Min manata görə cəza, milyona görə mükafat…

dollar3Azərbaycanda kiçik miqdarda dələduzluq törədənlərə güzəşt olunmur
Ali məhkəmənin sədri və ədliyyə naziri Gülər Əhmədova, Arzu Kazımov, Məhəmməd İmanlı nümunəsindən narahatdır

Ali Məhkəmənin Plenum iclasında son vaxtlar Azərbaycanda dələduzluq cinayətlərinin artması məsələsi müzakirə edilib.

Ali Məhkəmənin sədri Ramiz Rzayevin sədrlik etdiyi, ədliyyə naziri Fikrət Məmmədov, baş prokuror Zakir Qaralov, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, apellyasiya, ağır cinayətlər məhkəmələrinin, bir sıra rayon məhkəmələri sədrləri və hakimlər iştirak etdiyi plenumda “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” məsələ müzakirə olunub, təhlillər aparılıb.
Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının (MHŞ) sədri Fikrət Məmmədov deyib ki, beynəlxalq təşkilatların hesabatlarına görə, dünyada mülkiyyət əleyhinə cinayətlərin 1/3-dən çoxunu dələduzluq təşkil edir. “Azərbaycanın sürətli iqtisadi inkişafı bu sahədə cinayətkarlığın artması üçün zəmin yaradıb. Tədqiqatlar göstərir ki, cinayətkarlığın səviyyəsinin nisbi sabitliyinə baxmayaraq, dələduzluq cinayətləri getdikcə artır. Məsələn, son 3-4 il ərzində birinci instansiya məhkəmələrində baxılan bu cür işlərin sayı iki dəfədən çox artıb. Bu cinayətkarlığa görə məhkum edilənlərin sayı isə 830-u keçib. Dələduzluğa görə məhkum edilmiş şəxslərin sayı davamlı olaraq artır”. F.Məmmədov əlavə edib ki, həbs qətimkan tədbirinin seçilməsində, müdafiə hüququnun təmin olunmasında yol verilən nöqsanlar, süründürməçilik halları narahatedici hallar olsa da, ən böyük problemlərdən biri bu sahədə layiqli cəzanın tətbiq olunmaması və məhkəmə təcrübəsinin formalaşmamasıdır.
F.Məmmədov vurğulayıb ki, eyni xarakterli işlər üzrə bəzən anlaşılmaz, fərqli hökmlərin çıxarılması, Cinayət Məcəlləsinin 70-ci (cəzanın şərti hesab olunması) və yaxud 62-ci (daha yüngül cəzanın tətbiq olunması) maddələrinin tətbiq olunması maraq doğurur: “Bunlar məhkəmə nüfuzuna xələl gətirir, məhkəmələrə inamı azaldır. Heç də təsadüfi deyil ki, yuxarı instansiya məhkəmələri tərəfindən bu cür qərarların çoxu dəyişdirilib və ya ləğv olunub. Bu gün biz məhkəmələr tərəfindən yol verilən qanun pozuntularına, nöqsanlara diqqət yetiririk. Lakin görəsən bu nöqsanların səbəbi təkcə zəif bilik və təcrübəsizlikdirmi? Təəssüf ki, bunu birmənalı demək çətindir. Bu kimi hallarla barışmaz mövqeyimiz göz önündədir. Məhkəmə Hüququ Şurası tərəfindən təkcə son 3 ildə bu cür işlərə görə 30-dan çox hakim ciddi intizam məsuliyyətinə cəlb edilib, 3 hakimin səlahiyyətlərinə xitam verilib, 9 hakimin iş yeri dəyişdirilib, yaxud aşağı işə keçirilib, 13 hakim məhkəmə sistemindən kənarlaşdırılıb.
Ali Məhkəmənin sədri Ramiz Rzayev də bildirib ki, ölkədə dələduzluq cinayətləri vüsət alıb və bu da cəmiyyətdə haqlı narazılığa səbəb olur: “Mən hesab edirəm ki, istənilən məhkəmə qərarının əsası sosial ədalət olmalıdır. Sosial ədalət olmayanda insanların məhkəməyə olan inamı sarsılır. Təəssüflər olsun ki, son zamanlar hakimlər əsas oldu, olmadı təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 62-ci (daha yüngül cəza təyin olunması) və 70-ci (şərti cəza təyin olunması) maddəsini tətbiq edirlər. Heç kim demir bu maddələr tətbiq olunmasın. Lakin rüşvət işlərində bu maddələr necə tətbiq oluna bilər? Həmin şəxs mənimsədiyi pulu yetimlərə xərcləyib, yoxsa qaçqınlara ev tikib? Hakimlər işlərinə ciddi və məsuliyyətli yanaşmalıdırlar ” – deyə R.Rzayev bildirib.
Vəkil Fuad Ağayev: “O cür cinayətlərə gətirib çıxaran səbəblər araşdırılmalıdır”
 
