Milli Məclisdə skandal

Hökumət telefonları kimə lazımdır?

Yeni gətirilən 4 nömrəli dövlət telefonları nömrə göstərə bilir və onlarda ad qeyd olunur…

Bir müddət bundan əvvəl Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev gündəmi sarsıdan bir açıqlama vermişdi. Deputat nazirlərin kral kimi davrandıqlarını, hətta deputatların telefonlarını belə götürmədiklərini bildirmişdi. Bunun ardınca bir dalğa başlamış, sanki narazı deputatların ürəyinə su səpilmişdi. Ölkə mediasında geniş müzakirə olunan bu olay haqqında XuralTAC əməkdaşları bəzi detallar əldə edib. Qüdrət Həsənquliyevin nigarançılığının əsaslı səbəbləri varmış.

Aldığımız məlumatlara görə, Bakıya xeyli müddətdir ki, 4 nömrəli xüsusi telefonlar gətirilib. Bu telefonlar gələn nömrələri göstərə bilir. 3 nömrəli dövlət telefonlarında bu özəllik olmayıb və ona görə də əvvəlcə telefon götürməmə problemi olmayıb. Amma 4 nömrəli telefonlar müasir tələblərə cavab verir və nazirlər, eləcə də digər önəmli dövlət məmurları kimdən telefon gəldiyini bilir. Ona görə də istəmirsə götürmür. Vəssalam. Bununla da 3 nömrəli dövlət telefonları artıq gözdən düşüb və nazirlər 4 nömrəli telefonlarla işləməyə başlayıb.

Deputatların arasında məsələdən narazılığını bildirənlər var. «Madam götürməyəcəklər, o zaman niyə deputatlara dövlət telefonu veriblər? Ya hamı deputatdan gələn telefonu götürməli, millətin problemlərinin həllində yaxından iştirak etməlidir, ya da deputatlara verilən dövlət telefonları yığışdırılmalıdır. Deputat öz kefi üçün telefon etmir ki nazirlərə, o da şikayətçilərin, seçicilərin problemləri üçün nazirlərə ağaz açmalı olur» – bunu da deputatlardan biri bizimlə söhbətində deyib.

Görünən odur ki, yaxın günlərdə 4 nömrəli dövlət telefonları haqqında Milli Məclisin iclasında maraqlı söhbətlər gedə, məsələlər qaldırıla bilər.

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 013(421), 03-09 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button