“Milli Şura Rusiyanın projesidir”- deyənlərə…

Oqtay GÜLALIYEV

Oqtay GÜLALIYEV

Milli Şuranın üzvü

Bəs 40 illik indiki monarxist rejim kimin projesidir?

Son günlər ölkənin əsas müzakirə mövzularından biri Milli Şura ilə bağlıdır. Son 20 ilin demokratik düşərgənin ən böyük koalisiyasını yarada, bütün narazı spektirləri öz ətrafında cəmləyə bilən qurumun yaranması hakimiyyəti və onun müxalif görüntü verməyə çalışdığı sferanı təşvişə salıb. Bu da səbəbsiz deyil. Çünki ortada 40 illik Əliyevlər monarxiyasının taleyindən söhbət gedir.

Azərbaycan xalqının tarixində və taleyində böyük rol oynamış Milli Şuraların bu dəfə də bu ənənəni davam etdirəcəyindən qorxan bəzi qeyri- millli zəka sahibləri yeni yaranmaqda olan qurumu ittiham və tənqid etməyə bir şey tapmadıqları üçün onu Rusiya ilə bağlamağa cəhd edirlər. Dürlü- dürlü ifadələr işlədirlər; “Sovet imperiyası iyi verən Şuralar yaradırlar”, “İmperiyanın ayaq səsləri eşidilir, “Rus imperiyasını bərpa etmək istəyirlər”, “Milli Şura Rusiyanın projesidir” və s.

Dediklərinə özlərinin də inanmadıqları bu şəxlər unudurlar ki, zaman o zaman deyil. Daha insanlar “Lissabon nağılları” -na inanmırlar. Ortada əlahəzrət inkar edilməz faktlar, reallıqlar var. 20 ildir hakimiyyəti zəbt edən kommunsit təfəkkürlü YAP- çılar gördüyü və görməli olduğu işlər barədə, Qarabağın taleyi (oxu talesizliyi), iqtisadiyyatımızn çöküşü və neftdən asılılığı, ölkənin ciddi şəkildə təbəqələşməsi, avtoritar idarəetmə qurluşuna çevrilməsi, azad mətbuatın susdurulması, həbsxanaların ictimai- siyasi fəallarla doldurulması, korrupsiyanın ayaq tutub yeriməsi, təhsilin, səhiyyənin, ordunun bərbad hala salınması, kənd təsərrüfatının iflic edilməsi və s. bitib- tükənməyən çoxsaylı problemlər barədə üzrxahlıq edib hakimiyyətdən üzü sulu getmək əvəzinə xalqın tələb və istəyindən, onun bağrından qopub yaranan Milli Şuranı topa- tüfəngə tuturlar. Bunlar unudurlar ki, el məsəlində deyildiyi kimi xalqın gözü tərəzidir. İnsanları yalnız bir müddət aldatmaq olar, ömürlük yox. Görünür 20 illik YAP  höküməti bu kimi bəzi həqiqətləri hələ lazımınca dərk etməyib.

Öz gözündə tiri görməyib başqalarının gözündə tük axtaranlara kimin və hansı ideyanın Rysiyanın projesi olmasına dair bəzi xatırlamalar etmək lazım gəlir.

1993- cü ildə Milli Hökümət- Elçibəy hökümətinin tələbi ilə rus qoşunlarını Azərbaycandan çıxarmaq məcburiyyətində qalan Moskva AXC iqtidarını devirmək üçün Şerbak vasitəsilə Rusiya Müdafiə Nazirliyi öz silah- sursatını, hərbi zirehli texnikasını qiyamçı polkovnik Surət Hüseynova verərkən, 30 aprel 1993- cü ildə Gəncədə qanunsuz hərbi birlik yaradarkən görəsən niyə bu şəxslərin səsləri gəlmirdi? Əksinə, indiki hakimiyyətin xaç atası Heydər Əliyev Naxçıvandan öz şəxsi nümayəndəsini Rusiyanın təhriki ilə qanunsuz hərbi birliyin yaranması toplantısına göndərərək Milli Hökümətin devrilməsinə xeyr- dua vermişdi. Nə tez undudulur bu hadisələr? Görəsən niyə o zaman indi bağırdıqları kimi bağırıb demirdilər ki, ay camaat Rusiya Azərbaycanda dövlət çevirilişinə, milli höküməti devirməyə, öz adamlarını hakimiyyətə gətirməyə hazırlaşır? Niyə demirdilər görəsən? Birbaşa Rusiyanın iştirakı ilə 1993- cü ildə Gəncədə baş verən silahllı qiyamın, hərbi çevirilişin Rusiya tərəfindən dəstəklənməsi və həyata keçirilməsini  indiki saxta vətənpərvərlər nə tez “unutdular”? Unutmayaq ki, o zaman bu ssenariyə, çevriliş planına dirəniş göstərən, həbsxanalara atılan, sıralarından şəhid verən, ölkədən didərgin salınan indiki Milli Şuranın özəyini təşkil edən cəbhəçilər və musavatçılar idi.

