Rubrikalar: DÜNYA XuralTAC

Milyarderlərin toqquşması – Yəhudi Kolomoyski, tatar Axmetov, yoxsa…

Son günlərdə dünyanın, xüsusilə də Avropanın gözü Ukraynada sabah keçiriləcək prezident seçkisindədir. Çünki bu ölkənin böyük güclərin hazırkı dünya savaşında nə qədər strateji əhəmiyyət kəsb etdiyini hər kəs anlayır. Bunu Ukraynada seçiciləri yönləndirməyə çalışan siyasi və maliyyə mərkəzləri də yaxşı başa düşürlər. Bu baxımdan seçkidə 40-dək namizədin iştirakı da təsadüfi deyil və ölkənin necə mürəkkəb bir siyasi dönəmdən keçdiyinin daha bir göstəricisidir.

Əvvəllər də qeyd edildiyi kimi, rəy sorğularının nəticələri 3 əsas namizədin üzərində dayanmağa əsas verir – şoumen Vladimir Zelenski, sabiq baş nazir Yuliya Timoşenko və hazırkı prezident Pyotr Poroşenko. Son reytinqlər V.Zelenskinin 26 faiz, Poroşenko ilə Timoşenkonun isə 17 faiz civarında seçici tərəfindən dəstəkləndiyini göstərir. Bu isə ikinci turun keçirilmə ehtimalının 100 faizə yaxın olduğundan xəbər verir. Nəzərə alsaq ki, bu nəticələrə görə 3 namizədin alacağı ümumi səs sayı 60 faizə yaxındır, onda hər şeyin ikinci tura keçə bilməyən nüfuzlu namizədlərin kimə dəstək verəcəklərindən asılı olduğu görünər.

Zelenski qalib gəlir və Kolomoyski qisas alır…

Bu arada sosial mediada seçkinin 5 əsas reytinqli namizədin şəxsi maddi imkanları və arxalandıqları maliyyə dayaqları barədə məlumatlar dərc olunub. Həmin məlumatlardan aydın olur ki, birincisi, sözügedən namizədlərin əksəriyyəti kifayət qədər imkanlı şəxslərdir, ikincisi isə onların demək olar hər birinin arxasında hansısa maliyyə gücünün, oliqarxın dəstəyi var.

Məsələn, ölkədə hamı bilir ki, yarışın lideri olan V.Zelenski məşhur yəhudi milyarder İqor Kolomoyskiyə olduqca yaxın şəxsdir. Məhz bu məqam Zelenskinin hazırkı populyarlığında və maliyyə durumunda əhəmiyyətli rol oynasa da, digər tərəfdən, seçkidə onun əleyhinə işləyən cəhətlərdən biridir. Çünki seçicilərin böyük əksəriyyəti ölkənin hazırkı çətin iqtisadi durumunun əsas baiskarı olaraq məhz oliqarxları və onların hakimiyyətdəki adamlarını görürlər.

Hələlik ən şanslı namizəd sayılan Zelenskinin şəxsi kapitalına gəlincə, onun Kolomoyskinin sahibi olduğu “Kvartal TV” şirkətində 15 faizlik payı, eləcə də əyləncə və restoran biznesində 7 şirkəti var. Həmçinin, bu şoumenin ofşorlarda qeydiyyata alınmış 5 xarici şirkəti mövcuddur. Onun həyat yoldaşı isə Ukraynada balıqçılıq sənayesində məşhur olan “Zerali Fish” şirkətində 25 faizlik paya malikdir. Əlbəttə ki, bütün bunların əldə olunmasında İ.Kolomoyskinin müstəsna rolu olub və Zelenskinin prezident olacağı təqdirdə yəhudi oliqarxın qarşısında hansı imkanların açılacağını təsəvvür etmək bir o qədər çətin deyil. Onu da qeyd edək ki, Kolomoyski bir zamanlar Poroşenko ilə hətta dostluq sayıla biləcək xoş münasibətlərdə olsa da, ikincinin prezident seçiləndən sonra köhnə tanışını milyardlıq layihələrdən kənarda qoyması onların arasında gərginliyə, hətta düşmənçiliyə səbəb olub. Bəzi müşahidəçilər hətta Zelenskinin önə çəkilməsi və seçkidə iştirak edərək liderliyi ələ almasını Kolomoyskinin Poroşenkodan qisası kimi də qiymətləndirirlər.

