MİLLİ MƏCLİSİN VİTSE-SPİKERİNDƏN ŞOK AÇIQLAMA

Ziyafət Əsgərov: “Müharibənin olub-olmayacağını yaxın günlərdə görəcəksiniz”

“Ermənistanın qondarma Dağlıq Qarabağ rejiminin tanınması ilə bağlı etdiyi cəhdlərin heç bir perspektivi yoxdur”. Bu açıqlamanı jurnalistlərə Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov verib: “Ermənilər özləri də gözəl başa düşürlər ki, qondarma rejimin tanınması Ermənistanın işğalçılığının hüquqi cəhətdən bir daha təsdiqi olacaq. Ermənistan başa düşməlidir ki, bu siyasətin heç bir perspektivi yoxdur”.

Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesinin dalana dirənməsi barədə sualı cavablandıran Ziyafət Əsgərovun sözlərinə görə, bu bir daha onu göstərir ki, Ermənistan beynəlxalq hüquqa meydan oxumaqdadır: “Təəssüf edirəm ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və digər beynəlxalq təşkilatlar da Ermənistana təzyiq artırmır. Düzdür, çox vaxt onlar prosesin uzanmasından narahat olduqlarını deyirlər. Amma maraqlıdır, onlara təzyiq göstərməkdə kim mane olur? Narahatlıqlarını ifadə edirlər, amma ortada bir nəticə yoxdur. Hesab edirəm ki, bundan sonra artıq Azərbaycanın bütün iqtisadiyyatı, xüsusilə də sənaye sahəsi hərbi relslər üzərinə keçirilməlidir. Bu istiqamətdə çox böyük işlər görülüb. Artıq Serj Sarkisyanın və onun hakimiyyətinin ərköyün siyasətinə dözməyə nə imkanımız, nə də vaxtımız var. Azərbaycan bu günə kimi çox böyük hövsələ nümayiş etdirdi. Dünya ictimaiyyəti də gördü ki, Azərbaycan sülh, danışıqlar tərəfdarıdır. Ancaq beynəlxalq hüquq imkan verir ki, Azərbaycan öz ərazisini istənilən şəkildə azad etsin. Bu bizim hüququmuzdur və bu hüququ özümüzdə saxlayırıq”.

APA-nın verdiyi məlumata görə, MM sədrinin birinci müavini jurnalistlərin “müharibə olacağını gözləmək olarmı” sualına cavabında “bunu yaxın günlərdə özünüz görəcəksiniz” deyib.

“Müharibə həmişə gündəliyimizdə olub, bu gün də var. Bütün insanlar buna hazır olmalıdır” – deyən vitse-spikerin sözlərinə görə, hazırda Azərbaycan iqtisadiyyatının bütövlükdə hərbiləşməsi istiqamətində işlər görülür: “Beynəlxalq hüquq artıq münaqişənin həllinə təsir göstərməkdə acizliyini sübuta yetirib. Beynəlxalq hüquq yalnız istinad etmək hüququna çevrilib. Biz də istinad edirik və torpaqlarımızı işğaldan azad etmək hüququnu özümüzdə saxlayırıq. Azərbaycanın öz hüququnu qoruması üçün hər cür imkanları var və yaxın aylarda bunu görəcəyik. Sarkisyanla oturub söhbət etməyə vaxtımız yoxdur”.

Z. Əsgərov onu da vurğulayıb ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini minalaması və yer adlarını dəyişdirməsi ölkə daxili proseslərə hesablanıb: “Azərbaycan ərazilərində müvəqqəti olduqlarını başa düşən Ermənistan rəhbərliyi bununla sadə ermənilərin diqqətini ölkələrindəki aclıq və səfalətdən yayındırmağa çalışır. Ona görə də Ermənistanın bu addımları Azərbaycan vətəndaşlarını ruhdan salmamalı və hər kəs torpaqların azad edilməsi üçün hərbi əməliyyatlara hər an hazır olmalıdır”.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button