1993- cü ildə Heydər Əliyev hakimiyyəti zəbt etdikdən sonra birbaşa Rusiya yönümlü siyasət yürütməyə başladı. 1994- cü ilin may ayında məhz Rusiyanın vasitəçiliyi ilə ilk dəfə olaraq qondarma separatçı rejimi Dağlıq Qarabaq icması adı ilə tərəf kimi tanıyıb Bişkək protokolunu imzaladı və bununla da itirilmiş son 6 rayonun geri qaytarılması ugrunda aparılan döyüşləri dayandırdı. Ardınca Qarabağ probleminin həlli ilə bağlı ATƏT- in Minsk qrupunun formalaşmasında qardaş Türkiyəni deyil, separatçı Rusiyanın üstündə dayandı. Azərbaycan Rusiyanın boyunduruğu altına girərək Müstəqil Dövlətlər Birliyinin (MDB) yaranmasında aparıcı rol aldı. Hamı bilirdi ki, əslində MDB- nin yaradılması cəhdi Sovetlər Birliyinin yenidən dirçəldilməsi cəhdi idi… Və onlarca digər belə misallar var. İndi siz deyin; Rusiyanın diqtəsini kim yerinə yetirdi- 1993- cü ildə Moskvanın dəstəyi ilə milli höküməti devirib hakimiyyətə gələnlər, yoxsa elə həmin illərdə rus qoşunlarının və imperiyanın tör- töküntülərini Azərbaycandan çıxarmağa nail olmuş Elçibəy höküməti və onun bu günkü davamçıları?

Bu gün hakimiyyətin yüksək zirvəsində təmsil olunan dövlət məmurlarının- nazirlərin, komitə, şirkət rəhbərlərinin, ali təhsil ocaqlarının, universitet rektorlarının, Milli Məclis üzvlərinin böyük əksəriyyəti Moskva təhsili və tərbiyəsi görmüş, keçmiş kommunistlərdir ki, onlar 1991- ci ildə məhz Rusiyanın təsiri və təhriki ilə Azərbaycanın müstəqilliyi ilə bağlı Konstitusiya aktina səs verməmişdilər. Əksinə ölkəmizin Rus imperiyasının tərkibində qalmasına dair saxta Referendum layihəsini dəstəkləmişdilər. Müstəqilliyimizin bir başa əleyhinə olmuşdular. Bu hakimiyyətin sağı da, solu da, hətta ürəyi də Moskva ilə vurub. Bunlar dünənə qədər Azərbaycan  türkcəsində danışmağı ar bilmiş və öz ailələrində belə rusca danışırdılar.

Əgər Milli Şuranı topa- tüfəngə tutanlar qurumun Rusiya projesi olmağını orda Rüstəm İbrahimbəyovun, Eldar Namazovun, Lalə Şövkət Hacıyevanın olması, tanınmış kinomatoqrafçının həm də Rusiyada yaradılan “Milyarderlər İttifaqı” ilə əlaqələrini əsas götürürlərsə bu da tutarlı fakt deyil. Çünki zamanında Azərbaycan hakimiyyəti adı çəkilən şəxslərin hər birinə böyük etimad göstərib, vəzifə verib, onlarla bir yerdə olub. Sadəcə həmin şəxslər sonradan bu hökümətin saxtakarlığına, qanunsuzluğuna, xalqa yabançı olduğuna görə öz postlarından və onlarla yaxınlığından imtina ediblər. Bu hökümətin başında dayananların “Milyarderlər İttifaqı”- nda təmsil olunanlarla isə yaxşı əlaqələri və hətta qohumluq münasibətləri var. İndiki iqtidarla bir mövqedə dayanmadığı bildirilən sözü gedən ittifaqda İlham Əliyevin qudası Araz Ağalarovun niyə və hansı səbəbdən təmsil olunmasına biz aydınlıq gətirməyə və cavab verməyə borclu deyilik…