Poroşenko: şokoladdan şüşə istehsalına qədər…

Seçkiyə az müddət qala reytinqlərdə xeyli irəliləyən Pyotr Poroşenko hələ prezidentliyindən xeyli əvvəl ölkənin ən varlı adamlardan biri sayılıb. Onun rəsmi qaydada birbaşa özünün olmasa da, müxtəlif adlar altında 100-dən artıq şirkətə sahib olduğu bildirilir. Bu şirkətlər az qala ölkə iqtisadiyyatının bütün sferalarını əhatə edir. Buraya məşhur “Roshen” konditer şirkətindən tutmuş, şüşə istehsalı və hətta çörək zavodlarına qədər, bir çox biznes strukturları daxildir. Bu şirkətlər ona məxsusluğu şübhə doğurmayan “Ukrprominvest” adlı maliyyə-sənaye qrupunda birləşir. Həmçinin, korrupsiya araşdırmaları ilə məşğul olan beynəlxalq OCCRP təşkilatının məlumatına görə, Ukraynanın hazırkı prezidentinin Virciniya adalarında“Prime Asset Partners Ltd” adlı böyük ofşor şirkəti də var.

Ancaq bəzi müşahidəçilər bildirirlər ki, Poroşenko öz prezidentliyi dövründə əvvəlki maliyyə imkanlarını xeyli itirib və onun varidatı prezidentlikdən əvvəl 1 milyard dolları ötürdüsə, hazırda 600 milyon dollar civarındadır. Bu da onun seçkidən əvvəl söz verdiyi kimi, özünə aid bir sıra sahələrdəki biznes maraqlarından imtina etməsilə əlaqələndirilir.

Daha bir maraqlı məqam isə Ukraynanın ən varlı adamı, milliyətcə tatar olan Rinat Axmetovun dolayısı yolla Poroşenkonu dəstəkləməsinə dair səsləndirilən fikirlərdir. Varidatı 5 milyard dollar civarında qiymətləndirilən Axmetov əvvəllər daha çox Rusiyanın maraqlarına xidmət edən siyasi qüvvələrin dəstəkçisi kimi tanınırdı. Onu “Donbasın sahibi” də adlandırırdılar. Lakin məlum hərbi əməliyyatlardan sonra Axmetovun həmin ərazidəki əvvəlki nüfuzu aradan qalxdı və hətta bəzi hesablamalar görə 20 milyard dollara yaxın varidatı “əriyərək” 2-3 milyarda qədər azaldı. Lakin sonradan Poroşenko ilə “dil tapması” nəticəsində ölkənin enerji sektorunun əhəmiyyətli hissəsi onun tam nəzarətinə keçdi və bu da Axmetovun daha da varlanmasına yol açdı. Bütün bunların müqabilində isə əslən Rusiyanın Mordoviya vilayətindən olan Axmetov əvvəllər himayə etdiyi Ukraynadakı rusiyameylli siyasi qüvvələrə dəstəyini azaldaraq, onların parçalanmasına nail ola bildi. Hər halda, Ukraynadakı bəzi rusiyapərəst siyasi təhlilçilər bu fikirdədirlər və onlar bildirirlər ki, Axmetovun hazırkı fəaliyyəti Poroşenkonun hakimiyyətdə qalmasına xidmət edir.

Timoşenko: əmlak biznesi, enerji sektoru və sair…

Sabiq baş nazirin maliyyə imkanları Poroşenko ilə müqayisə ediləcək qədər olmasa da, kifayət qədər yüksək qiymətləndirilir. Y.Timoşenkonun həyat yoldaşının adına rəsmi olaraq, “Ledi Yu” adlı iri kosmetika və enerji sektorunda çalışan “Hermes” şirkəti qeydiyyatdadır. Həmçinin, prezidentlik yarışının liderlərindən olan Timoşenkonun qızına 2 iri əmlak şirkəti aiddir, həmin xanım daha dörd şirkətdə isə müxtəlif faizlərdə paylara malikdir.

