MİLLİ MƏCLİS LAL OLDU!!!

Əvəz Zeynallı

Cəlal Əliyev Milli Məclisi niyə açmadı?!

Milli Məclisin ötən həftə baş verən açılışı ağıllarda sonu gəlməz suallar yaratdı. Məxsusən, Cəlal Əliyevin parlamentin ilk iclasında iştirak etməməsi və təbii ki, iclası açmaması hamı tərəfindən maraqla qarşılandı. İlk ağla gələn bu oldu ki, yəqin Cəlal Əliyevin Milli Məclisin 4-cü çağırış iclasını açıq elan etməsini ölkə rəhbərliyi istəməyib. Amma bu, təbii ki, yalnız ehtimal idi və məsələ haqqında məxsusi araşdırma aparmaq imkanlarımız da yoxdur. Biz nə Cəlal Əliyevə, nə də ölkə rəhbərliyinə yaxın adamlarla əlaqə yarada bilmirik və yazılarımızın bəziləri də gümanlar əsasında yaranır. Bəzən elə bu gümanların da məhkəmələrinə düçar oluruq.

Dəxli olan haşiyə:
Məsələn, ölkənin faktiki ən güclü adamı olan Ramiz Mehdiyevlə məhkəmə də gümanlarımız əsasında yazılmışdı. Gümanlarımızdan biri belə idi ki, «ölkəni Ramiz Mehdiyev idarə edir, seçkilər onun siyahıları əsasında keçirilir»… Ramiz Mehdiyevin bizi məhkəməyə verməsində vəkili məhz bu cümlənin ətrafında 20 dəqiqədən çox danışdı və sübut etməyə çalışdı ki, Ramiz Mehdiyev haqqında böhtan yazmışıq, o, heç bir siyahı əməliyyatında iştirak etmir. Qorxusundan nəfəs belə almayan Nərimanov rayon məhkəməsinin hakimi Rasim Kazımov da bu arqumentə özünü saxlaya bilməyib güldü – bir-iki saniyəlik də olsa nəfəs aldı…

Cəlal Əliyev yaş etibarilə ölkə parlamentinin ən yaşlı üzvüdür. Milli Məclisin daxili nizamnaməsinə görə parlamentin ilk iclasını onun ən yaşlı üzvü açır. Deməli, Cəlal Əliyev parlamentin ilk iclasını aparmalı idi və geniş ictimaiyyət də bu hadisəni maraqla gözləyirdi. Axı bu, Cəlal Əliyev idi. Hətta Heydər Əliyevə belə ürəyinin istədiyini deyən Cəlal Əliyev maraqlı açıqlamalar verə, lap elə dişinin dibindən çıxanı deyə bilərdi. O baxımdan, hamı maraqla Cəlal Əliyevin iclası necə aparacığını gözləyirdi. Amma…
İclası Fövqəladə Hallar naziri möhtəşəm Kəmaləddin Heydərovun atası, özlərinə 20 milyon dollarlıq təyyarə sifariş edib Amerika «WikiLeaks»inin nəzəri-diqqətini özünə cəlb edən və bütün dünyanın haqlarında bəhs etdiyi Taleh və Nicatın əziz babaları Fəttah Heydərov açdı. İzahı da vardı hökümətin: «Cəlal Əliyev parlamentdə iştirak etmədiyinə görə»… Həqiqətən belədirmi?
Cəlal Əliyevdən sonra ən yaşlı adam həqiqətən Fəttah Heydərov olsaydı, rəhbərliyin bu izahını normal başa düşmək olardı. İnandırıcı olmasa da, düşünmək olardı ki, Cəlal müəllim məhz parlamentin açılış günü xəstələnib, ya da kefi istəməyib, gəlməyib və növbə ən yaşlı ikinci adama keçib. Amma xırda bir araşdırma hər şeyin tamam başqa cür olduğunu ortaya çıxardı. Əslində, məsələ necə olub?
Cəlal Əliyevdən sonra parlamentin ən yaşlı nümayəndəsi hörmətli Zeynəb Xanlarovadır. Deməli, Cəlal Əliyev yoxdursa, Milli Məclisin iclasını SSRİ-nin xalq artisti, sevgili Zeynəb Xanlarovanın özü açmalı idi. Buna da hökumətin reaksiyası maraqlıdır: «Zeynəb xanım parlamentin iclasını açmaq imkanlarının və təcrübəsinin olmadığını söylədi. Özü imtina etdi.» Olsun, ola bilər ki, həqiqətən də Zeynəb Xanlarova belə bir istəkdə bulunub. Bəs Zeynəb Xanlarovadan sonra ən yaşlı parlament üzvü kimdir? Sən demə, Zeynəb Xanlarovadan sonra parlamentin ən yaşlı üzvü Azərbaycan Bədən Tərbiyəsi Akademiyasının rektoru Ağacan Əbiyevmiş. Hökumətin buna da cavabı eyni olub: «Ağacan müəllim təcrübəsizliyindən ilk iclası aparmaq fikrindən imtina etdi.» Allah, Allah… ilk iclası aparan nə edirmiş ki, hamı təcrübə axtarır…
Xırda və əhəmiyyətsiz bir araşdırma ortaya çıxarır ki, Milli Məclisin daxili nizamnaməsinin pozulmasının səbəbi ölkə rəhbərliyinin özü – konkret hörmətli və gənc ümummilli liderimiz İlham Heydəroğludur. Məntiqlə sübut edək…
Birinci sübut:

