Mim-ləşmiş millət…

Nurəddin Xoca

Mim–lər antik Yunanıstanda və Roma imperiyasında çox populyar olan maskalı akterlar idi…

Bu gün Azərbaycanda olan narazılıq dünyanın heç yerində yoxdur. Yoxsulluq fəlakət dərəcəsində, ədalət bazar iqtisadiyyatına qulluq edir, iqtidarı bir maskada, müxalifəti özgə birində. Artıq insanlar da buna öyrəşib, biri özünü yandırır, biri asır, biri nəğdi olümə gedir. Bunlar maskadan bezmişlərdir. Amma bu ölumlərdə də elə bil bir maska var. Əvvəllər haqsızlığa uğrayan mübarizə aparardı, vuruşardı, qaçaq olardı. İndi hamı bir çarə tapıb – intihar. Yer üzünün əşrəfi deyəsən yer üzünü cəhənnəm kimi qəbul edir, xüsusən də Azərbaycanda. Bunlar hamısı bizim möhtəşəm hökumətimizin apardığı sosial islahatların bəhrəsidir. Bəs müxalifət? Bu azərbaycanlıların böyük hissəsini bürüyən narazi kutlə görəsən niyə müxalifətin düşərgəsində görsənmir? Görəsən niyə hamı ancaq evdə narazılığını biruzə verir? Axı müxalifət onun dərdlərini dilə gətirir. Məntiqlə bu gün bütün meydanlar dolmalı və islahat, haqq, ədalət tələb etməli idi. Qəzəbli insan kütləsi Şuşanın verilməsi ərəfəsində atəşfəşanlıq edənlərdən, gül və yaxud qul bayramı üçün boşa xərclənən pullarla xalqa, xalqın ehtiyacı olan hissəsinə gözdağı verənlərdən hesab sormalıydı. Amma yoxdur, ancaq internetdə, sosial şəbəkələrdə və mətbuatda nəsə görə bilərsən. Kimsə qəzəblənər, kimsə etiraz edər. Elə bil bu millət evdə bir maska saxlayıb, evdən çıxanda onu geyinir, dolanır fırlanır evə gələndə onu çıxardır. Hamı narazıdır, amma hamı gözləyir kimsə gəlib onun əvəzinə etiraz edib nəsə etsin. Müxalifət isə nə edir heç özü də bilmir. Bəlkə də bilir, biz bilmirik? Deyəsən, bizdə bütün dünyanın fatalistləri bir yerə yığışıb. İqtidar ŞƏRQƏ. Müxalifət QƏRBƏ, dindarlar ALLAHA, varlılar dollara (amma deyəsən, ərəb inqilablarından və dollarlı diktatorların aqibətindən sonra ona da inam itib), kasıblar isə o dünyanın cənnətinə inanırlar. Mən bundan savayı bir şeyə inananı görmürəm. Düzdür, az bir hissə var ki, meydanlara çıxıb və haqq, ədalət uğrunda vuruşur (meydan deyəndə tək mitinq meydanı deyil, Şərlə mübarizə harada aparsan ora meydandır). Amma onlara da deyəsən bir əlac tapacaqlar. Çünki maskalıların içində maskasız olsan, sənə dəli kimi baxarlar. Cəmiyyətdə əksəriyyətin qəbul elədiyi parametrlərdən çıxanda ona dəli deyirlər. Ancaq mənə elə gəlir ki, bir gün bu maskalar çıxanda cox dəhşət olacaq. Bəlkə də olmayacaq. Lap Sent Ekzüperinin “Balaca Şahzadə”si  kimi. Hamı nəsə görəcək. Amma bu dəfə ona göstərmək istədiklərini yox, hətta özünün görmək istədiyini də yox, nə var onu, həqiqəti görəcək. Və  həqiqətləri bu qədər gec görməyinin bir səbəbinin də özü olduğunu bilən xalq lənət oxuyaçaq. Kimə? Bilmirəm, bəlkə də özünə və yaxud onu bu hala salanlara. Bunu tarix göstərəcək. Hər halda bir şeyi dəqiq bilirəm, belə getməyəcək!..

Bu gün bu torpağın var-dövlətini yeyənlər özləri də bilmədən bu insanların həyatını da yeyirlər. Yəni bu artıq kannibalizmin yeni növüdür. Bu gün onların menyüsündə delikates yerinə sənin, mənim, bizlərin puç olmuş arzuları, həyata keçməyən ümidləridir. Biz də onlara qolumuzda ağ dəsmal ofisiantlıq edirik. Artıq heç lakeyliyə də vakansiya qalmayıb. Ona görə də dəsmalları götürüb haydı marş kanniballara ofisiantliq eləməyə. Amma maskaları yaddan çıxarmayın. Axı biz maskalılar ölkəsiyik və maskasız olmaz.


İ.S. Bilirsiniz, bir zamanlar Roma imperiyasında da maskalıları çox sevirdilər. Zadəganlar oturar, maskalı mimlər onları əyləndirərdilər. Mən bilmirəm, bu mimlərin Romanın süqutunda rolu oldu, ya olmadı, amma bilirəm ki, bizdə maskalar cırılıb nifrətlə atılsa, müasir mimlərin bəhanəsi olan çörəkpulu bəhanəsi də aradan qalxacaq və biz qalib olacağıq. Düzdür, indi bizə müasir Don Kixot deyirlər, ancaq bizim hədəflər yel dəyirmanı deyil. Biz bu millət üçün, ədalətli və xoşbəxt gələcək üçün mübarizə aparırıq. Rəqiblərimiz isə uduzublar. Hər şeylərini – tarixlərini, mənəviyyatlarını, keçmişlərini, gələcəklərini, xoşbəxtliklərini və Tanrının insana verə biləcəyi hər  bir şeyi. Bütün var-dövlətlərinə rəğmən, onlar məğlublar cərgəsindədirlər. Hər halda bunu da tarix göstərəcək.

“Xural” qəzeti,

Il: 9, sayı: 019(429), 15-21 may 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button