Milli Şura üzvü övladları ilə birgə “qorotdel”- ə çağırılıb

oqtay gulaliyev-yeni

“Bu gün “Siyasi Məhbuslarsız Azərbaycan” Alyansının koordinatoru, Demokratik Qüvvələrin Milli Şurası Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyev 2 övladı ilə birlikdə Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Çağırışın səbəbləri açıqlanmayıb”. Bu barədə məlumatı etibarlı mənbələrə istinad edərək “Turan” İnformasiya Agentliyi yayıb.

Əldə etdiyimiz məlumata görə, BŞBPİ-nin Ağır Cinayətlər şöbəsinə Gülalıyevlərlə yanaşı, əlavə 4 nəfər də gətirilib. Gətirilənlər məcburi qaydada polis tərəfindən gətirilib. O.Gülalıyev və övladları isə bildiriş təqdim olunaraq polisin iştirakı və müşayəti ilə “qorotdel”-ə gəlib. İdarəyə gətirilənlərdən biri ana və oğul olub. BŞBPİ-də onlardan azyaşlı Gülalıyevlərə qarşı 2 il bundan öncə, 2013-cü ildə baş verdiyi iddia olunan məktəbli uşaqlar arasında dalaşma hadisəsinə görə şikayətçi olmaları tələb olunub. Lakin tərəflər arasında keçirilən üzləşmə zamanı onlar azyaşlı Gülalıyevlərdən hər hansı ziyan görmədiklərini, şikayətçi olmadıqlarını, əksinə, qonşu kimi aralarında normal münasibətlər olduğunu bildiriblər.

BŞBPİ-yə gətirilənlərə xəbərdarlıq olunub ki, onlar yenidən polisə çağrılacaqlar. Gülalıyevlər 3 saata yaxın polisdə saxlanılıb.

Xatırladaq ki, bundan öncə O.Gülalıyev övladları ilə birlikdə bir neçə dəfə polisə çağrılıb.

“Turan” İnformasiya Agentliyi qeyd edir ki, hüquq müdafiəçisinin bir oğlu – Əlgüşad Gülalıyev 2013-cü il sentyabr ayında yaşadığı NZS qəsəbəsində naməlum şəkildə döyülərək bıçaqlanıb. İstintaq cinayətkarları tapıb məhkəmə önünə çıxarmaq əvəzinə, hücuma məruz qalmış Ə.Gülalıyevin özünə cinayət işi açıb. Bu iş üzrə zərərçəkən, həmin məktəbin şagirdi Bayram Sultanlı şikayətdən imtina etsə də, oktyabrın 30-da Xətai məhkəməsi Ə.Gülalıyevi xuliqanlıqda təqsirli bilərək 6 ay müddətinə icbari işə (əmək haqqının 15%-i tutulmaqla) məhkum edib. Sonradan Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.

2013-cü ildə baş verdiyi iddia olunan məktəblilər arasında dalaşmanın 2 ildən sonra gündəmə gətirilməsi, işin istintaqının birbaşa Bakı şəhər Baş Polis İdarəsinin Ağır Cinayətlər şöbəsi tərəfindən aparılması və hüquq müdafiəçisi Oqtay Gülalıyevin övladlarının bu işə cəlb edilməsi cəhdi olayın arxasında siyasi motivlərin durduğunu deməyə əsas verir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button