Milli Şura Lökbatanda mitinq keçirməyəcək

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın sentyabrın 28-də mitinq keçirməklə bağlı müraciətinə cavab verib.

İcra hakimiyyəti Milli Şuraya cavab məktubunda Lökbatan qəsəbəsi, 28 may küçəsi, “Neftçi” idman klubunun Qaradağ təlim idman bazasını göstərib.

Milli Şura müraciətində “28 may” metrostansiyasını, Nərimanov parkını və Tofiq Bəhramov stadionunun qarşısını qeyd etmişdi.

AXCP sədri Əli Kərimli şəhər icra hakimiyyətinin cavab məktubunu hakimiyyətin qorxaqlığı kimi xarakterizə edib:

“Açıq-aşkar Bakıda mitinq keçirməyimizdən qorxurlar. Konstitusiyanı, qanunu tapdalayıb, mitinq müraciətimizə vaxtında (mitinqə 3 iş günü qalmış) cavab vermədilər. Mitinqə cəmi 1 iş günü qalmış – indi bizə cavab veriblər. Bakı Şəhər İcra Hakimiyyəti 28 sentyabr mitinqinə Qaradağ rayonu, Lökbatan qəsəbəsində razılıq verib. Həm Milli Şurada, həm də AXCP Rəyasət Heyətində bu variantı əvvəlcədən müzakirə etmişdik. Lökbatanda və ya şəhərdən kənar hər hansı qəsəbədə mitinq keçirməyəcəyik. Lökbatanda mitinq keçirmək təklifini əslində mitinqə “yox” demək kimi qiymətləndiririk. Aydındır ki, bu şəraitdə 28 sentyabr mitinqini keçirmək alınmayacaq. Ancaq belə də davam edə bilməz. Etiraz aksiyaları keçirilməlidir və keçiriləcək”.

Əli Kərimli əlavə edib ki, AXCP və Milli Şurada müzakirələrdən sonra növbəti qərarları barədə ictimaiyyətə məlumat veriləcək.

Milli Şuranın 19 yanvar mitinqindən sonra şəhər rəhbərliyi aksiyalarla bağlı müraciətlərə rədd cavab verib.

Lökbatan qəsəbəsi, 28 may küçəsi, “Neftçi” idman klubunun Qaradağ təlim idman bazası

Lökbatan qəsəbəsi, 28 may küçəsi, “Neftçi” idman klubunun Qaradağ təlim idman bazası

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button