Mingəçevirdə aksiya – həbs olunanlar var – VİDEOlar – YENİLƏNİB

asasa

Mingəçevirdə polis aksiyaçıları dağıdandan sonra arxa məhəllələrə səpələnmiş etirazçılara da zor tətbiq edib. Polisin döydüyü, saxladıqları şəxslər arasında aksiyada iştirak etməyənlər də olub.

xural.com yenilik.az-a istinadən xəbər verir ki, Polis onlardan biri – səkidə oturmuş gənci vuranda o, buna etiraz edib. Soruşanda ki, “oturduğum yerdə məni niyə vurursunuz”, polislər deyiblər ki, “sən qaçanlardansan”. Bundan sonra onu zorla polis maşına oturdub aparıblar.

Baş verənləri küçədə izləyən şəhər sakinləri isə polislərə “camaatın balasını vurub öldürmüsünüz, pəncərən atmısınız” deməklə etirazını bildirib. ​

Mingəçevir polis şöbəsinə çoxlu sayda narazı adamlar gəlir. Onlar bugünkü aksiyada saxlananların yaxınlarıdır.

Polis şöbəsindən “Azadlıq” radiosuna saxlananlardan bir neçə nəfərin buraxıldığını deyiblər.

*   *   *14:25

Mingəçevirdə Bəhruz Hacıyevin dəfnindən sonra etirazçılarla polis arasında yaranmış qarşıdurmada polis güc tətbiq edib. 

Polis əvvəlcə etirazçılardan yolu boşaltmağı tələb edib. Aksiyaçılar yolu boşaltmayıb. Bundan sonra polis dəyənəklə qalxanlara vura-vura aksiyaçılara yaxınlaşıb. Etirazçıları dağıtmağa, döyməyə, tutmağa başlayıb.

Polis mağazaların qarşında dayanmış adamlardan içəri keçməyi tələb edib.

Çevik Polis Alayının polisləri isə səs bombası, gözyaşardıcı qazdan istifadə edib.

Mərhumun yaxınları bildirib ki, Bəhruz Hacıyevin ölümünə görə yerli polis idarəsinin rəisi Ələsgər Bədəlov məsuliyyət daşıyır, o cəzalanmalıdır.

Aksiyaçılar etirazların davam edəcəyini bildirir.

*   *   *13:44

Virtualaz.org saytının Mingəçevirdəki mənbələrdən əldə etdiyi məlumata görə, şəhərdə gərginlik getdikcə artır. Yüzlərlə adam adam etiraza qalxıb.

İğtişaşların qarşısını almaq üçün şəhərə Daxili Qoşun bölmələri yeridilib. Xeyli sayda aksiyaçı həbs olunub.

Son məlumatlara görə, şəhərin bütün mərkəzi küçələri bağlanıb. Şəhər polis idarəsinin və icra hakimiyyətinin binaları polis tərəfindən ciddi qorunur.

Polis idarəsinin qarşısına yürüş edənlər “Qardaşımızın qanı yerdə qalmayacaq”, “Qanını yerdə qoymayacağıq” şüarları səsləndiriblər. Aksiyaçılarla qarşıdurmada polis səs bombalarından istifadə edib.

Son məlumata görə, 15-dən artıq aksiyaçı həbs edilib. Amma aksiya iştirakçılarının sayı artmaqda davam edir.

*   *   *13:26

Bəhruz Hacıyev dəfn ediləndən sonra yaxınları etiraz aksiyası keçirmək istəyirlər.

Mərhumun atası mane olmaq istəsə də onlar aksiyaya israr edirlər.

Bəhruz Hacıyevin dəfnindən sonra səs bombası ilə silahlanan polislə aksiyaçılar arasında toqquşma olub. Döyülənlər, həbs edilənlər var.

SONDA:

Daxili İşlər Nazirliyi Mingəçevir hadisələri ilə bağlı rəsmi məlumat yayıb.

Məlumatda deyilir:

“Avqustun 20-də narkotik vasitələrin satışında və istifadəsində şübhəli bilinən Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilmiş şəhər sakini Bəhruz Hacıyev inzibati binadakı xidməti otaqlardan birində əməkdaş tərəfindən dindirilərkən qəfildən özünü pəncərədən aşağı atmışdır.

Mərhumun yaxın qohumlarının da iştirakı ilə məhkəmə-tibbi eksperti tərəfindən müayinə olunan meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.

Hazırda faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və istintaqın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Bununla belə, avqustun 22-də dəfn mərasimindən sonra bir qrup sakin ictimai asayişi kobud şəkildə pozaraq polisin qanuni tələblərinə tabe olmadan xuliqanlıq hərəkətlərinə yol verib və şəhərin mərkəzi hissəsində yürüş keçirməyə cəhd göstəriblər.

Xidməti vəzifələrini yerinə yetirən daxili işlər orqanları tərəfindən qanunsuz hərəkətlərin qarşısı alınarkən 4 əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb, şəhər polis şöbəsinin bir avtomobili isə yarasız hala salınıb.

İctimai asayişi pozan 21 nəfər saxlanılıb və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün toplanmış materiallarla birlikdə məhkəməyə göndərilib.

Baş vermiş bədbəxt hadisədən təəssüfləndiyimizi bildirir və mərhum Bəhruz Hacıyevin valideynlərinə başsağlığı veririk. Eyni zamanda, diqqətə çatdırırıq ki, bu hadisədən sui-istifadə edən destruktiv elementlərin təhriki ilə şəhərdə ictimai qaydanı və sabitliyi pozmağa cəhdlərin qarşısı qətiyyətlə alınacaq, təqsirkar şəxslər barədə qanunvericiliyə uyğun tədbir görüləcək”.



Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button