Milli Şura hakimiyyətin siyasi fəallara təzyirləri davam etdirdiyini bildirir

Niyaməddin Əhmədov və Zamin (Əlizamin) Salayevin başına gətirilənlər...

Azərbaycan hakimiyyəti ölkədə müxalifətə və vətəndaş cəmiyyəti fəallarına basqıları davam etdirir. Bunun ən bariz nümunələri bu günlərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Niyaməddin Əhmədov və Zamin (Əlizamin) Salayevin başına gətirilən hadisələrdir”. Bu barədə Milli Şuranın sentyabrın 28-də yaydığı bəyanatda deyilir.

Bəyanata görə, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin ictimai əsaslarla mühafizəçisi olan Niyaməddin Əhmədov ötən ilin aprelindən həbs edilib, barəsində qondarma “terroru maliyyələşdirmə” ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası istənilib.

Sənəddə deyilir ki, Əhmədov partiya sədri Əli Kərimlinin əleyhinə ifadə vermədiyi üçün həbsdə ağır işgəncələrə məruz qalıb: “Ona ağır işgəncələrin verilməsi də, uzunmüddətli həbs cəzasının istənilməsi də məhz Əli Kərimliyə mühafizəçilik etməsinə, onun əleyhinə yalan ifadə verməməsinə görədir”, –
bəyanatda qeyd olunur.

Sənəddə Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Zamin Salayevin saxlanıldığı 17 saylı cəzaçəkmə müəssisəsində işgəncələrə məruz qalmasına əsas kimi partiyadan çıxmasına imtina cavabı verməsi olub.  Onun 10 gün cəza kamerasında (kars) saxlandığı deyilir.

Sənəddə vurğulanır ki, hakimiyyət Milli Şuranın rəhbərlərinə qarşı da mənəvi terroru davam etdirir və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, ədliyyə generalı Vidadi Mirkamal qanuni pensiyasının bir hissəsindən məhrum edilib, üstəlik onun indiyə qədər aldığı pensiyadan 103 min manatı dövlətə geri ödətmək üçün əmlakını siyahıya alıblar.

Bəyanatda həmçinin Milli Şuranın Koordinasiya Mərkəzinin digər üzvü Gültəkin Hacıbəylinin evinə və maşınına qondarma iddialarla həbs qoyulduğu deyilir. Əlavə edilir ki, bütün bunlara qədər isə rejim Milli Şuranın sədri Cəmil Həsənliyə mənəvi terrorun şokunu yaşadıb.

“Bu sadalanan hadisələr hakimiyyətin davam edən təzyiq və repressiyasına aid nisbətən daha qabarıq olanlarıdır”, – bəyanatda qeyd olunur. Sənədə görə, hakimiyyət siyasi fəallardan tutmuş etiraz edən hər kəsə təzyiqi, təqib və fiziki zorakılığı davam etdirir.

Milli Şura dünya birliyinin və beynəlxalq təşkilatların Azərbaycanda universal hüquq və azadlıqların təmin olunması, hakimiyyətin öz əleyhdarlarına qarşı mənəvi terrordan tutmuş fiziki zorakılıqlara qədər antinsani və qanunsuz əməllərini dayandırması üçün təsirli tədbirlər görməsini istəyir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button