Zəfər bayramınız mübarək!

Söhbətləşdi:

Elçin Rüstəmli

(strateq.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button