Amma eyni zamanda maraqlı nüanslar və suallar meydana çıxır. Görəsən, Milli Şuranı indi neqativ çərçivədə görənlər Heydər Əliyev Lalə Şövkəti  1993- cü ildə Moskvadan Bakıya dəvət edib ona Dövlət katibi postuna təyin edəndə nə yaxşı demirdilər ki, Rusiya Azərbaycanda çevriliş edir? Və yaxud H. Əliyev dövlət başçısı olarkən Eldar Namazovu özünə köməkçi təyin edəndə, Rüstəm İbrahimbəyova şöhrət ordeni verəndə niyə demirdiniz ki, Azərbaycanda imperiyanın ayaq səsləri eşidilir? İlham Əliyevin Rüstəm İbrahimbəyovun doğum günündə dediyi yüksək fikirlər, bəs bunu kimin ayağına yazaq?

1990- cı il 20 yanvar hadisələrinə Milli Məclisdə qiymət verərəkən də bu hökümət Moskvanın cızdığı dairədən kənara çıxa bilmədi. Ağalarına xoş gəlmək və şəxsi münasibətləri naminə hətta xalqımızın qanına əli batmış bir çox rus generallarının və təşkilatçıların adı da “qatillər siyahısı”- ndan çıxarıldı.

Azərbaycanda 2003- cü ildə həyata keçirilən növbəti məxməri hakimiyyət çevrilişinin də planı Moskvada cızılmışdı. O zaman avqust ayında Türkiyənin Gülhanə xəstəxanasından Heydər Əliyevi ABŞ- a aparan rus təyyarəsi də Moskva hakimiyyətinin göstərişi ilə Ankaraya gəlmişdi və məqsəd izi azdırmaq, Azərbaycanda rus meylli və təhsilli növbəti şəxsi hakimiyyət başına gətirmək idi. 2003- cü ildə Azərbaycanda vəziyyət qarışacağı  təqdirdə Əliyevlər monarxiyasının davam etdirilməsinə hər cür dəstək verməyə hazır olan, hətta Azərbaycan sərhəddinə qoşun yığan və seçkilər bitər- bitməz İlham Əliyevi prezident elan edən də, seçkinin nəticələrini dərhal tanıyan da Rusiya oldu. Görəsən bu adamlar niyə o zaman ölkədə 15 və 16 oktybarda baş verən saxtakarlıqlara, qanunsuzluqlara, dəhşətlərə və Mockvanın oyunlarına susurdular. Amma həmin zamanda bu azğınlığa etiraz edən, meydanlarda hayqıran, gecəni Musavat partiyasının qarşısında keçirən, həbslərə düşən, öz sıralarından demokratiya ugrunda şəhid verən “Bizim Azərbaycan” Blokunun üzvləri- fədakar cəhbəçilər və musavatçılar idi.

İndi neyniyək ki vəziyyət dəyişib. Bu hökümətin apardığı, adı “balanslaşdırma”, mahiyyəti isə “bəlalaşdırma” siyasət hətta onu hakimiyyətə gətirənləri, zamanında onunla dostluq edənləri belə onlardan üz çevirməyə məcbur edib. Bu bizim günahımız deyil. Bu avtoritarizmin günahıdır. Haqq- ədalət gec- tez öz yerini tapır, avtoritar rejimlər gec- tez təklənməyə və süqut etməyə məhkumdur.