Vəkil Fuad Ağayev hesab edir ki, problem qanunun düzgün tətbiq olunmamasındadır. “178-ci maddə ilə ittiham irəli sürülən cinayət işlərindəki hökmlərdə 62-ci və 70-ci maddənin tətbiq olunmasına gəldikdə, hansısa yanaşma üçün gərək dəqiq statistika olsun. Ona görə də dəqiq deyə bilmərəm ki, qeyd etdiyiniz maddələri nə dərəcədə tətbiq edirlər. Amma bu maddənin tətbiq olunmamasından deyil, nə dərəcədə düzgün tətbiq olunmasından söhbət getməlidir. Son illərdə özünüz də şahidi olmusunuz ki, əməli eyni maddə ilə tövsif  edilən şəxslərə müxtəlif cəzalar verilir. Məsələn, bir çox hallarda 15-20 min manata görə həddindən artıq cəza – 8-10 il real azadlıqdan məhrumetmə verilir, amma milyondan yuxarı məbləğdə ifadə olunan dələduzluğa görə 62-ci maddəni tətbiq etməklə çox aşağı – 1.5-2 il cəza verilir, hətta 70-ci maddəni tətbiq edərək, şərti cəza ilə azadlığa da buraxılır. Ona görə də nəinki məhkəmə təcrübəsinin düzgün olub-olmamasından yox, hakimlər tərəfindən qanunun birmənalı təhrif edilməsindən danışmaq lazımdır.  Yəni hər bir cinayət əməli fərdiləşdirilməli, hər bir işin halları müəyyən edilməlidir. O cür cinayətlərə gətirib çıxaran səbəblər araşdırılmalı, ağırlaşdırıcı və yüngülləşdirici hallar qiymətləndirilməlidir. Yoxsa 15 min manat dələduzluq edənlə milyon yarım dələduz edən arasında sonuncunun xeyrinə fərq görmək absurddur. Bu, onu göstərir ki, bir sıra hakimlərin cinayətin ictimai təhlükəlilik dərəcəsi anlayışından ya xəbəri yoxdur, ya da ki özlərini bilməməzliyə vururlar. Hər iki halda belə adamdan hakim çıxmaz. Əfsuslar olsun ki, bu, artıq kütləvi hal alıb və Ali Məhkəmənin də belə təcrübə formalaşmasında xüsusi rolu var” – deyə vəkil “Bizim Yol” qəzetinə açıqlamasında bildirdi.
Məşhurların azadlıq yolu…
 