Deputatların mikrofonları niyə söndürüldü?!

İlham Heydəroğlu Milli Məclisin ilk iclasını açmaq üçün Milli Məclis binasına daxil olduğu andan Azərbaycanın 4-cü çağırış təyin olunan deputatlarının hamısının mikrofonları söndürülüb. Maraqlıdır ki, prezidentin çıxışından sonra ən azı 15 deputat olub ki, çıxışa yazılıblar və onların prezidentə deyəcəkləri sözlər olub. Amma görünməz bir əl – hər halda Fəttah Heydərov deyil bu görünməz əl – 100 faiz özünün seçib təyin etdiyi deputatların belə prezidentlə təmaslarını əngəlləyib. Bu, bizim aylarla yazdığımız və müzakirə etdiyimiz İlham Əliyevi tam ortaya qoymağa və onun müdrik siyasətinin incəliklərini sonuna qədər açmağa imkan verir. Hörmətli İlham Əliyev danışmayan, lal-dinməz bir parlament istəyir və onun könlü belə xoşdur. Yoxsa hansı qul oğlu qul prezidentin iştirak etdiyi açılış törənində deputatların mikrofonlarını söndürə bilər?! Əminəm ki, heç kim! Prezidentin özündən başqa heç kim bu mikrofonların söndürülməsinə tapşırıq verə bilməzsə, o zaman Cəlal Əliyevin Milli Məclisə gəlməməsi barədə ona xəbərdarlıq edildiyi haqqında güman-xəbərlər də doğrudur. Deməli, Cəlal Əliyevə xüsusi tapşırıq olub ki, «Sən Milli Məclisin ilk iclasına gəlmə!» Vəssalam! Başqa variant yoxdur. Əgər prezident İlham Əliyev Milli Məclisə daxil olandan bütün deputatların mikrofonları söndürülübsə, hətta özlərinin təyin etdikləri deputatların belə danışmasını, prezidentlə ünsiyyətə girməsini istəmirlərsə, öz deputatlarına belə güvənmirlərsə, ortada başqa hansı versiya qalır ki?!
İkinci sübut:

Oqtay Əsədov niyə alternativsiz seçildi?!

