Milli Şuranın siyasi məhbuslarla bağlı dinləmələri

milli-shura dinleme-1

Cəmil Həsənli: “Siyasi məhbus problemi bilavasitə İlham Əliyevlə bağlıdır”

 

Milli Şura siyasi məhbusların azadlığı uğrunda mübarizə çərçivəsində təşkil etdiyi ictimai dinləmə başlayıb. Saat 12:00-də başlayan tədbir BMM-də keçirilib. Toplantıda siyasi məhbuslarla bağlı yaranmış son durum müzakirə edilib. Problemi doğuran səbəblər və çıxış yolları araşdırılıb. Toplantının sonunda yekun Bəyannamənin qəbulu gözlənilir. İctimai dinləmələrdə yerli və beynəlxalq təşkilatların nümayəndələri, vətəndaş cəmiyyəti fəalları ilə yanaşı, siyasi məhbus ailələri, onların vəkilləri, ziyalılar, siyasi partiya rəhbərləri, hüquq müdafiəçiləri və b. iştirak edir.

 

 

Tədbiri giriş sözü ilə açan Milli Şuranın sədri Cəmil Həsənli bildirdi ki, tədbirin keçirilməsində məqsəd siyasi məhbus məsələsini bir daha gündəmə gətirmək, onların azadlığa qovuşmasına yardım etməkdir. Milli Şura olaraq siyasi məhbusların yanında olduqlarını deyən C.Həsənli vurğuladı ki, bundan sonra da problemin gündəmdə saxlanılması üçün gərəkən tədbirlər görüləcək: “Azərbaycanda siyasi məhbus problemi bilavasitə İlham Əliyevlə bağlıdı. Bu insanlar İlham Əliyevin göstərişi ilə həbs olunublar”.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Qurban Məmmədov isə bildirdi ki, yaranmış situasiyadan istifadə edən rüşvətxor müstəntiqlər bu tendensiyanı gəlir mənbəyinə çevriliblər: “Qurulmuş bu sistem elədir ki, vətəndaş mütləq rüşvət verməlidir. Məqsəd ölkədə mövcud olan rüşvət rejimini qidalandırmaqdır. Hakimiyyət bilərəkdən günahsızları həbs edib, cəza verir ki, günahkarlar öz dərslərini əvvəlcədən bilsinlər”.

Hazırda həbsdə olan AXCP fəalı Elvin Abdullayevin anası Zülfiyyə Abdullayeva da tədbirdə iştirak edib. Z.Abdullayeva çıxışında bildirdi ki, oğlu mükəmməl şəkildə 3 dil bilir, ikinci təhsilini alır. Amma onu qondarma ittihamlarla həbs edərək, böhtan atırlar.

Siyasi məhbus Səid Dadaşbəylinin anası da tədbirdə iştirak edənlər arasındadır. O bildirdi ki, övladı və onun dostları əqidələrinə görə həbsdə yatırlar: “Artıq doqquz ildir ki, onlar günahsız yerə həbsdədirlər. Övladlarımızın nəyə görə həbs olunduğunu və hər birinin 13-14 il cəza almasını bilmirik”.

Sonra çıxış üçün söz Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oktay Gülalıyeva verilib. O bildirdi ki, hakimiyyət həbs və repressiyanın qanuni hal alması üçün əlindən gələni edir: “Amma hazırki rejimlə aparılan mübarizə göstərir ki, demokratik düşərgə təslim olmur. Azərbaycanda siyasi məhbusların sayı müxtəlif dövrlərdə, müxtəlif səviyyədə olub. Azərbaycanda siyasi məhbusların pik sayı ölkəmizin Avropa Şurasına daxil olduğu ərəfədə oldu”.

Cəsur, mərd övladları dünyaya gətirən analara təşəkkür edən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Hacı Rövşən Əhmədli bildirdi ki, hazırda şərlənərək həbs olunan gənclər hamımızın övladıdır.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli E.Abdullayevin başına gətirilən işgəncələrə toxundu: “Elvinin tək günahı onda olub ki, o, hakimlərə arxasını çevirib. Amma bu davranışı hakimlər öz addımları, siyasi qərar vermələri ilə qazanıblar”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, siyasi məhbusların sayı bu cəmiyyətin müqavimətinin ifadəsidir. “Ona görə düşünürəm ki, bunu böyük faciyəyə cevirməyə ehtiyac yoxdur. Problemin həlli siyasi məhbusların olmamasında deyil, həll yolu bu rejimin siyasi məhbus istehsalını sındırmaqdadır. Nə qədər bu avtoritar hakimiyyət mövcud olacaqsa problem də qalacaq”.

“İlham Əliyev fürsətdən istifadə edib dayanmağı bacarmalıdı”

Çıxış edən AXCP sədri Əli Kərimli bildirdi ki, burada siyasi məhbus analarının çıxışından sonra düşünürdük ki, bizi bu gün heç nə heyrətləndirə bilməz. Amma hakimiyyətin vətəndaşına qiymət qoymaması, yalnız öz maraqlarını düşünməsi nəticəsində hazırda “Azadlıq” stansiyasının yanındakı göydələndə baş verən yanğın dəhşət doğurur. Ə.Kərimlinin təklifi ilə həmin binada dünyasını dəyişməş vətəndaşların ruhu bir dəqiqəlik sükutla yad edildi.

Ə.Kərimli daha sonra çıxışında hakimiyyətə bir neçə sual ünvanladı: “Sizin neçə ildir ki, bu repressiyaları davam etdirməkdə məqsədiniz cəmiyyəti susdurmaq idi. Cəmiyyəti susdura bilmisinizmi? Xeyr. Məqsədiniz ölkənin real müxalifətini sıradan çıxarmaq idi. Real müxalifəti sıradan çıxara bilmisinizmi? Son günlər bizim mitinqlərə imkan yaratmamaq üçün bütün yalanları danışırsınız. Deməli o mitinqlərdən qorxursunuz. Bir haldakı cəmiyyəti susdura, bizim müqavimətin qarşısını ala bilmirsinizsə, o zaman bu siyasəti davam etdirməyin mənası nədir?”.

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button