Daha bir nüfuzlu namizəd sayılan və Rusiya ilə yaxınlaşmanın ən böyük tərəfdarı olan Yuri Boyko da kasıb deyil. Uzun illər Ukraynanın enerji sektorunda yüksək vəzifələr tutmuş və adı bir sıra maxinasiyalarda hallandırılan Boykonun ailəsinə bir neçə əmlak şirkəti və yanacaq satışı ilə məşğul olan şirkətlər aiddir. Onun əsas himayədarı və maliyyə dayağı isə rəsmi Moskvaya yaxınlığı ilə seçilən milyarder Dmitri Firtaşdır. Bu milyarder vaxtilə Yanukoviçin hakimiyyətə gəlməsində mühüm rol oynayıb və ona maliyyə dəstəyi göstərib. Hazırda isə ABŞ-da ona qarşı korrupsiya, rüşvət vermə ittihamı ilə cinayət işi açılıb.

5-liyi qapadan sonuncu namizəd sabiq müdafiə naziri Anatoli Qritsenko maliyyə baxımından digərlərindən geri qalmasına baxmayaraq, o da kasıb sayıla bilməz. Onun ailəsinin böyük nəşriyyat evlərində, eləcə də hasilat sənayesi və turizm şirkətlərində payı var.

Bütün yuxarıda qeyd edilənləri və əsas namizədlərin maliyyə dayaqlarını nəzərə alan Ukrayna mətbuatı isə hesab edir ki, bu prezident seçkisi təkcə siyasi mübarizə yox, həm də oliqarxların savaşıdır. Ona görə də ölkənin gələcəyinə pessimist yanaşan təhlilçilər bildirirlər ki, bu seçki heç nəyi dəyişməyəcək, yalnız hansısa oliqarx digərlərinin üzərində qələbə qazanacaq və daha çox varlanmaq imkanı əldə edəcək.

Cəlal MƏMMƏDOV
AzPolitika.info

Paylaş:

This post was last modified on 31 Mart 2019 4:12 axşam

Share

Son Əlavələr

  • MƏDƏNİYYƏT
  • XuralTAC

Səadət Cahangir şeiri: ““Hardasan” çağır, gəlim”

Bu yağmurlu gecədə “hardasan” çağır, gəlim, bir dayanacaqda dur, çətir aç, yağır, gəlim... çağır, bəlkə bu küçənin kənarından keçirsən, qısıldığım…

23 Sentyabr 2019 1:39 axşam
  • SİYASƏT
  • XuralTAC

Fuad Əliyev: “İsraildə səfirliyimiz açılmalıdır”

Azərbaycan Liberal demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. Xural.com xəbər verir ki, iclasda ictimai-siyasi vəziyyət, dekabrda…

23 Sentyabr 2019 12:51 axşam
  • GÜNDƏM
  • XuralTAC

Fəalın həbs müddəti bitib, amma azadlığa buraxılmır

Sentyabrın 2-də 15 gün müddətinə həbs edilmiş ictimai fəal Rafael Hüseynzadənin inzibati həbs müddəti sentyabrın 17-də başa çatıb. Həbs müddətinin…

23 Sentyabr 2019 1:38 səhər
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Əfqan Muxtarlı həbsdə aclıq aksiyasına başlayıb

16 saylı koloniyada cəza çəkən jurnalist Əfqan Muxtarlı bu gün aclıq elan edib. O, qanunsuzluğa və vəkili Nemət Kərimliyə fiziki…

23 Sentyabr 2019 1:35 səhər
  • GÜNDƏM
  • XuralTAC

Vurğun Əyyubun səhhəti ağırlaşıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq rəhbəri Vurğun Əyyubun səhhəti ağırlaşıb. Bu barədə APA-ya Vurğun Əyyubun əmisi oğlu İsmayıl Əyyub…

22 Sentyabr 2019 11:14 axşam
  • GÜNDƏM
  • XuralTAC

Rövnəq Fatehin İstanbulu “fəth etmək” savaşı

  Neft maqnatı azərbaycanlı iş adamlarının hotelini əllərindən necə alıb?   Bizim məmurların “mədəsi ilə beyni arasında rabitə itdiyinə” görə,…

22 Sentyabr 2019 2:31 səhər
Xural.COM