Ölkədəki ağır sosial, iqtisadi, siyasi vəziyyət xalqın monarxist Əliyevlər rejiminin deyil, demokratik düşərgənin- Milli Şuranın ətrafında olmasını diqtə edir. Bir anlıq ölkədəki vəziyyətə nəzər salaq; Bütün magistral yolların kənarları milyonlar hesabına çəpərə, hasara alınıb. Ölkədə başdan- ayağa çəpərləmə, hasarlama siyasəti həyata keçirilir. Çünki YAP hökümətinin bütün fəaliyyəti korrupsiya, yalan və immitasiya üzərində qurulduğundan onlar öz xəyalarında belə bir təəssürat yaratmaq, ölkəyə gələnlərə  göstərmək istəyirlər ki, sanki hər yan gözəldir, magistral asfalt kimi düzdür, yol qırağında olduğu kimi gül- çiçəkli və üzlük daşlardan ibarətdir…

Özlərinin, övladlarının adına müxtəlif ölkələrdə, ofşar zonalarda milyonlar yatırırlar, bahalı villalar, obyektlər alır və tikirlər. Amma Azərbaycanda müəllim, tibb işçisi 150- 200 manat maaş alır, qocalar, əlillər, veteranlar 120 manat pensiya, tələbələr isə bundan 2 dəfə az təqaüd alırlar. Minimal əmək haqqı 95 manatdır. Budur Azərbaycanda analoqu olmayan “inkişaf”!!! Amma özlərinin gözləri, nəfsləri doymur. Ölkənin bütün varidatını sümürüb yeyirlər, övladlarının, nəvələrinin, kötücələrinin, iticilərinin, yeddi nəsl sonra gələcəklərinin də ehtiyatlarının həll etsələr də yenə də gözləri doymur. Son zamanlar gözləri, nəfsləri doymayan bu kəslər indi də Xəzər dənizini də hasara almağa başlayıblar. Allah belə görməmişlərdən xalqımızı qorusun…

Bu hakimiyyət xalqa çörək, iş verən, Qarabağı işğaldan azad edən hökümət kimi deyil, korrupsiyalaşmış, kriminallaşmış avtoritar hakimiyyət kimi Azərbaycan xalqının tarixinə və taleyinə qara hərflərlə yazılıb. Son 20 ildə adam oğurluğu, insan alveri, Mahir Abdullayev cinayəti, Hacı Məmmədov qətliamları, jurnalsit Elmar Hüseynovun qətli bu hakimiyyətin ən yüksək səviyyələrində himayə olunub həyata keçirilib. Və bu günə qədər də bir çox cinayətlər hələ də açılmayıb və açılma ehtimalı da yoxdur.

Ən acınacaqlısı odur ki, 70 il rus imperiyasına xidmət edənlər, “yolumuz Lenin yoludur” deyib erməni daşnak millətçisi Şaumyanı Azərbaycan xalqının böyük oğlu adlandıranların özləri və övladları son nəfəslərinə qədər müstəqil və azad Azərbaycan idealı ugruna vuruşan və mübarizə aparan Məmməd Əmin Rəsulzadəni, Elçibəyi və onların bu günkü davamçılarını milli maraqları satmaqda, Rusiyaya meyllənməkdə ittiham edirlər (!?). Belə yerdə deyirlər; Utanmasan oynamağa nə var ki…

***

Milli Şura 1918- ci ildə Azərbaycan Xaql Cumhuriyyətinin yaranması, 70 illik fasilədən sonra 1991- ci ildə isə müstəqilliyimizin bərpası ilə tariximizə qızıl hərlərlə həkk olub. İnanırıq ki, 2013- cü ildə də avtoritarizmdən demokratiyaya keçidin formulasını özündə ehtifa edən üçüncü Milli Şura Azərbaycanda yeni, demokratik Cumhuriyyətin formalaşması ilə tarixə düşəcək. Atalarımız da 3- dən deyib. Sadəcə bir millət, xalq olaraq hər birimizin bu istiqamətdə az da olsa fədakarlıq, siyasi iradə nümayiş etdirməmiz gərəkdir.

Tariximizin qara deyil, qızıl hərflərlər yazılması fürsəti xalqımızın öz əlindədir. Fürsəti əldən verməyək, doğrudan da indi seçim və mübarizə anıdır!!!

P. S. Yazı dərc olunmaq üçün xüsusi olaraq “Azadlıq”, “Yeni musavat” və “Gündəm- xəbər” qəzetlərinə təqdim edilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button