Prezident YAP qərargahında tamamilə qeyri-qanuni olaraq Milli Məclisin fəaliyyətinə müdaxilə etdi və Milli Məclis rəhbərliyinin dəyişdirilməsinin əleyhinə çıxmaqla qanunvericilik qolunun müstəqil fəaliyyət göstərməsi fikrini o dünyaya göndərdi. Milli Məclis rəhbərliyinin dəyişdirilməməsini tövsiyə edən cənab İlham Heydəroğlu bir neçə quşu bu bir cümləsi ilə vurdu. İlham Əliyev bununla demək istədi ki;

1. Parlament seçkilərinin bu cür keçirilməsini mən belə istəmişəm, heç kim özünü yorub başqa səbəb və mənbə axtarmasın;
2. Parlament müstəqil deyil və o, indən sonra mənim siyasətimi müdafiə edəcək – yeri gəlmişkən, Oqtay Əsədov ilk açılış çıxışında Milli Məclisin prezidentin siyasətini dəstəkləməli olduğunu dönə-dönə vurğuladı – bu deputatları da mən təyin etmişəm, ona görə də onların heç bir fikri mənə önəmli deyil;
3. Mikrofonları da mən söndürmüşəm və mən nə zaman istəsəm, o zaman danışarsınız.

Bütün bunlarla bərabər, Oxucularıma maraqlı bir fakt da məlum olub mənə. Sən demə, İlham Əliyevin və onun bütün hökumətinin özlərinin təyin etdiyi Milli Məclisdən bu cür qorxmalarının səbəbi varmış. Sən demə, mikrofonların bağlanmasını da ona görə istəyirlərmiş. Bəzi deputatlar, hətta namizədliklərini belə verməyi düşünürlərmiş. Onların içində, hətta parlamentdə dəyişikliklərin olmasını, komitələrin tərkibində və rəhbərliyində yerdəyişmələrin olacağını gözləyənləri də varmış. Bax, bizim uyanıq hökumət də bu ehtimalların hamısının qarşısını bir çırpıda alıb və öz təyin etdiklərinin belə hansı məqamdasa təhlükəli ola biləcəyini hesablaya bilib…
Dördüncü sübut:

Cəlal Əliyev də, Zeynəb Xanlarova da, Ağacan Əbiyev də Fəttah Heydərovdan yaxşı məclis aparardı…

Cəlal Əliyev iddialı və təcrübəli adamdır. Oddan-alovdan keçib. O, ilk iclası aparardı və əminəm ki, aparmaq da istəyərdi. Böyük ehtimalla Cəlal Əliyevə «Milli Məclisə gəlmə» xəbəri doğru xəbərdir. Onun seçilməsi də prezidentin iradəsi xaricindədir. Sadəcə Cəlal Əliyevlə çəpə çəkmək istəmədi cənab prezident. Cəlal Əliyev onu dinləmədi, namizədliyini irəli sürdü, gəldi deputat oldu – İlham Əliyev də onun Məclisi açmaq şansını ortadan qaldırdı. Son hesablaşma beləliklə – 1:1 bitdi…
Zeynəb Xanlarova illərin təcrübəli artistidir. Artistlikdən əlavə, Zeynəb xanım illər boyu Azərbaycanın və SSRİ kimi nəhəng bir imperiyanın bir növ diplomatı olub. Məclislər aparıb, dilbilməzlərlə çalışıb. Zeynəb Xanlarova olmadı-olmadı Fəttah müəllim qədər olmadı? Yox, ona da güvənmək olmaz sona qədər. Çünki Zeynəb xanım danışmır-danışmır, danışanda yer-yerindən oynayır. Bu yaxınlarda xalq artisti adı alan qadınları nəzərdə tutub «çox istəyirsiniz, aparın evinizdə saxlayın, amma bunlara fəxri ad verməyin» demədimi? Zeynəb xanımın ipi-sapımı var? Birdən ağzından «nesenzurnı» söz çıxdı, o zaman nə olsun?
Eləcə də Ağacan Əbiyev. O ki bu komandanın ən sadiq üzvlərindən biridir. O nə yanlış edəsi idi ki? Yox, mütləq ailənin içindən, etibarına şübhə olmayan, dəfələrlə sınaqdan çıxmış birisinə ehtiyac vardı və o mütləq Kəmaləddin Heydərovun əziz atası olmalı idi!
O zaman Milli Məclis nəyə lazımdır?
O zaman Milli Məclisə əziyyət çəkib seçkilər keçirmək nəyə lazımdır?
O zaman Milli Məclisin daxili nizamnaməsi nəyə lazımdır?
O zaman ümumiyyətlə, qanunlar nəyə laımdır?
Elə «WikiLeaks»in dediyi kimi bir Konsey qurun, ölkəni o Konsey vasitəsilə idarə edin – mafiya üsulu…
Beləcə, bunlar artıq Cəlal Əliyevə, Zeynəb Xanlarovaya və Ağacan Əbiyevə də inanmayacaq qədər qorxaqlaşıblar!!!