Azərbaycanda 178-ci maddə ilə ittiham irəli sürülmüş bir sıra tanınmış şəxslərlə bağlı səs-küylü cinayət işləri olub. Məsələn, Milli Məclisin sabiq deputatı Gülər Əhmədovaya 2012-ci il sentyabrın 25-də Fransada yaşayan sabiq universitet rektoru Elşad Abdullayevdən rüşvət istəməsini əks etdirən videoya görə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla dələduzluq) ittiham irəli sürülmüşdü.  İstintaq 1 milyon manatı dələduzluq yolu ilə ələ keçirdiyini sübuta yetirildiyini bildirdiyi halda, sabiq deputata cəmi 4 il iş istədi. Məhkəmə isə ona 3 il azadlıqdan məhrumetmə cəzası verdi. Qeyd edək ki, onun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsinin cəza sanksiyasında 7 ildən 12 ilədək həbs nəzərdə tutulub. Ancaq ona hökm çıxarılarkən Cinayət Məcəlləsinin 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq olunmaqla cəmi 3 il azadlıqdan məhrum edildi. Qeyd etmək lazımdır ki, G.Əhmədovaya qarşı təkcə 178.3.2-ci maddə deyil, həm də 307-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddə ilə də ittiham irəli sürülmüşdü və 3 il cəzanın 1 ili təkcə bu maddəyə aiddir. Belə ki, Gülər Əhmədovaya 178.3.2-ci maddəsi ilə 2 il 6 ay, 307.2-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib və cəzalar qismən toplanma yolu ilə qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökm çıxararkən ağırlaşdırıcı halların olmadığını, ilk dəfə cinayət törətməsini, 3 dəfə deputat olmasını, ictimai-siyasi fəaliyyətini, müxtəlif xəstəliklərdən əziyyət çəkməsini, şəxsiyyətini, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını və.s halları yüngülləşdirici hal kimi nəzərə alıb.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə isə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla G.Əhmədova barəsində 3 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib və o, azadlığa buraxılıb.
Elşad Abdullayevin işi ilə əlaqədar tutulan daha bir şəxs – Naxçıvan MR Ali Məclisinin sabiq deputatı, iş adamı Arzu Kazımov barədə çıxarılan hökmdə də 62-ci maddə tətbiq olunub. Ümumilikdə 1.500.000 ABŞ dolları məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirməklə dələduzluq etməkdə və CM-nin 178.3.2  maddəsi ilə ittiham olunan iş adamına 3 il cəza verilmişdi. Avqust ayında məhkəmə hökm çıxararkən Arzu Kazımovun barəsində ağırlaşdırcı hallar müəyyən edilmədiyi, dəymiş ziyanı ödəməsi, ilk dəfə cinayət törətməsi, 58 yaşında olması və səhhətindəki problemləri yüngülləşdirici hallar hesab edilməklə, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək, 3 il müddətinə azadlıqdan məhrum edilməsini hökm etmişdi.
Məhkəmə BDU-nun hüquq fakültəsinin sabiq dekan müavini, hüquq elmləri doktoru, professor Məhəmməd İmanlının barəsində də 3 il hökm çıxararkən 62-ci maddəni tətbiq etmişdi. Belə ki, Baş Prokurorluq Məhəmməd İmanlının külli miqdarda rüşvət alan zaman cinayət başında saxlandığı barədə məlumat yaymışdı. Onun yaşadığı evə baxış keçirilərkən rüşvət aldığı 40 000 manat, əlavə olaraq 79 300 ABŞ dolları, 61 260 manat, 13.020 avro aşkar olunmuşdu.
Prokuror Məhəmməd İmanlının rüşvət almaqda ittiham edilərək 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, hakim onun əməlini dələduzluq maddəsilə tövsif edərək, 62-ci maddənin tətbiqi yolu ilə 3 il azadlıqdan məhrum etmişdi.
Vəkil Fariz Namazlı: “Dəymiş ziyan ödənilibsə, aşağı cəza verilməsi normaldır”
 
Vəkil Fariz Namazlı isə hesab edir ki, dələduzluq cinayətləri ilə bağlı işlərdə zərərçəkmişə dəymiş ziyan ödənildiyi halda, 62-ci və 70-ci maddələrin tətbiq olunması normal haldır.
“Mənim vəkili olduğum şəxslərdən birinə 25 min manata görə 5 il cəza verilib. Yəni CM-nin 62-ci maddəsi tətbiq olunmaqla nəzərdə tutlmuş cəzadan daha aşağı cəza təyin edilib. Əslində, zərərçəkmişə dəymiş ziyan ödənildiyi halda, 62-ci və 70-ci maddələrin tətbiq edilməsi lazımdır. Çünki ortada zərərçəkmiş şəxsin hüquqlarının müdafiəsi və bərpası var. Ziyan ödənilərsə, hüququ bərpa olunur və şikayətçi olmur. Bu halda, daha aşağı cəza verilməsi mümkündür. Ancaq Ali Məhkəmənin plenumu bununla bağlı qərar çıxarsa, gələcəkdə olan işlərdə hətta dəymiş ziyan ödənilsə belə, məhkəmələr bu maddələri tətbiq etməyəcəklər. Minimal 7 il cəza veriləcək və bu da cəzanın ədalət prinsipinə uyğun deyil. Təbii ki, bu maddələrin tətbiqi də qanunda nəzərdə tutulmuş istisna hallarda olmalıdır. Tutaq ki, dəfələrlə məhkumluq varsa, məhkəmənin mövqeyi başadüşülən olar. Ancaq şəxs ilk dəfə cinayət törədibsə və dəymiş ziyan ödənilibsə, ona ağır cəza verilməsi düzgün deyil” – deyə vəkil bildirib.
Rəşad Vaqifoğlu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button