Nəticə:

Ölkə rəhbərliyi isterik vəziyyətdədir. O qədər ki, bütün dünya araşdırmalar aparıb vəziyyəti təhlil edərkən, bunlar «WikiLeaks»in sənədlərini təkzib edirlər. Dünyada belə gülməli şey yoxdur. Amerikanın xarici işlər naziri Hillari Klinton bütün dünya ölkələrinin xarici işlər nazirlərinə telefon açıb bir-bir onlardan üzr istəyir – olub-bitənlərə görə, bunlar təkzib edirlər. Adamlar, nəyi təkzib edirsiniz? Sizə kim nə deyir ki? Amerikan diplomatlarının daş kimi həqiqətlərini necə təkzib etmək olar ki?! Təbii ki, bunların içində qərəzlisi də olacaq, böhtanı da, yalanı da… Təbii ki, bu sənədlərin çıxış səbəbləri və məqsədləri var – o da məlumdur. Amma bunun yolu mənasız təkziblər verməkdən keçmir axı… Bunun üçün işləmək, adam kimi işləmək lazımdır axı…
Sən öz təyin etdiyin deputatlara belə inanmırsan, sən Milli Məclisə girən kimi bütün mikrofonlar söndürülür, sən Milli Məclisi özünün əlavənə çevirirsən, sən insanların söz haqlarını pozur, onları dinləmək istəmirsən – Sən nə edə bilərsən, doğma, əziz və cənab prezident!
Heç nə əslində!!!
Beləliklə, önümüzdə lal, kar, kor, ixtiyarı özündə olmayan bir parlament dayanıb. Bu parlament yalnız və yalnız Azərbaycan prezidentinin daxili və xarici siyasətini dəstəkləməklə məşğul olacaq. Bunlar hələ «Ümummilli lider Heydər Əliyevi qoruma qanunu» çıxarmaq təklifləri verirlər, bunlar Heydər Əliyevi Mustafa Kamal Atatürklə müqayisə etmək təşəbbüsündə bulunurlar. Həqiqətənmi elədir?!
Bu haqda gələn yazılarımda yazacağam, amma hələlik yekunlaşdırmağa məcburam!

BİZ DANIŞAN, DARTIŞAN AZƏRBAYCAN İSTƏYİRİK!!!
BİZƏ LAL-DİNMƏZ MİLLİ MƏCLİS LAZIM DEYİL!!!

“Xural” qezeti

il: 9, sayı: 045(405), 05-11 dekabr 2010-cu il

Əlaqəli məqalələr

1 şərh

  1. EVEZ BEY MENCE HAQLI DEYILSEN!
    LAL MILLI MECLIS YOX IFADENI DUZELTMEYE EHTIYAC VAR- MILLI MECLIS XORU!
    HE BIR DE YADIMDAN CIXDI BU “MILLI” MECLIS DEYIL VIP MECLISDIR.
    MILLI DEYIL ONA GORE KI MILLETI TEMSIL ETMIR VIP ELITANI TEMSIL EDIR.
    REHMETLIK ATAMIN YAXSI BIR SOZU VARDI ESLINDE YAXSI SOZLERI COX IDI INDI ELE EHTIYACIM VAR KI ONUN SOZLERINE. NE ISE ATAM BIR GUN MENE DEDI KI – VAXT GELECEK HER SEY MILLI OLACAQ AMMA BU MILLILER MILLETI TEMSIL ETMEYECEK!
    BU GUN BUNUN SAHIDI OLURAM VE BIR DAHA DEYIREM ATA, ALLAH SENE REHMET ELESIN!
    EVEZ YAZILARINI DAIM DIQQETDE SAXLAYIRAM VE BIR COXUNU BEYENIREM. SAG OL,MOHKEM OL, IRADELI OL!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button